İnsanlara hürriyət, millətlərə istiqlal!

Finalda hesabı kim açsa, o komanda çempion olacaq...

1959 17.12.2022 22:14 Yazarlar A A

Xorvatiya Futbol Assosiasiyasının prezidentinin üçüncü yeri qazanmış o tərli oyunçuları bir-bir bağrına basıb öpməsi xoş mənzərə idi; Messi-Fransa finalının qalibi kim olacaq?

Mundialda üçüncü yer uğrunda qarşılaşma sovet vaxtının bir lətifəsini yada salır. Bir nəfər gəlib deyir ki, bəs komandamız SSRİ birinciliyində üçüncü yer tutub. Hamı təbrik edir, amma bir cüvvəllağı soruşur ki, yarışmada neçə komanda vardı. O da deyir ki, üç...

Futbol üzrə dünya çempionatlarında üçüncü yer uğrunda oyunu həmişə mənasız hesab etmişəm, yenə də o fikrimdə qalıram. Bunu həm də təkcə mən demirəm, Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi də eyni fikirdədir: “Bürünc medal uğrunda görüşdə çıxış etdiyimiz üçün özümü axmaq kimi hiss edirəm”. Reqraqinin əslində nə demək istədiyi məlumdur, finala vəsiqə çempionluğun bir addımlığıdırsa, üçüncü yer uğrunda qarşılaşma bəlkə də axmaqlıqdır. Hələ bunu tarixində ilk dəfə yarımfinaladək gələ bilən Afrika qitəsinin təmsilçisi deyirsə...   

merakes.PNG (1.37 MB)

Yəqin üçüncü yeri qazanmaqla FİFA-nın mükafat fondundan nələrsə qapışdırmaq olar, amma heç kim çempionata bürünc almaq üçün gəlmir axı... Bir kubok var və onun üçün yarışırlar.

Bu axşamkı qarşılaşma Mərakeş üçün əhəmiyyətli sayıla bilərdi, ötən mundialın finalçısı Xorvatiya üçün bu yalnız statistika idi. Baxmayaraq ki, Xorvatiyanın baş məşqçisi yəqin ki, yarımfinalda Argentinaya ağır məğlubiyyəti ört-basdır etmək üçün fərqli fikir səsləndirmişdi. Zlatko Daliç “Bizim üçün kiçik deyil, böyük finaldır. Bu, böyük məsələdir, bürünc medal qazansaq, əla olacaq. Dünya çempionatında üçüncü və ya dördüncü olanda fərq var” demişdi.  

Xorvatiya və Mərakeş bu mundialda qrup mərhələsində qarşılaşmışdılar (0:0) və bir-birlərinin oyunlarına bələd idilər. Bu gün fərqli, açıq  oynadılar, itirməyə də heç nə yox idi. Dinamik oyun oldu, qarşılaşmada əslində hər şey vardı - mübarizə, əsəb, gərginlik...

Снимок.PNG (1.70 MB)

Amma futbola baxan üçün sıradan oyun. Yaxşı ki, son dəqiqədə Mərakeş hesabı bərabərləşdirə bilmədi, yoxsa hələ bu oyun çox uzanacaqdı. Mərakeşlilər bu oyunda çox əsəbi göründülər, hakimi az qala döymək istəyirdilər. Fransa ilə oyunda heç belə özlərini həlak etmirdilər. Xorvatlar onlardan güclü oynamasa da, təcrübə öz sözünü dedi. Mükafatlandırma mərasimində Xorvatiya Futbol Assosiasiyasının prezidentinin o tərli oyunçuları bir-bir bağrına basıb öpməsi xoş mənzərə idi...

qelebe.PNG (1.96 MB)

Bu gün hər iki komanda üçün mundial bitdi, amma bu millilərin heyətindəki oyunçuların “ovu” indi başlayır. Məsələn, Xorvatiyanın 27 yaşlı qapıçısı Dominik Livakoviç mundialda 7 yaddaqalan oyun keçirdi. 2015-ci ildən Zaqreb “Dinamo”sunda çıxış edən qapıçının 2024-cü ilin yayına qədər müqaviləsi var, amma qış transferində “Bavariya” onun üçün 8,5 milyon avro ödəməyə hazırdır, bazarlaşma isə hələ indən sonra başlayır. Məlumdur ki, Almaniya millisinin və “Bavariya”nın qapıçısı mundialı biabırçı şəkildə tərk etdikdən sonra özünü... suya atıb. İntihar məqsədi ilə deyil, qayıq sürmək üçün. Ayağı qırılan Noyer üçün mövsüm bitib və onu indi xorvatların qapıçısı əvəz edə bilər.

Mərakeş millisindən isə yarımmüdafiəçi Sofyan Amrabat üçün də transfer alveri başlayıb. “Fiorentino”nun oyunçusu üçün indi “Tottenhem” və “Yuvenstus” iddialıdır. Onun üçün ilkin olaraq 10 milyon avro təklif etdiyi bildirilir.

Bütün dünyanın diqqəti isə sabah axşamkı finala yönəlib. Bu mundiala çoxları Ronaldo-Messi mübarizəsi kimi baxırdı. Bu mundialda bu iki ulduz futbolçunun arasındakı fərqi - niyə birindən az qala zəhləm getdiyini, o birisinə isə finalda azarkeşlik edəcəyimin səbəbini kəşf etdim. Ronaldonun o məmnun, özündənrazı sifətini bu mundialda az gördük, son oyundan sonra da ağlaya-ağlaya getdi. Messi isə ulduz olmasına rəğmən, sadəliyi ilə bir daha diqqət çəkdi. Argentinadan kənarda milyonlarla azarkeşin ürəyini fəth etmiş Messi əlbəttə ki, kim olduğunun fərqindədir. Amma bu hissi daxilən aşmağı bacarır, büruzə vermir. Əksinə, jurnalist ona milyonların kumiri olduğu haqda sual verəndə utanır. Bu, Messinin Ronaldo üzərində artıq psixoloji qələbəsidir. Qalır mundialın kubokunu aparmaq...

messi.jpeg (73 KB)

Finalla bağlı ən müxtəlif rəylər var. Fransa əla komanda ilə mundiala gəlib, baxımlı və stabil oyun göstərib.

6a91b8cd9250c3a0ddb39b9e965422446394e2073a249105346416.jpg (134 KB)

Argentina haqda isə bunu demək mümkün deyil. Hamının gözü Messidədir. Hansısa futbolçu demişdi ki, Messi Argentina millisinin 90 faizi deməkdir. Bütün Argentina və Messi fanatları indi ümidini 35 yaşlı ulduz futbolçuya bağlayıb. Ona görə bu, Messi-Fransa finalı kimi tarixə düşə bilər. Prinsipcə, Messi 4 il sonra - 39 yaşında da mundialda iştirak edə bilər, amma bu indiki Messi olmayacaq. O səbəbdən bütün mümkün çempionluqları yaşamış Messi başının üzərinə qaldırmadığı Dünya Kubokuna sahib olmaq istəyir. Bu, Messi kimi futbolçunun haqqıdır. Mbappe hələ neçə belə çempionluqlar yaşaya bilər. Messi üçün isə son şansdır.  

picture (1).jpg (48 KB)

Argentinanın çempion ediləcəyi haqda dedi-qodular isə davam edir. Fransa millisinə belə psixoloji basqılarla təzyiq etmək çətin işdir. Fransa da Avropa, dünya çempionluğundan sonra ardıcıl olaraq yenə mundialın qalibi olmaqla tarix yazmaq istəyir.

Risk edib proqnoz verirəm ki, əlavə vaxt və penallaşma olmayacağını düşünürəm. Argentinanın qapıçısı penallaşmalarda özünü yaxşı tərəfdən göstərib. Fransa əlbəttə ki, oyunu əsas vaxtda qazanmağa çalışacaq. Hesabı kim açsa, o da çempion olacaq. Ümid edirəm ki, bu, Messinin komandasıdır...

Nazim SABİROĞLU,
Musavat.com                          

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR