İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar deputatından Rusiya-Azərbaycan münasibətləri ilə bağlı ilginc açıqlamalar MÜSAHİBƏ

3043 30.03.2022 18:09 Müsahibə A A

Musa Quliyev: “İstər Rusiyada, istərsə də Azərbaycanda bəzi qüvvələr iki dövlət arasındakı münasibətlərin gərginləşməsində maraqlıdır”

 “2020-ci ilin 10 noyabrında imzaladığımız üçtərəfli bəyanatın 4-cü bəndində qeyd olunub ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmalıdır; təəssüflər olsun ki, hələlik...”

Deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev  Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumu və digər mövzularla bağlı ilginc fikirlərini bölüşüb.

Musavat.com müsahibəni təqdim edir:

- Musa müəllim, son zamanlar Rusiyanın ayrı-ayrı şəxsləri və ya dairələrindən Azərbaycana yönəlik qonşuluq münasibətlərinə və müttəfiqliyə sığmayan təhdidlər, yersiz hədələr, daxili işlərimizə müdaxilələri müşahidə etməkdəyik. İki ölkə arasında nə baş verir?

- Azərbaycan dövlətinin xarici siyasətində cənab prezidentin söylədiyi kimi, milli maraqlar üstünlük təşkil edir və bu siyasətdə aparılan bütün korrektələr, düzəlişlər bizim milli maraqlarımıza xidmət edən dəyişikliklərdir. Azərbaycan xarici siyasətini bütün qonşuları ilə əməkdaşlıq və dostluq münasibətləri səviyyəsində qurur, bu məsələlərdə bizim kifayət qədər uğurlarımız var. İstər İran, istər Rusiya, istərsə də Gürcüstanla münasibətlərdə yüksək səviyyədə əməkdaşlığımızdan və onun faydalı nəticələrindən bəhs etmək olar. Azərbaycan ümumiyyətlə, bu regionda aparıcı bir dövlət olaraq regionun ab-havasını, siyasi mühitini müəyyən edən dövlətlərdən biridir. Qardaş Türkiyə ilə münasibətlərimiz heç şübhəsiz ki, istisnadır və qardaşlıq səviyyəsindədir. Yəni ikitərəfli müttəfiqlik səviyyəsindən də üstündür. Xüsusilə ötən ilin 15 iyununda Şuşada imzalanmış Bəyannamədə bu münasibətlərimiz bizim ictimai, siyasi, sosial, hərbi, iqtisadi əməkdaşlığın ən yüksək səviyyəsinə qaldırılıb. Eyni zamanda Azərbaycan-Rusiya münasibətləri də zaman-zaman müəyyən dəyişikliklərə uğrasa da, həmişə yüksələn xətlə inkişaf edir və Rusiya Azərbaycanın qonşusudur, böyük, super gücə malik olan bir dövlətdir. Rusiya ilə münasibətlərin hər hansı bir şəkildə pozulmasını istəyənlər Azərbaycan dövlətini sevməyən, bu dövlətin uğurunu görmək istəməyən adamlardır.

- Təəssüf doğura budur ki, bir qayda olaraq münasibətlərə xələl gətirə biləcək davranışları şimal qonşumuzda müşahidə edirik. Hansı ki, xüsusilə də indiki çətin durumunda, ağır sanksiyalara məruz qaldığı dönəmdə Rusiya ona qarşı cəbhədə yer almayan Azərbaycanla münasibətlərə xələl gətirilməsinə mane olmalıdır...

- Bizə Rusiya və yaxud başqa bir dövlətlə düşmənçilik münasibəti lazım deyil və münasibətlərin gərginləşməsində də Azərbaycan heç zaman maraqlı olmayıb. Amma təəssüflər olsun ki, istər Rusiyada, istərsə də Azərbaycanda bəzi qüvvələr bəzi qüvvələr - biz bunları “Qərbpərəst”, yaxud “demokratlar” da adlandıra bilərik, əslində bunlar müxtəlif dövlətlərin “5-ci kolon”unun fəaliyyətdə olan nümayəndələridir - iki dövlət arasındakı münasibətlərin gərginləşməsində maraqlıdır. Xüsusən də son günlər Qarabağda baş verən müəyyən məsələlər, ordumuzun öz mövqelərini dəqiqləşdirmək aspektində hərəkətlilik Rusiyadakı müəyyən qüvvələr tərəfindən qıcıqla qarşılanıb. Heç şübhəsiz ki, burada da ermənipərəst qüvvələr, ermənilərin maliyyəsi ilə qidalanan siyasi və ictimai fiqurlar mövcuddur. Eyni zamanda Azərbaycanda da “5-ci kolon”un müəyyən adamları öz destruktiv fəaliyyətlərinə başlayıblar.

- Amma bir çox hallarda belə etirazlar Rusiyanın Qarabağdakı sülhməramlı davranışları ilə əlaqədar səslənir...Elə son günlərdə baş verənləri hamımız izlədik. Siz Qarabağda, Fərrux dağı istiqamətində baş verənləri və Rusiya Müdafiə Nazirliyinin reaksiyasını necə dəyərləndirirsiniz?

- Əlbəttə, Rusiyanın bölgədəki sülhməramlı qüvvələri ilə bizim münasibətlərimizdə problem, gərginlik yoxdur. Sadəcə Azərbaycan Silahlı Qüvvələri öz ərazisində dislokasiyasının dəyişdirilməsi və mövqelərin dürüstləşdirilməsi ilə bağlı müəyyən  addımlar atdı. Eyni zamanda Fərrux dağının götürülməsi və Fərrux dağında bizim mövqelərimizin möhkəmləndirilməsi heç bir qanun pozuntusu deyil. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın bütün ərazilərində fəaliyyət göstərmək və hərəkət azadlığına malikdir və bu, bizim müstəsna hüququmuzdur. Eyni zamanda bizim 2020-ci ilin 10 noyabrında imzaladığımız üçtərəfli bəyanatın 4-cü bəndində qeyd olunub ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmalıdır. Təəssüflər olsun ki, hələlik bu bənd tamamilə icra olunmayıb və hələ də Qarabağ ərazisində qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğu davam edir. Buna görə də ola bilsin ki, məhz Rusiyadakı müəyyən ermənpərəst qüvvələr və Ermənistanın özündə Azərbaycanla davamlı şəkildə yekun sülh müqaviləsinin imzalanmasını istəməyən çevrələr bu məsələlərdən istifadə edərək, müəyyən xırda təxribatlar törədirlər, bu proses hələ də davam edə bilər. Azərbaycan ordusunun fəaliyyəti, ordumuzun dislokasiya yerinin dəyişməsi heç bir müqavilənin və qanunların pozulması demək deyil.

- Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakıya nüvə zərbəsi endirmək çağırışının ardınca üzr istəməyə vadar edilsə də, məsələ bitməyib və Baş Prokurorluq ona qarşı cinayət işi başladıb, İnterpol axtarışı elan edib. Bu faktı necə dəyərləndirirsiniz? Hər halda bu təxribatı Delyaqinin özfəaliyyəti saymayanlar da var...

- Rusiya televiziyasının efirində bir deputatın Azərbaycan haqqında sərsəmləməsi də heç şübhəsiz ki, Rusiyadakı ermənipərəst və anti-Azərbaycan qüvvələrin marağına xidmət edən bir çıxış idi, heç də Azərbaycan-Rusiya münasibətlərinə uyğun olan, yaxud münasibətlərə üstünlük gətirən, fayda verən bir çıxış deyildi. Məhz buna görə də Azərbaycan tərəfin haqlı etirazları, XİN-in bəyanatı, Azərbaycanın Rusiyadakı səfirinin, Azərbaycan ictimaiyyətinin etirazı Rusiya hökuməti tərəfindən adekvat olaraq qarşılandı. Rusiya XİN rəsmi olaraq bəyan etdi ki, Delyaqin familiyalı deputatın mövqeyi Rusiya siyasətinə, Rusiya hökumətinin mövqeyinə uyğun deyil, biz bunu pisləyirik, qəbul etmirik. Əlbəttə, ondan sonra qısa müddət ərzində həmin deputatın da təkzib verməsi, üzrxahlıq etməsi Rusiya hökumətinin bu məsələdə mövqeyinin nə qədər doğru olduğunu və Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olmasının göstəricisidir.

- Rusiya-Ukrayna müharibəsinə münasibətdə rəsmi Bakının mövqeyini necə dəyərləndirirsiniz? Neytral, balanslı mövqe sizcə, hər iki ölkəni razı salırmı?

- Heç şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, müəyyən qüvvələrin burada öz mövqelərini sərgiləməsi Azərbaycanın ictimai-siyasi mühitinə öz təsirini göstərir. Biz açıq-aydın qərbpərəst siyasətçilərin dəstəklədiyi və yaxud Qərbdən qidalanan QHT-lərin, ictimai fəalların anti-Rusiya mövqeyini görürük. Azərbaycan hökuməti öz mövqeyini müharibənin ilk günlərindən bəyan edib. Azərbaycan bütün münaqişələrin, o cümlədən Rusiya və Ukrayna arasındakı hərbi münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünün tanınması çərçivəsində həllinin tərəfdarıdır. Yəni Azərbaycan hökuməti kifayət qədər aydın və qəti şəkildə öz mövqeyini ortaya qoyub. Bundan sonra sosial şəbəkələrdə, internet televiziyalarında, qəzet səhifələrində bu mövqeyə uyğun olmayan çıxışlar etmək, fikrimcə, Azərbaycanın dövlət maraqlarına və milli maraqlarımıza uyğun deyil. Yalnız o insanların qidalandığı, maliyyələşdiyi mənbələrə uyğun olan, onlara sərf edən çıxışlardır. Hesab edirəm ki, belə çıxışlara ehtiyac yoxdur və bu cür çıxış edənlərin milli maraqlara nə qədər zərbə vurduğu, dolayısı ilə, yaxud birbaşa “5-ci kolon”a xidmət etdiyi də aydındır. Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında bu ilin fevralında Moskvada imzalanmış müttəfiqlik səviyyəsində əməkdaşlıq müqaviləsinin bağlanması da bizim qonşumuzla qonşuluq və əməkdaşlıq münasibətlərimizin bir daha əyani sübutudur, təsdiqidir. Baxmayaraq ki, Rusiyaya qarşı bir çox dünya dövlətləri iqtisadi və digər sanksiyalar tətbiq etdilər, Azərbaycan burada özünün müstəqil mövqeyini nümayiş etdirmiş oldu. Bu da bizim milli maraqlarımıza uyğun mövqedir.

- Necə bilirsiniz, Ukraynanın yanında daha sərt şəkildə yer almış beynəlxalq birlik Azərbaycanın mövqeyini anlayışla qarşılayırmı?

- İlk növbədə, Rusiyada 2 milyona qədər soydaşımız yaşayır, işləyir, ordan Azərbaycana, öz ailələrinə maddi dəstək göstıərmək imkanlarına malikdir, biznesləri, təhsilləri var. Bu münasibətlərin pozulması bizim milli maraqlarımıza uyğun deyil. Digər tərəfdən, Ukraynaya da biz dostluq münasibətlərimizi ifadə etmişik. Cənab prezidentin tapşırığı əsasında, elə müharibənin ilk günlərində Ukraynaya 5 milyon avro həcmində humanitar yük, dərman və tibb ləvazimatları olmaqla yardım göstərmişik. Müharibənin gedişində də Azərbaycanın Ukraynadakı yanacaqdoldurma məntəqələrinin bu ölkədəki bütün təcili tibbi yardım və yanğınsöndürən maşınlara pulsuz yanacaq verilməsi haqqında göstəriş verildi, bu da Azərbaycanın böyük diqqətidir. Eyni zamanda Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında Ukraynanın Azərbaycandakı diasporunun təşkil etdiyi Ukraynaya dəstək mitinqində də Azərbaycan vətəndaşları aktiv şəkildə iştirak etdilər, könüllü olaraq Ukraynaya humanitar yardımlarını maddi və mənəvi şəkildə göstərməkdə də davam edirlər. Bu, humanitar aksiyadır və hər bir dövlətin, xalqın görəcəyi bir işdir. Həmçinin bunun Rusiyaya qarşı münasibətə heç bir aidiyyəti yoxdur. Bütövlükdə mən Rusiya-Azərbaycan münasibətlərinin qonşuluq münasibətlərinə uyğun inkişaf etdirilməsini dəstəkləyirəm. Hesab edirəm ki, hər birimiz də bu mövqeni dəstəkləyən qüvvələrin yanında olmalıyıq.

Elşad Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR