İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyliləri İran rejiminin dəstəkçisi edən İLGİNC səbəb 

1469 31.03.2026 15:55 Güney hadisələri A A

İrana qarşı başladılan müharibənin bir ayı tamam olur. Əksər proqnozlar belə idi ki, xalq, xüsusilə də azərbaycanlılar ayağa qalxıb rejimi devirəcək. ABŞ-İsrail ittifaqının da bunu hesablayaraq müharibəyə başladığı dəfələrlə iddia olunub.

Lakin əksi baş verdi. Belə görünür ki, rejimin əsas ictimai müdafiəçisi azərbaycanlılardır. Sanki azərbaycanlılar hesab edirlər ki, İran onlarındır. Bəs belə vəziyyət paradoksal deyilmi?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, üç ay öncə İranda rejimə qarşı kütləvi etiraz aksiyaları başlayan zaman həm İsrail, həm də ABŞ etirazçılara dəstək verdi, lakin azərbaycanlılar o zaman da xarici müdaxilədə alət rolunda iştirak etmədiklərini ortaya qoydular:

“Hətta prezident Donald Tramp daha irəliyə gedərək etirazçılara müraciətində onlara dövlət qurumlarını ələ keçirmək çağırışı elədi və köməyin yolda olduğunu bəyan etdi. Amma rejim etiraz aksiyalarını zorakılıqla yatırdı və minlərlə insan qətlə yetirildi. Müharibə başlayan ərəfədə də həm Amerika, həm də İsrail rəsmiləri İran xalqını hakimiyyəti devirməyə çağırdılar. Əməliyyatlar başlanandan sonra ilk 10 gündə bu çağırışlar daha intensiv xarakter aldı. Amma İranda bu çağırışlara dəstək verilmədi, əhali etirazlara çıxmadı. Bunun da əsas səbəbi ondan ibarətdir ki, İran daxil, bir çox şərq ölkələrində yerli əhali hakimiyyətdən, dövlət idarəçiliyindən nə qədər narazı olursa-olsun, ölkəyə xarici müdaxilələr baş verdiyi halda onlar dövləti, ərazi bütövlüyünü müdafiəyə qalxırlar. Biz bunu keçən il İrana qarşı 12 günlük hərbi əməliyyatlar zamanı da gördük. Hətta rejimə qarşı ən sərt mövqedə olan qüvvələr belə, İran dövlətini müdafiə etdi. Söhbət rejimin yox, dövlətin müdafiəsindən gedir”.

Ekspertin sözlərinə görə, hazırda da eyni şey baş verir, İran əhalisi, əhalinin təxminən yarısını təşkil edən azərbaycanlılar dövləti müdafiəyə qalxıb:

“Belə vəziyyətdə istər-istəməz rejimlə bir yerdə hərəkət etməli olurlar ki, dövlətin müdafiəsi təşkil olunsun. Baxmayaraq ki, əhalinin mütləq əksəriyyəti hakim rejimdən narazıdır, dövlətə xarici hərbi müdaxilə onları birləşdirib.

Güney Azərbaycan türkləri etiraz aksiyaları zamanı da kifayət qədər təmkinli davrandılar və əslində bunda da haqlı idilər. Çünki onlar hesab edirdilər ki, İran tarixində son 100 ildə 4 dəfə inqilab eləyən xalq sonunda xarici müdaxilə nəticəsində bunun ciddi zərərini görüb və hazırkı şəraitdə də azərbaycanlıların bu prosesə qoşulması onların mənafeyi baxımından qəbul olunmaz hesab edildi. İndi isə İrana xaricdən hərbi müdaxiləyə qarşı dövlətin müdafiəsi mövqeyindədirlər”.

O.Qasımova görə, azərbaycanlılar İranı öz dövlətləri hesab edirlər:

“Shbət mütləq əksəriyyətdən gedir. Azərbaycanlılar hesab edirlər ki, yaşadıqları ölkəyə hücum onların özünə hücumdur. Ona görə də soydaşlarımızın özlərinin hesab etdikləri dövlətin müdafiəsinə qalxmalarında təəccüblü bir şey yoxdur. Azərbaycanlılar hər hansı bir xarici gücün əlində alət olmaq istəmirlər. Bizim soydaşlarımız min illərdir bu coğrafiyada yaşayırlar və əslində İranın idarəçiliyi də son min ildə daha çox azərbaycanlılar tərəfindən həyata keçirilib. Sadəcə, 1925-ci ildə İngiltərə və Rusiyanın dəstəyi ilə İranda hakimiyyətdə olan türk sülaləsi devrildi və yerinə fars Pəhləvi sülaləsi gətirildi”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR