İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müqaviməti tam qırılıb: Zəngəzur dəhlizi üç prezidentin ortaq hədəfidir

3281 29.11.2021 19:12 Analitika A A

Zəngəzur dəhlizinin yaradılma şərtlərinə münasibətdə Azərbaycan və Rusiyanın maraqları bir-birinə yaxındır, üstəlik “3+3” formatına xüsusi önəm verən Türkiyə tərəfindən də tam şəkildə dəstəklənir; Soçi görüşünün nəticələrinə görə, bu dəhliz üzərində Ermənistanın heç bir nəzarət hüququ olmayacaq və hərəkət sərbəst xarakter daşıyacaq…

Ermənistan cəmiyyəti çaşqın vəziyyətdədir. Erməni toplumu Brüssel görüşünə ümid bəsləyirdi, Avropada Ermənistan üçün daha sərfəli şərtlərin ortaya çıxa biləcəyini düşünürdü. Ancaq Kreml erməni toplumunun bütün ümidlərinin üzərindən çarpaz xətlər çəkdi. Və Brüsseldən öncə Soçi görüşünün keçirilməsinə nail olmaqla, proseslərin inkişaf istiqamətlərini dəyişdi.

İndi artıq Brüssel görüşü ən yaxşı halda, formal xarakter daşıya bilər. Hətta bəzi məlumatlara görə, Brüssel görüşünün təşkilatçıları onun keçirilməsindən imtina olunması varizantları üzərində düşünürlər. Çünki Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən Soçi görüşündə Azərbaycan və Ermənistan arasında olan bir çox mübahisəli məsələlər ətrafında prinsipial anlaşmalar əldə olunub.

Yəni, Brüssel görüşündə tərəflərin müzakirə edəcəyi elə bir ciddi mövzu qalmayıb. Belə bir vəziyyətdə müzakirəsiz və nəticəsiz görüşün keçirilməsi Qərb vasitəçilərinin nüfuzuna sarsıdıcı zərbə vura bilər. Üstəlik, bu, Kremlin geopolitik qələbəsinin əhatə dairəsini tam təsəvvür etmək imkanları da açar.

ilham-aliyev.jpg (411 KB) 

Soçi görüşünün nəticələri isə tədricən ortaya çıxmağa başlayıb. Hətta Azərbaycan və Türkiyə prezidentləri bu mövzuda açıq mətnlə mesajlar verməkdədirlər. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündən cəmisi bir gün sonra İƏT-in Aşqabadda keçirilən zirvə toplantısında Zəngəzur dəhlizinin reallığa çevrilmək üzrə olduğunu vurğulayıb. Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizi “Qərb-Şərq” və “Şimal-Cənub” kommunikasiya xətlərində önəmli rol oynayacaq. Eyni zamanda, Prezident İlham Əliyev Aşqabad zirvə toplantısına qatılan dövlətlərin Zəngəzur dəhlizindən istifadə edəcəklərinə ümid etdiyini də bildirib.

Göründüyü kimi, Zəngəzur dəhlizinin yaradılması artıq geriyədönməz prosesə çevrilməyə başlayıb. Soçi görüşünə vasitəçilik edən Rusiya prezidenti V.Putinin Cənubi Qafqazda dəhlizlərin açılmasının vacibliyindən danışarkən, böyük ehtimalla məhz bu məqamları nəzərdə tuturdu. Çünki Kreml sahibi planlaşdırılan layihələrin vaxtında icra edilməsinin önəmli olduğuna da eyham vurmuşdu.

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə münasibət bildirib. O, vurğulayıb ki, Rusiyanın vasitəçili ilə Soçidə keçirilmiş görüşü yüksək qiymətləndirir. Türkiyə lideri hazırda Araz çayına parallel olaraq, dəmiryolu və avtomobil yolu xətlərinin inşası üzrə önəmli məsələlər artıq həll edilməkdədir.

Təbii ki, bu fikirləri söyləyərkən, Türkiyə prezidenti ad çəkməsə də, Ermənistan cəmiyyətinin qıcıqlandığı Zəngəzur dəhlizi barədə danışır. Onun bununla yanaşı, indi Türkiyənin İqdır bölgəsinə qədər uzanacaq yolun çəkilməsinin müzakirə edilməkdə olduğunu vurğalaması da prosesin siyasi cəhətdən xeyli irəlilədiyini göstərir: “Bütün problemlər həll edildikdən sonra Azərbaycanı Ermənistan və Naxçıvan üzərindən Türkiyənin İqdır bölgəsi ilə birləşdirən marşrutun reallaşması çox uğurlu layihə olacaq. Biz Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə “3+3” platformasından danışarkən də bu mövzunu gündəmə gətirmişdik”.

ilham_aliyev_erdogan_1.jpg (113 KB) 

Belə anlaşılır ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial anlaşma artıq mövcuddur. Yəqin ki, bu layihə yaxın gələcəkdə reallığa çevriləcək. Və rəsmi İrəvan bu layihənin reallaşmasına müqavimət göstərə bilmir.

Onu da qeyd edək ki, Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizinə qarşı müqavimətinin artıq qırıldığı barədə də müəyyən məlumatlar mövcuddur. İddia olunur ki, bu məsələ ilə bağlı əsas prinsipial anlaşma hələ niyabrın 16-da əldə edilib. Rəsmi Bakı 15-16 noyabrda baş verən silahlı toqquşmaların dayandırılmasının qarşılığında Paşinyan hakimiyyətindən Zəngəzur dəhlizini tələb edib. Rusiya da rəsmi Bakının atəşkəs anlaşmasının əsas şərti kimi irəli sürdüyü bu məsələni dəstəkləyib.

Nəhayət, noyabrın 26-da keçirilən Soçi görüşündə bu məsələ bir dəfəlik həll olunub. Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin yaradılması reallığı ilə barışmaq məcburiyyətində qalıb. Və bu dəhlizin Ermənistanın gələcək taleyində həlledici rol oynaya biləcəyini anlamağa başlayıb.

Məsələ ondadır ki, rəsmi Bakı Zəngəzur dəhlizi yaradılmadan Ermənistanın blokadasını ləğv etməyə hazırlaşmır. Blokadanın davam etməsi isə Ermənistanın sosial-iqtisadi böhran içərisində boğulma ehtimalını gücləndirir. Və Paşinyan hakimiyyəti isə bütün ölkədaxili qəzəbi ona tərəf istiqamətləndirən sosail-iqtisadi böhrandan mümkün qədər tez bir zamanda uzaqlaşmaqda birbaşa maraqlıdır.

Bəzi məlumatlara görə, son vaxtlara qədər rəsmi İrəvan əsasən reallaşmasına müqavimət göstərə bilmədiyi Zəngəzur dəhlizinə nəzarət hüququ uğrunda mübarizə aparırdı. Xüsusilə də, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizində Ermənistanın gömrük və nəzarət-buraxılış məntəqələrinin yaradılmasında israr edirdi. Və bununla belə bir önəmli beynəlxalq layihədə əsas söz sahiblərindən birinə çevrilməyə can atırdı.

865049d5-4b31-4d0d-8cd0-d35f3cd66f3a.jpg (294 KB)

Ancaq Azərbaycan və Rusiya Ermənistana belə rol ayırmaq niyyətindən çox-çox uzaqdırlar. Rəsmi Bakı Azərbaycan vətəndaşlarının Ermənistanın gömrük və nəzarət-buraxılış məntəqələrində yoxlanılması variantını qətiyyən qəbul etmir. Və onların Zəngəzur dəhlizi ilə sərbəst hərəkət etmək hüququ qazanmasında maraqlıdır.

Eyni zamanda, Rusiya da oxşar mövqeyə üstünlük verir. Kreml bu məsələdə 10 noyabr üçtərəfli anlaşmasını ön plana çıxarır. Rusiya hesab edir ki, məhz həmin üçtərəfli anlaşma tam şəkildə yerinə yetirilməlidir və bu halda, hər hansı mübahisəli məsələ qalmayacaq. Çünki, üçtərəfli anlaşmada Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirəcək marşruta məhz Rusiya sərhəd qoşunlarının nəzrət edəcəyi qeyd olunub.

Göründüyü kimi, Zəngəzur dəhlizinin yaradılma prinsipləri və şərtlərinə münasibətdə Azərbaycan və Rusiyanın maraqları bir-birinə yaxındır. Üstəlik, Türkiyə də Azərbaycan və Rusiyanı bu məsələdə tam şəkildə dəstəkləyir. İranın mövqeyinə isə hazırda elə bir ciddi ehtiyac duyulmur. Və nəticədə Ermənistan təklənmiş duruma düşərək, mövcud şərtlərlə barışmaq məcburiyyətində qalıb.

Nəticədə Azərbaycan, Türkiyə və Rusiyanın ortaq mövqeyi, eləcə də maraqları Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı geri çəkilmək məcburiyyətində buraxıb. Bu üç ölkə hazırda Zəngəzur dəhlizinin əsas qarantı rolunda çıxış edirlər. Yəni, üç güclü dövlətin prezidentinin tələb etdiyi bir dəhlizə qarşı Ermənistanın müqavimət göstərmək şansı reallıqdan uzaqdır. Və ermənilərin “qorxulu yuxu”su olan Zəngəzur dəhlizi artıq reallığa çevrilmək üzrədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR