İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərimizin qaytarılması etimad mühiti yarada bilərmi - təkrar olunmaması üçün nə etməli...

561 07.03.2024 11:38 Gündəm A A

Rəsmi İrəvan qondarma ittihamlar irəli sürdüyü hərbçimizi geri qaytarmaqla nəyi hədəfləyib?; ekspertlərdən ilginc açıqlamalar və xəbərdarlıqlar: “Düşmən hər dəfə “xoşməramlı jest" etməyə bilər”

Fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov martın 5-də vətənə qaytarıldı. Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı. Daha sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. ittiham olunduğunu bildirmişdi.

Martın 4-də isə Ermənistan İstintaq Komitəsi Azərbaycan hərbçisi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda “xoşməramlı jest” olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib. Əsgərimizlə bağlı Ermənistanın davranışı etimad mühitinin yaradılmasına təsir göstərən amil kimi qiymətləndirilir. Maraqlıdır, bu, danışıqlarda, müzakirələrdə presedent kimi istifadə oluna bilərmi? Yoxsa bu heç də xoşməramlı jest deyil, əsgərimizin qaytarılması müqabilində İrəvanın da hansısa xahişi yerinə yetirilib? Başqa bir sual odur ki, ümumiyyətlə, hələlik müəyyənləşməyən, şərti sərhəddə qarşı tərəfə keçən əsgərin saxlanılmasının hansısa hüquqi əsası ola bilərmi? Digər bir məsələ. İstənilən halda əsgərin sərhəddə yolu azaraq qarşı tərəfin əlinə düşməsi həm onun özünə, həm cəmiyyətdə, həm də onun yaxınlarında ciddi narahatlıqlar yaradan hadisədir. Necə edə bilərik ki, belə hallar təkrarlanmasın? Yaxud Ermənistanla ümumən o anlaşma əldə edilə bilərmi ki, delimitasiya və demarkasiyaya, sərhədlər müəyyən edilənə qədər şərti sərhəddən təsadüfən keçən hərbçilər dərhal geri qaytarılsın?

Bu arada, fevral ayının sonunda Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb: “Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. Hətta Azərbaycan əsgərinin qaytarılmasının müqabilində Bakıda saxlanılan canilərlə bağlı hansısa addımların atıla biləcəyi haqda erməni mənbələri xəbərlər tirajlayırdılar.  

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

 İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında əvvəlcə bildirdi ki, bu hadisə presedent deyil. 44 günlük müharibədən sonra həm Qarabağdakı təmas xəttini, həm də dövlət sərhədini hər iki tərəfdən həm mülki şəxslərin, həm də hərbiçilərin təsadüfən keçməsi və onların geri qaytarılması halları olub: “Ona görə də danışıqlar prosesində bu hadisə presedent kimi bir tərəfin üstün jesti kimi dəyərləndirilə bilməz. Amma bu, kənardan baxanlar üçün xoşməramlı jest kimi qəbul edilir və hesab edirəm ki, perspektiv danışıqlarda olmasa da, ermənilərin sülhpərvər, bizim isə sülhdən imtina edən tərəf kimi təbliğini apara bilərlər. Belə bir fürsəti qarşı tərəfə və onun havadarlarına verməmək üçün anoloji addım atmağımız məqsədəuyğun olardı. Necə ki, iki əsgərimizin əvəzinə 32 erməni məhbusu vermişdik”. Eyni zamanda İ.İsmayıl vurğuladı ki, bu hadisə həqiqətən də tərəflər arasında etimad mühitini formalaşdıra bilər: “Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransından başlayan, Berlin və Antalyada davam edən yumşalma prosesinin hiss olunur ki, əsgərimizin geri qatarılmasına da təsiri olub. Bildiyim qədər ortada konkret xahiş yoxdur. Ermənistan tərəf, qeyd etdiyim kimi, bu addımı təbliğat məqsədilə atıb, nəinki xoş məramla". Təhlükəsizlik ekspertinin sözlərinə görə, rəsmi İrəvanın indiki situasiyada gizli xahişi və onun yerinə yetirilməsi mümkün deyil: "Bu, bizim maraqlarımıza uyğun gəlmir. Azərbaycanla Ermənistan arasında olan sərhədə “şərti” adı qoyulsa da, faktiki olaraq mahiyyətcə cəbhə xəttidir. Bu xətti hər iki tərəfdən keçənləri nəinki həbs edib, cinayət işi qaldırmaq, hətta güllə ilə vurmaq da hüquqi məsuliyyət yaratmaya bilər. Sabah kəşfiyyat xarakterli keçiş edən şəxsi də yol azmış kimi dəyərləndirib qarşı tərəfə verməyi heç bir tərəf qəbul etməz. Aralarında konflikt olmayan ölkələrin də sərhədi pozulanda təhqiqat aparılır və keçdiyi ölkəyə hər hansı zərər vurmadığı və həqiqətən yol azdığı sübut olarsa geri qaytarılır. Belə halların təkrar olunmaması üçün yaxşı olar ki, sərhəddə xidmət keçən hərbçilər ciddi şəkildə təlimatlandırılsın və yerinə yetirilməsinə nəzarət edilsin. Düşmən hər dəfə xoşməramlı jest etməyə bilər".

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı əmindir ki, Ermənistan bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edib: “Dəfələrlə bu cür hadisələr baş verib, hər dəfə də ermənilər uzun müddət əsgərlərimizi saxlayıb, əcaib hökmlər çıxarıb, yalnız dəyişmə yolu ilə məsələ həllini tapıb. Bu dəfə də ermənilər böyük kampaniya başlamaq niyyətində idilər, artıq "dəhşətli" maddələrlə cinayət işi açmışdılar. Onların birdən-birə fikirlərini dəyişməsinin səbəbini bilmək çətindir. İstənilən halda, bunu “xeyirxah niyyət”, “etimad mühiti”nin yaradılması təşəbbüsü kimi dəyərləndirə bilmərik. Bu xüsusiyyətlər ermənilərdə yoxdur, olmayan şeyi də göstərmək mümkün deyil. Erməni cəmiyyəti əsgərimizin “linç” olunmasını təlıb edirdi, buraxılmasından da narazı qaldılar, hətta özünü Ermənistanın gələcəyi hesab edən Levon Köçəryan da qəzəbini gizlətmədi". A.Nağının sözlərinə görə, əsgərimizin geri qaytarılmasının bir neçə səbəbi ola bilərdi: “Məncə, ermənilər Azərbaycanın ya adekvat cavab tədbirlərindən ehtiyat etdilər, ya da bizdə həbsdə olan erməni cinayətkarlarla bağlı hansısa yumşalma istəyində oldular. Digər səbəblər də ola bilərdi. Ümumi qənaət ondan ibarətdir ki, ermənilər Azərbaycanı qıcıqlandırmaqdan çəkinir, bizim qarşımızda gücsüzlüklərini etiraf edirlər”. Partiya sədri bildirdi ki, bu halların təkrarlanmaması üçün ciddi nizam-intizam tədbirləri görülməlidir: “Burada məsuliyyət kiçik və orta komandir heyətinin üzərinə düşür. Əsgərlərə hansısa tapşırıq verilirsə, hava şəraiti hökmən nəzərə alınmalıdır, tapşırığı yerinə yetirmək üçün göndərilən əsgər müşayiət və müşahidə olunmalıdır, əsgərlərin tək və ya özbaşına hərəkət etməsinin qarşısı alınmalıdır. Bu məsələdə cəza mexanizmi daha səmərəli tətbiq olunmalıdır, hərbi hissənin məsul şəxsləri sərt şəkildə cəzalandırılmalıdır. Məsələn, hərbi hissə komandiri vəzifə və rütbə cəhətdən aşağı dərəcəyə endirilməli, hətta cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əsir düşən əsgəri də "qəhrəmanlaşdırmağa" ehtiyac yoxdur. Çox vaxt hadisə əsgərin intizamsızlığı ucbatından baş verir. Ona görə də əsirlikdən, düşmən tərəfdən qayıdan əsgər cəzasını almalıdır". Delimitasiya və demarkasiyaya qədər azıb keçən əsgərlərin qarşılıqlı qaytarılmasına dair razılaşmaya gəlincə, A.Nağı qeyd etdi ki, ermənilərlə hər hansı anlaşmaya etibar etmək olmaz: “Onlar sözlərinə əməl edən deyillər. Əsgərlərimizi arxayınlaşdırıb, böyük fəsadlara yol aça bilərik. Qarşı tərəfə keçən hərbçilərin saxlanılmasına dair isə əlavə hüquqi sənədlərə ehtiyac yoxdur, beynəlxalq konvensiyalar var. Sadəcə, ermənilər bu beynəlxalq normalara əməl etmirlər. Bunu onlardan gözləməyə də dəyməz, ermənilərə inanıb, özümüzü aldatmamalıyıq. Ermənilər yol gediləsi yolçu deyillər. Necə deyərlər, "qozbeli qəbir düzəldər", amma erməniləri qəbir də düzəldəsi deyil".

Tural İsmayılov: “Ermənistanın Qarabağa hərbi texnikalar daşınması  Azərbaycanın antiterror əməliyyatlarını zəruri edir” | 1news.az | Xəbərlər

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə açıqlamasında dedi ki, Ermənistanla şərti sərhədi səhvən keçən hərbi qulluqçu Ruslan Pənahov haqda irəli sürülən iddialar saxta və ədalətsiz olduğu üçün gec-tez cinayət təqibinə xitam verilməli idi: “Çətin coğrafi və iqlim şəraitində xidmət edən əsgərlərin azaraq qarşı tərəfə keçməsi təbii haldır. Daha əvvəllər yolu azaraq biz tərəfə keçən erməni hərbçiləri də olub. Azərbaycan isə heç vaxt onlar kimi bu hadisə üzərindən "tamaşa" qurub “şou” göstərməyib. Dövlətimiz onları qısa zamanda geri qaytarıb. Biz də şərti sərhədi keçən ermənilərin əlinə silah verib, terrorçu kimi təqdim edə bilərdik, amma Azərbaycan humanizm göstərərək belə addımlar atmadı. Ermənistan isə Ruslandan əvvəl azaraq Ermənistana keçən əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məhkəmə tamaşası qurub, şou göstərdi. Ruslan Pənahov haqqında isə heç bir halda qondarma cinayət işi qaldırıla bilməzdi. Faktiki olaraq bu əsgər hələ heç tam müəyyənləşməmiş şərti sərhəd hesab edilən ərazidə dumanda azıb". 

T.İsmayılovun sözlərinə görə, hər bir azərbaycanlının taleyi ilə yaxından maraqlanan ölkə başçısının səyi və qətiyyəti nəticəsində Ermənistan bu qərarı verməli olub: “Əsgərimizin təhvil verilməsi ilə bağlı razılaşmanın əldə olunmasında ən yüksək səviyyədə danışıqların keçirilməsi istisna deyil. Zənnimcə, Ruslan Pənahov haqda cinayət təqibinə xitam verilməsində bugünlərdə Almaniyada keçirilən görüşlərin də müstəsna əhəmiyyəti var. Almaniya Fransadan fərqli olaraq bölgəyə daha obyektiv, dürüst və bitərəf münasibət göstərə bilir. Ermənistan artıq insanların taleyi üzərindən oyun qurmamalıdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR