İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan intihara gedir - 2023-də kapitulyant ölkəni darmadağın gözləyir

1575 06.01.2023 09:19 Siyasət A A

Qərbin “beyin mərkəzləri”nin müharibə xəbərdarlığı ən əvvəl İrəvana ünvanlanıb; ABŞ Paşinyan hökumətini pərt etdi: “Bakıya təzyiq etməyəcəyik...”

2023-cü il girər-girməz Qərbdəki bəzi “beyin mərkəzləri” Azərbaycan və Ermənistan arasında yeni müharibənin anonsunu verdi. O sırada Beynəlxalq Böhran Qrupunun (BBQ) hesabatında tərəflərin təzədən hərbi qarşıdurmaya doğru getdiyi bildirilir. Eyni zamanda növbəti toqquşmanın 2-ci Qarabağ savaşındakından da amansız olacağı, lakin qısa sürəcəyi və Azərbaycanın qalib gələcəyi proqnoz edilir. Oxşar fikir ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşrindəki yazıda əksini tapıb.

Əlbəttə, nə qədər ki, iki qonşu ölkə arasında beynəlxalq hüququ özündə ehtiva edən Bakının 5 məlum prinsipi əsasında sülh müqaviləsi imzalanmayıb, müharibə riskləri də qalacaq və artacaq. Çünki 30 illik erməni işğalı da göstərdi ki, sülhün alternativi müharibədir. Diplomatlar dil tapmayanda toplar işə düşür.

Bu mənada müharibə proqnozları ən əvvəl Ermənistana mesajdır ki, İrəvanın sülh oyununu davam etdirmək üçün vaxt limiti artıq tükənib. Daimi və ədalətli sülhün əldə olunması isə çoxdan İrəvanın iradəsinə bağlı olaraq qalır. Yəni bu il Azərbaycanla Ermənistan arasında müharibə olmaya da bilər, yetər ki, kapitulyant ölkə, onun elitası, iqtidarlı-müxalifətli siyasi qüvvələri, ələlxüsus radikal-revanşist kəsim, erməni lobbisi və katolikosluğu, bütövlükdə erməni toplumu Azərbaycan Ordusunun 44 günlük müharibə ilə yaratdığı gerçəyi qeyd-şərtsiz qəbul eləsinlər, “çəhrayi arzular”la, “miatsum” mifi ilə yaşamaqdan əl çəkib “göydən yerə” ensinlər. Qısası, hərb, yoxsa sülh seçimi həmişəki kimi ermənilərindir.   

Əfsus ki, ilin ilk günlərində İrəvandan verilən rəsmi bəyanatlar bu xüsusda nikbinliyə heç bir əsas yaratmır. Belə görünür, Ermənistan hökuməti sülhə dəxli olmayan avantürist və təhlükəli siyasətini 2023-də də davam etdirmək niyyətindədir. Hansı siyasətin qayəsində ki, Azərbaycan dövlətinə qarşı əsassız ərazi iddiası dayanır - bir qədər fərqli “tərtibatda” və başqa adla da olsa.

Naxçıvan TV - Ermənistan silahlı qüvvələrinin zabiti intihar edib

Ermənistan XİN-in 3 yanvar 2023-cü il bəyanatı, baş nazir Nikol Paşinyanın dünənki açıqlaması bu qəbildəndir. Belə ki, XİN həmin bəyanatda Laçın yolundakı etiraz aksiyasını yenə ənənəvi həyasızlıqla öz bildiyi kimi şərh edib, etiraza gətirən köklü səbəbləri, Bakının haqlı tələblərini, o sırada İrəvanın 10 noyabr sənədi ilə öz üzərinə götürdüyü, lakin hələ də yerinə yetirmədiyi öhdəlikləri (qanunsuz dəstələrin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizi öhdəliyi və s.) görməzdən gəlib, Azərbaycana şər-böhtan atıb, üstəlik, heç bir haqq-hüququ olmadığı halda Laçın yolunda, Qarabağda monitorinq aparılması üçün BMT-yə, digər beynəlxalq təşkilatlara çağırış edib. Bilə-bilə ki, Bakının razılığı olmadan suveren ərazimizdə beynəlxalq missiya reallaşa bilməz. Di gəl, Laçın yoluna “beynəlxalq faktaraşdırıcı missiya” göndərmək çağırışını dünən Nikol Paşinyan da edib. 

Yəni yenə köhnə bayatılar, “bəlkə də qaytardılar” xülyası. Belə getsə, heç bir qayda-qanun tanımayan, ipə-sapa yatmayan Ermənistan adlı terrorçu və saxta dövlət dünyanın siyasi xəritəsindən silinə bilər. Özü də elə bu il. Çünki İrəvanın odla oynamaq limiti bitib. Yeri gəlmişkən, vaxtilə V.Putin də İrəvana xəbərdarlıq edib ki, 10 noyabr sənədindən imtina Ermənistan üçün intihara bərabər olacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin bu xüsusda şərhi diqqət çəkir. Qurumun qənaətincə, erməni saytlarının BBQ-nin Azərbaycanla Ermənistan arasındakı gərginliyin bu il də davam edəcəyinə dair proqnoz-hesabatını yayımlaması erməni bölücülüyü və onların dəstəkçilərinin çıxılmaz vəziyyətdə olduğunun əyani sübutudur.

Müəlliflərə görə, hesabat bu gün baş verənlərlə səsləşir: “Azərbaycan Ordusu 2022-ci ilin sentyabr ayında Ermənistanla təmas xəttində strateji yüksəklikləri nəzarətə götürdü. Ermənistan hakimiyyəti Rusiya və Qərb ölkələrindən dəstək istədi. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmadı, erməni siyasətçilər və erməni cəmiyyəti məyus oldu. Azərbaycan fəalları Ermənistanla Qarabağı birləşdirən yolda etiraz aksiyasına başladılar. Ermənistan yenə Rusiya və Qərb ölkələrindən dəstək istədi. Nəticə eynidir, İrəvan Fransanın əli ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışdı, alınmadı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasındakı tərəfdaşları Fransaya Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına imkan vermədilər”.

Paşinyanın axırıncı patronu - Ermənistan intihara gedir

Analitik mərkəz hesab edir ki, belə vəziyyətdə Ermənistanın heç bir ümid yeri yoxdur: “Yeganə alternativ Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və bu şərtlər daxilində sülh sazişini imzalamaqdır. Ancaq bölücülüklə zəhərlənən beyinlər hələ buna imkan vermir”.

Problemlərin problemi də budur. Ayrı sözlə, Azərbaycanla Ermənistan arasında müharibə olmaya da bilər, əgər ermənilər ağıllarını başlarına yığsalar.

“Biz Cənubi Qafqazın təhlükəsiz, sabit, demokratik, firavan və sülhsevər region olması yönündə ən yaxşı perspektivlərə malik olduğuna inandığımız addımları atmağa davam edəcəyik. Təbii ki, biz tərəflərin özlərinin irəliləyiş əldə etməsini istəyirik. Konfliktin hərtərəfli həllinin nə olacağı bizim qərarımız deyil. Bu, tərəflərin özlərinin etməli olduğu ağır işdir”.

Sitat ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın Bakı və İrəvan arasında mümkün sülh müqaviləsi ilə bağlı yeni ildən sonrakı bəyanatındandır.

Beləcə, Ermənistanın ən çox ümid bəslədiyi Qərb paytaxtlarından olan Vaşinqton da İrəvana açıq mesaj göndərir ki, Amerika Azərbaycana təzyiq etməyəcək, bunu gözləməyin və özünüz Bakı ilə anlaşın.

Anlaşma formulu isə üç ildir masada. Ancaq Azərbaycanın xoş məramı, səbri sonsuz deyil, “dəmir yumruq” növbəti dəfə qaçılmaza çevrilə bilər. Həm də 44 günlük müharibədəkindən də ağrılı bir “qapaz”a...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR