İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdəki anti-Rusiya aksiyasına Kremlin cavabı nə olacaq - Laçın yolu bəhanədir, əsl məqsəd...

756 11.01.2023 10:26 Siyasət A A

Hərbi bazanı mühasirəyə almaq cəhdi erməni müxalifətinin kifayət qədər kəskin reaksiyasına səbəb olub

Gümrüdə 102-ci Rusiya hərbi bazasının qarşısında “blokadanı yarmaq naminə” adlı aksiya cəhdi Ermənistanda anti-Rusiya əhvalının artdığını bir daha sübut etdi.

“Yeni Müsavat” yada salır ki, yanvarın 8-də aksiyaçılar Rusiya və Kremlin lideri Vladimir Putin əleyhinə “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” kimi aşağılayıcı şüarlar səsləndiriblər. “Bizim bazaya girişi bağlamaq hüququmuz, ruslara ən azı 200 illik müttəfiqlik vəzifələrini xatırlamalarını tələb etmək hüququmuz var. Bütün bunlar (Laçın koridorunda baş verənləri nəzərdə tuturlar) rusların işidir. Bu gün burada olmaqdan qorxanlar ya rus qullarıdır, ya da rus agentləri” - Milli Demokratik Qütb Şurasının üzvü Vahe Qasparyan belə deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti polisə Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyib ki, guya onun bu aksiya ilə əlaqəsi yoxdur. Ancaq müxalifət fərqli düşünür. Belə ki, hərbi bazanı mühasirəyə almaq cəhdi müxalifətin kifayət qədər kəskin reaksiyasına səbəb olub. Onların fikrincə, aksiya iştirakçıları Ermənistan hökumətinin və XİN-in mövqeyini tənqid etməyiblər, yaranmış vəziyyəti Rusiyanın üzərinə yıxmağa çalışıblar. Müxalif əksəriyyət iddia edib ki, aksiya Paşinyan hakimiyyətinin razılığı ilə hazırlanıb və təxribat məqsədi daşıyıb. Ona görə də bütün məsuliyyət Paşinyanın üzərindədir. Daha bir müxalifətçi Eduard Şarmazanov da aksiya iştirakçılarını ittiham edib. Sitat: “Siz anti-Rusiya deyil, türkiyəyönlüsünüz. 102-ci Rusiya hərbi bazasına qarşı istənilən təxribat Türkiyə-Azərbaycan maraqlarına xidmət edir. Bu cür hərəkətlər yolverilməzdir və pislənir. Bu, Ermənistanın təhlükəsizlik maraqlarına birbaşa zərbədir. Nikol, niyə səsini çıxarmırsan? Bəs ən rusiyapərəst hökumət olduğunuzu deyən siz idiniz...”

Avetik İşxanyan: Ala-ala gəlirlər, Ermənistan | No Comment

Avetik İşxanyan

Hüquq müdafiəçisi Avetik İşxanyan isə aksiya iştirakçılarını dırnaqarası “qəhrəman” hesab etdiyini deyib. “Siyasi elmdən cüzi də olsa məlumatı olan hər kəs başa düşür ki, Rusiya sülhməramlıları ilə Gümrüdə yerləşən hərbi baza tamamilə fərqli funksiyalara malikdir. Birincilər Artsaxın təhlükəsizliyini təmin edir və tərəflər arasında neytrallığı qorumağa borcludurlar, ikincisi Ermənistanın təhlükəsizliyini təmin edir. Düşünmürəm ki, aksiyanın təşkilatçıları bunu anlamırlar. Təbii ki, başa düşürlər. Belə olan halda sual yaranır: bu "qəhrəmanlıq" aksiyasının məqsədi nədir? Məqsəd Rusiya sülhməramlılarını münaqişə zonasından çıxarmaq və Artsaxı boşaltmaqdır. İkinci mərhələdə isə Rusiya hərbi bazasını Gümrüdən çıxarmaq və Ermənistanı Türkiyənin tramplininə çevirməkdir". O, Gümrüdə aksiya keçirənləri 2020-ci ildə müharibədə iştirak etməməkdə də suçlayıb. Erməni müxalifətinin Rusiyaya yaxınlığını nəzərə alsaq, Paşinyanı ittiham edən mövqeni əslində Moskvanın mövqeyi kimi başa düşmək olar. Rusiyanın ünvanına səslənən ittihamları bu və ya digər şəkildə Paşinyan da təkrarlayır. Paşinyan Qərbə yaxınlaşmaq üçün hər fürsətdə Rusiyanı ittiham edir. Kremldə də bunun fərqindədirlər və gözlənilir ki, Paşinyan cəzalandırılacaq. Bəs bizim şərhçilər Gümrü aksiyası haqda nə düşünürlər?

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyanın Sorosun dəstəyi ilə hakimiyyətə gətirilməsi sirr deyil. Onun fikrincə, 44 günlük müharibədə məğlubiyyətdən sonra Nikol devriləcəkdi, lakin ABŞ onu yenə müdafiə edərək qorudu: “İndi də Paşinyan bu qüvvələrə güvənərək antirus xəttini davam etdirir və Vaşinqtondan gələn təlimat əsasında Gümrüdə aksiya təşkil edir, yaxud buna şərait yaradır. Hesab edirəm ki, Paşinyan anti-Kreml ritorikasını gücləndirəcək. Nəticədə İrəvanın bu mövqeyi Rusiya-Ermənistan münasibətlərini daha da kəskinləşdirəcək. Lakin Moskva hələlik diplomatik kanallarla bu məsələlərə reaksiya bildirəcək”. A.Məsiyev əgər nəticəsi olmasa, Rusiyanın Ermənistan hakimiyyətinə iqtisadi təzyiqlər göstərə biləcəyini ehtimal edir: “Eyni zamanda Vardanyanın Qarabağa gətirilməsi də təsadüfi deyil, onun üzərindən də Paşinyan hökumətini sıxışdıracaqlar. Yəni biz qarşıda iki ölkə arasında əlaqələrin gərginləşəcəyini görə bilərik”.

Oxu.az - Ramiyə Məmmədova: “Tehran öz davranışının yanlış olduğunu anladı”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova xatırladır ki, ABŞ Ermənistana hərbi dəstəyi vermək və onun təhlükəsizliyinə qarant dayanmaq üçün şərt irəli sürmüşdü: “Vaşinqton İrəvana siqnal verdi ki, KTMT-ni tərk edin və Gümrüdəki rus bazasını çıxarın, biz sizə yüksək səviyyədə yardım edəcəyik. Paşinyan indi bu havaya girib. Laçın yolunda olan vəziyyətlə bunu əlaqələndirmək cəhdi manipulyasiyadır. Əslində Paşinyanın əlinə fürsət düşüb ki, 102-ci bazanı çıxarmaq məqsədilə proses başlatsın”. Ekspertin sözlərinə görə, Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq hazırkı hakimiyyətə baha başa gələ bilər: “Paşinyan sərhədlərə nəzarət edən rus hərbçilərinin də yerini başqa kontingentlə əvəzləmək arzusundadır. Lakin unudur ki, Rusiya üçün Ermənistan başqa, iqtidar başqadır...”

R.Məmmədova bildirir ki, Paşinyan Rusiyanın zəiflədiyini düşünür: “Qərbdə olan müttəfiqləri onu inandırır ki, Ukrayna müharibəsi Putin hakimiyyətinin sonunu yaxınlaşdırır. Ona görə bir qədər də müqavimət göstərsin, Zəngəzur dəhlizinin açılmasına razı olmasın, sülh sənədi imzalamasın, Gümrüdəki bazanı çıxarmaq üçün indidən addımlarını iri atsın, KTMT-dən ayrılmaq barədə çağırışları artırsın, beləliklə, zamanı çatanda Rusiyanın peykindən tam uzaqlaşsın. Odur ki, Laçın yoluna görə bu aksiyanın keçirilməsi bəhanədir. Üstəlik, yolu bağlayan həqiqətən də rus hərbçiləridir, amma baxır hansı təyinat üçün. Yəni humanitar məqsədlər üçün yol açıqdır, Qarabağda humanitar fəlakətin yaşanması da absurd iddiadır”.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyevanın dediyinə görə, Gümrüdəki hərbi baza ikitərəfli əsasda fəaliyyət göstərir: “Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsidir. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan bir neçə dəfə Gümrüdəki hərbi bazanın imkanlarının genişləndirilməsi təkliflərini irəli sürmüşdü. Çünki Ermənistan bazanın imkanlarının genişləndirilməsini avtomatik olaraq Qafqaz kollektiv təhlükəsizlik bölgəsində öz maraqlarının müdafiəsi kimi görürdü. Rusiya isə Cənubi Qafqazda mövcud hərbi və siyasi reallıqları nəzərə almaqla həmişə erməni maraqlarının müdafiəçisi qismində çıxış edib. Öz orduları da tuşonka oğruları...”

Qeyd edək ki, 102-ci baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Eyni zamanda 2005-2007-ci illərdə Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından çıxarılan silah, texnika, sursat və hərbi avadanlıqların böyük hissəsi bu bazada saxlanılır. Hərbi bazanın 3 təlim mərkəzi (poliqonu) var ki, bunlardan birincisi İrəvanın 25-30 km-də yerləşən "Nubaraşen", ikincisi Gümrünün 15-17 km-lik məsafəsində yerləşən "Kamxud", üçüncüsü isə "Alagöz" poliqonudur. "Nubaraşen"də əsasən müxtəlif atıcı silahlardan, o cümlədən tanklardan, BMP, ZSU-23-4 Şilka və minaatanlardan, "Kamxud"da digər silahlardan (nadir hallarda BMP, tank və minaatanlardan), "Alagöz"də isə artilleriya, reaktiv yaylım atəş sistemləri və tanklardan atış təlimləri keçilir. Rusiyanın 102-ci hərbi bazası Ermənistanın təhlükəsizliyinə cavabdehdir.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR