Dünya mediası Trampın seks şantajı haqda – doğrumu, yalanmı...
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp haqqında çıxan və hələ ki, heç bir sübuta söykənməyən faktlar onu əsas elektoratından uzaqlaşdıra bilər. Bu isə Trampın Moskva ilə yaxınlaşmaq planları yolunda ciddi əngəl törədir.
Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə Qərb mətbuatının məsələ ilə bağlı gəldiyi nəticə bundan ibarətdir.
“ABŞ-ın gələcək prezidentini gözdən salmağa yönəlik materiallar dezinformasiya və ya hər hansı informasiyanın bir hissəsi ola bilər. Lakin bir şey aydındır ki, Britaniya kəşfiyyatının keçmiş agentinin öz sifarişçiləri üçün topladığı məlumatlar ABŞ-da dövlət böhranına və ya onun qanuni əsaslarının sarsıdılmasına gətirib çıxara bilər”, Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinin yazarı Ştefan Kornelius yazır.
Elə isə nə üçün təsdiq edilməyən məlumatlara söykənən bu dosyeyə ciddi yanaşmaq lazım gələcək”, müəllif sual verərək cavabını özü verir: “Çünki buna ən çox Amerikanın xüsusi xidmət orqanları ciddi yanaşır. Əlbəttə, burada onların “sistem dağıdıcısı” kimi gördükləri Donald Trampın fəaliyyətinə mane olmaq istəklərinin də rolu var”.
“Hər halda Trampa qarşı irəli sürülən seksual xarakterli iddialar onun ən sadiq seçicilərini özündən qopara bilər. Məhz seçicilər Trampın hakimiyyətinin əsas dayağını təşkil edir. Çünki onun nə siyasi elitada, nə dövlət orqanlarında, hətta biznesdə müttəfiqləri yoxdur”, müəllif qeyd edir.
“Tramp öz rəqiblərini qeyri-qanuni üsullarla məhv edib. Ona görə də ona “işgəncə aləti”nin bütün metodları tətbiq olunacaq”. Hələ indiyə kimi Bill Klintonun Monika Levinski skandalı ilə bağlı impiçment edilmək istənildiyi yaddaşlardan silinməyib. Ona görə də Tramp heç kimdən əfv gözləməsin”, Kornelius yazır.
“Trampın üzərində cəmləşən ittihamlar, istər doğru, istərsə də yalan olsun, onun Rusiya ilə planlarına ağır zərbə endirəcək, İsveçrənin “LeTemps” (Letam) qəzetinin jurnalisti Etyen Dübua yazır: “Bütün hallarda amerikalıların beyninə artıq şübhələr yeridilib, bunun isə dağıdıcı təsirləri ola bilər”, müəllif qeyd edir.
“The Financial Times” qəzetinin yazarı Filip Stivens isə bütün bu olanların fonunda Trampın Rusiya ilə yaxınlaşmaq niyyətlərini tənqid edib.
“Putinin məqsədləri büllur kimi aydındır”, müəllif yazaraq davam edir: “Putin Rusiyanın Ukraynadakı revanş götürməsinə, habelə Bəşər Əsəd rejiminin saxlamaq üçün Suriyadakı törətdiyi qəddar hərəkətlərinə Qərbin göz yummasını istəyir. O, iqtisadi sanksiyaların aradan qaldırılmasında maralıdır. Ən sonda isə Putin ABŞ-ın Avropanın müdafiəsi ilə bağlı öhdəliklərindən əl çəkməsini, Rusiyanın keçmiş SSRİ ərazisində yenidən nüfuz dairəsini bərpa etməyi arzu edir”.
“Bu ambisiyalar nə qədər fantastik səslənsə də Trampın açıqlamaları Putin üçün divarda açılan yarıqlara bənzəyir. Putinin dünyası, həm də Trampın dünyasıdır. Burada dar milli maraqlar beynəlxalq norma və qaydaları üstələyir, zəif ölkələr isə daha güclü dövlətlərə tabe edilir”, məqalədə qeyd olunur.
“Trampın Ağ Evə yerləşməsindən sonra nə edəcəyini heç kim bilmir. Yumşaq dillə deyilsə ağır dövrlər bizi gözləyir”, Stivens qeyd edir.
ABŞ-ın Daily Best qəzeti isə Trampın Buzzfeed saytında çıxan seksual şantajla bağlı xəbərlərə verdiyi göstərdiyi reaksiyada maraqlı bir məqama toxunub.
Belə ki, Tramp mikrobofob (mikroblardan qorxu-red.) olduğunu, həmçinin hər bir oteldə kiçik kameraların yerləşdirildiyini bildiyi üçün ittihamda səslənən hərəkətləri etmədiyini bildirib: “Onlarla otelə sahib bir adamın ağzından bu sözləri çıxması olduqca narahatlıq doğurmalıdır”, qəzet qeyd edib.
Vaqif Hüseyn, musavat.com