İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Ukrayna Rusiya üçün hazırlanmış bataqlıqdır, qələbə imkanı yoxdur”

3369 18.03.2022 11:11 Müsahibə A A

“Burada söhbət zəhərli dişin çəkilib atılmasından gedir. ABŞ-a gürzə dövlətlər deyil, koramal dövlətlər lazımdır”

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Musavat.com-un suallarını cavablandırıb. Nazirlər Kabinetinin 2021-ci il üzrə Milli Məclis qarşısındakı hesabatından tutmuş, Ukrayna müharibəsinə, parlament seçkilərinədək bir sıra aktual mövzulara həsr olunan, olduqca maraqlı məqamların yer aldığı müsahibəni diqqətinizə təqdim edirik:

- Fazil bəy, hökumətin Milli Məclisə hesabatı sizi qane etdimi? Ana müxalifət partiyasının sədri, deputat həmkarınız Sabir Rüstəmxanlının iradı oldu ki, sanki parlament hökumətə hesabat verir. Parlament müxalifətinin nümayəndəsi olaraq sizin qənaətiniz necədir?

-Əlbəttə, hökumətin hesabatında məni də qane etməyən xeyli məqamlar vardı. Ancaq bu kimi məsələlərdə ancaq rifahının təmin olunmasını arzulayan vətəndaş kimi, konkret sənəd üzərindən baxış və qiymətləndirmə obyektiv ola bilməz. Hökumətin fəaliyyətinə bir az Ukraynadan, bir az Erməistandan, bir az da Rusiyadan baxmaq lazımdır. Çünki Azərbaycandan baxanda bunu tam incəlikləri ilə görə bilməyəcəksiniz. Bugünkü dünya şərtlərində hər hansı bir hökumətdən tələb olunan hansısa böyük uğurlara imza atmaq deyil. Sadəcə bir tələb var: geostrateji uğursuzluğa yol verməmək. Üç həyati əhəmiyyət daşıyan məsələmiz var: birincisi, pandemiya bəlasından ölkəni daha az iqtisadi və insani itkilərlə çıxarmaq; ikincisi, ölkənin savaş məkanına çevrilməsinə imkan verməmək, yəni xaricdən gələn təhlükələrdən qorunmaq; üçüncüsü isə daxili sabitliyi qorumaq. Fikrimcə, Azərbaycan hökumətinin fəaliyyəti dövlətimiz üçün ən azı bu üç həyati məsələdə uğursuzluğa yol vermədiyinə görə uğurlu sayıla bilər.

Məhz bu səbəbdən də məsələyə müxalifətçi baxış deyil, məsuliyyətli baxış sərgiləmək lazımdır. Ola bilsin ki, hörmətli Sabir Rüstəmxanlı bəzi deputatların çıxışının məzmunundan belə nəticə çıxarsın, ancaq düşünürəm ki, yetərincə maraqlı tənqidi çıxışlar da oldu. Sadəcə Konstitusiyada nəzərdə tutulan maddə imkan vermir ki, hökumətin hesabatını ən azı iki gün ərzində müzakirə edək və məhdud vaxt çərçivəsində deyə biləcəklərimizdən daha artığını gündəmə gətirmək mümkün olsun.

“İllərdir parlamentdə təmsil olunsam da, hökumət başçısı tərəfindən bu cür açıq, formallıqdan uzaq izahatın şahidi olmamışam”

- Müzakirələrdə xeyli təkliflər səsləndi və baş nazir Əli Əsədov səslənən fikirlərə diqqətlə yanaşılacağını bildirdi. Siz isə ölkədə maliyyə və mülkiyyət amnistiyasının elan olunmasını təklif etdiniz. Necə bilirsiniz, xüsusilə indiki həssas dönəmdə hakimiyyət nəhayət, bu addımı atacaqmı?

- Builki müzakirədə iki məqamı xüsusilə qeyd etmək istərdim. Birincisi, Milli Məclis sədri tərəfindən siyasi partiya təmsilçilərinə hətta növbə sıralamasını pozmaqla da olsa, söz verməsi idi. Bu, artıq Milli Məclisdə azlıqda olan partiyaların təmsilçilərinin fikirlərinə əhəmiyyət verilməsinin və parlamentdə çoxpartiyalılıq balansının qorunmasının müsbət təzahürləridir.

İkincisi isə baş nazir Əli Əsədovun kifayət qədər açıq, səmimi və parlamentin rəyinə ciddi dəyər verən formada açıqlama verməsi idi. İllərdir parlamentdə təmsil olunsam da, hökumət başçısı tərəfindən bu cür açıq, formallıqdan uzaq izahatın şahidi olmamışam. Bu üslubu hökmən davam etdirmək lazımdır ki, hökumətlə parlament arasında da səmərəli əməkdaşlıq imkanları yaransın. Məhz həmin iclasda qeyd etdiyiniz maliyyə və tikinti-əmlak amnistiyasının verilməsi barədə təklif irəli sürməyim səbəbsiz deyildi. Diqqət edirsinizsə, bunu mən birbaşa Ukraynadakı savaş və Rusiyadakı iqtisadi böhranla əlaqələndirdim. Böhran coğrafiyasını daha da genişləndirmək mümkündür. Əlverişli biznes mühiti, mülkiyyət toxunulmazlığının təminatı, bank kreditlərinin əlçatanlığı olmadığından, inhisarçılığın və ayrı-ayrı vəzifə imtiyazçılığının tuğyan etdiyi bir şəraitdə iş adamlarının çoxu sərmayəni daha liberal iqtisadiyyata sahib ölkələrə yönəldir. Üstəlik, bu iş adamı obrazında görünənlərin bir qismi də ölkədə sərvətini leqallaşdırmaqdan çəkinən məmurlarlardır və onlar da pullarını həmin ölkələrin iqtisadiyyatına yatırırlar. Nəticədə bunlar hamısı Azərbaycandan qaçan vəsaitlərdir və onları öz ölkəmizin iqtisadiyyatına cəlb etmək üçün sözdə deyil, real həyatda liberallaşmaya sürətlə təkan vermək lazımdır. Məhz bunun üçün atılacaq ilk addım maliyyə amnistiyası, ardınca kommunikasiya xətlərinin, strateji mühafizə zolaqlarının üzərindəkilər istisna olmaqla, qanunsuz tikililərin hamısının özəlləşdirilməsidir. Əlbəttə, eyni zamanda sərt şəkildə qanunvericilikdə bundan sonra bütün qanunsuz tikililərin yolverilməzliyi təmin olunmalıdır. O zaman milyona yaxın insanın problemləri yüngülləşəcək, büdcəyə xeyli özəlləşmə vəsaiti daxil olacaq, əvvəllər qanunsuz sayılan obyekt və torpaq sahələrində iqtisadi infrastruktur genişlənəcəkdir. Hökumətin iqtisadi islahat imitasiyasından vətəndaş fəaliyyətini canlandıracaq gerçək islahatlara başlaması bu gün daha ciddi həyati əhəmiyyət daşıyır.

-Qeyd etdiyiniz kimi, bu gün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə, baş verən fəlakətlərə yönəlib. Çoxlarının gözləmədiyi bu savaşın nəticələrini hesablayanda hansı qənaətə gəlirsiniz? Suriya və ya Əfqanıstan bataqlığına şahid olacağıq, yoxsa bütün bunlar tezliklə bitəcək?

- Ukraynaya qarşı savaş əslində Rusiyanın beynəlxalq hüquqa qarşı bənzərsiz savaşıdır. Ona görə də bütün Qərb ölkələri təhlükənin gələcək nəticələrini görərək Rusiyaya qarşı vahid cəbhədə yer aldılar. Rusiya Krımı işğal etmişdi, ardınca Donbas və Luqanskı də fərqli adlar altında öz nəzarətində saxlayıdı, buna Qərbdən də natamam və sistemsiz etirazlar, sanksiyalar var idi. Bu dəfə isə müstəqil bir dövlətin ərzazisinə daxil olub, onun paytaxtını ələ keçirib və mövcud hakimiyyəti dəyişib yerinə öz istədiyi şəxsi təyin etmək tarixdən tanış olan başqa qorxuları ABŞ və Avropanın yaddaşında təzələdi. Ona görə də istəyən də, istəməyən də bu antirusiya koalisiyasında yer almaqdan başqa bir alternativ görmədi. Birmənalı deyə bilərəm ki, Ukrayna Rusiya üçün hazırlanmış bataqlıqdır, burada qələbə imkanı yoxdur, bütöv bir xalq dirənişin içindədirsə, xaricdən də böyük dəstək alırlarsa, sona qədər dirənəcəklər. Burada Ukraynanı idarə edənlərin də vaxtında reallığı doğru oxumamasını vurğulamaq lazımdır. Savaşı öz ölkəsinin içinə soxmamaq üçün Ukrayna hakimiyyəti caydırıcı siyasət yürüdə bilmədi və böyük bir xalqın illərlə sağala biməyəcək faciə yaşamasını təmin etdi. Buraların Əfqanıstan və Suriya olacağı ehtimalları inandırıcı gəlmir, çünki Ukraynada fərqli bir xalq və fərqli dəyərlər vardır. Əslində bu gün həqiqətən də Ukraynada Avropa dəyərləri uğrunda savaşan bir cəmiyyət var. Həm də dünya tarixində heç vaxt insan camiəsinin böyük çoxluğunun bir dövlət üzərində rəğbətinin cəmlənməsini xatırlamaq çətindir. Yəni Əfqanıstan və Suriya yad, yabançı cəmiyyətlər statusundadır, Ukraynaya münasibətdə daha doğmalıq sezilir və onun məğlubiyyətinə imkan verməyəcəklər.

- Fazil bəy, sizcə, Putin ölkəsinin dünyadan təcrid olunmasına, bayrağının AŞ PA qarşısından endirilməsinə doğrudanmı biganədir və burada faciə görmür? Baş verənlər sizə nə deyir: Rusiya prezidenti ölkəsinin gücünü düzgün hesablaya bilmədi, yoxsa ətrafı tərəfindən düzgün məlumatlandırılmadı?

- Rusiya prezidenti hansısa məsələyə biganə deyil. Ölkəsinin gücünü də o bizlərdən daha dəqiq hesablayıb. Üstəlik də bütün mənbələrdən səhih məlumat alıb. Sadəcə, bu ideologiya xəstəliyi elə bir yaramaz şeydir ki, insanın real həyata gözlərini bağlayır. Ermənistan da bu xassənin daşıyıcısıdır. Cəmiyyətin siyasi və mədəni elitası özləri üçün müəyyən etdiyi xəyallarla milli ideya başlığı altında bütün cəmiyyəti yoluxdurur, ardınca bütöv bir xalq bunun girovuna çevrilir. Rusiyada da məhz siyasi və mədəni elitada SSRİ-nin vaxtilə malik olduğu ərazilərdə yaranan dövlətlərin müstəqilliyinə ironiya ilə yanaşanlar var və tarixin çarxını geriyə çevirməyin mümkünlüyünə inanırlar. Halbuki, bu dövlətləri Rusiya qorxutmadan keçmiş ingilis müstəmləkələrində olduğu kimi, öz mədəni təsirində saxlamaq imkanlarından daha çox mənfəət qazana bilərdi. Bu davranış tərzi həm də yalnız Putinin fərdi düşüncəsi ilə bağlı deyil. Rusiya cəmiyyətinin böyük əksəriyyətində tarix boyu torpağın münbitliyindən daha, çox genişliyinə maraq duyulur. Onlar öz imperiya təxəyyüllərinin içini mədəniyyətlə deyil, ərazi ilə doldurmaqdan zövq alırlar. Bu qədər ucsuz-bucaqsız əraziləri yetərincə məskunlaşdıra bilməyəsən, üstəlik də başqa ölkələrdə torpaq, ərazi axtarışına çıxasan! Məşhur filosof Berdyayevin vaxtilə geniş və dəqiq izahını verdiyi “Rus ideyası” hər yüz ildən bir bu ölkəni beləcə geriyə, təcridolunmaya itələyir.

“Müəyyən qanunvericilik təcrübəsi olan şəxslər “göydən zənbillə düşmüş” modabazlardan fərqli olaraq, vəzəfələrə təyin olunanda...”

- SSRİ-nin bərpasını düşünənlər Rusiyanın parçalanması sürprizi ilə qarşılaşa bilərmi, yoxsa dünyanın supergücü bunda maraqlı olmayacaq?

- Rusiyanın parçalanması da İranın parçalanması kimi ABŞ-ın işinə yaramır. Burada söhbət zəhərli dişin çəkilib atılmasından gedir. ABŞ-a gürzə dövlətlər deyil, koramal dövlətlər lazımdır. Rusiya həm də öz ərazi böyüklüyü ilə Çinə qarşı tarazlıq yaratma vasitəsi kimi düşünülür. Rusiyada əlbəttə ki, SSRİ-nin bərpasını arzulayanlar var. Ancaq SSRİ vəhşi bir bolşevik inqilabının meyvəsi idi. Belə bir ideoloji inqilab Rusiyada çətin ki, gerçəkləşsin. SSRİ-nin bərpasının ideoloji və iqtisadi əsasları olmadığından, burada söhbət ancaq bəsit və köntöy formalarda işğal siyasətindən gedə bilər. Bunu isə indiki dünyada gerçəkləşdirmək hamıdan təcridolunma deməkdir. Həm də müstəqilliyi ən ali dəyər olaraq görən xalqlarla amansız savaş deməkdir. Ukrayna hadisəsi göstərdi ki, bu təzyiqi sonadək yürütməyə Rusiyanın iqtisadi və hərbi potensial yetərli deyil.

- Bəs, biz Azərbaycana qarşı ədalətsizliyi davam etdirən təşkilatlar və dövlətlərlə necə davranmalıyıq, məsələn, Avropa Parlamenti ilə? 44 günlük haqq savaşımızda önümüzdə olanların, terroru və işğalı dəstəkləyənlərin bu gün Ukraynaya birmənalı dəstək verməsi sizdə hansı reaksiyalar doğurur?

- Bu təşkilatlar üçün həmişə həm dövlətlərin, həm də terrorçuların doğması və yadı olub. Avropa Parlamenti üçün, Avropa Şurası üçün erməni terrorçusu doğmadır, ona dəstək vermək lazımdır. Dövlət olaraq da Ermənistanı illər boyu işğalçı kimi tanımayanlar indi utanmadan işğalçılığın yaxşı hərəkət olmadığını söyləyib, Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Ona görə də bu qurumların davası prinsip davası deyil, rəğbət davasıdır.

Bunlar üçün hətta “Bayraqdar”ın da qatili və xilaskarı var. 44 günlük savaşımızda ölkəni işğaldan təmizlədiyimiz zaman erməni işğalçılarının başını əzən “Bayraqdar” haqqında alman mediası “Ərdoğanın qatil dronu” ifadəsini tirajlayırdı. İndi rus tanklarının qəniminə çevrilmiş “Bayraqdar”a isə “Ümidlərin silahı” tərifini verirlər. Ay, sizi gidi saxtakarlar!

Avropa Birliyinə üzvlük məsələsində illərdir qardaş Türkiyəni qapıda saxlayanlar Ukraynaya dərhal qapını açmağı düşünürlərsə, bunların ən tutarlı cavabı müstəqil siyasət yeritməkdir. Türkiyə də, Azərbaycan da haqlı olaraq bu ikiüzlülərin felinə uyub Rusiya ilə münasibətlərini pozmurlar. Üstəlik də prinsip olaraq Rusiyanın işğalçı siyasətinə qarşı da birmənalı mövqe sərgiləyərək, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər, bu ölkəyə humanitar yardım göstərirlər, savaşa son verilməsi üçün hər iki tərəflə təmaslarını davam etdirirlər.

- Reallıq budur ki, Azərbaycan növbəti dəfə qaçqınlar ordusu ilə üz-üzə qala bilər, bu dəfə Rusiya və Ukraynadan. Pandemiya və müharibənin xeyli zərər vurduğu ölkə iqtisadiyyatının dirçəldilməsi də çətin görünür. Siz mövcud durumda konkret nələr təklif edirsiniz? Hansı addımlar atılmalıdır ki, dövlət və vətəndaş ağır sınaqlarla üz-üzə qalmasın? Müxalifət partiyası olaraq təkliflər paketiniz varmı?

- Ukrayna və Rusiyadan məlum səbəblərə görə ölkəmizə ciddi sayda vətəndaşlarımızın və soydaşlarımızın qayıdışı gözlənilir. Bu, birinci növbədə sosial gərginlik deməkdir. Məhz indidən sosial gərginliyin azalması üçün təxirəsalınmaz addımları atmaq zəruridir. İlk öncə özəl biznesin önünü açmaq, sahibkarın öz zəhməti və qabiliyyəti ilə pul qazanmasına, iş yerləri açmasına, məşğulluğun yükünü üzərinə götürməsinə imkan yaradılmalıdır. İkincisi, məhkəmə ədalətindən tutmuş, kadr seçimindəki ədalətliliyə insanların inamını qaytarmaq vacibdir. Ən başlıcası da cəmiyyətdən gələcək bütün təklifləri dinləyib, araşdırıb dəyərləndirən mexanizm qurulmalıdır. Məhz bu mexanizm olmadığına görə, mən bilərəkdən təkliflər paketi ilə bağlı sualı cavablandırmaqdan yayındım. Çünki müxalifət partiyalarının, vətəndaş cəmiyyəti təmsilçilərinin ölkəmiz üçün maraqlı və faydalı olan çoxlu ideyaları, fikirləri, təklifləri olduğunu bilirəm. Kimsə dinləyəcəksə, kimsə oxuyacaqsa, kimsə diqqətə alacaqsa, çəkinmədən bunu səsləndirərlər. Hələ ki, havaya deyilənlərin hansısa məqamlara çatması üçün hər şey küləyin insafına qalıb.

Ancaq obyektivlik naminə bildirim ki, ölkədə səmimi siyasi dioloqun yaranması və partiya demokratiyasının inkişafı ilə bağlı Prezident Adminstrasiyasının bu sahəyə məsul şöbə müdiri Ədalət Vəliyevin faydalı təşəbbüsləri və çalışmalarının müsbət nəticələr doğuracağına ümidim böyükdür.

- Bu günlərdə daha bir deputat həmkarınız vəzifə təyinatı ilə əlaqədar mandatını təhvil verdi. Sizcə, Milli Məclisdə boş qalan yerlərlə bağlı seçkilərin keçirilməsi aktual deyilmi?

- Milli Məclis üzvlərinin, xeyli müddət dövlət orqanlarından çalışmış təcrübəli məmurların yuxarı icra orqanlarındakı vəzifələrə təyinatı əslində prinsip olaraq doğru addımdır. Müəyyən qanunvericilik təcrübəsi olan şəxslər “göydən zənbillə düşmüş” modabazlardan fərqli olaraq, vəzəfələrə təyin olunanda qanunun tələblərinə daha çox əməl etməyə meyilli olurlar və vətəndaş qarşısında borcunu daha ciddi şəkildə anlayırlar. Hər halda, parlamentdən miqrasiya, diaspora, məcburi köçkünlərlə iş kimi qurumlara, habelə Yasamal rayon icra hakimiyyətinə transfer olunan kadrların ölkə prezidentinin uğurlu seçimi olduğunu söyləyə bilərəm.

Fikrimcə, boş qalan yerlərlə bağlı seçkilərin keçirilməsi barədə də qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Pandemiya şərtləri ortadan qalxdıqıqdan sonra düşünürəm ki, bu məsələ ilə bağlı qərar qəbul oluna bilər.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR