İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlərin və bağların aylıq kirayəsi bahalaşdı - 300-dən 3 min manata...

1296 03.06.2022 08:30 Sosial A A

Bölgələrdə də artıq bağ evlərinin qiymətləri kəskin artıb

Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti artıb. Bu barədə “MBA Consulting Group” şirkətindən məlumat verilib. Belə ki, aprel ayı ərzində fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 2,51 faiz bahalaşıb. Bahalı evlərin kirayə qiyməti 2965 manat, orta evlərin kirayə qiyməti 834 manat, ucuz evlərin kirayə qiyməti isə 299 manat təşkil edib.

Fərdi yaşayış və bağ evlərinin kirayə haqqının bahalaşması yay fəsli ilə bağlı bu evlərə olan tələbatın artması ilə əlaqələndirilir. Maraq isə daha çox həyəti böyük və ən əsası içərisində hovuz olan evlərədir. Belə evlərin qiyməti də digərlərinə nisbətdə daha bahadır. Son illər əhali arasında bağ evlərində daimi yaşayanların sayı artıb. İnfrastruktur inkişaf etdikcə, insanlarda bağda yaşamağa maraq yaranıb.  İnfrastruktur imkanlarının artması, kommunal problemlərin aradan qalxması bağ evlərində yaşayan insanların sayının ildən-ilə artmasına gətirib çıxarır. Ona görə kirayə bağ evləri tapmaq da əvvəlki kimi asan deyil.

Ekspertlərin sözlərinə görə, bağ evləri əvvəllər Novxanı istiqamətində daha çox olurdu. Amma  indi  Mərdəkan, Buzovna, Şağan, Şüvəlan və Bilgəh tərəflərdə evlər artıb. Evlərin kirayə qiyməti əsas olaraq infrastrukturdan asılıdır. Yerləşdiyi yer, yol, kommunal şəraiti, dənizə yaxınlığı, həyətində hovuzun, avtomobili saxlamaq üçün yerin olması qiymətə təsir edən amillərdir. Daha sonra evin daxilindəki şərait əsas götürülür.

Rusiya-Ukrayna müharibəsinin də bağ evlərinin qiymətinin artmasına təsir edəcəyi ehtimal edilir. Müharibəyə görə rusların Avropaya çıxışına məhdudiyyətlərin qoyulması daha çox turistin buraya gəlməsini reallaşdırır ki, bu da bağ evlərinə tələbatın artmasına və bahalaşmaya səbəb ola bilər.

Mənzillərin təmirsiz satışı niyə təhlükəlidir - ekspert şərhi - 12.09.2019,  Sputnik Azərbaycan

Elnur Fərzəliyev 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a qeyd edib ki, hər il ənənəvi olaraq yay aylarında - iyundan başlayaraq avqust ayının sonuna kimi bağ evlərinə tələbat artır: “Yayda orta məktəblərin bağlanması, yaxud insanların məzuniyyətə çıxma səbəbindən bağ evləri kirayələyərək mövsümü orada keçirməyə çalışırlar. Əvvəlki illərdə bu sahəyə maraq daha çox idi. Quru sərhədlər açıq olanda xarici, xüsusən də Rusiyada yaşayan azərbaycanlıların, turistlərin ölkəmizə gəlməsi bağ evlərinin kirayələnməsinə səbəb olurdu. Bağ evlərinin daha çox bahalaşması tendensiyası pandemiya dönəmində qapanmalar zamanı oldu. İmkanı olan şəxslər maksimum dərəcədə həyət, bağ evi kirayələməyə çalışırdılar ki, karantin dövrünü başa vura bilsinlər. Eyni zamanda əvvəllər insanlar daha çox Bakıətrafı kəndlərdə bağ evləri kirayələyirdilər, indi isə fərqlidir. Son illərdə artıq daxili turizmin inkişaf etməsi və insanların digər turistik zonalara gedib-gəlməsi səbəbindən vətəndaşlar artıq paytaxtda deyil, daha çox bölgələrdə evlər kirayələyirlər. Çünki Bakıda evlər yerləşən ərazilər həddən çox sıxdır, yüklənib. Yaşıllıq ərazi demək olar ki, qalmayıb. Dənizin böyük hissəsi müxtəlif şəxslər tərəfindən hasarlanaraq zəbt olunub. Dənizə çıxış da məhdud sayda olduğuna görə artıq insanlar çalışırlar ki, yay aylarının istirahət dövrünü Bakıda deyil, daha çox təbiətin qoynunda keçirsinlər. Bölgələrdə də bağ evlərinin qiymətləri kəskin artıb. Gündəlik qiymətlər demək olar ki, Bakı qiymətinə gəlib çatıb və tələbat da həddən çoxdur. Ölkəyə gələn turistlər yay mövsümündə bağ evlərini paytaxtda deyil, həmin turistik zonalarda kirayələməyə çalışırlar. Qış aylarında isə bu evlər boş qalır, ən minimum qiymətə kirayəyə verilir”. 

Ekspert qiymətlərin kəskin bahalaşmasından da danışdı: “Qiymətlər əlçatan deyil. Minimum əmək haqqı ilə yaşayan bir ailə üçün bağ evini kirayələyib istirahət etmək əlçatan olmur. Tək imkanlı şəxslər üçün deyil, imkanı aşağı olan insanlar üçün də hansısa formada yayda istirahət düşünülməli, təşkil edilməlidir. Əvvəllər azyaşlılar üçün yay düşərgələri təşkil olunurdu. Müəssisələrin istirahət yerləri var idi ki, vətəndaşları ora ”putyovka" ilə göndərirdilər. İndi də bu formada digər şəxslər üçün də əlçatan nələrsə hazırlanmalıdır. Hər bir insanın haqqıdır ki, yayda istirahət edə bilsin. Bu gün aylıq 300 manat maaş alan ailə başçısı heç bir halda yayda hansısa ərazidə, hətta 3 gün belə qala bilməz..."

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR