Bu foto Cenevrədə G7 sammitinə qarşı etiraz aksiyası və iğtişaşlar zamanı çəkilmiş yüzlərlə şəkildən biridir.
Şəkildə polisə daş atan iki nümayişçi və asayiş keşikçilərinin işlətdiyi gözyaşardıcı qazın tüstü-dumanı görünür. Daş atanlar ağız-burunlarını sarıyıblar ki, həm zəhərlənməsinlər, həm də sifət cizgiləri videokameralara düşməsin.
Yayılan məlumata görə, G7-yə etiraz edənlərin sayı təxminən 20.000 nəfər olub. Onların bir xeylisi daşabasma mərhələsindən öncə G7-yə etiraz edən şüarlar səsləndiriblər. Daha sonra bəzi binaların pəncərələrini sındırıblar, “Tesla” markalı avtomobili yandıranda polis tüstünü tüstüyə qatıb.
G7 sammiti iyunun 15-də başlanıb, 17 iyuna qədər davam edəcək. Sammitə Fransanın Evian-le-Ben şəhəri ev sahibliyi edir. Cenevrə gölünün sahilində yerləşən bu kurort şəhərində Fransa, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa Birliyi liderləri iştirak edirlər.
Bəs etirazçılar konkret olaraq G7 sammitinə nəyə görə etiraz edirlər?
Etirazçıların bəziləri G7-ni imperialist ittifaq sayır və onun ləğvini tələb edirlər. Bir çox etirazçıların tələbi fələstinlilərə dəstək verilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə aparılmasından ibarətdir. Ortada feminizm və anti-kapitalist əhval-ruhiyyəsi də var. Tələblər çox və pərakəndədir. Etiraz qruplarının hərəsi öz dərdinin hayındadır.
İsveçrə hökuməti etirazçılara qarşı təzyiqli sudan, bibər qazından, səs qumbarasından, canlı polis qüvvələrindən istifadə edib.
Qeyd edək ki, G7-nin Avropa ölkələrində keçirilən sammitləri həmişə bu cür toqquşmalı, iğtişaşlı etiraz aksiyaları ilə müşayiət olunur. Bu, bir növ adət halını alıb.
Musavat.com






