İnsanlara hürriyət, millətlərə istiqlal!

Fövqəladə vəziyyətdə mediaya qadağa olmalıdırmı - fərqli baxışlar

1335 15.11.2022 11:00 Media A A

İstanbulun mərkəzində,  İstiqlal küçəsində törədilən terror aktından sonra Radio və Televiziya  Şurası (RTÜK) müvəqqəti yayım qadağası tətbiq etdi. RTÜK sədri Əbubəkir Şahin sosial şəbəkədə “müvəqqəti yayım qərarı”nın görüntüsünü paylaşaraq “İstanbulda baş verən partlayışla bağlı yayım qadağası qoyulub.  Bütün media qurumlarımızın diqqətinə çatdırılır”, - deyə xəbərdarlıq edib. 

Qorxunun, təşvişin qarşısını almaq üçün atılan bu addım cəmiyyət, xüsusilə sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.  Ekspertlər də bu məsələdə yekdil fikirdə deyillər. 

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub  adamam - MÜSAHİBƏ

Rəşad Məcid: “Fövqəladə vəziyyətlərdə dövlət qurumlarının məhdudiyyətlər tətbiq etməsini normal hesab edirəm”

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin sədri Rəşad Məcid “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, mediaya məhdudiyyət tətbiq edilməsini doğru qərar hesab edir: “İnsanlarda qorxu yaratmaq məqsədi güdən qüvvələr terror zamanı çəkilən görüntülərdən istifadə edə bilərlər, bu isə təşviş yaradır, bu mənada qərar düzgün idi. Hadisədən bir qədər sonra Türkiyə rəsmilərinin ard-arda açıqlamaları, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məlumat verməsi bir qədər sakitlik yaratdı. Nəticədə panika yaratmaq üçün yönələn informasiyalar öz əhəmiyyətini itirdi. Çeviklik önəmlidir. Bu baxımdan Türkiyənin müvafiq qurumları bunu yaxşı bacardılar. Belə fövqəladə vəziyyətlərdə dövlət qurumlarının məhdudiyyətlər tətbiq etməsini normal hesab edirəm. İctimaiyyətin gözündə sosial mediada yazanlar da mətbuat nümayəndələridir. Nəzərə almaq lazımdır ki, panika yaratmaq məqsədilə şayiələr yayan ayrı-ayrı şəxslər, hətta qruplar var. Peşəsi jurnalist olanlar belə məsələlərə həssas yanaşırlar. Düşünürəm ki, zamanla peşəkar jurnalistikanın fəaliyyəti ilə sosial mediadakı özfəaliyyətlər bir-birindən ayrılacaq".

Professor: “Azərbaycanın işğaldan azad edilmiş bölgəsində yeni proses  başlayıb” - 11.02.2021, Sputnik Azərbaycan

Qulu Məhərrəmli: “Mətbuata məhdudiyyətlər tətbiq etmək mətbuat azadlığının fəlsəfəsinə ziddir”

Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, İstanbulda baş verən terror təəssüf doğurur: “Bütün dünya hadisəni pisləyir. Terror aktı ilə bağlı mətbuata məhdudiyyətlər tətbiq etmək mətbuat azadlığının fəlsəfəsinə ziddir. Axtarışlarla əlaqəli bir neçə gün müəyyən məhdudiyyət ola bilər. Amma bunun üçün xüsusi rejim olmalıdır. Dünyadakı media haqqında qanunlara görə, bu, yalnız hərbi şəraitdə ola bilər. Dövlətin, insanların təhlükəsizliyi faktorunu nəzərə alsaq, bu anlaşılandır. Dünyanın bir neçə ölkəsində tez-tez terror aktları olur, lakin o ölkələrdə mediaya yasaq qoyulmur.

Seymur Kazımov: “KİVDF ləğv olunmalıdır”

Seymur Kazımov: “İnformasiya şəffaflığı və açıqlığı təmin olunmalıdır”

Müstəqil jurnalist Seymur Kazımovun fikrincə, qadağalar olduqda dezinformasiyanın yayılma arealı daha da genişlənir: “Bəzən insanlar dezinformasiyaları gerçək kimi qəbul edirlər. İnformasiya şəffaflığı və açıqlığı təmin olunmalıdır, cəmiyyətə mütəmadi informasiya verilməlidir. Konkret media qurumları, şəxslər var ki, onlar özlərinə məxsus informasiyanı paylaşmaq istəyirlər. Müstəqil araşdırmaçılar, müstəqil jurnalistlər insanlarla görüşürlər, sorğu-sual edirlər, müsahibə alırlar. Düşünmürəm ki, mediaya məhdudiyyət tətbiq etməklə nəyəsə nail olmaq olar. Bu hərbi əməliyyat, müharibə, gizli antiterror əməliyyatı deyil. Bu, lokal terror aksiyasıdır. Terror nəticəsində ölən və yaralananlar olur. Həmin vaxt orada insanlar telefonlar vasitəsilə sosial mediada paylaşımlar ediblər. Ənənəvi medianın görüntüləri paylaşıb-paylaşmaması etik məsələdir. Jurnalistika etikası kontekstindən baxsaq, mübahisələndirə bilərik. Hüquqi baxımdan qanun pozuntusu yoxdur, çünki bu, hadisədir. Peşəkar mediaya imkan yaradılmalıdır ki, görüntülərlə bağlı qərarı özü versin. "Telegram" və “Twitter”də görüntülər paylaşılıb. Bu görüntülərin insanlarda təşviş, narahatlıq yaratdığını düşünmürəm. Terror vahiməli hadisədir. XXI əsrdə mümkünsüz heç nə yoxdur. Xatırlayırsınızsa, 44 günlük Vətən müharibədə sosial şəbəkəyə daxil olmaq üçün VPN-dən istifadə edilib. Yaxud Ukrayna-Rusiya müharibəsini misal çəkək. Orada, əksinə, “Starlink” peyk şəbəkəsi vasitəsilə internetin imkanları genişləndirilir. Düşünürəm ki, bu, daha ağıllı strategiyadır. İstər informasiya müharibəsi, istər əhalinin informasiya ilə təminatı, istər medianın əhaliyə informasiya ötürməsi prosesi yüksək  səviyyədə icra olunur. İnternetdəki görüntülərdən vahimələnib kiminsə xəstələndiyinin, yaxud başqa narahatlıq yarandığının şahidi olmamışıq. Nə qədər məhdudiyyət olsa da, insanlar bir çıxış yolu tapırlar".

Qeyd edək ki, hadisə zamanı 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR