İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Azərbaycana müharibə çağırışları - 80-ci illərdə qalan xalqı bu gözləyir

3203 29.12.2022 09:00 Siyasət A A

Cəmi 2 il öncə müharibəni dayandırmaq üçün Putinə yalvaran “miatsum”çular təzədən xortlayır; erməni politoloq: “Azərbaycan istədiyini almayınca təzyiqləri davam etdirəcək...”

“Postmünaqişə dövründə regiondakı yeni reallıqlar çərçivəsində maraqlarımızın irəliləməsi bu il də prioritet olaraq qalıb. Bu sahədə fəal beynəlxalq vasitəçilik həyata keçirilib”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bunu srağagün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşləri, Praqada dördtərəfli, Soçidə isə üçtərəfli görüşləri yada salıb. Bununla belə, əldə olunmuş nəticələri “çox məhdud” hesab etdiyini söyləyib. Əsas səbəbi kimi də Ermənistanın qeyri-konstruktiv və qeyri-ardıcıl addımlarını göstərib.

“Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nə isə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir. Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir. Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsir göstərir”, - Azərbaycan XİN rəhbəri vurğulayıb.

Baş diplomatımız beləcə, dünyanın diqqətini həm də ənənəvi erməni riyakarlığına yönəldib. Hansı ki, Laçın-Xankəndi yolunda davam edən dinc etiraz aksiyasına münasibətdə özünü xüsusilə qabarıq göstərməkdədir. Düşmən tərəf iki həftədən çoxdur iqtidarlı-müxalifətli yenə ağız-ağıza verib Azərbaycana qarşı növbəti yalanlar, şər-böhtan və hədyanlar püskürür. Sanki sülh yalnız bizə gərəkdir.

“Düşünmürəm ki, azərbaycanlılar, ruslar vəziyyəti o həddə çatdıracaqlar ki, Artsaxın bütün əhalisi aclıqdan və soyuqdan öləcək. Belə niyyətlər yoxdur. Azərbaycanın niyyəti "evin yiyəsi"nin kim olduğunu göstərmək və ruslardan növbəti səlahiyyəti parçası qoparmaqdır".

PREZİDENTDƏN İRƏVANA MÜHARİBƏ XƏBƏRDARLIĞI... - » Yenixeber.org - Oxu,  xəbərin olsun

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni politoloq Aleksandr İsgəndəryan yerli mediaya açıqlamasında Laçın yolundakı aksiyadan danışarkən bildirib.

“Üstəlik, bu niyyətlər Qarabağ xalqına deyil, əsasən ruslara yönəlib. Mənə elə gəlmir ki, bu çox uzun çəkəcək. Danışıqlar gedir və kifayət qədər də sıx gedir. Amma bu, o demək deyil ki, bu, sonuncu belə hadisədir”, - İsgəndəryan vurğulayıb.

Erməni ekspert bunu Bakının düşünülmüş strategiya adlandırıb. “Bu strategiyaya əsasən Azərbaycan bundan sonra da Artsaxa, Ermənistana və Rusiyaya müxtəlif yollarla təsir göstərməyə çalışacaq. Bakı buna davam edəcək. Diplomatik təzyiqlər və hərbi eskalasiya davam edəcək”, - İsgəndəryan qeyd edib.

Amma isgəndaryanların qəti şübhəsi olmasın, Azərbaycan öz suverenliyini qanuni ərazimiz olan Qarabağın bütün guşələrinə, o cümlədən Xankəndinə yayanadək siyasi-diplomatik, ictimai, hərbi təzyiqlərini davam etdirəcək. Burada qeyri-adi bir şey yoxdur. Ermənilər və onların havadarları anlamalıdırlar ki, Azərbaycan torpaqlarında siyasi eksperimentlər aparmaq dövrü keçib və Qarabağ bir də heç vaxt separatçıların oylağı olmayacaq! Bunu önləmək üçün dövlətimizin yetərincə hərbi, siyasi və iqtisadi potensialı var. Ölkə rəhbərliyinin siyasi iradəsi də öz yerində.

Odur ki, erməni tərəfi 44 günlük müharibənin yaratdığı yeni reallığı nə qədər tez qəbul eləsə, bir o qədər bölgə xalqları üçün, özəlliklə də erməni toplumu üçün yaxşı olar. Axı bir xalq eyni yanlışı nə qədər edər? Daha nə qədər qonşularla müharibə vəziyyətində yaşayar? Eyni fəlakətli yolu təkrar neçə dəfə keçmək olar? Ağıllı millətlər üçün belə faciələrdən yalnız biri bəs edir ki, dərs götürsün və doğru yola çıxsın, öz xəstə məfkurəsindən imtina eləsin. Ermənilər isə hələ də böyük güclərin əlində həvəslə birdəfəlik “əlcək”, alət, “pinset”, “skalpel” (“neştər”) olmaqdan maniakal şəkildə həzz almağa davam edirlər.

O sırada ordusu olmayan Ermənistanın sabiq baş naziri, heç olmasa indiki yaşında öz xalqına müdrik çağırış etməli olan Xosrov Arutunyan Xankəndidəki 25 dekabr mitinq təxribatından vəcdə gələrək, görün nə sarsaqlayır.

Sitat: “Dekabrın 25-də keçirilən mitinqin əhəmiyyəti Artsax xalqının düşmənin təxribatlarına müqavimət göstərmək baxımından sarsılmaz iradəni nümayiş etdirməklə yanaşı, ondan ibarətdir ki, Artsax xalqı öz milli əhdinə sadiq qalacağını açıq şəkildə bəyan etdi. Öz dövlətçiliyinin (?! - red.), Qarabağın azadlığının ağası olmaqla bağlı vəd və sarsılmaz öhdəlik. Bu kontekstdə bəyanat, şübhəsiz tarixi idi. Artsax ermənilərinin azadlıq mübarizəsinin yeni mərhələsi başlayır”.

Göründüyü kimi, hələ də bölgədə nə baş verdiyini boş qafası ilə anlaya bilməmiş bu revanşist ünsür öz bədbəxt xalqını Azərbaycanla yeni müharibəyə çağırır. Bəs nəyə güvənir arutunyanlar? Hansı resurslarla müharibəni aparacaqlar? Məgər cəmi iki il öncə müharibəni dayandırmaq üçün Putinə yalvaran Arutunyanın soydaşları, “miatsum”çular, Ermənistan deyildi?

Təəssüf, belə sərsəm düşüncələrində o tək deyil. Biz hələ Qarabağ anklavında rus hərbçilərinin arxasında gizlənib özünü az qala şir kimi hiss edən və Azərbaycana hər gün meydan oxuyan çaqqalları - vardanyanları, araikləri demirik. Heç “mötədil” Paşinyan iqtidarında da revanşist-radikallar çoxalıb. Əfsus ki, bu il onların səsi daha gur eşidildi. Azərbaycanla sülhdən dəm vura-vura yüz hoqqadan çıxmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdılar.

Bu mənada 2022-ci il həqiqətən Ermənistan rəhbərliyinin, ümumən erməni toplumunun sülh maskasının yırtılması kimi yadda qalacaq. Maskalar düşdü. Demək, gələn il onlara münasibətimiz daha adekvat, daha sərt olacaq. Haqq elədikləri yeni bədələ hazırlaşsınlar...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR