İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa hökumətinin “aclıq həyəcanı” - Azərbaycan ərzaq ehtiyatını tutubmu...

1112 16.08.2022 08:10 İqtisadiyyat A A

İş adamı və mərkəz rəsmisi nikbindir; “görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində ciddi nailiyyətlər əldə edilib”

Avropada son 500 ildə görünməyən səviyyədə quraqlığın baş verməsi dünyada ərzaq qıtlığının yaranması ilə nəticələnə bilər. Belə ki, Avropanın böyük bir ərazisində yazdan bəri ağır quraqlıq yaşanır: Fransa, İspaniya, Belçika, İtaliya, Rumıniyada əkin sahələri isti havanın təsiri ilə quruyur.

Almaniyada Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayla gəmilərin hərəkəti minimuma enib. Bu isə ölkənin müxtəlif əraziləri arasında daşımaların həcmini kəskin azaldır. Yağıntıların azlığı bu ölkədə buğda istehsalının 40 faizədək aşağı düşməsinə gətirib çıxarır.

Fransada rekord istilər günəbaxan sahələrini, meyvə və üzüm bağlarını məhv etmək üzrədir. Luaru çayının suyu o qədər azalıb ki, nəinki sahələri suvarmaq, heç içməli su kimi istifadə etmək belə mümkün olmur. Ölkənin əyalətlərinin yarıdan çoxunda içməli su ilə bağlı qırmızı həyəcan siqnalı elan edilib. İspaniyadakı su anbarlarında suyun səviyyəsi 39 faizə enib.

Po çayında suyun kəskin azalması İtaliya əkinçilərini çətin duruma salıb. Çayboyu ərazilərdə məhsulun 60 faizinin məhv olma təhlükəsi var və bu təhlükə getdikcə reallığa çevrilir.

Böyük Britaniyada da sudan qənaətlə istifadə rejiminə keçilib, kənd təsərrüfatı quraqlıqdan böyük zərərlə üzləşməkdədir.

Quraqlıq nəticəsində Avropada buğda, ət, süd istehsalının ciddi azalması gözlənilir. Bu isə bütün dünyaya təsirsiz ötüşməyəcək.

Qeyd edək ki, Ukrayna müharibəsi başladıqdan sonra bu ölkədən kənd təsərrüfatı məhsullarının ixracında yaranan problemlərin qlobal ərzaq bazarında böhrana gətirəcəyi gözlənilirdi. Lakin Türkiyənin təşəbbüsü və vasitəçiliyi ilə Ukraynanın Qara dəniz limanlarından taxılın ixracına başlandıqdan sonra dünya ərzaq bazarında qiymətlərin sürətli ucuzlaşması baş verdi. İstanbul razılaşmasının digər bəndləri - Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracında yaranan problemlərin də yaxın vaxtlarda aradan qaldırılacağı gözlənilir. Lakin Avropa, Asiya və Amerikanın şimalında qeydə alının anomal hava şəraiti payıza doğru qlobal ərzaq bazarında ucuzlaşmanın yenidən bahalaşma ilə əvəz olunması təhlükəsini artırır.

Artıq Fransada vətəndaşlara qışa indidən hazırlaşmaq təklif edilir. Belə ki, Milli Assambleyanın deputatı İzabell Valantin ölkədə rekord dərəcədə aşağı yanacaq ehtiyatı olduğunu açıqlayıb: “Ukraynada münaqişə başlayandan müxtəlif resursların çatışmazlığı (Fransada) artır. Yarımkeçiricilər, xammallar, dənli bitkilər... Çoxsaylı sektorlar təsirlənir, bu da ümumi qiymət artımına səbəb olur. Bu, davamlı olaraq bahalaşan qalıq yanacaqlara da aiddir, hansı ki, ehtiyatları rekord səviyyədə aşağı səviyyədədir”.

Deputat əlavə edib ki, hazırda energetika sahəsində vəziyyət nəzarət altında olsa da, qışda bu, idarəolunmaz hala gələ bilər, bahalaşma isə vətəndaşların alıcılıq qabiliyyətinə təsir göstərəcək. Bu səbəbdən o, indidən qışa daha yaxşı hazırlaşmaq üçün istehlakçılara 2022-ci ilin payızında ehtiyatı bərpa etməyə təşviq edəcək bir mexanizm hazırlamağı təklif edib.

Azərbaycanda ərzaq qıtlığı və bahalaşmanın qarşısının alınması üçün bir sıra addımlar atılır. Mart ayında Nazirlər Kabineti strateji ərzaq məhsulları və onların istehsalında istifadə olunan xammalların ixracına məhdudiyyət tətbiq edib. Eyni zamanda əsas ərzaq məhsullarının 1 aylıq ehtiyatının yaradılması üçün sahibkarlara dövlət tərəfindən vəsait ayrılıb. Həmçinin iyul ayında Prezident İlham Əliyevin fərmanı ilə heyvandarlıq və quşçuluqda istifadə olunan əsas yem və yem əlavələrinin idxalı və satışı əlavə dəyər vergisindən azad olunub.

Mürvət Həsənli – Yenicag.Az

Mürvət Həsənli

Azərbaycan Yumurta, Quş əti İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin “Yeni Müsavat”a dediyinə görə, soya paxlası və şrotu, günəbaxan cecesi həm quş əti, həm də yumurta istehsalında əsas yem məhsullarındandır: “Azərbycanın quşçuluk sektoru yem təchizatında böyük ölçüdə idxaldan asılıdır. Hesablamalarımıza əsasən, Azərbaycan quşçuluq sektorunda ətçilik üzrə illik soya şrotu (sıxılmış cecə) istehlakı 100 min tona yaxın, qarğıdalı istehlakı 188-190 min ton, buğda istehlakı 70-80 min tondur. Bu həcmdə yemlə Azərbaycanın  illik tələbatı olan 140 min ton toyuq əti istehsalını təmin etmək olur. Biz bu məhsulların idxalının ƏDV-dən azad olunması ilə bağlı hökumətə müraciət etmişdik. İyulun 1-də cənab Prezident müvafiq qərarı verdi. Bu da ölkədə ət bazarında böyük bir bolluq yaradacaq. Ən azından ətin bugünkü qiymətinin stabil saxlanmasına xidmət edəcək. Biz əvvəllər soyanı 600-700 manata alırdıq, hazırda 1500-1600 manata qalxmışdı. ƏDV-dən azad olunandan sonra 1200-1300 manatdır. Bu isə ətin qiymətinin ucuzlaşmasına kömək edəcək. 1 kilo ətdə yemin dəyəri 68-70 faizdir. Yem ətin qiymətini bahalaşdıra da bilir, ucuzlaşdıra da. Yem və yem əlavələrinin bir sıra ödənişlərdən azad olunması qiymətin düşməsinə səbəb olacaq. Bu, həm də bir növ ətin satışındakı rəqabəti formalaşdırır. Biz artıq xaricdən gələn ətlə rahat rəqabət apara bilirik. Bizdə istehsal olunan ətin 1 kilosu 2-2,10 dollara başa gəlir, Ukraynada 1,20 dollara başa gəlir. Ukraynadan bura ət gətiriləndə, hətta onun gətirilməsi xərcləri ilə belə, biz onunla rəqabətə dözmürdük. Prezidentin soya ilə bağlı son fərmanı imkan verəcək ki, biz artıq idxal məhsulları ilə rəqabət etməyə başlayaq. Həm süfrə yumurtası, həm ətlə bağlı”.

Assosiasiya rəhbəri atılan addımların müsbət təsirinə qəti əmindir: “Hazırda bizdə süfrə yumurtası istehsalında 130 faiz təminat var. Toyuq əti istehsalı 85 faizin üzərindədir, il sonuna, inşallah, 90-92 faizə çıxacaq. Mən belə düşünürəm ki, gələn il 100 faiz olacaq bu rəqəm”.

Ramil Hüseyn | Banker.az

 Ramil Hüseyn

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseynin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə hesabata əsasən, ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin siyahısında yer alır: “Ölkəmizdə görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində ciddi nailiyyətlər əldə edilib. Bir çox ölkələr COVİD-19 pandemiyası zamanı və son bir neçə ayda Rusiya-Ukrayna müharibəsi nəticəsində əhalisini ərzaqla təmin etməkdə problemlə üzləşsə də, Azərbaycan əhalisi üçün vəziyyət belə olmadı. Bu istiqamətdə vaxtında görülən tədbirlər bu gün öz nəticələrini verir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli ”Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanı da xüsusi qeyd olunmalıdır. Bu fərman ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsini və ərzaq təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir".

Mərkəz rəsmisi bildirib ki, Azərbaycanda kənd təsərrüfatında məhsul istehsalının artmasına yönələn tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək: “Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilən torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük töhfə verəcək və özünütəminetmə səviyyəsini də yaxşılaşdıracaq. Ölkəmizdə kartof, meyvə, tərəvəz və s. kimi bir sıra ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəkdir. Ancaq ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi aşağıdır və ərzaqlıq buğda istehsalının artırılması aktuallıq daşıyır. Çünki tarixən xalqımızın istehlakında çörək mühüm yer tutub.

Buna görə də ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün mühüm qərarlar qəbul olunub. 2023-cü ildən başlayaraq 5 il müddətində ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Artıq Azərbaycan Prezidenti bu istiqamətdə yeni hədəfləri də müəyyənləşdirib və belə ki, 3-4 il ərzində ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 80 faizə çatdırılması istiqamətində iş aparılacaq".

R.Hüseyn vurğulayıb ki, beynəlxalq miqyasda ərzaq təhlükəsizliyinin təmini dedikdə fəal və sağlam həyat sürmək üçün ərzağın fiziki, sosial və iqtisadi baxımdan əlçatan olması başa düşülür: “Yəni ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan Respublikasında da davamlı olaraq bu 4 sütun üzrə ərzaq təhlükəsizliyi göstəriciləri yaxşılaşdırılır. Bildiyiniz kimi, 2021-ci ildə daxili bazarda strateji mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görmək üçün  Dövlət Ehtiyatları Agentliyi yaradıldı. Dövlət Taxıl Fondu bu Agentliyin sərəncamına verildi. Hazırda ölkəmizin buğda ehtiyatının dayanıqlığı üzərində iş aparılır. Digər tərəfdən, bu il işğaldan azad olunan ərazilərdə 50 min hektarda taxıl əkilib. Növbəti illərdə 100 min hektarın əkin dövriyyəsinə cəlbi planlaşdırılır. Qarabağda və Şərqi Zəngəzurda bitkiçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə işğaldan azad olunan ərazilərin də hesabına Azərbaycanın ərzaq təhlükəsizliyi daha da güclənəcək".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR