İnsanlara hürriyət, millətlərə istiqlal!

Hasara alınmış Xəzər - dənizi necə xilas etməli ... FOTO REPORTAJ

4715 01.07.2020 00:07 Reportaj A A

Sahil boyunca uzanan divarları cəmiyyətdəki təbəqələşmənin simvolu da hesab etmək olar

Soyuq qış günlərində, isti otaqda mürəbbəli çay içib, yağan yağışa tamaşa edəndə Xəzər sahilindəki hasarlar çox az adamın yadına düşər. Elə ki yay gəldi, isti nəfəsimizi kəsəndə üz tutacağımız ilk ünvan Xəzər sahilidir. Dənizdən əsən xəzri küləyinin gətirdiyi sərinlik, təmiz hava xoş ovqata kökləyir istirahətə gələnləri. Amma bunun üçün hələ o sahilə çatmaq lazımdır. Abşeron yarımadasının Xəzərsahili əraziləri, demək olar ki, başdan-başa hasardır. Bu hasarların təyinatı haqda məlumatsız olan elə bilər ki, o üzdə hərbi hissə, qapalı həbsxana və bu tipli hansısa insan azadlığını məhdudlaşdıran obyekt yerləşir.

Amma hər kəs də bilir ki, belə deyil. Uzun illərdir  ki, mətbuat Xəzər sahilinin daş hasarlarla zəbt olunması, xalqın üzünə bağlanmasından yazır. Arada parlamentdə də bu haqda danışır, səslərini ucaldırlar. Belə çıxışlardan fayda yoxdur. Uzağı “xala, xətrin qalmasın” məsəli gedib ən zəif və ya işdən çıxarılmış, kreslosunu itirmiş bir xırda oğru-məmurun, vəzifədə olan balaca korrupsionerin hasarını demonstrativ söküb xalqa göstərirlər. Bununla da iş bitir. Hər yay Xəzərsahili ərazilərin daş hasarlardan təmizlənməsi məsələsi gündəmə gəlir, haray-qışqırıq ərşə çıxır, hasarları isə sökən tapılmır. Sanki Azərbaycan qanunları Xəzər sahilində başdan-başa çəkilən hasarlara qədər qüvvədədir. Hasar başladısa, qanunlar qüvvəsini itirir.

***

Uşaqlığımız Xəzərin Pirşağı sahillərində keçib. Səhər-axşam dənizdə üzüb, sahildə futbol oynayıb, isti yay günlərinin kefini çıxarmışıq. Göz baxdıqca uzanan Xəzər sahildən bir tərəfdən Beşbarmaq piri, Sumqayıt, Corat bağları, bu tərəfdən də Bilgəh, Nardaran, Ləhic bağları görünərdi. İndi belə deyil.

Xəzəri hasarlar “qucaqlayıb”. Hasarlar içində tikilən malikanələrdə isə il uzunu bayquş ulayır, gecələr zülmət qaranlıq hökm sürür. Adamlar, sadəcə, xalqın üzünə hasar çəkib dəniz sahilindən 2-3 kilometrlik ərazini mal-mülklərinə qatıblar. Yəqin danışanda da deyirlər ki, dəniz sahilində, filan ünvanda 1 kilometrlik ərazi də mənimdir. Bircə bu lovğalığa görə hasarlar arxasında qalan xalqın onlara hədsiz qəzəbini, söyüş-qarğışını qazanmağı özlərinə rəva bilirlər. Vaxtilə şəhərin səs-küyündən bezən, yorulanlar dincəlmək, Xəzərə tamaşa etmək üçün şəhərdən çıxardı. İndi daha Xəzər sahilinə gələn də yoxdur. Bir tərəfdən koronavirus, o biri tərəfdən də dənizi hasarlayanlar camaatla düşmən kimi davranırlar. Dəniz sanki vəzifəlilərindir təkcə. Hasarlayırlar, hasarlayırlar, hər il təzə hasarlar çəkirlər. Camaatı heç fikirləşmirlər. Qala kimi evlər tikib hasarlar arxasında gizlədir, xalqdan qorunurlar. Yolkəsənliyinə görə döşənən “xoş” sözləri bir yerə toplasaq, hasarların hörülməsində istifadə olunan daşlar da artıq olar.

Həm də belə malikanələrə çəkilən yollar da xalq üçün nəzərdə tutulan yollardan tam fərqlənir. Bir tərəfdə qumsal, ensiz yollar, o tərəfdə isə yaxşı asfaltlanmış, kənarları bardürlə bərkidilmiş yollar var. Dəniz sahili boyunca bir-biri ilə bəhsə girən restoranların pullu dayanacaqlarına da rahat yollar var. Azərbaycanda dəniz bahalı əyləncəyə çevrilib. Sanki pulu az olan, maaşla dolananlar dəniz çimərliklərinə baş çəkməsələr də olar. Dəniz sahili boyunca uzanan hasarları cəmiyyətdəki anormal təbəqələşmənin simvolu da hesab etmək olar. Hasarlar var-dövlətin, cəh-calalın göstəricisidirsə, ensiz, qumsal yollar da yoxsul xalqın rəmzidir sanki. Hasarlar Xəzəri kasıbların üzünə bağlayıb, qumsal yollar da sahilə gedib çatmasına mane olur, badalaq vurur. Görünən odur ki, rəsmilər hasar sahibləri ilə yola gedir, qanunlar isə hasarlara çatanda şah ola bilmir.

Bu gün dənizi xalqın üzünə yalnız buldozerlər aça bilər...

***

Azərbaycanda Xəzərlə bağlı qanunlar çoxdur. Hər il daha da artır. Oliqarxalara isə anlatmaq olmur ki, dəniz sahili bütün vətəndaşlara aiddir, bura “oliqrax şıltaqlıqları” məkanı deyil. Azərbaycanda Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar var. Torpaq Məcəlləsinin 46-cı maddəsində elə belə də yazılıb ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Mövcud duruma nəzər salanda məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərində olduğunu görürük. Ancaq icra hakimiyyəti orqanları bu səlahiyyətləri canla-başla həyata keçirəndə məcəllədə qeyd olunmuş digər nüanslara da diqqət yetirməlidir. Çünki istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Qanunu pozanlar 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Bu günə qədər dəniz sahilinə hasar çəkdiyinə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan olubmu?

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR