İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ətrafı Putini aldadıb. O, intihar da edə bilər…” –İrandakı keçmiş səfirimizlə MÜSAHİBƏ

6034 16.03.2022 14:42 Müsahibə A A

Gündəm.az-ın suallarını Azərbaycanın Tehrandakı sabiq səfiri, tarixçi alim Nəsib Nəsibli cavablandırıb.

- Nəsib bəy, Rusiyanın Ukraynada apardığı müharibə artıq 2 həftədən çoxdur ki, davam edir. Ukraynadan gələn məlumatlara görə, Rusiya ordusunun irəliləməsinin qarşısı alınıb. Sizcə, müharibə Rusiyanın planı üzrə gedir, yoxsa rus ordusu gözlənilməz “sürprizlərlə” qarşılanıb?

- Ukraynanın bu şəkildə dirəniş göstərməsi təkcə Rusiyanı deyil, bütün dünyanı təəccübləndirir. Putin Ukrayna ordusunun ona belə bir zərbə vuracağını gözləmirdi. Ukrayna ordusu, xalq qəhrəmancasına və peşəkarcasına rus hərb maşınının qarşısını alır. Bu mənada Rusiyanın müharibəsi plan üzrə getmir. Amma Putin dünyanı qorxu altında saxlamağı bacarıb. Söhbət nüvə və digər kimyəvi silahlardan istifadə hədələrindən gedir.

- Belə çıxır ki, Rusiyada Ukraynaya qarşı döyüş əməliyyatı planını hazırlayanlar nədəsə səhv ediblər və ya Putini aldadıblar?

- Müharibədən öncə hər kəs bildirirdi ki, Rusiya ordusu qısa zaman ərzində Kiyevi tutacaq, Zelenski təslim olacaq və s. Bu qədər ciddi dirənişin olacağını xəyal etmirdilər. İndi əksər ekspertlər belə hesab edir ki, Rusiya savaşın planlanmasında çox ciddi yanlışlıq edib. Ya da Putinə çox yanlış məlumatlar verilib. Bunun siyasi, hərbi tərəfləri var. Həmçinin Ukraynanın daxili vəziyyətilə bağlı yanlış dəyərləndirmələr olub.

- Necə hesab edirsiniz, Putin uğursuzluğun heyfini çıxmaq üçün nüvə silahına əl ata bilərmi?

- Putindən nə desən, gözləmək olar. 21-ci əsrdə müstəqil bir ölkəyə müharibə elan edən, onun şəhərlərini yer üzündən silən biri daha nələrə əl atmaz ki...Əslində bütün dünyanı səksəkəyə salan da məhz elə budur. Hər kəs bundan ehtiyat edir. Nüvə silahından ehtiyat etməməyin özü dəlilikdir. Ukraynanın özü də təhlükəni nəzərə almaq məcburiyyətindədir.

- Putinin bu müharibədə tək məqsədi Ukrayna ilə bağlı irəli sürülən bəlli tələblərin qəbul edilməsidir, yoxsa SSRİ imperiyasını başqa adla bərpa etməkdir?

- Putin özü müsahibələrində qeyd edib ki, SSRİ-nin dağılmasını səhv hesab edir. Bildirib ki, əgər o zaman hakimiyyətdə özü olsaydı, SSRİ-nin dağılmasının qarşısını alardı. Ukraynadan sonra növbə Moldova, Qazaxıstan da ola bilər, Cənubi Qafqaz da. Yəni Rusiya imperiya maraqlarının təmin edilməsi üçün addımlarını atır. Allah eləməsin ki, rus imperiyası yenidən yaransın. Açığı mən bu variantı heç düşünmək belə istəmirəm. Rusiya dünyanın siyasi xəritəsini dəyişmək istəyir.

- Deməli, bizim taleyimiz bu gün Ukraynada həll olunur?

- Təbii. Bu, birmənalı elədir. Hətta mən qeyd etmişəm ki, Qarabağın taleyi Ukrayna müharibəsindən sonra birdəfəlik həll oluna bilər.

- Bu gün dünyanın aparıcı ölkələrində Rusiya vətəndaşlarına, rus mədəniyyətinə qarşı kampaniya aparılır. Hətta Dostoyevski kimi rus klassiklərinin kitablarından imtina edilir. Bunu necə dəyərləndirirsiniz?

- Bütün bunlar rus imperializminə qarşı münasibətdən doğur. Siz Dostoyevskidən imtina məsələsinə toxundunuz. Mən ondan çoxdan imtina etmişəm. Dostoyevski məktubların birində yazır ki, ruslar tatarları (türkləri) ya içlərində əritməlidirlər, ya da qırıb qurtarmalıdırlar. Bu cür yazıçıdan mən çoxdan imtina etmişəm. Əlbəttə ki, Lev Tolstoy başqadır. Hər bir millətin ədəbiyyatı ilk növbədə özünə xoşdur və bəşər mədəniyyətinin bir hissəsidir. Amma niyə indi rus tələbələrə, mədəniyyət işçilərinə təzyiq göstərilir? Avropa ruslara deyir ki, öz hakimiyyətinizə təzyiq göstərin, Putin rejiminə etiraz edin. Putinin dostu dirijor Valeri Gergievin konsertini Avropada ləğv ediblər.

Gergievə deyiblər ki, Putinin əməlini pislə, ondan imtina et və əvəzində Münhen Filarmoniyasının baş dirijoru vəzifəsində qalıb, işlə. Nyu-Yorkun Karnegi Hall konsert salonu da Gergievin konsertini ləğv edib. Məncə, düz edirlər. Sən həm Putinin faşist əməllərini dəstəklə, ya da sus, həm də Avropada fəaliyyətini davam etdir. Sanksiya siyasətinin məntiqi odur ki, müstəqil bir ölkəyə hücum edən, dinc insanları qətlə Putinə görə onun bütün yaxınları, tərəfdarları əziyyət çəksin.

- İndi həmçinin bütün diqqətlər Putinin gələcək taleyinə yönəlib? Sizcə, Putini nə gözləyir, intihar, qətl yoxsa çeviriliş?

- Bu, çox aktiv müzakirə olunan məsələdir. Rusiya nə vaxt başqa bir ölkəyə hücum edibsə, orada çevrilişlər olub. 1905-ci ildə Yaponiyaya qarşı müharibəni uduzdu və birinci rus inqilabı oldu. 1917-ci ildə Birinci Dünya Müharibəsini uduzdu. Oktyabr çevirilişi oldu. Əfqanıstan müharibəsi SSRİ-nin sonunu gətirdi. 2022-ci ildə Ukraynaya hücumun Rusiya üçün hansı fəsadlara gətirib çıxaracağını zaman göstərəcək. Putin ağılsız hikkəsinin nəticəsində çıxılmaz yola girib. Putin Rusiyanı sevirsə, intihar edə bilər. Ya da onun ətrafındakılar nəsə qərar qəbul etməlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR