Yox, mübahisə etməyəcəm. Sadəcə, onu deyəcəm ki, bizdə tez-tez, xüsusən də Ermənistandakı son seçkinin fonunda xüsusilə hallanan “inzibati resurslar” və onların seçkidə istifadə olunması heç də yaxşı hal deyil, əksinə bunun bütün formaları demək olar ki, ciddi təsnif olunub və onların hamısı çox ciddi qanun və seçki pozuntusu sayılır və hər birilə bağlı məhkəmələrə müraciət etmək olar və normal ölkələrdə edirlər də.
Dediyim budur ki, bizdə hakimiyyətin az qala, “təbii üstünlüyü” hesab edilən “inzibati resurslar”dan istifadə qəti yaxşı hal deyildir, hətta ciddi qanun pozuntusudur ki, bunu təkrar qeyd edirik. Belədəsə, şəxsən mən dəqiq bilmirəm, Paşinyan bundan istifadə etdi, ya etmədi? Amma iki məqam var ki, istər-istəməz adamı şübhələri özündən qovmağa məcbur edir, çünki, birincisi, təbliğat mərhələsi başlayan kimi Paşinyan öz məzumiyyət götürdü, ikincisi, onun opponentləri heç də zəif, imkansız adamlar deyildilər (cəmi yüzə yaxın üzvü olan parlamentdə hətta 40-a yaxın mandat qazanmaq az iş deyil), əllərinə bircə belə fakt düşsəydi yəqin ki, indiki baş nazirə qarşı dərhal məhkəmə qaldırar, hətta seçkinin nəticələrini ləğv etdirərdilər.
Görünür, belə şey olmayıb. Əksinə seçki ərəfəsində Paşinyan arxayın-arxayın öz “hücrə”sinə çəkilmədi, təkrar deyirik ki, adam son bir-iki ayda demokratiyanın imkan verdiyi bütün üsullarla özünü və partiyasını reklam etməyə çalışdı: biri dedi ki, bəs metroya mindi, digəri ərz etdi ki, uşaqlarla dondurma yedi və s. və i...
Bunları Paşinyana dəstək olmaqçün demirik. Ona görə söyləyirik ki, bizim siyasi nəslə əsl demokratik seçki görmək nəsib olmadı, heç olmasa, gəncləri yanlış yola yönəltməyək. Mənə inanmırsınızsa, özünüz internetdən tapıb oxuya bilərsiniz: seçki vaxtı hakim partiyanın “inzibati resurslar”dan istifadə etməsi böyük qanun pozuntusudu və hətta seçkinin ləğvilə nəticələnə bilər. Ona görə də belə məsələlərdə bir az ehtiyatlı olmaq lazımdır ki, gənclər yanlış fikirə düşməsin.
Demokratik seçkilərlə bağlı güclü beynəlxalq qanunvericilik bazası var və özü də daha çox Avropa strukturları tərəfindən yaradılan və nəzarət edilən. Hərçənd, bizdə indi “Avropa” sözü sevilmir, amma nahaq, belə deyim var ki, mollayla dalaşıb məscidi daşlamazlar. Həm də ona görə ki, biz daha çox mərsiyəxanlıqla məşğul olanda, hər il on gün məsciddə “Kaş ki, bu gün olaydım Kərbəlada!” deyib sinəmizə döyəndə avropalılar oturub seçki qanunvericiliyilə məşğul oldular, demokartik və anti-demokratik seçkinin kriteriyalarını müəyyən etdilər, başqalarına da bunu öyrətməyə çalışdılar...
O ki qaldı qurban olduğum, həqiqətən də müqəddəs Kərbəla məsələsinə, inanın, mən də sizin hər biriniz kimi təpədən-dırnağa şiə-müsəlmanam – lap böyük Sabir demişkən:
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar...
Amma hər dəfə həmin o mərsiyə misrası yadıma düşəndə demək istəyirəm ki, qardaş, indi cəmi müsəlman dünyası elə Kərbəladır və sən də əziyyət çəkib heç yerə getmə, elə yaşadığın ölkədə seçkiyə get, səsinin taleyilə maraqlan və inan: on iki imam üçün də bu, daha yaxşı olar, çünki Peyğəmbər üçün də, imam üçün də ümmətinin yaxşı-mənalı və hətta tox həyatı elə özü böyük bir savabdır. Tək müsəlman dünyası qaynamır, irili - xırdalı müstəbidlər bürüyüb dünyanı. O gün baxıram, bir görün, Lukaşenko nə deyir? Guya adamın diktator olmaqçün heç resursu (bəli, yenə bu lənətə gəlmiş resurs söhbəti!) da yoxdur! Otuz iki ildir “prezident”dir, bu sahədə rekordsmen sayılır, adını Belarusbaşı qoyublar, ilin mafiozu elan ediblər, amma hələ “resurslar”ın azlığından gliylənir! O, da cəhənnəm, bir “hun dostumuz” vardı–sifəti “ikilik taxta”nı xatırladan Orban! Kişilər, bu, pandemiyadan istifadə edib Macarıstanı fövqəladə rejimdə saxlamaq istəyirmiş, yeni hökumətin demək olar, ilk qərarı bunun ləğvi olub...
O ki qaldı özümüzə, bu sətirləri yazanda təsadüfən oxudum ki, Bakıda “Halal biznes” tədbiri keçiriir. Məncə, təşkilatçılar bizim biznesin ən birinci problemini düz tutublar: bəli, biz halalla haramın fərqini biləndə, onları ayıranda işlərimiz düzələcək.
Hələlki Leninin “Tala! Oğrudan oğruya halaldır!” prinsipilə yaşayırıq hamımız! Bəli, çox təəssüf ki! Məhz buna görə nə siyasətimiz alınır, nə də biznesimiz! Bir daha çox təəssüf! Həm də ona görə ki, bunları da biri – birindən ayıra bilmirik ki, bilmirik, biz də hələ də ön böyük kapital elə vəzifədir. Halbuki cəmi 20-30 il bundan əvvəl tamam başqa ab-hava, ümidlər vardı. 90-nın ortalarında bir sorğuda gənclərin çox az bir hissəsi məmur olmaq istəmişdi, əksəriyyəti bizneslə məşğul olmaq istədiyini demişdi. Necə oldu bütün bunlar?..






