İnsanlara hürriyət, millətlərə istiqlal!

İki il yarımda qazanılan ölkə, Vuçiçin səmimi etirafları və dünyanın maraq dairəsində olan BİZ

1633 22.12.2022 17:12 Yazarlar A A

 

 

Serbiya və Azərbaycan arasında günbəgün inkişaf edən əlaqələrə və yüksək səviyyəli münasibətlərə diqqət edərkən qeyri-ixtiyari iki il əvvəli xatırlayırıq. 2020-ci ilin Tovuz döyüşləri zamanı məlum oldu ki, Ermənistana ötürülən silahların, minaatan mərmiləri və digər hərbi sursatların mənbəyi olan ölkələrdən biri...Serbiya olub.

O zaman Azərbaycanın xarici siyasət idarəsi aşkarlanan faktla əlaqədar sərt şəkildə Serbiyadan izahat istədi, qarşı tərəfin etirafı oldu. Bildirildi ki, hansısa şirkətlər səviyyəsində işğalçı Ermənistanla əməkdaşlıq olub, yəqin ki, pərdə arxasındakı söhbətlərdə üzrxahlıq də olmamış deyildi. Axı, Azərbaycan dövlətinin Serbiyaya münasibətdə hər hansı neqativ addımı olmamışdı, əksinə, bu ölkədə yol çəkilişləri həyata keçirilmiş, əli dara düşəndə güzəştli kredit vermişdi...Rəsmi Belqrad bütün bunları nəzərə alaraq Ermənistanla gizli əlaqələrdə olanların yolunu qapatdı və çətin günü dostu statusunu bir çox hallarda təsdiqləmiş Azərbaycan dövləti ilə münasibətlərə daha ciddi şəkildə önəm verməyə başladı, təbii ki, qarşılığını gördü. Burada Azərbaycan dövlətinin, dövlət başçısının prinsipial mövqeyi, eyni zamanda düşmənçilik niyyətində olan çevrələrin dosta çevrilməsi istiqamətində usta siyasəti də xüsusilə qeyd olunmalıdır.

eb92c4db-92c1-35e2-9b79-ab81756a8494_850.jpg (78 KB)

Baxın, son iki ayda Serbiya və Azərbaycan arasında necə sürətli əlaqələrin şahidiyik.

Elə bu yerdə bir haşiyə çıxaq: oktyabrın ilk günlərində Bolqarıstan paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi və bir sıra Avropa ölkələrinin liderləri Azərbaycan dövləti və Prezidenti barədə yüksək fikirlər söylədilər, o cümlədən Serbiya Prezidenti Aleksandr Vuçiç.

 Serb prezidentdən sitat: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısız. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”. Təbii ki, burada Rusiya-Ukrayna müharibəsinin diktə etdiyi şəraitin ortaya çıxartdığı elementlər də var. Amma yalnız budurmu? Azərbaycanın enerji ehtiyatları bütün Avropanın ehtiyaclarını ödəyəcək gücdə deyil, yaxud Rusiyanın tam alternativi də sayıla bilməz. Deməli, Azərbaycanın bölgədəki yeri və rolu, etibarlı müttəfiq olması, dövlət başçısının usta siyasəti bu etirafların dilə gətirilməsini stimullaşdırır...

Bolqarıstan Prezidenti Rumen Radevin dedikləri də bunun sübutudur: “Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm təklif aldım. Onlar Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”.

Şimali Makedoniya Prezidenti Stevo Pendarovski isə demişdi ki, “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”. Yarızarafat deyilən bu fikirlər Əliyevin Avropa ölkələrində mühüm rola və sözə malik lider olmasının təsdiqidir. Azərbaycan üzv olmadığı KTMT-də söz sahibi olduğu kimi, Avropa ailəsində də sanballı çəkiyə və rola sahiblənib, təbii ki, aparılan siyasətin məntiqi nəticəsi, həmçinin enerji resurslarından savadlı şəkildə istifadə sayəsində.

1669201194_6d1218cd7f1137d46dba9dbe913b1d87.jpg (292 KB)

Bu görüşdən ay yarım sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya liderinin dəvəti əsasında Belqrada səfər etməsi də dövlətlərarası əlaqələrdə yeni mərhələ oldu. Dövlətimizin başçısı səfər zamanı da söylədi ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Sitat: “Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var”. Bu, sıradan bir bəyanat deyildi. Xüsusilə də “Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq”-bəyanatı olduqca mühüm  əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin rəhbərliyi ikitərəfli və çoxtərəfli münasibətlərə ilk öncə ərazi bütövlüyümüzə baxış prizmasından baxır. Xatırlayırsınızsa, hələ bir neçə il əvvəl Avropa İttifaqının Bakıya səfər edən nümayəndə heyətinin qarşısında ilkin şərt kimi ərazi bütövlüyümüzə münasibət məsələsi qoyulmuşdu.

Azərbaycan dövlətinin torpaq və ərazi bütövlüyü mövzusuna nə qədər həssaslıqla yanaşdığını artıq dünyada bilməyən yoxdur. Bu mənada Serbiya prezidentinin həm Belqradda, həm də Bakıda açıq mətnlə “Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”- deməsi məhz Prezident Əliyevin qırmızı xəttinin məntiqi davamı, dövlətimizin prioritet saydığı mövzunun əxz edilməsinin məntiqi nəticəsidir.   

Bu gün Azərbaycan işğaldan azad etdiyi 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur, bu mərhələdə də beynəlxalq səviyyədə əməkdaşlıq və dəstək milli maraqlarımıza tam uyğundur. Deməli, əlaqələrin daha da irəli aparılmasının qarşılıqlı şəkildə faydaları var. Azərbaycan və Serbiya arasında energetika sahəsindəki əməkdaşlığın müzakirə edilməsi, təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanların aranması, zəngin qaz resurslarımızın bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynaması sözsüz ki, ölkəmizin rolunu və çəkisini getdikcə artırır. Dövlətlərimiz arasındakı əlaqələrin vüsət alması ilə bağlı arqumentlər Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiçin görüşündə də sadalandı, məmnunluq ifadə olundu. Serbiya və Azərbaycanın Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşməsi də heç şübhəsiz ki, əməkdaşlığın əhatə dairəsinin daha geniş olması zərurətini ortaya çıxarır.

Dekabrın 21-də isə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana rəsmi səfər etdi və Azərbaycan Prezidenti ilə görüşdə “Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq”-sözləri ilə nitqinə başladı. “Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırşlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir”-deyən də serb prezident oldu. Bütün bunlar bəzi paytaxtların qərəzli münasibətləri fonunda Serbiyanın qısa müddətdə qazanıldığı mənzərəsini ortaya çıxarır.

16716242994529217831_1200x630.jpg (307 KB)

Azərbaycan Prezidenti də öz növbəsində həm Serbiya, həm Azərbaycanın öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələr olduğunu önə çəkərək bütün bu parametrlərin gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər olduğunu təsadüfən qeyd etmədi. İki ölkə arasındakı əlaqələrin dinamikasının çox müsbət olduğundan məmnunluğunu dilə gətirən dövlətimizin başçısı bir ay öncə Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulamaqla yanaşı, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlərin verildiyini xatırlatdı. Yəni əməkdaşlıq sürət və operativlik tələb edir mesajıydı bu... “Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir”-deyən ölkə başçımız Serbiya və Azərbaycanın simasında qarşılıqlı ədalətli münasibətə istinad etdi. Eyni zamanda ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözlədiyini vurğuladı. Əminliklə bildirildi ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.  

Azərbaycan və Serbiyanın nəqliyyat-logistika sahəsində böyük potensialının olması da xüsusilə vurğulandı. Sitat: “Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıb”. Bu mövzu isə iki ölkənin əməkdaşlığının daha geniş müstəviyə keçməsi baxımından yeni imkanlar deməkdir.  

Bəli, ölkə rəhbərinin dediyi kimi, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir və son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Bu faktdır ki, Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb. Prezidentin qeyd etdiyi kimi, gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımların atılması ölkəmizin əlavə bazar imkanları əldə etməsi deməkdir. Paralel olaraq Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Söhbət Qara dənizin dibi ilə çəkiləcək kabeldən gedir ki, bu xətt də Azərbaycanı Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Eyni zamanda Bakı və Belqrad arasında müdafiə sənayesi sahəsində də  perspektiv əməkdaşlıq istiqamətlərinə önəm verilir. Dövlətimizin başçısı da qeyd etdi ki, vu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Prezidentin əminliklə “Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur”-deməsi də iki illik qısa müddətdə çox uzun yol qət edildiyini göstərir. Təsadüfi deyil ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda olarkən Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşdü. İki il yarım əvvəl Azərbaycanın düşməninə silah tədarük edən ölkənin lideri bu gün Azərbaycanın müdafiə sənayesi sahəsi ilə əməkdaşlığa üstünlük verir...

63a3251e855f663a3251e855f7167163625463a3251e855f363a3251e855f4.png (1.02 MB)

Sonda: Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəri ilə bağlı feysbuk hesabında paylaşım edib. “Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Serbiya ilə səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm. Hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz irəliləyiş görürəm. Bu da liderliyin gücünün, Prezident İlham Əliyevin uzaqgörənliyinin və ölkəsinə böyük sevgi ilə rəhbərlik etməsinin göstəricisidir. Azərbaycanın səmimi dostları olaraq bu, bizi çox sevindirir”-paylaşımda bildirilir. Çox xoşdur, burada məhz BİZim ölkədən, onun liderindən söhbət gedir! Müharibədən sonrakı diplomatiya və informasiya savaşı dönəmində dostlarımızın sayının artması böyük qələbəmizin təminatı baxımından önəmlidir...

Və...Azərbaycan Prezidenti Serbiya liderini qəbul etməzdən 4 gün əvvəl Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində iştirak etmişdi. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzaladılar. Həmçinin imzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak edirdilər.

Son iki aylıq təmaslara və tərəfdaşların siyahısına baxın: Azərbaycan dünyanın maraq dairəsindədir...

Elşad Paşasoy,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR