İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdəki etirazları “görməyənlər”in gözünə girən Laçın yolu aksiyası - ikiüzlülərin oyunbazlığına sözardı

1842 09.01.2023 12:00 Yazarlar A A

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında aksiya keçirildi. Erməni radikallar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” kimi şüarlar səsləndirdilər, Rusiya və KTMT əleyhinə ultimativ çıxışlar etdilər. Bu aksiya həm də erməni millətçiliyinin mahiyyətini ortaya çıxarır: forpost Ermənistan öz ağasının üzünə ağ olur, özü də Rusiya hərbi bazasının ölkə ərazisində qalmasını nəzərdə tutan 40 illik müqavilə olduğu halda... Amma bu, başqa bir müzakirə mövzusudur...

gumru esas.PNG (1.45 MB)

Etiraz aksiyasına beynəlxalq aləmin reaksiyası, daha doğrusu, reaksiyasızlığı diqqət çəkir. Təsəvvür edin, etirazların təşkilatçısı Ermənistandakı “Sosna Tser” adlı terrorçu təşkilatdır, 2016-cı ildə polis alayına silahlı hücum edərək bir neçə polis zabitini qətlə yetirmiş, digərlərini girov götürmüş təşkilatdan söhbət gedir. Lakin bu gün nümayişkəranə şəkildə Gümrüdəki hərbi bazanın qarşısınadək irəliləyib, Rusiyaya “rədd ol” deyir, di gəl heç Rusiyadan da səs-səmir çıxmır. Ermənistanın terrorçu təşkilatına belə, dözümlü münasibət var, yəni... Yaxud aksiyada Rusiyaya ünvanlı necə deyərlər, “itin sözü” deyildikdən, magistral yolda hərəkət iflic edildikdən sonra erməni polisi “hərəkətə keçdi” və rəsmi məlumata görə, 65 nəfəri saxladı. Yəqin sonradan buraxacaqlar evlərinə. Sadəcə Ermənistan hakimiyyəti ikili oyun oynayır, bir tərəfdən anti-Rusiya aksiyasına imkan yaradır, digər tərəfdən də “əl yeri” qoymaqdan ötrü etirazçıları “cəzalandırır”. Amma axı, etirazçıların həbsinə “Human Rights Watch” təşkilatı kimi beynəlxalq “hakimlər” də reaksiya vermədi. Yəni Gümrüdə baş verənlərə bir-birinə münasibətindən asılı olmayaraq, heç kəs “qarışmır”. Çox maraqlıdır...

İndi qayıdaq Azərbaycana, daha da konkretləşdirsək, Laçın-Xankəndi magistralındakı aksiyaya. Şuşanın girişində artıq 28 gündür davam edən dinc etiraz aksiyasının məqsəd-məramı bəllidir. Etirazçılar ilk gündən Rusiya hərbi kontingentinin öz missiyasını yerinə yetirmədiyini, müvəqqəti təsir zonasında olan ərazilərdə törədilən ekoloji terrora qarşı səssiz qaldıqlarını bəyan etdilər, Azərbaycan tərəfinin monitorinq aparmasına imkan yaradılması tələbini irəli sürdülər, general-mayor Volkovun ortaya çıxıb, izahat verməsini istədilər. Yəni azərbaycanlı fəalların bir tələbi həm də Rusiya sülhməramlı kontingentinə ünvanlanmışdı.

rusiya.jpg (395 KB)

Məntiqlə beynəlxalq aləm, xüsusən də Rusiya-Ukrayna müharibəsində birmənalı şəkildə anti-Rusiya mövqeyi sərgiləyən, hətta Rusiyanı terrorçu dövlət olaraq tanıyan qüvvələr azərbaycanlı fəalların Xankəndi yolundakı aksiyasını da müdafiə etməli idi. Amma biz nəinki müdafiəni görmədik, hətta “at ilxısı, köpək sürüsü” misalındakı kimi, üstümüzə gələnləri gördük. Biri BMT TŞ-də əleyhimizə qətnamə qəbuluna girişdi, başqaları parlament, senat, konqresdə Azərbaycanı mühakimə edən çıxışlar səsləndirib, ölkəmizi və xalqımızı ittiham etdilər, sanksiyalara çağırdılar, üstəlik, ekoloji terrora qarşı sivil mübarizə nümunəsini ortaya qoyan gənclərimizin ünvanına iftiralar səsləndirdilər. Laçın-Xankəndi yolu ilə o tərəf-bu tərəfə şütüyən yük maşınları və avtomobillərə kor oldular bu günlərdə, hələ də gözləri açılmayıb. Ədalət hissi olsaydı, vicdanlarının səsinə qulaq assaydılar, Xankəndi yolunda bir aya yaxındır keçirilən dinc aksiyanı Nobel Sülh Mükafatına layiq görərdilər.

Təsəvvür edin, dörd həftədir davam edir, bir nəfərin burnu qanamayıb, nə aksiya iştirakçılarından kiminsə, nə rus hərbçilərdən, nə də ermənilərdən. Erməni mülki şəxslər humanitar yolla sərbəst hərəkət edir, rus hərbçilərə məxsus maşınlar tələbat mallarını daşıyır, Beynəlxalq Qırmızı Xaç Komitəsi də tibbi yardıma ehtiyacı olan erməniləri İrəvana tərəf aparır, hər hansı maneə olmadan. Müqayisə edin, o, Gümrüdə qan-qan deyən erməni fəallar, bunlar da hətta qan düşmənlərinə, 30 illik işğala, saysız cinayətlərə, verdiyimiz şəhidlərə rəğmən, dözümlü münasibət sərgiləyən azərbaycanlı fəallar!

etiraz.jpeg (99 KB)

Ermənilər Gümrüdə rus hərbçilərin yolunu kəsir, nə rus, nə ingilis, nə fransız “humanitar fəlakət”dən danışır, amma azərbaycanlıların dayandığı yerdən sərbəst daşınan yüklərə, aparılan xəstələrə tərəf baxmadan “genosid”dən dəm vurur erməniyanlılar! Hətta Ruben Vardanyan da deyir ki, onların yükdaşımalar üçün alternativ yolları var, blokada-filan yoxdur, üstəlik, separatçıların əlində kifayət qədər benzin, digər zəruri malların olduğunu deyir, ermənilərin özlərini ittiham edir. Amma ermənilərdən “maşa” kimi istifadə edənlər yenə də öz ampluasındadır, ittiham etdikləri Azərbaycandır...

“Böyük bacı” Fransa başda olmaqla, bir sıra Qərb ölkələri ümid edir ki, Ermənistan Rusiyanı sıxışdırıb çıxaracaq, onların Cənubi Qafqaza girişinə imkan yaranacaq. Şübhəsiz ki, anti-rus aksiyasını da məhz bu səbəbdən sakitcə müşahidə edirlər. Amma unudurlar ki, Ermənistanın Rusiya ilə hərbi nikaha girməsinin tarixi azı 40 ildir. Hətta Şarmazanov kimi erməni siyasətçilər hay-haray qaldırırlar ki, ermənilərin Rusiyaya qarşı çıxması onlar üçün fəlakətlər vəd edir. Yəni ermənilərin sonadək Rusiyadan imtina yolu tutacağına ancaq sadəlövhlər inana bilər, sadəcə oynayırlar, Rusiyanı şantaj edirlər, daha çox qopartmaq üçün. Amma deyək ki, Ermənistandakı anti-rus ovqatı Fransa, ABŞ və digərlərinin “ürəyincə”dir. Bəs, onda bu ölkələr, keçmiş “həmsədrlər” niyə Qarabağdakı rus hərbçilərin maksimum tez bölgəni tərk etməsi üçün Azərbaycana dəstək vermirlər? Yaxud nə səbəbə Qarabağdakı separatçıların Rusiya bayrağı ilə ortaya çıxmasına, hətta Ukraynadakı separatçılara “humanitar yardım” göndərmələrinə, üstəlik, rusların yaşamadığı Qarabağda “rus icması”nın yaradılmasına sakit yanaşırlar, əksinə, Azərbaycana təzyiq və təhdidlərini davam etdirirlər? Elə Ruben Vardanyan da Rusiyadan Xankəndiyə atılmış desantdır, lakin Fransa daxil, bir sıra ölkələr Vardanyan rejimini müdafiə edir, bu, dolayısı ilə “rus planı”na dəstəkdir. Azərbaycanlı fəallar Laçın yoluna rus hərbçilərin yarıtmaz nəzarətinə son qoyulması və nəzarətin Azərbaycanın rəsmi qurumlarına keçməsini tələb edir, amma nədənsə Qərbdəki “Rusiya düşmənləri”ndən bu tələbə də dəstək gəlmir.

Kəsəsi, ikiüzlülüyə son qoymaları lazımdır!

Elşad Paşasoy,
Musavat.com

Attachment

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR