İnsanlara hürriyət, millətlərə istiqlal!

Ət istehsalı azalır, xaricdən idxal artır...

1476 24.05.2019 10:10 İqtisadiyyat A A

Ekspert: “Məhsuldarlıq, emal, yemləmə və elmi-seleksiya sahələrində ciddi problemlər var”

Azərbaycanda aqrar sektorun iki mühüm sahəsindən biri olan heyvandarlığın inkişafı istiqamətində müəyyən işlər görülür. Belə ki, dövlət xaricdən cins heyvanların alınaraq güzəştli qiymətlə fermerlərə satılmasına dəstək verir. Xaricdən gətirilən hər heyvanın dəyərinin 60 faizi dövlət tərəfindən ödənilir,  qalan 40 faizi isə güzəştli kreditlə fermerlərə satılır. Bundan əlavə, dövlət heyvandarlıqda cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanmanın genişləndirilməsini stimullaşdırır. 2017-ci ildə süni mayalanma yolu ilə əldə olunan buzovlara görə sahibkarlara 4.5 milyon manat, 2018-ci ildə isə 6.0 milyon manat subsidiya verilib. Bu 6 milyon manatın 0.7 milyon manatı 2017-ci ildə döğulmuş buzovlara görədir.

2008-2018-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC tərəfindən 30356 baş iribuynuzlu və 5947 baş xırdabuynuzlu heyvan alınaraq 50 faiz güzəştlə fermerlərə satılıb. Buna 115,2 milyon manat sərf olunub. Bu ilin əvvəlindən isə heyvanların alınıb-gətirilməsi özəl şirkətlərə həvalə edilib.

Bunlardan əlavə, 2018-ci ilədək 30-a yaxın kommersiya bankı tərəfindən sahibkarlara iribuynuzlu və xırdabuynuzlu heyvandarlığın inkişafı üçün 290 milyon 321 min manat kredit verilib. Həmin dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 iribuynuzlu heyvandarlıq kompleksinin, 1 xırdabuynuzlu heyvandarlıq təsərrüfatının, 9 ət kəsimi və emalı müəssisəsinin, 10 süd emalı müəssisəsinin, 49 damazlıq yumurta və broyler təsərrüfatının yaradılması dəstəklənib.

Bütün bu dəstək tədbirlərinə baxmayaraq, heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan olduğunu söyləmək mümkün deyil. Belə ki, xaricdən heyvan, həm də heyvandarlıq məhsullarının idxalı artır. Dövlət Statistika Komitəsinin məlumatına görə,  2017-ci ildə Azərbaycana 83 min 954 baş damazlıq üçün nəzərdə tutulmayan digər diri iribuynuzlu heyvanlar (25 milyon 250.92 min  dollar dəyərində), 131 min 867 baş diri qoyunlar (7 milyon 834.6 min dollar dəyərində) gətirilib.  2018-ci ildə isə ölkəyə 114 min 183 baş(314 milyon milyon 3,53 min dollarlıq) digər diri iribuynuzlu heyvanlar, 108 min 595 baş diri qoyunlar(7 milyon 134,01 min dollarlıq) idxal olunub.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ötən ilin yanvar-aprel aylarında Azərbaycana 19 milyon 357.37 min dollarlıq 13 min 465.86 ton ət, 3 milyon 308.65 min dollarlıq 2 min 269.08 ton süd idxal olunmuşdusa, bu ilin dörd ayında 23 milyon 796.57 min dollarlıq 16 min 677.73 ton ət, 3 milyon 767.88 min dollarlıq 2 min 733.90 ton süd idxal olunub.

İdxalın artması ölkə üzrə mal-qara və qoyun sayının azalması ilə müşayiət olunur. Belə ki, rəsmi statistikaya əsasən 2018-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 684 052 baş olub. Bu ilin eyni dövründə isə mal-qaranın sayı 2 672 688 başa düşüb. Ötən ilin birinci rübünə ölkədə 8 659 202 baş qoyun və keçi olubsa, bu ilin eyni dövrü üzrə bu say 8 563 745 başa qədər azalıb.

xaricdən ət ile ilgili görsel sonucu

Heyvandarlıqda əsas problem: məhsuldarlıq

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirlinin “Yeni Müsavat”a dediyinə görə, heyvandarlıq sahəsində bir sıra problemlər var: “Bu gün baş sayına görə Azərbaycanda iri və xırdabuynuzlu mal-qara sayı normal həddədir. Lakin məsələ burasındadır ki, SSRİ dağılandan sonra uzun illər ərzində elmi-seleksiya işlərinin aparılmaması, intensiv texnologiyaların tətbiq olunmaması nəticəsində damazlıq sahəsində ciddi problem yaranıb. Bu gün biz damazlıq heyvanları xaricdən alıb gətiririk, ölkəmizdə damazlıq potensialı yarada bilməmişik. Damazlıq sırf elmi seleksiya və elmi təyinatlı bir sahədir. Dünya təcrübəsi belədir ki, elmi seleksiya işləri bütünlüklə elmi tədqiqat institutları üzərindən həyata keçirilir. Belə institutlar fərdi təsərrüfatlara malik olurlar, orada cinslərin tərkibini yaxşılaşdırır, yeni cinslər yaradılır və onlar məhsuldarlıq göstəricilərinə çatdırdıqdan sonra digər təsərrüfatlara satılır. Beləliklə də məhsuldarlıq göstəriciləri yüksəldilir”.

Nicat Nəsirli ile ilgili görsel sonucu

Mütəxəssis bildirir ki, Azərbaycanda bu gün heyvandarlıqda məhsuldarlıq göstəriciləri çox aşağıdır: “Məsələn, dünyada bir qaramaldan bir il ərzində 10-12 ton süd əldə olunursa, bizdə bu, 1,5-1,8 tondan yuxarı deyil. Ətə gəlincə, dünyada 5 aya bir xırdabuynuzlu heyvandan 35-40 kq ət əldə edilirsə, bizdə buna 8-12 aya nail olunur. Bu, o deməkdir ki, bizdə həm ət, həm südlə bağlı intensivlik təmin olunmalıdır. Məhsuldarlığı aşağı salan amillərdən biri də bizdə heyvandarlığın sırf otarma prinsipi üzərində qurulmasıdır. Heyvanlar yem əldə etmək üçün uzun məsafə qət etməli olurlar, nəticədə, böyük enerji itkisinə məruz qalırlar. Bu isə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Bundan əlavə, ölkədə örüş-otlaq yerləri də məhduddur: bir tərəfdən, xeyli böyük otlaq əraziləri işğal olunub, qalan sahələr isə illər boyu davamlı olaraq otarıldığına görə bitki örtüyünün keyfiyyəti kəskin pisləşib. Dünyada bunun baş verməməsi üçün əvvəla, qapalı bəslənmə rejiminə üstünlük verilir. Bunun üçün bəslənmə vasitələri - yemçilik inkişaf etdirilir. İkinci tərəfdən isə otarma zamanı növbəlilik prinsipinə üstünlük verilir. Yəni bir ərazi bir il otarılır, gələn il əkin altına verilir. Bizdə isə həm əkinçilikdə, həm də heyvandarlıqda eyni ərazidən uzun illər boyu eyni məqsədlə istifadə olunduğuna görə torpağın münbit qatı tezliklə sıradan çıxır. Eyni zamanda heyvanların orta məhsulvermə ömrü də kəskin azalır. Bir inək 5-6 baladan sonra sıradan çıxır, halbuki dünyada bu göstərici 10-12 bala hesab olunur. Bütün bunlar isə heyvandarlıqda məhsuldarlığın kəskin azalmasına səbəb olur”.

N.Nəsirlinin sözlərinə görə, dünyanın 126 ölkəsində elmi-tədqiqat institutları şəbəkəsi yaradılıb: “Bu institutlar müxtəlif cinslərin məhsuldarlığını ildən-ilə yüksəltməyə nail olurlar. Biz də damazlıq heyvanları onlardan alırıq. Azərbaycanda bitkiçilik sahəsində toxumçuluq bank yaradılıb, heyvandarlıq üzrə də belə bankın yaradılmasına ciddi ehtiyac var”.

Emal sənayesinin inkişaf etməməsi heyvandarlığa maneələrdən biridir

Mütəxəssis deyir ki, Azərbaycanda heyvandarlıq sahəsində emal sənayesinin inkişaf etməməsi də problemlərdən biridir: “Həm ət və süd məhsullarının, həm də digər heyvandarlıq məhsullarının emalı sahəsində ciddi problemlər var. Məsələn, yunla bağlı bir sıra rayonlarda yığım məntəqələri var, amma bu gün rayonlarda yüzlərlə təsərrüfatın anbarlarında min tonlarla yun yığılıb. Qırxım təzə başa çatıb, fermerlər yunu satmağa yer tapa bilmirlər. Yunun emalı mürəkkəb və çətin prosesdir. Bu sahədə mövcud müəssisələr istehsal olunan yunu tam emal etmək gücündə deyil”.

Azərbaycanda dövlətin heyvandarlığa yönəlik dəstəyi yetərlidir: “Dövlət heyvandarlıq sahəsində istifadə olunan avadanlıqların, texnologiyanın idxalına dəstək verir. Gətirilən avadanlıqların dəyərinin 60 faizi dövlət tərəfindən ödənilir. Bu, normal bir mexanizmdir. Sadəcə, onun tam gücü ilə işləməsinə fermerlərin kredit resurslarına çıxış imkanının aşağılığı imkan vermir. Banklar riskli sahə olduğu üçün kənd təsərrüfatı müəssisələrinə irihəcmli kreditlər verməkdən yayınırlar. Düşünürəm ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi nəticəsində bu sahədə irəliləyişə nail olmaq mümkün olacaq”.

Heyvanlar pərakəndə şəkildə paylanıb

Ölkədə naxırlar pərakəndə və dağınıq formadadır. 90-cı illərdə həyata keçirilən torpaq islahatı nəticəsində əksər yerlərdə ümumi otlaq sahələri olan ərazilər ayrı-ayrı şəxslər arasında bölünüb: “Buna görə də otlaq sahəsi çatışmır, mal-qara pərakəndə şəkildə otarılır. Bu vəziyyətin aradan qaldırılması üçün kəndlərdə ailə-kəndli təsərrüfatlarının kooperasiyalarda birləşməsi prosesi stimullaşdırılmalıdır. Kooperasiyalaşma heyvandarlıqda intensiv texnologiyaların tətbiqinə təkan verəcək. Bizim əsas heyvandarlıq rayonlarımız Aran rayonlarıdır. Bu rayonlarda da otlaq sahələrinin kəskin çatışmazlığı var. Buna görə də heyvandarlıqda qapalı bəslənməyə keçidi sürətləndirmək lazımdır. Yəni insanları başa salmaq lazımdır ki, 1 hektar sahədə yem bitkisi əkməklə daha çox heyvanı bəsləmək olar, nəinki həmin sahədən otlaq yeri kimi istifadə etməklə. Qapalı bəslənmə rejimi ilə əldə olunan nəticəyə otlaq rejimində 1 ilə güclə nail olmaq mümkündür. Otlaq rejimi heyvanların cins tərkibinə də mənfi təsir göstərir. Bir cins heyvanın məhsuldarlığı 2-3-cü nəsildə kəskin aşağı düşür”.

Sovet dövründə Azərbaycanda bir sıra heyvanlar üzrə məhsuldar cinslər əldə olunsa da, artıq onların genetik kodları itirilib: “Təəssüf ki, bu gün həmin cinsləri bərpa etmək mümkün deyil. Amma bundan sonra əldə ediləcək cinslərin bankı yaradılmalıdır ki, itməsin. Xaricdən gətirilən bütün cinc mal-qara əvvəlcə elmi seleksiya işlərinə cəlb olunmalıdır. Onların yerli cinslərlə çarpazlaşdırılması nəticəsində yerli şəraitə uyğunlaşdırılmış və daha məhsuldar cinslər əldə olunmalı və həmin cinslərin təsərrüfatlara yayımı həyata keçirilməlidir. Yoxsa bu gün gətirilən məhsuldar cinslərin 2-3-cü nəsildə məhsuldarlıq göstəriciləri kəskin aşağı düşəcək, məcbur olub yenidən xaricdən baha qiymətə damazlıq heyvanlar alacağıq”.

N.Nəsirlinin bildirdiyinə görə, hazırda dünyada heyvandaqlıqda ayrı-ayrılıqda ətlik və ya südlük cinslərin deyil, həm ətlik, həm südlük olan hibrid cinslərin yetişdirilməsinə üstünlük verilir: “Bizdə də belə hibrid cinslərin yetişdirilməsi gərəkdir. Dünyada məhsuldarlığı yüksəltmək üçün cinslər üzərində işlər daim davam etdirilir. Yəni əldə olunan nəticələrlə kifayətlənilməyib, daha məhsuldar cinslərin əldə olunması üçün elmi-seleksiya işləri davamlı həyata keçirilir. Azərbaycanda da bu sahədə davamlı işlərin aparılmasına ehtiyac var”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR