İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyyub Kərimli: “Rusiya-Ukrayna müharibəsi bitməsə, çörək yenə bahalaşa bilər”

1074 31.08.2022 10:50 İqtisadiyyat A A

“Dövlət alternativ buğda idxalını təmin etməlidir”

Azərbaycanda yenə də unun, çörək məhsullarının qiymətində bahalaşmanın olacağı proqnozları verilir. Ekspertlər bildirir ki, son bir ildə çörək məhsullarının qiymətində nəzərəçarpacaq artım müşahidə edilib.

Qeyd edilir ki, buğda unundan bişirilən çörəyin kiloqramının dəyəri bir il əvvəl 85 qəpik olduğu halda bu ilin avqustun əvvəlində 1,17 manata yüksəlib. Son bir ildə buğda çörəyinin dəyərinin 32 qəpik, yəni 38 faizə yaxın yüksəlməsi müşahidə edilib. Qarışıq undan bişirilən çörəyin kiloqramının qiyməti 1,13 manatdan 1,48 manata qədər artıb. Ötən bir ildə qiymət fərqi 35 qəpik və ya 31 faiz təşkil edib. Çovdar unundan hazırlanan qara çörək isə 1,25 manatdan 1,8 manata kimi bahalaşıb. Çovdar çörəyində qiymət artımı 55 qəpik, yəni 44 faiz olub. Avqust ayında artan qiymətləri də nəzərə alsaq, belə görünür ki,  hələ qiymət artımları davamlı olacaq.

İlin əvvəlində bəzi ekspertlər çörəyin iki manata qədər bahalaşacağı ilə bağlı proqnozlar verirdilər. Yaxın gələcəkdə bu proqnozlar özünü doğruldacaqmı? Nə kimi qabaqlayıcı addımlar atılmalıdır?

Eyyub Kərimli 

İqtisadçı-ekspert Eyyub Kərimli “Yeni Müsavat”a mövzu ilə bağlı bunları dedi: “Hazırda dünyada gedən siyasi proseslər və onların iqtisadi proseslərə təsirini proqnozlaşdırmaq çətindir. Dünyanın maliyyə qurumlarının rəhbərləri - dünən Federal Ehtiyatlar Sisteminin sədrinin danışıqları, həmçinin BMT-nin baş katibinin çıxışları onu deməyə əsas verir ki, dünyada ərzaq böhranı və qıtlığı genişlənir. Sözsüz ki, bu da ərzaqların qiymətinə təsirini göstərir.

Rusiya-Ukrayna arasında gedən müharibə taxılın qiymətinə və digər ərzaqların qiymətinə mənfi təsir göstərir. Bizdə taxılın, unun qiyməti artırılandan sonra informasiya yayıldı ki, Ərdoğanla Zelenski razılığa gəliblər və Ukraynadan buğda çıxarılmasına razılıq verilib, dünya birjalarında buğdanın qiyməti 8 faiz aşağı enib. Lakin bu da öz təsirini göstərmədi. Məlumat olaraq qaldı. Bundan sonra BMT-nin və FED-in rəhbərləri açıqlamalarla çıxış etdilər ki, dünyada böyük ərzaq böhranı gözlənilir. Bunun üçün də insanlar, dövlətlər hazırlıqlı olmalıdır.

Hesab edirəm ki, çörəyin gələcəkdə qiyməti bu məsələlərin həllinə bağlı olacaq. Bununla belə, qeyd edilməlidir ki, bu gün dünyada taxıl qıtlığı yaşanmır. Çünki statistik göstəricilər onu deməyə əsas verir ki, dünyada tələb olunan qədər taxıl istehsal olunub. İstehsalda azalma yoxdur. Sadəcə, çatdırılma problemi var. Bu da Rusiya-Ukrayna arasındakı müharibə ilə bağlıdır. Çünki Rusiya buğdasını sanksiyalarla bağlı bəzi ölkələrə sata bilmir. Həmçinin Ukraynadan da buğda çıxarılmasına maneçilik törədir. Yəni bundan təzyiq aləti kimi istifadə edir. Rusiya-Ukrayna müharibəsi bitməsə, çörək daha da bahalaşa bilər. Müharibənin nəticəsi həm də taxılın qiymətinin dəyişib-dəyişməyəcəyinə təsir edəcək".

Ekspert qeyd edib ki, artıq hökumət müəyyən proseslərə start verib: “Hökumət əkin sahələrini genişləndirir. Buna baxmayaraq, bizim idxaldan asılılığımız qalacaq. Hətta nəzərdə tutulan tədbirlər həyata keçsə də, ölkəmizin yenə də taxıl idxalından asılılığı olacaq. Çünki yenə də torpaq və iqlim şəraitimiz imkan vermir ki, biz taxıl əkək. Hesab edirəm ki, dövlət bununla bağlı alternativ addımlar atmalıdır, alternativ buğda idxalını təmin etməlidir. Yaxşı olar ki, rəqabətlilik genişləndirilsin. Yəni idxal kanalları daha da şaxələndirilsin ki, rəqabətlilik yaransın. Bununla da ölkədə taxılın qiymətinin artmasının qarşısı alınsın.

Bütün dünyada hazırda bu proses gedir. Bizdə həm də israfçılığın qarşısı alınmalıdır. Çünki bizim ölkə çörəyi digər ölkələrdən daha çox istehlak edir. Bəzən kəndlərdə, rayonlarda qalaq-qalaq çörəklərin kənara qoyulduğunu, zibilliyə atıldığını görürük. İnsanlar da qənaətcil olarsa, israfçılığın qarşısı alınar".

Qeyd edək ki, Azərbaycan yaxınmüddətli dövrdə özünü buğda ilə təhlükəsiz həddə təmin etməyi hədəfləyir. İyulun 19-da Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən  ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR