İnsanlara hürriyət, millətlərə istiqlal!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün təlim keçirdi - FOTO

1940 20.07.2022 15:17 Media A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya və innovasiya ekosistemi haqqında yazan jurnalistlər üçün ekspertlərin iştirakı ilə iki günlük peşəkar təlim təşkil edib.

Musavat.com xəbər verir ki, məqsəd Azərbaycanda müvafiq sahələrdə məqalə, xəbər və oçerklərin yazılması, reportajların hazırlanması, müsahibə alma texnikası və praktikası üzrə jurnalistlərin bilik və səriştələrini artırmaqdır.

Yerli mətbuatın aparıcı nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə rəqəmsal transformasiyanın əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda həyata keçirilən layihələrlə bağlı sessiyalar təşkil edilib. Təlim çərçivəsində o cümlədən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşavirləri Rəşad Xalıqov və Ağahüseyn Əhmədov geniş təqdimatlarla çıxış ediblər.

Rəşad Xalıqov qeyd edib ki, Agentliyin qarşısında duran əsas vəzifələrdən biri rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi və bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığın genişləndirilməsidir: “Cəmiyyətdə rəqəmsallaşmanı tələb edən boşluqlar üzrə araşdırmaların aparılması və əldə olunmuş müsbət nəticələrin ictimailəşdirilməsində medianın rolu böyükdür. Təlimlər vasitəsilə biz Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosistemi haqqında müfəssəl yazan və araşdırma apara bilən professional jurnalistlər qrupunu formalaşdırmaq istəyirik. Ümidvarıq ki, bu sahədə ixtisaslaşan jurnalistlər ölkəmizdə rəqəmsal iqtisadiyyatın quruculuğuna özünəməxsus töhfə verə biləcəklər’’.

Qeyd edək ki, təlim proqramında iştirak edən 20 jurnalist təmsil etdikləri media qurumlarında və cəmiyyətdə rəqəmsallaşmaya ehtiyac duyulan prioritet sahələr üzrə, o cümlədən innovasiya ekosisteminin oyunçularının yerli mətbuatın işinə verə biləcəyi töhfələr mövzusunda qrup müzakirələrində fəal iştirak edib. Təlim proqramının sonunda Agentliyin rəhbərliyi tərəfindən jurnalistlərə sertifikatlar təqdim edilib.

Jurnalistlərin təqdir olunması mərasimində iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə təbrik edib: “İki günlük təlim proqramımız jurnalistlərin qarşıdan gələn peşə bayramı ərəfəsinə təsadüf edir. Maarifçilik bütün dövrlərdə intibahın əsas lokomotivi olub. Agentlik olaraq innovasiya sahəsində peşəkar insan kapitalının formalaşmasına təkan vermək niyyətindəyik. Yerli media nümayəndələri üçün təşkil etdiyimiz təlim əməkdaşlığın ilkin mərhələsidir. Əminəm ki, dahi ədibimiz Həsən bəy Zərdabinin bugünkü davamçıları müasir çağırışlara cavab olaraq innovativ sahibkarlıq təfəkkürünü, yenilikçiliyi və davamlı inkişafı cəmiyyətə aşılamaqla tarixi missiyalarını uğurla davam etdirəcəklər”. 

Təlimdə o da bildirilib ki, sözügedən əməkdaşlıq, jurnalistlərin təlim ehtiyacları nəzərə alınmaqla cari il ərzində rüblük qaydada davam etdiriləcək.

Afaq Mirayiq,

Musavat.com

f867251c-50b8-466c-b0de-ce3d78805380.jpg (154 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR