İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərzaq təhlükəsizliyimiz diqqətdə: İsraildən daha bir dost təklifi

2059 16.08.2022 08:50 İqtisadiyyat A A

Dövlət aqrar istehsalda müasir texnologiyaların tətbiqi üçün nə etməlidir?

Azərbaycan Televiziyasına son müsahibəsində Prezident İlham Əliyev ölkənin ərzaq təhlükəsizlyindən də danışıb. O bildirib ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir: “Növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq”.

Prezident buğda ilə özünütəminat məsələsinə də toxunub. Bildirib ki, bu məhsulla özümüzü təmin etmək üçün çox işlər görülməlidir: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda taxıl qıtlığı yaşanır”.

Prezident planları açdı: Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bu  işlər görüləcək

Dövlət başçısının sözlərinə görə, bütün problemlərdən tam sığortalanmağımız üçün praktiki işlər aparırıq və aparacağıq: “Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək... Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var”.

Qeyd edək ki, Azərbaycan kənd təsərrüfatının, xüsusilə də buğdaçılığın inkişafında İsrail təcrübəsindən yararlanmağa başlayıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik bugünlərdə deyib ki, kənd təsərrüfatı Azərbaycanla İsrail arasında əməkdaşlığın əsas prioritetlərindən birinə çevrilib: “Tezliklə biz taxıl anbarı layihəsinin tamamlanmasının şahidi olacağıq. İsrail həmçinin südçülük fermaları ilə bağlı bir neçə layihə həyata keçirmək niyyətindədir. Mayın 18-də Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumundan sonra bəzi layihələr həyata keçirilib. Gəncə və Quba şəhərlərində də nümunəvi təsərrüfatlar açmışıq. Tezliklə Bakı yaxınlığında yeni ferma açılacaq”.

Onun sözlərinə görə, İsrail artıq işğaldan azad edilmiş ərazilərin bərpası işlərində də Azərbaycana kömək etməyə hazır olduğunu bildirib. Səfir həmçinin deyib ki, İsrail Qarabağda kənd təsərrüfatı layihələrində öz iştirakının genişlənməsində maraqlıdır.

Məlumdur ki, Azərbaycanda bitkiçilik əsasən suvarma hesabına inkişaf edir. İqlim şərtlərinin getdikcə pisləşməsi suvarma ehtiyaclarını daha da artırır. Bu şəraitdə ölkənin su ehtiyatlarının getdikcə azalması kənd təsərrüfatından sudan qənaətlə və səmərəli istifadəni nəzərdə tutan texnologiyaların tətbiqi zərurətdir. Azərbaycanın rəsmi torpaq balansına əsasən çoxillik əkmələrlə birlikdə bizim ümumi əkin sahəmiz 2 milyon hektardan artıqdır. Bunun 1,5 milyon hektarı suvarılan ərazilərdir. Suvarılan torpaqların 77,5 faizi əkin, 8,6 faizi çoxillik əkmələr və 13,9 faizi isə örüş, həyətyanı və s. bu kimi sahələrdən ibarətdir. Azərbaycan ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 faizi suvarılan torpaqlardan götürülür. Rəsmi statistik məlumata əsasən ötən ilin payızında taxıl səpilən 100 min hektardan yuxarı sahədə iqlim şərtlərinin əlverişsizliyi nəticəsində məhsul əldə olunmayıb, toxum məhv olub.

Prezident planları açdı: Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bu  işlər görüləcək

Dünyada kənd təsərrüfatını sudan qənaətə əsaslanan texnologiyalar əsasında qurmaqla ən yüksək nəticələr əldə edən ölkələrdən birinin İsrail olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkədən özü üçün çox səmərəli texnologiyalar əldə edə biləcəyini söyləyə bilərik. İsrail məhdud resurslar şəraitində kənd təsərrüfatı istehsalında dünyada ən yüksək nəticələr əldə etməyi bacaran nadir ölkədir. Ölkənin 22 min kv/km ərazisinin yalnız 20 faizi kənd təsərrüfatına yararlıdır: qalanı susuz səhralıq və daşlı dağlıq ərazilərdir. Cəmi 4 min kv/km ərazidə aqrar istehsalı ən müasir üsullarla quran yəhudi xalqı əksər məhsullarla nəinki özünü (9,5 milyon nəfər) tam təmin edir, hətta xaricə böyük həcmdə ixrac da həyata keçirir. Ümumilikdə, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsi 95 faiz təşkil edir.  Ölkə yalnız buğda, kofe, ət və digər bir neçə kənd təsərrüfatı məhsulunu xaricdən idxal edir. Özü isə sitrus meyvələri, tərəvəzlərin ən böyük ixracatçılarındandır.

Aqrar sektor İsrail ÜDM-nin 2 faizdən, ixracının 4 faizdən çoxunu təmin edir. İsrail su ehtiyatlarının həcminə görə ən kasıb ölkələrdən biridir. Cəmi bərpaolunan su ehtiyatları 160 milyon kubmetr təşkil edir ki, onun da 75 faizi kənd təsərrüfatına yönəldilir. Burada yağıntı yalnız qışda - sentyabr-aprel aylarında, özü də ölkə ərazisində qeyri-bərabər paylanmaqla yağır. Bu yağışlardan toplanan suyu ölkənin şimalından cənubuna çatdırmaq üçün vahid İsrail supaylama sistemi yaradılıb. Nəticədə son 10 ildə kənd təsərrüfatında sudan istifadə 12 faiz azalıb, amma istehsalda 30 faizə yaxın artım var. Bu isə o deməkdir ki, yalnız sudan qənaətlə və səmərəli istifadədə İsrail təcrübəsini tətbiq etməklə Azərbaycan kənd təsərrüfatında bir neçə qat yüksək səmərəliliyə nail ola bilər.

İsrailin kənd təsərrüfatı istehsalı texnologiyası - torpağın qidalılığının artırılması, bitkilərə aqrotexniki qulluq, həmçinin bu prosesin müasir texnologiyalarla həyata keçirilməsi sahəsindəki təcrübəsi də Azərbaycan üçün nümunə sayılacaq səviyyədədir. Belə texnologiyaların tətbiqi sayəsində aqrar sahədə istehsalın həcm baxımından dəfələrlə artırılması mümkündür.

Azərbaycan İsrailin toxumçuluq sahəsindəki təcrübəsindən də faydalana bilər. Hazırda ölkəmizdə bitkiçilik qarşısında duran ən böyük problemlərdən biri məhz toxumçuluqla bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.

Arpa toxumu çatışmazlığı daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.

İl ərzində ölkənin kartof toxumuna tələbatı 168,3 min ton təşkil edib. Bunun cüzi hissəsi yerli istehsal, 32,1 min tonu idxal hesabına ödənilib. Son nəticədə 136,2 min ton toxuma əlavə ehtiyac yaranıb.

İsrail hazırda yüksək məhsuldar toxumların yetişdirilməsi sahəsində də dünyada ilk yerlərdədir.

Onu da bildirək ki, kənd təsərrüfatının inkişafı baxımından azad olunan ərazilərimizin potensialı kifayət qədər böyükdür. Bu ərazilərdə 9 su anbarı və 17 çay var ki, bu çayların da su ehtiyatları ölkənin bir sıra digər əraziləri ilə müqayisədə xeyli çoxdur. Həmçinin ərazilərin torpaqları münbitliyi ilə seçilir. Lakin son 30 ildə əkilib-becərilməyən torpaqların yenidən əkin dövriyyəsinə cəlb edilməsi bir neçə il vaxt tələb edəcək. Bu il azad olunan ərazilərdə buğda sahələrindən çox aşağı məhsuldarlığın əldə olunması (1 hektardan 10 sentnerdən də aşağı) göstərir ki, torpaqların əkinəyararlı hala gətirilməsi üçün ciddi aqrotexniki işlər həyata keçirilməlidir.

Ümumiyyətlə, azad olunan ərazilərimizdə hər şey sıfırdan başlanacaq. Bu isə imkan verir ki, həmin ərazilərdə suvarmadan tutmuş, aqrotexniki qulluğa qədər bütün işlərin müasir texnologiyalar əsasında qurulması təmin olunsun. Nəzərə alsaq ki, dövlət, məsələn, buğda istehsalında məhsuldarlığı və müasir suvarma sistemlərinin tətbiqini stimullaşdıran proqramın tətbiqinə başlayır, onda azad olunmuş ərazilərdə kənd təsərrüfatı istehsalçıları üçün də münbit zəminin formalaşdığını söyləyə bilərik. Belə ki, iyulun 19-da Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra - tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Bundan əlavə, müasir suvarma sistemlərini əldə etmək istəyən fermerlərə dövlət subsidiya ayıracaq: onların aldıqları suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət qarşılayacaq, qalan 60 faiz üçünsə güzəştli kredit ayıracaq. Bu, həm su ehtiyatlarından səmərəli istifadəni stimullaşdıracaq, həm də buğda istehsalında məhsuldarlığı yüksəltməyə imkan verəcək.

Bu, buğda istehsalında müasir texnologiyaların tətbiqini təşviq edən əsas addım olsa da, sonuncu olmamalıdır. Dövlət yerli şərtlərə dözümlü toxum növlərinin yetişdirilməsi sahəsində də dəstəyini gücləndirməli, buğda istehsalı ilə məşğul olmaq istəyən hər kəsə bərabər şərtləri təmin etməli, fermerlərə seçim imkanı yaratmalıdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR