İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst konqresmenlər dayanmır - Bakıdan sərt reaksiya

973 03.07.2024 11:58 Siyasət A A

Ermənidən çox erməni olmaq istəyənlərin Azərbaycanla düşmənçiliyi bitmir; hədyanlarla dolu daha bir qətnamə layihəsi irəli sürülüb...

ABŞ Konqresində yuva salmış ermənipərəst parlamentarilərin Azərbaycana qarşı hikkəsi bitmir. Amerika erməni lobbisi (ANCA) tərəfindən bəslənən bu zatlar ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini güc yolu ilə bərpa etməsini hələ də qəbul edə bilmir, pisliklərindən qalmırlar. Hansı pisliklər ki, hazırda Birləşmiş Ştatların özünün Güney Qafqaz maraqları ilə əslində tam ziddiyyət təşkil edir. Bu da növbəti demarş. 

Məlum olub ki, Konqresin Nümayəndələr Palatasının üzvləri - Anna Eşu və Kris Smit Azərbaycanı guya “Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə apardığına görə” qınayan ikipartiyalı qətnamə layihəsini təqdim ediblər. Təxribatçı ifadələr və iftiralarin, görünməmiş hədyanların yer aldığı layihə ilə bağlı Anna Eşu deyib: “Keçən il Azərbaycanın Dağlıq Qarabağa (?! - red.) hücumu bölgəni əsrlər boyu öz vətəni sayan erməni icmasının məhvinə (?! - red.) gətirib çıxardı. Azərbaycanın hərəkətləri etnik təmizləmənin bütün anlayışlarına uyğundur və bu şəkildə pislənməlidir. Qətnaməmiz erməni xalqına qarşı törədilmiş vəhşiliklərin (?! - red.) dəqiq siyahısını təqdim edir və ABŞ-ın ədaləti bu cinayətlərə (?! - red.) görə cavabdehliyi təmin etmək üçün atmalı olduğu mühüm addımları əks etdirir”.

Smit isə iddia edib ki, guya “azərbaycanlıların Dağlıq Qarabağ əhalisinə qarşı apardıqları etnik təmizləmə” onların öz vətənlərində dinc və azad yaşamaq hüquqlarını aradan qaldırmır. “Bizim ikipartiyalı qanun layihəmiz Bayden administrasiyasını İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin davam edən cinayətlərinə (?! - red.) qarşı ermənilərin hüquqlarını qətiyyətlə dəstəkləməyə çağırır”, - deyə o sərsəmləyib.

Gözlənildiyi kimi, Ermənistandakı separatçı ünsürlər və radikal-revanşistlər xəbəri sevinclə qarşılayıblar. Mifik “artsax parlamenti” isə bu barədə ayrıca minnətdarlıq “bəyanat”ı yayıb. 

Bəs ikipartiyalı təxribatçı layihə Konqresdə hara kimi irəliləyə bilər, əgər nəzərə alsaq ki, Bakı-Vaşinqton münasibətlərində son vaxtlar bir ilıqlaşma tendensiyası müşahidə edilməkdədir və hər iki tərəfə əlaqələrin dərinləşməsi daha sərfəlidirsə? 

Bundan əvvəl də erməni lobbisinin əlinə baxan konqresmen Adam Şiff və 47 tərəfdarı dövlət katibi Entoni Blinkenə məktubda “Qarabağda kökü kəsilməkdə olan erməni irsi” barədə narahatlıqlarını bölüşüblər. Yeri gəlmişkən, ABŞ Konqresinin Nümayəndələr Palatasının təsis etdiyi “Tom Lantos Human Rights Commission” (rəhbəri qatı ermənipərəst Christopher H.Smith) Amerika Erməni Milli Konqresi (ANCA) ilə birgə planlaşdırdığı “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda İnsan Hüquqları” adlı tədbirini qeyri-müəyyən müddətə təxirə salıb. Hər halda, rəsmi veb səhifədə tədbirlər sırasında bu adda tədbir artıq yoxdur. Kəsəsi, Konqres ermənipərəstlərlə dolub-daşır və dayanmadan “Dağlıq Qarabağın erməni əhalisi” deyib car çəkirlər. Hərçənd nə Ermənistan hökuməti, nə Qarabağı öz xoşu ilə tərk etmiş ermənilər bu dərəcədə həşir qoparır. 

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli hesab edir ki, konqresmenlərin qətnamə layihələri indiyə qədər keçərli olmayıb. O inanır ki, bu layihə də havada qalacaq və bir müddət sonra sabun köpüyünə çevriləcək. Professorun fikrincə, konqresmenlər lobbi pullarının qarşılığını ödəməyə çalışırlar: “Erməni diasporu "artsax" mövzusunu gündəmdən çıxmağa imkan vermir. Onlar Paşinyan hökumətinə də müvəqqəti bir iqtidar kimi yanaşırlar. Hesab edirlər ki, nə vaxtsa tarixi fürsət yarana bilər və yenidən Dağlıq Qarabağ onların nəzarətinə keçər. Amma bütün bunlar xülyadır və artıq ermənilərin qayıdışı, orada təzədən qondarma respublika yaratmaq ideyaları çoxdan puç olub. Mənə elə gəlir ki, erməni lobbisinin fəaliyyəti sırf məsələni diqqətdə saxlamağa köklənib. İndiyə qədər Konqres bu cür qanun layihələri, qətnamələr görüb, heç biri qəbul olunmayıb".

Q.Hüseynlinin qənaətinə görə, ABŞ Konqresi heç zaman belə cəfəng qətnamələri təsdiqləməz: “O’Braynın səfərindən də göründü ki, Vaşinqton Bakı ilə münasibətləri pisləşdirmək istəmir. Üstəlik, ABŞ-ın gündəmində daha qlobal məsələlər var - Orta dəhliz, bu logistikadan Rusiya və Çini kənarda saxlamaq, Cənubi Qafqazda təsirlərini gücləndirmək... Axı "artsax" adlı mifik və oyuncaq bir məsələyə niyə diqqət yetirsin ki?! 

Ona görə də bundan sonra da ermənilər kampaniyanı gücləndirməyə çalışacaqlar. Bununla sülh prosesinə zərər vurmaq istəyirlər. Eyni zamanda xristian dünyasında rəy formalaşdırmağa çalışırlar ki, guya ermənilər antiterror əməliyyatı səbəbindən Qarabağdan getməyə məcbur qalıblar. Bu əməliyyat isə qısamüddətli oldu, səliqəli həyata keçirildi və dinc erməni yaralanmadı. Əgər belə fakt olsaydı, indiyə qədər başımıza qaxınc edərdilər. Odur ki, Qarabağdan ermənilər qovulmayıb, onların kilsələri, ev-eşikləri yerində qalır. BMT missiyası da baxış keçirdi və heç bir etnik təmizləmə əlaməti tapmadı".

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu 

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu qətnamə layihələrinin əski parçası olduğunu, heç bir hüquqi mahiyyət kəsb etmədiyini düşünür. Onun sözlərinə görə, hətta qəbul olunsa belə, tövsiyə xarakteri daşıyacaq: “Qarabağdan köçən ermənilər arasında fərdi qaydada Azərbaycana qarşı məhkəmədə iddiası qaldıran olmayıb. Əgər onlar qovulubsa, etnik təmizləməyə məruz qalıbsa, o zaman Avropa Məhkəməsinə şikayət göndərə bilərdilər, əmlak davası açardılar. Gördüyünüz kimi, bu müddət ərzində heç bir erməni Xankəndidəki, yaxud Xocavənddəki mülkləri barədə iddia irəli sürməyib. Çünki Azərbaycan məhkəmədə vəsatət qaldıra və təklif irəli sürə bilər ki, həmin erməni sakinin Qarabağa qayıdışını, təhlükəsizliyini təmin etməyə hazırıq, gəlsin Azərbaycan vətəndaşlığını qəbul edib öz evində yaşasın. Buna da həmin erməni razı olmayacaq. Ona görə səslərini çıxarmırlar. Bu halda isə heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Azərbaycan dövləti dəfələrlə çağırış etdi ki, qalın, vətəndaşlığı qəbul edin, evlərinizi tərk etməyin”. 

Hüquq müdafiəçisinin bildirdiyinə görə, hətta o zaman güzəşt proqramı açıqlandı: “Onlara subsidiya verilməsi, kommunal xərclərdə bəzi imtiyazlar tanındı, Yevlaxda və Xocalıda reinteqrasiya ilə bağlı görüşlər keçirildi, amma sonda getməyə qərar verdilər. Həmin zaman da peçenye, su, şokolad paylandı, avtobuslar təşkil edildi, təcili tibbi yardıma qədər təmin olundu. Onların hüququ beləmi pozulub? O zaman konqresmenlər kor idi? AzTV-nin çəkilişləri qalır, o kadrlara açıb baxsınlar. Hansı etnik təmizləmə, hansı insan hüquqlarının pozulması faktı var? Əksinə, hüquqları pozulan da, didərgin salınan da, etnik təmizləməyə məruz qalan məhz azərbaycanlılar olub. Amma o zaman Konqres "907-ci düzəliş"i qəbul etdi. Onlar gülə-gülə, şokolad yeyə-yeyə getdilər, Qarabağın azərbaycanlı sakinləri isə gülləbaranın altından qaçmağa məcbur qalmışdılar. O baxımdan hər hansı narazılıq varsa, Azərbaycan dövlətinin təklifini yada salsınlar - vətəndaşlığı qəbul edib Xankəndinə qayıtmaq mümkündür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR