İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı tutulan qruplar – casuslar, “əmr gözləyənlər”, narkotacirlər...

1903 10.04.2023 13:10 Yazarlar A A

Son iki ayda aparılan kütləvi tutqularla bağlı ictimaiyyət arasında əsasən iki rəy var.

Çoxluq o qədər adamın İrana casusluq ittihamı ilə həbs edilməsindən məmnundur, hətta casus şəbəkəsinin tamamilə darmadağın edilməsini istəyir.

Bir xeyli adam isə (onları heç də azlıq kimi qəbul etmək olmaz) bu həbslərin qanuniliyini, ədalətliliyini şübhə altına alır, ədalətsizliklərə yol verildiyini iddia edir.

İkincilərin özünü də iki qrupa bölmək olar: 1. Hüququn aliliyi baxımından bu mövqedə olanlar; 2. Bu şübhələrini qəsdən, maraqlı tərəf kimi ictimailəşdirməklə həbs olunanlara qahmar çıxanlar.

Əslində həbs edilənlərin özlərini də üç yarımqrupa bölmək mümkündür: Klassik şpionajla məşğul olanlar; 2. Rəğbət (potensial təxribatçılar) qruplarında birləşərək İrandan əmr, təlimat gözləyənlər; 3. İrandan göndərilən narkotik maddələrin alveri ilə məşğul olanlar.

Birinci qrupun əleyhinə dəlil-sübutlar kifayət qədər olmasa, bu işə qol qoyulmazdı.

İkinci qrup sosial şəbəkədə, ictimaiyyət arasında fəal iş apardıqlarından kimlikləri, qrupları, dairələri çoxdan bəlliydi.

Üçüncü qrup ümumi prosesdən ayrı görünə bilər, amma ona daxil olanları xəfifə almaq, İranla aramızda gedən kəşfiyyat və mətbuat savaşından ayrı tutmaq olmaz.

Məsələ ondadır ki, son illərdə İrandan ölkəmizə narkotik maddələrin kütləvi keçirilməsi, hətta bəzi iranlı “texnoloq”ların gəlib Bakıda, bəzi rayonlarda metamfetamin istehsal edən sexlər işlətməsi ölkəmizə qarşı yönəlmiş məkrli siyasətin tərkib hissəsidir.

Tonlarla narkotik maddəni sərhəddən bəri keçirən həmin o narkotacirlərin bir qayda olaraq İranda yox, Azərbaycanda yaxalanması ondan xəbər verir ki, bu işin arxasında İran dövlətinin hüquq-mühafizə və kəşfiyyat orqanları durur.

Necə ola bilər ki, narkotik alveri məşğul olanları dünyada ən sərt şəkildə cəzalandıran, bu sahədə olduqca ayıq-sayıq davranan bir ölkə qonşu ölkəyə o həcmdə narkotik maddə keçirənlərə dəymir? Belə şey heç cür ola bilməz.

İndi həmin narkotacirləri və onların “mal”larını ölkəmizdə xırıd edərək, həm İrana pul qazandıran, həm də gənclərimizin (və ölkəmizin gələcəyinin) qəsdinə duranları 5-5, 10-10 həbsə alırlar. Artıq bu motivlə saxlananların dürüst hesabı itib.

Bu şəxsləri müdafiə edən yoxdur. Hər kəs bilir ki, bu məsələdə yanlış ola bilməz. Narkotik maddə alverçiləri o qədər çoxdur ki, onları qoyub, kimisə, günahsız birini şərləməyə ehtiyac qalmır.

Casusluq ittihamı ilə yaxalananları isə açıq-gizli və sərt-yumşaq şəkildə müdafiə edənlər az deyil. Aydın məsələdir: müxtəlif tellərlə İrana bağlı şəbəkə çox böyük idi və təəssübkeşlər kontingentinin mühüm bir hissəsi azadlıqdadır. İndi onlar öz “əqidədaş”larına passiv də olsa dəstək verirlər.

Bu dəstək istiqamətlərindən biri terror səciyyəli sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın yaralanmasını şübhə altına alan rəyi yayaraq, ölkə boyunca tirajlamaq idisə, indi daha bir istiqamət açılıb.

Bu da ölkədəki bütün möminləri həyəcanlandırmaqdır. Həyəcan siqnalının şərti replikası belədir: “Bu gedişlə bütün oruc tutanları, namaz qılanları tutacaqlar”.

Həmin absurd iddianı da bilməyərəkdən və qəsdən yayanlar var.

Amma, əlbəttə ki, elə şey ola bilməz. Ölkədə İranla hər hansı bir əlaqəsi olmayan, amma öz mömin həyatını yaşayan, ibadət edən yüz minlərlə insan var və heç kəs onlara “başının üstündə Quran var” deməyəcək və deyə də bilməz.

İranın xüsusi xidmət orqanları ilə informasiya mübadiləsi edən, təlimat və maliyyə vəsaiti alan, Tehran və Qumun sözü ilə oturub-duran, ölkədə şəriət rejimi qurmaq istəyən, bir sözlə, Azərbaycana qarşı yeridilən düşmənçilik siyasətinə yardım göstərən şəxslər isə yəqin ki, hüquq-mühafizə orqanlarına dəvət ediləcəklər.

Bəs bu zaman qurunun oduna yaş da yandırılacaqmı? Bax, əsas məsələlərdən biri də budur. Hüquq-mühafizə orqanları çalışmalıdır ki, diqqətli və ədalətli olsunlar, şübhəli şəxs qismində saxlanılanların təqsir dərəcəsini müəyyən edərkən heç bir haqsızlığa yol verməsinlər.

Yoxsa, bəziləri artıq “Tərtər işi”ndə yol verilən haqsızlıqlara, cinayətlərə istinad edir, casusluq ittihamı ilə saxlanılanlarla o işin qurbanları arasında bərabərlik işarəsi qoymağa çalışırlar.

Bunlar eyni işlər deyillər. Ümid edək ki, vaxtilə buraxılmış səhvlərdən ibrət dərsi götürən kriminalistlərimiz bu dəfə hansısa səhvə yol verməyəcəklər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR