İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin effektiv dövlət siyasəti

601 23.12.2022 15:48 Yazarlar A A

19 il öncə (15.10.2003) keçirilmiş Prezident seçkilərində qədirbilən xalqımız öz dəyərli səsini Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olan güclü dövlətçilik, tam müstəqillik siyasi kursunun davam və inkişaf etdirilməsinə verdi. Haqlı olaraq, bu səs ölkəmizdə siyasi sabitliyin qorunmasına verilmiş səs olaraq da xarakterizə olunur. Həmin taleyüklü seçim günündən az öncə (01.10.2003) Ümummilli liderin Azərbaycan xalqına müraciətindəki sözləri yaxşı xatırlayırıq:

“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, bu çağırış, qəti əminliyin ifadəsiydi – Ümummilli lider əmin idi ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı, xalqımızın firavanlığı yolunda çox önəmli işlər görəcəkdir.

Ümummilli liderin uzaqgörənliyinin, İlham Əliyevlə bağlı inamının təntənəsini yalnız bir örnək əsasında göstərəsi olsaq, elə bilirəm, bu tarixi sözləri xatırlamaq yetərli olar:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!

Gözün aydın olsun Azərbaycan”! – Bu sözlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xalqa 08.11.2020-ci il tarixli müraciətindəndir.

Bəli, Şuşanın işğaldan azad edilməsi fövqəladə önəm daşıyan elə bir tarixi hadisədir ki, bir siyasi və dövlət xadimi üçün, onun rəhbərlik etdiyi dövlət və xalq üçün əvəzsiz, əbədi şərəf-şandır. Çünki söhbət yalnız bir şəhərin azad olunmasından getmir, bir simvol şəhərin, əziz şəhərin azad olunmasından gedir, ata vəsiyyətinin yerinə yetirilməsindən gedir! Və hər kəs bilir ki, Şuşa azad olunan günədək necə mümkünsüz sanılanlar mümkün edilib, necə möcüzələr yaradılıb! Ümummilli lider böyük uzaqgörənlik və inamla gələcəyin belə bir qeyri-adi uğuruna, torpaqlarımızı azad edəcək Ali Baş Komandana səs verməyə çağırırdı. Dövlətcanlı, Vətəncanlı, qədirşünas xalqımız 2003-cü ildə olduğu kimi, sonrakı seçkilərdə də İlham Əliyevə inandı, ona səs verdi və ölkəmiz onun liderliyi ilə inkişaf etdi.

İlham Əliyev dövlət siyasətinin çağdaş modelini yaratdı. – Məntiqi mühaki­mələrə, təfəkkür və dərin təhlilə əsaslanan, milli məqsədlərə xidmət edən qabaqcıl siyasi davranış modelini, siyasi realizmə söykənən fəaliyyət örnəyini, bir sözlə, rasionalizmi respublikamızın siyasi sisteminə məhz o gətirdi. İlham Əliyev öz fəaliyyəti, davranışı ilə Azərbaycan siyasi sisteminə özünəxas kübarlıq, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, bir sözlə, milli siyasi mədəniyyət örnəyi təqdim etdi.

Bununla da, milli hədəflərə, ümumtürk birliyinə, başqa ifadə ilə desək, böyük gələcəyə hesablanmış dövlət siyasəti müəyyənləşdi, sabitləşdi. Məsələn, qabaqcıl yeni nəslin, gənclərin potensialından səmərəli istifadə olunması çağdaş, müstəqil Azərbaycan Respublikasının arasıkəsilməz inkişafını təmin edən əsas faktorlardan birinə çevrildi. Prezident Əliyevin gənclərin öz potensialını gerçəkləşdirməsinə, ilk növbədə, onların vətəncanlı, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn ardıcıl tədbirləri dövlətimizin uzaqgörən siyasətinin ən önəmli göstəricilərindən biri olaraq dəyər qazandı. Ardıcıl olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı yerinin, mövqeyinin yüksəlməsinə, ölkəmizin aparıcı qüvvəsinə çevrilməsinə, necə deyərlər, yaradıcı mühitin formalaşmasına münbit ortam yaratdı. Gənclərimiz ictimai-siyasi həyatda getdikcə daha böyük rol üstənir. Beləliklə, müstəqil dövlətimizin, şəxsən dövlət başçımızın gənclərə dəstəyinin, diqqət-qayğısının nəticəsində gəncliyimizdə özgüvən, öz gücünə, istedadına inam hissi artdı. Ayağı altında mina, başı üstündə uçuşan mərmilərə baxmayaraq, “keçilməz Ohonyan xətti”ni keçən, müharibə meydanında bir gün belə geri çəkilməyən, bir nəfəri belə fərarilik etməyən, nəhayət Şuşanı ağır texnika tətbiq etmədən azad edən gənclik Azərbaycan gəncliyidir! Bu xarüqələri yaradan gəncliyi yetişdirmək özü dərin təfəkkür, zehniyyət, dövlətçilik dərrakəsi, səbr və uzaqgörənlik əsəridir! Bu əsərin müəllifi İlham Əliyevdir! Ümummilli liderin öyüdlərini yerinə yetirən İlham Əliyev milli ləyaqəti, milli qüruru uğurlarımızın əsas şərtlərinə çevirdi. “Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq”! – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu sözləri 2022-ci il iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfəri çərçivəsində Komando hərbi hissəsinin açılışında deyib. – Bu cümlədəki sözlərin ifadəsi belə İlham Əliyevin rəhbərliyi ilə görülmüş işləri, keçilmiş yolu və gələcək hədəflərimizi göstərməkdədir: Müzəffər Ali Baş Komandan, Kəlbəcərə səfər, Komando hərbi hissəsinin açılışı!..

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük işləri bir məqaləyə sığdırmaq zatən mümkün deyil; ancaq inanıram ki, nəticələrdən çıxış etmək belə 19 il içində çəkilmiş zəhməti, titanik səyləri, alovlu vətənpərvərliyi, peşəkarlığı göstərmək gücündədir. Bu gün Azərbaycan yeni hədəflərlə çıxış edir, yeni ideyalar meydana gəlir, yeni imkanlar yaradılır. Azərbaycanın iştirakı, izni olmadan bu coğrafiyada hansısa böyük layihə icra oluna bilərmi? Azərbaycan dövlətinin yürütdüyü düşünülmüş siyasət çağdaşlığa, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. – Elə bu özü, müqəddəs bayrağımızın cızdığı yol xəritəsidir! Yol demişkən, İlham Əliyevin prezidentliyi dönəmində çəkilmiş avtomobil yolları, salınmış körpülər, qazılmış tunellər, quraşdırılmış mürəkkəb yol ötürücüləri, o cümlədən dəmir yolları, hava limanları... dövlət başçımızın qurucu lider olduğunu, yol açan, yol göstərən lider olduğunu bir daha təcalla etdirir. Ümummilli liderin ünlü sözlərini burada bir daha xatırlatmaq istərdim: “YOL – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”! Bu kəlam Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızda aparılan quruculuq, özəlliklə yol quruculuğu işində özünü bir daha və tam aydınlığı ilə göstərməkdədir! – İşğaldan azad olunmuş torpaqlara yol qayıdır, mədəniyyət qayıdır, insanlıq qayıdır, inkişaf qayıdır!..

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. – Bu, Prezident İlham Əliyevin məşhur kəlamlarındandır. Bəli, iqtisadi tərəqqi, insanların sosial rifah halının yüksəldilməsi məqsədi ilə Prezidentin şəxsən təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir və heç şübhəsiz, bundan sonra da göstərəcək.

Azərbaycan Prezidentinin xidmətləri qədirbilən xalqımız tərəfindən yüksək dəyərləndirildiyi kimi, ayrı-ayrı beynəlxalq qurum və quruluşlar, dost xarici ölkələr tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bu qiyməti, dəyəri dövlət başçımızın çoxsaylı nüfuzlu təltiflərindən yalnız bir qismini yada salmaqla əyani şəkildə görə bilərik:

-Rumıniyanın “Rumıniya Ulduzu” (2004) və “Sadiq Xidmət” milli ordeni (2011);
-Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (2008);
-Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” (2008) və “Azadlıq” ordeni (2013);
-Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (2009);
-Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (2009);
-Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (2011);
-Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (2012);
-Belarusun “Xalqlar dostluğu” ordeni (2012);
-“Serbiya Respublikasının lentli Ordeni” (2013);
-Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (2013);
-Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni (2022) və b.

Ordenlər sırasında, Prezidentin 2021-ci ilin noyabrında layiq görüldüyü Türk Dünyasının Ali Ordenini özəlliklə vurğulamaq istərdim. – İlham Əliyev bu yüksək ordenə, onun başçılığı ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə təltif edilib.

Azərbaycan Prezidenti müxtəlif illərdə həmçinin

-Qazaxıstanın Lev Qumilyov adına Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (2004);
-Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (2004), Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (2004);
-Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (2004);
-Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (2004), Moskva Dövlət Universitetinin fəxri professoru (2008-ci il);
-Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (2005);
-Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (2007);
-İordaniyanın Amman şəhərindəki Dövlət Universitetinin fəxri doktoru (2007); Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (2008);
-Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (2008);
-Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (2008);
-Belarus Dövlət Universitetinin fəxri professoru (2009);
-Tacikistan Milli Universitetinin fəxri doktoru (2014);
-Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (2015) və b. fəxri elmi adlarla təltif edilib.

*
İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dönəmdə bütün əməli fəaliyyət sahələri inkişafı edib. Prezidentin rəhbərliyi ilə həyata keçirilmiş geniş­miqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar, üfüqügeniş çalışmalar sonucunda respublikamız siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi halına gəlib. İrimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəb­büskarı, fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilmə­sində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, önəmli tranzit qovşağı – bunlar ölkəmizin İlham Əliyevin başçılığı ilə əldə etdiyi nailiyyətlərdir.
*
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev daim sadə insanların yanında olur, öz həyatındakı sevincli, əlamətdar günləri xalqla bölüşür. İctimaiyyətimizə bəlli olduğu kimi, Prezident Əliyev özəlliklə ad günlərində (adətən) sosial obyektlərin açılışında iştirak edib, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşüb. Dövlət başçısının belə əlamətdar günlərdə şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışında, eləcə də, yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşdüyünü yaxşı xatırlayırıq. 50 illik əlamətdar yubileyini məcburi köçkünlərlə birgə Ağcabədidə qeyd edən Prezident, ötən ilki 60 illik yubileyini də Şuşada qeyd etdi.

Prezidentimizlə qürur duyur, ondan öyrənirik.

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

Qənirə.jpg (71 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR