İnsanlara hürriyət, millətlərə istiqlal!

İçimizdəki mütəxəssislər

1291 05.05.2023 09:40 Yazarlar A A

 

Gün ərzində sosial şəbəkədə minlərlə, hətta on minlərlə xəbər, şəkil paylaşanlar, nəsə yazanlar var – hərəsinin içində bir jurnalist yatır, yazmaq, çəkmək, xəbər ötürmək ehtiyacı hiss edirlər, ona görə bu işi yapırlar, türkün sözü.

Regionda, dünyada baş verən hadisələri günbəgün izləyən, analiz aparan, daha sonra öz düşüncələrini yazıb, proqnoz verənlər var – hamısının içində bir politoloq, icmalçı yatır və o hər gün oyanır, öz sevimli işini görür. Düzdür, içimizdəki “politoloq” bəzən “hamısı Amerikanın oyunlarıdır”, “bu da yüz faiz masonların zibilləridir”, “əkiz qüllələri amerikalılar özləri vurub” kimi dərin analizlər verir, amma dönüb “Kremli dronla ruslar özləri taran edib” deməyi də olur.

Sosial şəbəkə hamımıza imkan yaradıb ki, içimizdə yatan uzman-mütəxəssisi ortaya çıxaraq, camaat görsün.

Niyə gün axşamacan çox şeyə lağ edir, hər sözə bir söz qoşur, lətifə düzəldirik? Bunu içimizdəki şən və hazırcavab oğlan edir, optimal şərait yetişən kimi artistliyi tutur. Ruspərəstlərin içindəki komik aşağı-yuxarı Zadornovdur, Xazanovdur, Qalkindir, “pantürkistlər”in iiçinə sızmış komik isə Cem Yılmazdır, Ata Dəmirərdir, Şahan Gökbakardır (“Rəcəb İvedik” yəni).

Əkə-bükə prokurorlar, yekə-yekə hakimlər kimi hər gün kimlrisə ittiham etmək şakərimiz də var. İçimizdəki əlitoxmaqlı ittihamçı hər gün kimisi divana çəkmək, sovet dövründəki “İnsan və qanun” televerilişinin aparıcısı İsa Məmmədov demişkən, “ictimai faydalı əməklə məşğul olmayan, insanların həyat və təhlükəsizliyinə qəsd edən antipodlar”ı ittiham etmək zərurəti hiss edir. İçimizdəki “poqon” bəzən öz üzərinə “əxlaq polisi” funksiyası da götürür, insanların cinsi həyatına düzən vermək istəyir.

Bəzi hallarda içimizdəki vəkil, hüquq müdafiəçisi oyanır. Amma bu da çox vaxt o halda oyanır ki, ittiham edilən milyarder oliqarxdır, adı odioz və mafioz kimi çıxıb, ya tutub ağzıbirə salıblar, ya da hazırlıq gedir. O zaman içimizdəki vəkil hayqırır: “Təkcə odurmu? Bəs o birilər? Guya sən olsan (bu əsasən ittihamçıya ünvanlanır), sərvət yığmayacaqdın, oğlun lüks maşınlar sürməyəcəkdi?”

Hamısını bəlkə də yola vermək olar, amma içimizdəki kriminalist çox örsüzdür (indi içimizdəki dilqoruyan deyəcək ki, örsüz nədir, elə söz yoxdur, amma var, “qorxusuz” deməkdir). Bir qətl hadisəsi baş verdimi, kriminalist qardaş oyanır, ortaya ən azı 5 versiya qoyur, sonra “bu qətl kimə sərfəliydi” sualından başlayaraq bir-bir incələyir, rəsmi ittihama baxmır, çünki “prokurorluq işi ört-basdır etmək yolu tutub”, çayxanada araşdırma aparır, bazar-dükanda, toyda-yasda eşitdiklərini ciddi dəlil-sübut kimi “işə tikir”, nəhayət, öz verdiktini elan edir. Əgər hüquq-mühafizə orqanlarının apardığı alternativ təhqiqatın nəticəsi “iç kriminalist”in apardığıyla üst-üstə düşməsə, heç zad, iş “müəmmalı qətllər” rəfinə qaldırılır.

İçimizdəki sosioloq da özünü “kriminalist”imiz kimi aparır, baş verən istənilən pis hadisənin səbəbini kənar yerlərdə axtarır, tapər, axırda cəmiyyəti suşlu çıxarır. Ər arvadını öldürüb və ya qara tuluğa döndərib – günah cəmiyyətdədir, təqsir qızını eşşəyin birinə verən valideyndədir, suç qadınları müdafiə etməyən dövlət qurumundadır, günah kasıbçılıqddır, günah teleseriallardadır və s. Hamı günahkardır - ərinə yersiz yerə cavab qaytaran isterik qadından və heç nədən hiddətlənən gönüqalın ərdən başqa.

İçimizdəki “futbol mütəxəssisi”ndən də geniş danışmaq olar. O, birdən-birə yüz min adamın içində var və vaxtaşırı çıxıb dalaşırlar. Mourinyoya, Qvardiolaya, Ançelottiyə, Qurbanova oyun taktikası öyrədəcək qədər güclü mütəxəssislər bəsləyirik. Ümumiyyətlə, dünyada futbol yaxşı bilənlərin içində ilk beşlikdəyik – ispanlardır, ingilislərdir, argentinalılardır, braziliyalılardır, bir də bizik. Fransızlar, italyanlar, almanlar beşliyə girmirlər. Düzdür, onlar hərəyə 3 dəfə dünya çempionu olublar, biz isə bir dəfə seçmə mərhələnin qrupundan çıxmamışıq, amma bu, bizim futbol bilgimizi şübhə altına ala bilməz.

Bircə minusumuz var ki, içimizdə bir Novruzəli və Məmmədhəsən əmi də var. Avam, sadəlövh, mağmın və məzlum. Onlar hələ də poçt qutusuna saldıqları məktubun qarovulunu çəkirlər. Xudayar bəylər hələ də onların eşşəyini müsadirə edib 3 manata satırlar. Bu içimizdəki məzlumlar isə əlacı kəsilmiş şəkildə yuxarılara məktub yazır, imdad diləyirlər.

İçimizdəki Babək, Koroğlu isə hələ yatır. Adam hərdən şübhələnir ki, deyəsən, içimizdə elə adamlar ümumiyyətlə yoxdur, amma bunu bərkdən demək olmaz, içimizdəki “Stalin”lər elə deyənləri “güllələdər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR