İnsanlara hürriyət, millətlərə istiqlal!

İbizadan gözəl Şahdağ – Adama dejavü yaşadan yamaclar, yaylaqlar, zirvələr...

980 29.06.2023 16:55 Ölkə A A

Qusarçayın vadisi boyunca tədricən yüksələn yoxuşlu yollarla Şahdağa qalxarkən, yaşıl dağlara, meşə massivlərinə, suyu azalmış çınqıllı çay yatağına, uzaqdan süni ot örtüyü imiş kimi təsir bğşlayan çəmənli yamaclara baxırsan və düşünürsən: “Bunu bir dəfə nə vaxtsa görmüşəm”.

Amma yada salırsan ki, sən bunu heç vaxt görməmisən, təvəllüdündən bəri Qubanın və Qusarın mərkəzindən bu tərəflərə keçdiyin olmayıb. Fəqət bu hiss səni tərk etmir: “Burada nə vaxtsa olmuşam”.

Bu, heç də fransızların dejavü adlandırdığı hiss deyil. (Fransızcadan tərcüməsi “artıq görülmüş” deməkdir). Bilirsən ki, bu, aldanışdır, ilk dəfə baş verən hadisəni daha əvvəl də gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissi sadəcə bir illuziyadır.

Şahdağın əsrarnəgiz zirvəsi isə gerçəkdir. Burada adam özünü ona görə bir dəfə olmuş kimi hiss edir ki, belə mənzərəli yerlərin əks olunduğu yüzlərlə (bəlkə də minlərlə) filmə baxıb, yüzlərlə kitab oxuyub və bu cür yerləri xəyalında canladırıb, orada olmaq istəyib.

Budur, belə bir məkanda olmaq şansı yaranıb və ətrafdakı gösəlliklər adama tanış gəlir.

Bu gözəlliklər təbiidir, təbiətə məxsusdur. Amma insan oğlu bu təbii gözəllikləri sahmana salıb, infrastrukturlarla təmin edib, abadlaşdırıb, yolunu rahatlaşdırıb, insan məskəninə çevirib.

Əgər bir müddət əvvəl bura qışda ağ qarlı, yayda yaşıl çəmənli kimsəsiz dərə-təpə idisə, indi bu bura artıq kimsəsiz, ən əsası da yiyəsiz deyil. Hər gün buralarda minlərlə insan yaşayır, dincəlir, işləyir. Prinsipcə, insan oğlu adi səhralığı da bu cür cənnət guşəsinə çevirə bilər. Şahdağın cənnətməkanlığı isə qədimdəndir.

çah0-2.jpg (96 KB)

Neçə vaxtdan bəridir adı dillərdə əzbər olan “Şahdaq Turizm Mərkəzi” artıq adında və təqdimatındakı “qış” ifadəsindən imtina edib. İndi bu kompleks yayda da fəaliyyət göstərəcək.

Bir müddət əvvəl kompleksin ziyanla işlədiyi barədə mediada məlumatlar getmişdi. Məlum olur ki, uzun illərdən bəri bu məkana yatırılan investisiyalar, kompleksin yalnız qış mövsümündə, o da bir neçə aylıq işləməsi, neçə illərdən bəri üst-üstə yığılan xərclər mərkəzin rentabelli olmasına imkan vermir.

İndi “Şahdağ Turizm Mərkəzi”, yuxarıda dediyimiz kimi, yayda da, ümumiyyətlə, ilboyu fəaliyyət göstərəcək, tədricən dövlətdən asılılığını azaldacaq və gün gələcək ki, gəlirlə işləyən bir istirahət və əyləncə mərkəzi olacaq. Kompleksin rəhbərliyinin niyyəti və perspektiv planı belədir, deyirlər ki, bu məqsədə nə qədər tez çatsaq, bir o qədər sevindirici olacaq.

shah-3.jpg (76 KB)

Buna nail olmaq üçün Şahdağda hər cür təbii imkan var. Qalır məsələnin marketinq həlli. Ondan ötrü də aydın istisadi-maliyyə, yüksək xidmət və aşağı tarif siyasəti tələb olunur. Bazar münasibətləri bunları yoluna qoyacaq. Əgər kompleks rəhbərliyi əla xidmət göstərərək çox pul qazana, buraları müxtəlif ölkələrdən gələn turistlərin sevimli məkanına çevirə bilsə, bu mərkəz Azərbaycanın “Portes du Soley”inə (İsveçrədə məşhur qış kurortu) dönəcək.

Startda populyarlıq qazanmaq üçün “yüksək xidmət-aşağı qiymət” siyasətinin yeridilməsi şərtdir. Çünki əcnəbilər gəlməlidir, xidmətdən və qiymətdən razı qaldıqdan sonra vətənlərinə qayıtdıqda bu gözəl məkan haqqında hər yerdə danışmalıdır ki, kurortun təbii və inandırıcı reklamı getsin. Belə reklam ertəsi ildə daha çox turistin kurorta cəlb olunmasını təmin edir. Ardı corab söküyü kimi gəlir. Yaxşı soraq hər yana yayılır, ildən-ilə turistlərin sayı artır və o lazımi həddi keçəndən sonra qiyməti siyasətində müəyyən dəyişikliklər etmək olur. Amma bu da elə olmalıdır ki, müştəriləri ürkütməsin.

İndilikdə kompleksin rəhbərliyinin sözlərinə görə, Şahdağdakı kurortdakı qiymətlər İsveşrə və Avstriyadakı analoji kurortlarda olduğundan bir neçə qat ucuz, Qazaxıstan, Türkiyə və Gürcüstandakı bənzər istirahət mərkəzlərindəki tariflərlə bir az aşağı-bir az yuxarı eyni səviyyədədir.

Turizmdən gələn gəlirlər ölkə büdcəsinin ümumi daxili məhsulunda 4 faiz paya malikdir. Halbuki bunu 25 faizə qədər artırmaq olar. Çünki Azərbaycanda yay turizminin potensialı da böyükdür, qış turizminin də. Hələ yaz və payız aylarındakı havs şəraiti də turistlər üçün cazibədardır.

Neft və qaz tükənən, azalan nemətlərdir. Kənd təsərrüfatı və turizm isə tükənən deyil, diqqət yetirildikdə, maya qoyulduqda bunlar ildən-ilə mənfəətini artıran iqtisadiyyat sahələridir.

Ayrıca sırf turizmlə dolanan ölkələr var.

Azərbaycan o ölkələrdən deyil və olmayacaq (həm də Allah eləməsin). Bu ölkənin sərvətləri, resursları çoxdur, inşallah, müxtəlif sənayelərin inkişafı də gələcəkdə dünya səviyyəsinə çatacaq.

FC036568-6A2D-4FC1-B01B-7811AEFF22D1.jpeg (1.17 MB)

Ancaq turizmin neft və qazdan daha etibarlı gələcəyə malik olmasını iddia etmək üçün bir misal çəkmək kifayətdir. 5-6 il əvvəl geoloqlar İspaniyaya məxsus məşhur İbiza adasında neft olduğunu bildirən açıqlama yaymışdılar. İspaniya hökuməti geoloqların təklifini ciddiya alaraq adada kəşfiyyat-qazma buruqları qazmaq istəyirdi. Ada əhalisi toplaşaraq bu qərara etiraz etdilər, “bizə neft lazım deyil, biz turizmdən qat-qat artıq fayda görürük” dedilər və hökumət geri çəkiləsi oldu. Bu gün dünyanın hər yerindən insanlar ilin 6 ayından çox hissəsində İbizaya axışır, oradakı lüks otellərdə bahalı tətil keçirir və ada hökumətinə və əhalisinə milyardlar qazandırırlar.

Keşkə, gün gəlsin, Şahdağın dilbər guşəsindək kurort da elə olsun.

Xalid Kazımlı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR