İnsanlara hürriyət, millətlərə istiqlal!

İntibahın XARAKTERİ

843 12.01.2024 18:26 Yazarlar A A

Dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri sayılan Uinston Çörçill dövlət xadiminin siyasi xadimdən fərqini siyasətçinin gələcək seçkiləri, dövlət xadiminin isə gələcək nəsilləri düşünməsi şəklində ifadə edirdi.

Son günlər bu barədə - seçkilər və gələcək nəsillər mövzusuna daha tez-tez müraciət etməyimiz əbəs deyil. – Azərbaycanın dövlət başçısı İlham Əliyev ötən il son ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında Sərəncam imzaladı.

serencam.jpg (60 KB)

Məlumunuz, əgər bu Sərəncam olmasaydı, bu seçkilərin ötən prezident seçkilərinin 7-ci ilinin tamamında – 2025-ci ildə keçiriləcəyini gözləyəcəkdik. Son Prezident seçkilərindən sonra ölkəmizin siması, ictimai-siyasi fəaliyyətin, dövlət və xalq həyatının ritmi, ahəngi dəyişib – daha doğrusu, öz qaydasına düşüb, tarazlıq, nizam yaranıb. Ərazi bütövlüyü, suverenliyi pozulmuş dövlət, xalq hansı ahəngdə, necə bir ritmdə ola bilərdi ki? – Baxmayaraq, o ritm, ahəng pozulması üç on il boyunca uzanmışdı, inanırdıq ki, əzəl-axır haqq öz yerini tapacaq. Xalq şairi Zəlimxan Yaqub necə deyirdi? –

“Keçidlərdə ocağımız səngidi,

Yoxuşlarda nəfəsimiz təngidi,

Tarix bir az haqq sözündə ləngidi,

Həqiqətlər çözüm-çözüm olacaq,

Bugün-sabah dünya bizim olacaq”.

Beləliklə, tarixi Zəfərə imza atmış, öz ahəngini, nizamını bərpa etmiş xalqa, suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş dövlətə ilk olaraq ən ali seçki yaraşırdı. İndi qarşıdakı parlament və bələdiyyə seçkilərinə ərazisi bütöv, suverenliyi tam və növbəti 7 il üçün öz Prezidentini seçmiş ölkə olaraq gedəcəyik.

İLHAM ESGER.jpg (246 KB)

Dövlətin ən ali kürsüsünə seçkiləri heç zaman seçkiləri deyil, həmişə gələcək nəsilləri düşünən müdrik dövlət xadiminin imzalaması ayrı bir gözəllik, fərəhli bir hadisədir! Prezidentin 10 yanvarda yerli TV-lərə verdiyi müsahibədən bir bölümə diqqət edək:

“...Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.

Yəni bunlar tarixi anlardır. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər”.

MUSAHİB YENİ.jpg (64 KB)

Gələcək nəsillər! – Bu vurğu, əlbəttə, təsadüfi deyil! Bu vurğu ən təvafüq hadisədir. Mənə nəsib olub uzun illər gənclərlə işləmişəm, o cümlədən dövlət gənclər siyasətini həyata keçirən nazirlikdə çalışmışam, Müstəqil Azərbaycan Gənclərinin I Forumunda çıxış etmişəm, gənclər təşkilatlarının qurucusu və rəhbəri, gənclər təşkilatlarının konfederativ qurumunun rəhbərlərindən olmuş, çoxsaylı beynəlxalq gənclər tədbirlərində nümayəndə heyətinin üzvü və rəhbəri olaraq iştirak etmişəm. – Bu vəsilə ilə gənclərlə işi, dövlət gənclər siyasətinin mahiyyətini yaxından bilənlərdən biriyəm – desəm, qüsur sayılmaz. İlham Əliyev gənclər siyasətini də, bütün digər əməli çalışma sahələri üzrə dövlət siyasətini də həmişə gələcəkyönümlü fəaliyyətə kökləyib. Əlbəttə, Prezident və onun komandası özəlliklə taleyüklü məsələlərlə bağlı dövlət siyasətinin incəliklərini, fəaliyyətin mənasını, mahiyyətini vaxtından öncə ictimaiyyətə açıqlamaz və bu məhz dövlətin ali mənfəətləri üçün edilir. Prezidentin yerli tv-lərə müsahibəsindən gətirdiyimiz sitat məhz bu baxımdan çox manidardır.

İlham Əliyev gələcək nəsil vurğusunu, tarixi “Şuşa Bəyannaməsi” imzalanarkən da etmişdi – o sənədi əcdadların ruhunu şad edən, gələcək nəsillərə yol göstərən sənəd olaraq xarakterizə etmişdi.

susa beyan.PNG (1.77 MB)

İlham Əliyev Vətən müharibəsindən danışarkən dəfələrlə vurğulayıb ki, biz elə bir gənc nəsil tərbiyə edib yetişdirdik ki, onlar ölümün üstünə getdi, heç nədən qorxmadan, çəkinmədən!

İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri, o görüşlərdəki unudulmaz çıxışları, gənclərlə bağlı sərəncamları gənclik, gələcək nəsil mövzusuna, sözün ən müsbət anlamında, necə talib olduğunu çox parlaq şəkildə göstərməkdədir.

Biz indi bu yazı ilə təbliğat-təşviqat işi görmürük – əslində, buna ehtiyac da yoxdur; biz xalq müdrikliyinə candan-könüldən inanlardanıq. – Xalqımız seçkini də, seçməyi də və bunu nə üçün etdiyini də yaxşı bilir. Öz cəsarətini, dövlətcanlılığını ən taleyüklü məqamlarda parlaq şəkildə ifadə edən xalq yeni dönəmin vəzifələrini də bilir. Seçkilərin nəticələri elan olunduqdan sonra aydın şəkildə görəcəyik ki, xalqımız Qarabağda suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa olunması ilə ağrılı bir dönəmə yekun vurulmasını, 7 fevral seçkilərinin yeni dönəmin başlanğıcı olmasını necə dərindən və üfüqügeniş şəkildə idrak edib. Xalqımızla, bu xalqın övladı olmağımızla və bacardıqca qulluğunda durmağımızla qürur duyuruq!

Bəli, Azərbaycan tarixində (özü də yalnız respublikamızın deyil, ümumən Azərbaycanın, Dünya azərbaycanlılarının tarixində!) yeni dönəm başlayır – bu intibah dönəmidir. Tarixçilər, kulturoloqlar çağdaş intibah tarixinin başlanma tarixi üzərində, 8 noyabr 2020-ci il, 20 sentyabr 2023-cü il, 15 oktyabr 2023-cü il deyə fərqli fikir söyləyə bilər; ancaq bir fikirdə fərqlilik olmadığına inanıram – Azərbaycan illa yeni dönəmə daxil olub və bu dönəm məhz intibah dönəmidir. Öncələr də belə cəhdlər olduğuna şübhə etmədən, daha öncəki intibah cəhdlərində bulananları alqışlayaraq, etiraf etməliyik ki, İlham Əliyev intibahı yalnız başlatmadı, onu sözün müsbət anlamında sabitləşdirməyi bacardı, davam və inkişafına xarakter verdi.

Qoy bundan sonra yeni milli ideoloji inkişafımızın əsası, müstəqil dövlətin yeni missiyası, bir sözlə, yeni ideoloji əsaslar haqqında akademik çevrələr, tarixçilər, kulturoloqlar əsər yazsın, rəy versin, çıxış etsin. Bu, elə bir yeni dönəmdir, burada hər kəsin işi, hamının rolu ola bilər və olmalıdır. Çünki böyük uğurlarımız ümumxalq hadisəsidir. Biz bunu 44 günlük müharibədəki əvəzsiz dövlət-xalq birliyində gördük.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR