İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evlilik ömrü qısaldır” iddiasına reaksiya

777 21.02.2024 08:13 Yaşam A A

Psixoloq Vəfa Rəşidova: “Əslində evlilik çox gözəl haldır, amma...”

Bineyi-qədimdən insanlar uzunömürlü olmağa çalışıblar. Bunun qeyri-irsi (genetik) yollarını arayıblar. Eyni zamanda uzunömürlü insanların həyat tərzi, qidalanması, yaşadığı mühitlə maraqlanıblar. Hazırda tibdə bu problemlə gerontologiya elmi məşğul olub.

Bu arada ABŞ sakini Jenni Libertini 109 yaşını qeyd edib. Qadının rəfiqəsi isə iddia edib ki, Libertininin uzun yaşamasının sirri ərinin olmamasıdır. “30 ildir boşanıb, heç bir stressi yoxdur”. Və əlavə edib: “Qadınları qocaldan evlilikdir”.

Bəs doğrudanmı evlilik ömrü qısaldan amildir?

İngiltərə alimlərinin araşdırmalarına görə, evlilik kişilərin ömrünü uzadır, qadınların isə ömrünü qısaldır. Belə ki, London İqtisadiyyat Məktəbində çalışan davranış elmləri üzrə mütəxəssis Paul Dolanın son araşdırmasına görə, ən xoşbəxt və ən uzunömürlü qadınlar subay və uşaqsız qadınlardır.  

Paul Dolanın fikrincə, kişilər evlilikdən daha çox faydalanır, çünki bu, həyatlarına nizam gətirir. Belə ki, evli kişilər daha yaxşı qidalanır, daha az risk alır və daha çox pul qazanırlar.

Bundan əlavə, evli kişilərdə tənhalıq, çarəsizlik kimi mənfi hisslər olmadığı üçün həyat keyfiyyətini aşağı salan stress və digər psixoloji problemlərdən uzaq olurlar.

Dolan deyir ki, evlilikdə ən çox məyus olanlar qadınlardır. Xüsusilə uşaqların gəlişi ilə gələn əlavə məsuliyyətlər qadınları daha stressli həyata sürükləyir. Subay qadınlar isə özlərini təkmilləşdirəcək və stressi azaldacaq fəaliyyətlərə daha çox vaxt ayıra bilərlər.

Vəfa Rəşidova: “Psixoloq bir güzgü rolunu oynamalıdır” – Medianews

Vəfa Rəşidova 

Mövzu ilə bağlı tanınmış psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb: “Evliliyi qurarkən baxmaq lazımdır ki, sənin bu evlilikdən hansı gözləntin var idi. Bəlkə bəzi insanlar düşünür ki, evlilikdə hər gün "toy-bayram" olur? Bu cür düşünən insan ailə quranda artıq özünü qocalmış hiss edə bilir, çünki gözləntiləri özünü doğrultmur.

Və yaxud elə insanlar var ki, onlar ümumiyyətlə ailə üçün yaranmayıblar, onlar tək yaşamalıdırlar. Ola bilər ki, hekayədə təsvir olunan qadının həyatı elə onlara aiddir.

İlk öncə ona baxmalıyıq ki, evlilik anlayışını necə anlayırıq, yalnız bundan sonra hansısa fikir bildirə bilərik. Əgər şəxs evlilikdə öz həyatını yaşaya bilmirsə, özünə hörməti azdırsa, qarşı tərəfi böyük, özünü isə çox kiçik görürsə, bəli, bu evlilik şəxsi qocalda bilər.

Bir çox ailələrdə bəzən qarşı tərəfi çox böyük görürlər, həmin evliliklər insanı qocaldır. Çünki insanın şəxsi, sosial həyatı olmur, qarşıdakı insana görə öz sevdiklərindən, məşğuliyyətlərindən keçir, özünü unudur, özündən keçir, əlbəttə ki, bu evliliklər insanı qocaldır.

Əslində evlilik çox gözəl haldır. Amma əgər sən o evliliyi gözəlləşdirə bilmirsənsə, həddən artıq fədakarsansa, sağlamlığın gedirsə, bu artıq evliliklə deyil, özünü tükəndirməklə bağlıdır. Nəticədə həmin insanlarda həyata nifrət yaranır, ailədə söz-söhbətlər qızışmağa başlayır və məsələ boşanmağa qədər gedib çıxır.

Evlilik ilk öncə sağlamlığın təməli, başlanğıcı deməkdir. Belə ki, evlilikdə seksual həyat daha intensiv olduğuna görə insan daha cavan qalır. Amma sevgisiz qurulan ailədə artıq sağlamlıqdan söhbət gedə bilməz. Çünki burada sevgidən daha çox kin-küdurət, neqativlik olur. Ona görə də insanlara tövsiyə edilir ki, evlənərkən az da olsa bir-birinizə qarşı sevgi olsun və sonra hörmətdən bu sevgi daha da böyüsün. Bu gün bu məsələyə diqqət edən yoxdur, əksinə, evliliyə “hesab-kitab” kimi baxanlar çoxdur. Əlbəttə ki, evliliyə bu cür fikirlə yanaşan insanların sağlamlıqlarına pis təsir edəcək. Ümumiyyətlə, bu cür münasibətlərin təməlində bir xəstəlik dayanır.

O ki qaldı tənhalığın mənfi və müsbət tərəflərinə, bu, məsuliyyətlə bağlı ola bilər. Belə ki, tənhalıq bir yerə qədər möhtəşəmdir, insana zövq verir, amma insan artıq yaşlaşanda tənha qala bilmir, qorxuları başlayır. Xeyli sayda insan var ki, həyat yoldaşı, övladları yanındadır, amma yaşlıqla əlaqədar evdə tək qala bilmir, qorxur, stress, həyəcan, təşviş keçirir. Beləliklə, yaşlandıqca, ortaya müəyyən problemlər çıxdıqca tənhalığın “dadı-duzu” qalmır.

Tənhalığın müsbət tərəfi budur ki, insanın məsuliyyəti az olur. Məsələn, ailə, övlad, büdcə məsuliyyəti ağır olmur. Amma evlilikdən sonra bu məsuliyyət artır və buna normal yanaşmaq lazımdır. Bu məsuliyyət qarşılıqlı olanda insan nə yorulur, nə də tənhalıq axtarır, çünki bərabərlik olur. Amma təəssüf ki, bu gün bir çox ailələrdə qeyd olunan bu bərabərlik yoxdur. Ona görə də insanlar düşünür ki, evlilik insanı qocaldır. Sadəcə, bir daha qeyd edirəm ki, evliliyi gözəl yaşamaq lazımdır".

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR