İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransızların ən “uğurlu” kəşfi - bu ölkədə başkəsən maşın “ədalət mebeli” adlandırılıb

2700 11.03.2023 18:23 Yaxın tarix A A

Tarix boyu dünyanın ayrı-ayrı ölkələrində edamlar fərqli üsullarla həyata keçirilib - dar ağacından asmaqla, güllələnməklə, qaz kameralarına salaraq boğmaqla, diri-diri torpağa basdırmaqla və s. Fransızlar isə bu məsələdə bir az da qabağa gedərək edamın icrası üçün xüsusi qurğu kəşf ediblər. Bu qurğunun, ölüm maşınının adı gilyotindir. Bu ad Jozef İqnas Gilyotinin soyadından götürülüb. Fransızlar onu bir az “mədəni” şəkildə “ədalət mebeli” də adlandırıblar...

1738-ci ildə Fransanın Sent şəhərində anadan olan Jozef İqnas Gilyotin Parisdə ali tibbi təhsil aldıqdan sonra anotom kimi fəaliyyətə başlayıb. O, bir neçə ildən sonra elmi iş müdafiə edərək professor adına sahib olub. Gilyotin eyni zamanda ictimai xadim kimi də tanınıb. 1789-1791-ci illərdə o, Konstitusiya Assambleyasının on üzvündən biri olub.

Mövcud dövrdə Fransada ölüm hökmünə məhkum olunanların edamı odda yandırmaqla, asmaqla, bədəni çarmıxa çəkərək dörd yerə bölməklə həyata keçirilib. Qanunverici orqanın deputatı olan Gilyotin 1791-ci ildə məclisdə edamlarla bağlı təkliflə çıxış edib. O, ölümün daha tez sona çatması və cəlladların işinin yüngülləşməsi üçün təklif edib ki, daha “humanist” bir variant tapılmalı və yeni edam maşını icad edilməlidir.

Anonymous_-_Portrait_de_Joseph-Ignace_Guillotin_(1738-1814),_médecin_et_homme_politique._-_P1052_-_Musée_Carnavalet_(cropped).jpg (87 KB)

Bununla da Gilyotin sonralar bütün Avropada məşhurlaşan və tətbiq edilən edam qurğusunun ideya müəllifi olub. Qurğunu düzəltmək isə doktor Antuan Luiyə həvalə edilib.

Nəhayət, bir neçə aydan sonra edam qurğusu hazır olub. Onun hündürlüyü təxminən üç metrə çatıb. İki dayağın arasında ağırlığı 100 kiloqrama yaxın olan iti balta başlığı yerləşdirilib. Həmin başlığın arxasına ip bağlanıb. Edam zamanı balta başlığı iplə dayaqlar arasından yuxarı qaldırılaraq aşağı, uzadılmış vəziyyətdə olan edam olunanın boyun nahiyəsinə buraxılıb.

İlk sınaqlar meyitlərin üzərində keçirilib. Qurğuya qiymət vermək üçün xüsusi komissiya yaradılıb. Sınaqlar “uğurla” başa çatdıqdan sonra gilyotin qurğusunun tətbiqi ilə bağlı cinayət məcəlləsinə maddə əlavə edilib.

Məhkəmənin hökmü ilə ilk dəfə gilyotinlə edam prosesi 25 aprel 1792-ci ildə həyata keçirilib. Ölüm maşınının ilk qurbanı oğurluqda ittiham olunaraq ölüm hökmünə məhkum edilmiş Nikolya Pelette olub. Gilyotin qurğusu mərkəzi meydanların birində quraşdırılıb. Əvvəlcədən edam prosesi haqqında yerli sakinlərə məlumat verilib. Edam həyata keçiriləndə meydanda böyük izdiham yaşanıb. Edamı “tanınmış” fransız cəllad Şarl Anri Sanson icra edib.

Gilyotinlə edam çox qısa bir müddətdə Fransa ilə yanaşı, bir çox Avropa ölkələrində də populyarlaşıb.

5047.jpg (143 KB)

“Ədalət mebeli” o dərəcədə populyarlaşıb ki, Fransada onun kiçik formasını, oyuncağını da düzəldiblər ki, bu da fransız uşaqlarının ən sevimli oyuncağına çevrilib.

Uzun illər Avropanın bir sıra ölkələrində gilyotin əsas edam qurğusu kimi istifadə edilib. Təkcə Adolf Hitlerin hakimiyyətədə olduğu dövrdə (1933-1945) Almaniyada 17 minə yaxın insan gilyotin vasitəsi ilə edam edilib. O cümlədən nasistlər İkinci Dünya müharibəsi illərində işğal etdikləri ölkələrdə də çoxsaylı gilyotinlər quraşdırıblar.

Fransada gilyotinlə edam 1981-ci ilə, ölüm hökmü ləğv edilənə qədər davam edib. Sonuncu dəfə “ədalət mebeli”nin qurbanı Fransa vətəndaşı, əslən tunisli Həmidə Candubi olub.

orig.jpg (78 KB)

Gilyotin qurğusunun ideya müəllifi kimi Jozef İqnas Gilyotin uzun müddət ictimai qınağa tuş olub. Hətta onu cəllad adlandıranlar da tapılıb. Anotom-professor isə özünə belə haqq qazandırıb:

“Bütün fransızlar bilirlər ki, mən həmişə ölüm hökmünün tətbiqinə qarşı çıxmışam. Ancaq ölüm hökmünün ləğvi təkcə mənim iradəmdən asılı olmayıb. Belə olan halda mən heç olmasa edamlar zamanı işgəncələrin az olması üçün təklif irəli sürmüşəm və bu təkliflə gilyotin qurğusu hazırlanıb. Biri var insanı dörd yerə parçalayasan, biri də var ani anda başın bədənindən üzülsün. Hər halda mənim təklifimi humanist addım kimi qiymətləndirmək olar...”

Əslində, gilyotin onun müəllifinin söylədiyi kimi əksər hallarda çox da mükəmməl işləməyib. Elə hallar olub ki, kəndirdən buraxılan balta başlığı birinci cəhddən edam olunanın başını bədənindən ayıra bilməyib.

Ölüm hökmünün ləğv edilməsinə baxmayaraq, gilyotin qurğularından bu gün də istifadə edilir. Amma edam üçün yox, istehsal müəssisələrində adi bir dəzgah kimi. Belə ki, gilyotindən kağız, karton, taxtaların və digər materialların kəsilməsində istifadə edilir. Bununla yanaşı, kiçik gilyotinlərdən mətbəxlərdə meyvə və tərəvəzlərin doğranması üçün də istifadə edirlər.

_gilotina.jpg (41 KB)

1814-cü ildə Jozef İqnas Gilyotin vəfat etdikdən sonra onun ailə üzvləri “ədalət mebeli”ndən gilyotin adının götürülməsini xahiş ediblər. Hökumət bu xahişi qəbul etməyib. Bu hadisədən sonra professorun ailə üzvləri öz soyadlarını dəyişməyə məcbur olublar.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR