İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər əcnəbilərlə nikaha niyə meyl edir - səbəblər və acı nəticələr

3075 20.10.2022 10:20 Media A A

Qızlarımızı belə evliliyə əsasən iqtisadi durum sövq edir

Son illər Azərbaycanda əcnəbi nikahların sayı artıb. Bir çox insanlar xaricdə təhsil, xaricdə müalicə, xaricdə tətil... deyərkən, artıq xoşbəxt ailənin sirrini də xarici vətəndaşla evlənməkdə görürlər. Statistik məlumatlar göstərir ki, vəziyyət bizim düşündüyümüzdən də qəlizdir. Üstəlik, hər şey evlənməklə bitmir. Problem nikahdan sonra xarici ölkəyə köçüb, orada hüquqi və mental problemlərlə qarşılaşma mərhələsində başlanır.

Öncə rəqəmlər barədə. Qeydiyyat orqanlarında 2022-ci ilin ilk 8 ayında Azərbaycan Respublikasının vətəndaşı olan 1350 nəfərin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı olan 658 qadının və 692 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Azərbaycanlılar daha çox aşağıdakı ölkə vətəndaşları ilə nikaha giriblər.

“Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və İran İslam Respublikasının vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib”, - qurumdan deyilib.

Ədliyyə Nazirliyinin açıqladığı statistikaya əsasən, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub.

2020-ci ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 588 nikah bağlanıb. Bu rəqəm 2019-cu ildə 1248 olub. 2020-ci ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı isə 599 olub. Halbuki 2019-cu ildə bu göstərici 1101 olub.

Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı| Realpress.az

Ümumiyyətlə, son 5 ildə Azərbaycan vətəndaşı olan 5319 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Bu müddət ərzində 5039 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub. Azərbaycan vətəndaşı olan qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır. Lakin bu cütlüklər arasında boşanmalar da qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, boşanmaların əksəriyyəti bu evliliklər qeyri-səmimi münasibətlər əsasında qurulduğuna görə baş verir. Digər problem xarici vətəndaşla ailə quran bəzi Azərbaycan vətəndaşlarının nikah sənədinə qeyd-şərtsiz qol çəkmələridir. Bəzən həmin ölkənin qanunvericiliyində elə nüanslar olur ki, onlar bizim ölkənin qanunvericiliyi ilə uzlaşmır. Əcnəbi ilə evlənən azərbaycanlı xanım xarici ölkədə boşanır və bizim qanunlardan irəli gələn tələbləri orada tətbiq etmək istəyir. Bu isə problem yaradır. Müraciətlərin çoxu isə daha çox uşaq tələbi ilə bağlı olur.

Boşanmalarla bağlı ölkəmizdə dəqiq statistika aparmaq da mümkün olmur. Çünki xarici ölkədə boşanma olduqda və vətəndaş bununla bağlı məlumat vermədikdə dövlət qurumu xaricdəki boşanmalarla bağlı statistika apara bilmir.

Qızlar daha çox Türkiyə, oğlanlar isə Avropa vətəndaşları ilə evlənir

Azərbaycanlı qızlar daha çox Türkiyə, Gürcüstan vətəndaşı olan azərbaycanlılara üstünlük verirlər, bu isə əcnəbilərlə nikahların böyük faizini təşkil edir. Amma bununla yanaşı, Avropa vətəndaşları, zənci və ərəblərlə ailə quran xanımlarımız da az deyil.

Ümumilikdə Azərbaycanda 2009-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 1731, 2010-cu ildə 2221, 2011-ci ildə isə 2696 nikah bağlanıb.

Bəzi gənclər işləmək və ya təhsil almaq üçün müxtəlif ölkələrdə yaşamaq məcburiyyətində qalırlar. Onlar uzun müddət həmin ölkələrdə yaşayırlarsa, müxtəlif insanlarla tanış olurlar və bu da sonda nikaha gətirib çıxarır. Son illər yalnız azərbaycanlı qızlar deyil, eyni zamanda azərbaycanlı oğlanlar da əcnəbi qızlarla ailə qurmağa üstünlük verirlər.

Əcnəbilərlə nikaha girən azərbaycanlıların

Statistik məlumatlara görə, Azərbaycana gündə 4-5 min əcnəbi gəlir. Miqrantların yalnız 25 faizi Azərbaycana işləməyə, qalanları isə təhsil, istirahət və ölkə vətəndaşları ilə ailə qurmağa gəlirlər.

Amma heç kimə sirr deyil ki, heç də hər zaman bu cür nikahlar xoşbəxt sonluqla bitmir. Məsələn, evlənərək Türkiyəyə, İrana gedən onlarla azərbaycanlı qadının hüznlü sonu barədə media tez-tez yazır. Ən yumşaq halda boşanıb, uşaqlı (bəzən uşağını orada qoyub) geri qayıdanlar, ən pis halda isə insan alveri qurbanı olanlar var bu siyahıda.

Qızlara qızıl kimi tövsiyə - evlənmədən əvvəl səfirliklərə müraciət edin və nikah müqaviləsi bağlayın

Ekspertlər hesab edir ki, bu bəlanın kökündə əcnəbiyə ərə gedən qızların evləndiyi adam barəsində məlumatsız olmaları durur.

Belə ki, onlar həmin adamın kim olduğunu bilmədən, maddi imkanına, azərbaycanlı oğlanlardan bir qədər fərqləndiyinə görə ailə həyatı qururlar. “Təmiz dünya” mərkəzinin rəhbəri Mehriban Zeynalova mediaya açıqlamasında bildirib ki, qızlar əcnəbiyə ərə getməzdən əvvəl səfirliklərə müraciət edərək həmin şəxs haqqında ətraflı məlumat almalıdır.

Bir çox  hallarda evlənib boşanmış qadınlar bu cür nikahlara üstünlük verir. Çünki azərbaycanlı kişilər boşanmış qadınla ailə qurmağa sıcaq baxmır.

Gənc qızlarımızı belə evliliyə əsasən iqtisadi durum sövq edir. Sevgi isə arxa planda qalır. Ekspertlər hesab edirlər ki, yarana biləcək hər hansı problemdən uzaq dayanmaq üçün ərə gedən qızlar nikah müqaviləsi bağlamalıdır.

Əcnəbi vətəndaşlarla evlilik: Artıb yoxsa azalıb?

Amma bu cütlüklərin boşanması məsələsi də var. Tutaq ki, şəxs öz ölkəsində işləyirdi, əcnəbi ilə ailə qurandan sonra yaşadığı ölkədə iş tapa bilmir və yaxud bunun üçün uzun müddət tələb olunur. Ölkəsindəki aktiv həyatını başqa yerdə reallaşdıra bilmir. Bu baryeri keçə bilməyənlər əksər vaxtlarda boşanır. İstənilən halda fərqli mədəniyyətləri və əmək qabiliyyətlərini reallaşdırmaq ya mümkün olmur, ya da çətinliklə həyata keçir.

Əcnəbi ilə nikaha baxış məsələsində də çox diqqətli olmalıyıq. Qadın var ki, əcnəbi ilə ailə həyatı qurandan sonra geri gələ bilmir, illərlə doğmalarını, ailəsini və yaxınlarını görmür. Övlad məsələsi də burada rol oynayır.

Çox vaxt ana ölkənin qayda-qanunlarına və uşağını həmin ölkə vətəndaşı olduğuna görə vətəninə gətirə bilmir. Bu tip hüquqi çətinliklər var ki, nikaha girən tərəflər əvvəlcədən bu məlumatlardan xəbərdar olurlar. Bundan əlavə, qeyri-rəsmi nikaha girənlər qanunsuz miqrantlara çevrilirlər. Bu kimi hallar depressiya yaradır.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki-mənəvi inkişafı"  mövzusunda hazırlanıb.

Hazırladı: Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR