İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Fərid Səfərliyə qarşı ittihamı dəyişdi - girov gəncimiz buraxılacaq?

1680 04.08.2023 14:41 Gündəm A A

İranda həbsdə olan Azərbaycan vətəndaşı, fars qızına sevgisinin toruna düşən Fərid Səfərliyə qarşı irəli sürülən ittiham dəyişdirilib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı yerli medianın sualına cavabında bildirib.

Qeyd edilib ki, Xarici İşlər Nazirliyinin 9 mart və 2 iyun tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən müvafiq iş aparılıb. Məsələ ilə bağlı İran tərəfinə dəfələrlə rəsmi müraciətlər ünvanlanıb və mütəmadi əsasda müzakirələr aparılıb. Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb. Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərlinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb.

“Vətəndaşımızın hüquqlarının qorunması işinin təşkili ilə bağlı İran tərəfinə dəfələrlə edilmiş müraciətlərdən sonra İran qanunvericiliyinə və məhkəmə prosesinin tələblərinə uyğun olaraq, qarşı tərəfdən bir neçə vəkil barədə məlumat Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərlinin ailəsinə təqdim olunub. Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasının İran qanunvericiliyində nəzərdə tutulmadığı bildirilib. Bununla yanaşı, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb. Eyni zamanda müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş ”casusluq" ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Fərid Səfərlinin valideyninin oğlunu ziyarət etməsi üçün hal-hazırda iş aparılır", - məlumatda deyilir.

Bəs “casusluq etmək niyyəti” də ağır suç sayılırmı? İran Fəridi azad eləməkmi istəyir, yoxsa? Gerçək niyyəti nə?

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib ki, Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmaq üçün dialoqu davam etdirir. “Azərbaycan və İran qonşudur və bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və diplomatik nümayəndəliyin əməkdaşının qətlə yetirilməsi münasibətlərdə gərginliyə səbəb olub. Hazırda diplomatik kanallar cəlb olunub və İranın müvafiq rəsmiləri də Azərbaycanda səfərdədir. Bu gərginliyi azaltmaq üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”, - Hacıyev əlavə edib.

Fərid Səfərlinin məsələsi də bu dialoq çərçivəsində çözüləcəkmi?

İlham İsmayıl koronavirusdan sağaldı Pravda.az

İlham İsmayıl: “Azərbaycan diplomatik səyləri davam etdirməlidir”

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Fərid Səfərlinin həbsi İranın xüsusi xidmət orqanları ilə Azərbaycan xüsusi xidmət orqanları arasında tez-tez İranın casus şəbəkəsinin ifşa edilməsinə qarşı sanki bir cavab tədbiri və bəhanə idi: “Hamı bilir ki, Fərid Səfərli casus deyil, casusluq niyyəti də olmayıb. Bir fars qızının sevgisinin toruna düşüb. Amma Azərbaycan-İran münasibətlərində 6-7 ay əvvəlki münasibətlərinə nisbətən fərqli olaraq yumşalması, təbii ki, Fərid Səfərlinin də işində İranın müəyyən addım atmasına səbəb olub. Bu atılan addım çox da yumşaldıcı addım deyil. Bir var cinayət törədəsən, casus olasan, konkret bir əməl göstərəsən. Başqa dövlətin xeyrinə bir iş görəsən. Bir də var ki, belə bir niyyətdə olmaq. Cəza nisbətən az olur, amma yenə cəza var burada. Ağır məsələdir. Bu məsələni çox cüzi şəkildə yüngülləşdirməkdir”.

Ekspert əlavə etdi ki, bu cəzanı daha da yüngülləşdirmək olar: “Konkret heç bir əməl göstərmədiyi üçün sübut olunmayacaq. Ona görə də məsələyə Azərbaycan-İran münasibətlərində gərginliyin azaldılmasının bir tərkib hissəsi kimi baxmaq olar. Bu dialoq davam edir. Azərbaycan İran münasibətlərinin yumşaldılması xarici işlər naziri səviyyəsində də olub. Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirində İran xarici işlər nazirinin gəlişi və bizim rəsmi şəxslərlə görüşü, məsələnin yenə də yumşaldılması istiqamətində danışıqlar aparması hansısa şəkildə Fəridin də işinə təsir edəcək. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə həm vəkil məsələsində, həm də Fərid Səfərlinin günahsız olması istiqamətində  diplomatik səyləri davam etdirməlidir. İranın çox az yumşaldıcı, maddəni dəyişməsi məsələsilə kifayətlənməməlidir. Düşünürəm ki, perspektivdə daha yumşaq bir qərarın veriləcəyini gözləmək olar”.

Çingiz Qənizadə: Tarixi Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki  mövqeyi daha da möhkəmlənib - AZƏRTAC

Çingiz Qənizadə: “Bu cür yumşaq addımların atılması sonda onun azadlığa çıxmasına səbəb ola bilər”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Fərid Səfərliyə qarşı irəli sürülən ittiham fars rejiminin çirkin niyyətinin təzahürüdür: “Azərbaycan İran münasibətlərinin gərginləşdiyi bir dövrdə bir Azərbaycan vətəndaşını ləkələmək, əvəzində Azərbaycanla danışıqların aparılmasında ondan predmet kimi istifadə etmək niyyəti ilə Fərid Səfərliyə ağır ittiham irəli sürülüb. Amma son vaxtlar hiss olunur ki, diplomatik danışıqlar davam etdirilir. Xüsusilə İranın vəzifəli şəxslərinin Azərbaycana səfəri, Azərbaycan tərəfindən İranla aparılan danışıqlar müəyyən qədər gərginliklərin aradan götürülməsinə xidmət edir. Bu günlərdə iki ilə yaxın qanunsuz həbs edilmiş azərbaycanlı xanımın Azərbaycana qaytarılması deməyə əsas verir ki, bu istiqamətdə uğurlu addımlar atılır. Bu fakt ümid verir ki, Fərid Səfərliyə qarşı da yumşaq addımlar atılacaq.

Fərid Səfərliyə qarşı casusluq ittihamı deyil, casusluq etmək niyyəti ittihamı gələcəkdə cəza tətbiq ediləcəksə cəzanın sanksiya hissəsinə təsir edən amillərdən biridir. Niyyət olub, həyata keçirilə bilməyib və buna görə də cəzanın həddi aşağı nəzərdə tutulur. Amma casusluq ittihamı hətta dünya praktikasında ağır ittiham sayılır. Ona görə ümid etmək olar ki, artıq Fərid Səfərliyə qarşı bu cür yumşaq addımların atılması sonda onun azadlığa çıxmasına səbəb olacaq. Ümid edək ki, Fəridə qarşı yüngül cəza tətbiq ediləcək. Artıq xeyli müddətdir ki, o, həbsxanada saxlanılır. Onun qeyd-şərtsiz azad olunması İran hüquq sisteminin daha da çirkin olmasını üzə çıxara bilərdi".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR