İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Qarabağ və ətraf bölgələrdə davam etdirdiyi “su terroru” - Sərsənglə bağlı SOS

2384 08.04.2022 13:11 Gündəm A A


Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi "Sərsəng su anbarına dair beynəlxalq və konstitusion tələblər: hövzənin əhəmiyyəti, hazırkı vəziyyəti - araşdırma və mediada, sosial şəbəkələrdə təbliğat kampaniyası” adlı layihənin icrasını davam etdirir.

İctimai Birliyin icraçı direktoru, layihənin rəhbəri Elşad Məmmədli bu mərhələyədək görülən işlərlə bağlı məlumatı açıqlayıb.
O bildirib ki, indiyədək Tərtər, Ağdam, Bərdə rayonlarında suvarma sistemlərinə vurulmuş ziyanla bağlı monitorinqlər həyata keçirilib, habelə Ermənistanın Azərbaycana vurduğu ekoloji ziyanlara dair faktlar toplanılıb. Həmin monitorinqlərin nəticələri göstərir ki, Ermənistanın 30 illik işğal dövründə su mənbələri, kanalları məhv etməsi böyük ekoloji fəlakətə səbəb olub. Hazırda da bunun ağır nəticələri davam edir, faktiki olaraq Sərsəng su anbarından qidalanan çaylarda su qıtlığı davam edir. Buna dair Ağdam, Tərtər və Bərdədə apardığımız monitorinqin videosunu təqdim edirik:

https://www.youtube.com/watch?v=YbCjdDdyqdM

Layihə rəhbəri bildirdi ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlayıb, bu gün isə Sərsəng su anbarından istifadə mümkün olmur: “Aparılan monitorinqlər, video və foto çəkilişlər, real durum sübut edir ki, işğal müddətində ermənilər Qarabağı viran qoymaqla yanaşı, Qarabağətrafı rayonlarımıza miqyası milyard manatlarla ölçülən ekoloji cinayətlər törədiblər, ziyanlar vurublar. Tarixən Azərbaycanın əhəmiyyətli su mənbələri Qarabağ bölgəsindən qaynaqlanıb. İşğal dövründə Ermənistanın Azərbaycanın flora və faunasına, ekologiyasına, su mənbələrinə vurduğu ziyanın miqyası da çox böyükdür. Ermənilər Qarabağı işğalda saxlayarkən su mənbələrinin, anbarların, çayların qarşısını kəsərək, Qarabağ ətrafı bölgələrdə də ciddi ekoloji fəlakət yaradıblar. Bunun ağır fəsadları bu gün də davam edir.
Öncə onu qeyd edək ki, Ermənistan Zəngilan və Cəbrayıl rayonları ərazisində Araz çayını davamlı olaraq çirkləndiriblər, çayın məcrasında süni əngəllər yaratmışdılar. Habelə, Sərsəng və Suqovuşan su anbarlarından suyun axınının qarşısını kəsmişdilər. Araşdırmalarımız zamanı bəlli olub ki, Ermənistan 1993-94-cü ildən bu yana hər il suvarma dövründə, yaz, yay aylarında su axınının qarşısını kəsib, keçmiş cəbhəyanı rayonlarda – Tərtər, Bərdə, Ağdamın işğalda olmayan hissəsi, Goranboy, Ağcabədi və Yevlax rayonları ərazisində əkin sahələrinə, meşə zolaqlarına sözün əsl mənasında ekoloji terror törədib. Nəticədə min hektarlarla ərazidə yaşıllıqlar məhv olub, əkinlə məşğul olan şəxslərə, Azərbaycan dövlətinə milyardlarla manat ziyan vurulub.

Məlumdur ki, adları qeyd olunan rayonların su təchizatı hələ sovetlər dövründən Sərsəng və Suqovuşan su anbarları hesabına həyata keçirilirdi. 44 günlük Vətən Müharibəsi dövründə Suqovuşan su anbarı da erməni işğalından azad edildi. Suqovuşana Azərbaycanın nəzarəti bərpa olunandan sonra Tərtərçaya suyun axınının artırılması hesabına son 2 ildə 30 min hektara yaxın ərazimizdə suvarma işləri xeyli yaxşılaşıb.

Sərsəng su anbarı isə hazırda sülhməramlıların nəzarət etdiyi, ermənilərin yaşadığı ərazidə yerləşir. Faktiki olaraq ermənilər 2020-ci ilin 10 noyabr Üçtərəfli Bəyanatından sonra da separatçılıqdan əl çəkmir və bu səbəbdən Sərsəng su anbarına Azərbaycanın müvafiq qurumlarının birbaşa icrası mümkün olmayıb.
Sərsənglə bağlı ekoloji tarazlığının bərpa edilməsi, anbarın nəzərdə tutulan təyinat, istiqamət üzrə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən idarə olunması olduqca vacib, dövlət və cəmiyyət üçün mühüm məsələdir. Çünki burada söhbət həm ekoloji fəlakətin qarşısının mümkün qədər tez və geniş miqyasda alınmasından, həm azı 50-60 min hektar ərazinin su ilə təminatından, eyni zamanda dövlətin mənafelərindən, hüquqlarından gedir. Sərsəng su anbarı ciddi strateji əhəmiyyət daşıyır və onun baxımsızlıqdan qəzalı vəziyyətdə qalması ətraf bölgələrdəki 300 mindən çox insanın həyatı üçün təhlükə yarada bilər. İşğaldan sonrakı - postmüharibə dövründə Sərsənglə bağlı beynəlxalq sənədlərin və eyni zamanda Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış 10 noyabr Bəyanatına əsaslanaraq təcili tədbirlərin həyata keçirilməsi zərurəti ortadadır”.

Layihə rəhbəri xatırlatdı ki, Azərbaycan Respublikasına aid Sərsəng su anbarı mərhum prezident, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Tərtərçayın üzərində inşa edilib. Su anbarı Respublikamızın bir sıra rayonlarının (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektar civarında torpaq (əkin) sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə qurulub. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı: “Azərbaycan 2020-ci ilin payızında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etdikdən sonra Sərsəng su anbarı ilə eyni vaxtda inşa olunmuş Suqovuşan (ona yerli əhali "bala Sərsəng" də deyirdi) su anbarına nəzarəti həyata keçirir. Suqovuşan su anbarı, kanallar qısa müddətdə restavrasiya edildi, anbarın suyu Tərtər çayı ilə yönləndirilməklə - 30 ildir qoyulan süni maneələri qaldırmaqla Azərbaycanın ətraf bölgələrindəki təxminən 30 min hektar ərazidə əkin sahəsinin suvarma təminatını yaxşılaşdırmağa nail olundu.
Sərsəng su anbarı və onun qurğuları işğal müddətində texniki xidmət göstərilmədiyi üçün qəzalı vəziyyətə düşüb.
Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki Sərsəng su anbarının bərpası, tam işlək vəziyyətə gətirilməsi, öz funksiyası üzrə istifadə olunması üçün müvafiq rəsmi komissiyalar, İşçi Qruplar tərəfindən layihələr, təkliflər hazırlanmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci il tarixdə BMT Baş Assambleyasının 76-cı sessiyasında illik ümümi müzakirələrdə videoformatda çıxış edərkən Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi ekoloji cinayətlər barədə də məlumat verib. Prezident İlham Əliyev çıxışında eyni zamanda vurğuladı ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Sitat: "Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir.
Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi"...

Diqqətə çatdıraq ki, 2016-cı ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul edib. Ardınca - həmin ilin aprel-may aylarında Azərbaycandan ABŞ Prezidentinə bu qətnamə ilə bağlı Petisiya unvanlandı. Petisiya 300 mindən artıq imza topladı. ABŞ hökuməti ən çox səs qazanan petisiyalardan olan bu müraciətə rəsmi cavab verdi və ekoloji fəlakətin dayandırılması üçün çağırışlar etdi.
BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası təhlillər aparmış, müvafiq rəy vermişdi. Missiya belə nəticəyə gəlmişdi ki, lazımi su təchizatının çatışmazlığı kənd təsərrüfatına ciddi ziyan vurur və artıq meşə massivlərin tamamilə məhv olmasına gətirib çıxarıb...

Faktiki olaraq Sərsəng su anbarı ilə bağlı məsələ illərdir ki, beynəlxalq əhəmiyyət daşıyan sənədlərə də əsaslanır. Mövcud durumda - Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra Sərsəng su anbarının təyinatı üzrə istifadəsi, bərpası üçün şərait yaranıb. Bu, beynəlxalq hüquqla yanaşı, Azərbaycanın Konstitusiyasının tələbidir.
Hazırda sülhməramlıların nəzarətində olan Sərsəng su anbarının restavrasiyası, təhlükələrin aradan qaldırılması üçün anbarın üzərində Azərbaycanın müvafiq icra orqanlarının nəzarət həyata keçirməsi birmənalı şəkildə öz təsdiqini, həllini tapmalıdır. 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn tələblərin icrasında Sərsəng su anbarına nəzarətin tam olaraq həyata keçirilməsi mexanizminin tezliklə reallaşdırılması üçün müvafiq beynəlxalq qurumlar da ciddi səy və maraq göstərməlidir.
AŞPA 2085 saylı qətnaməsinin icrasını tələb etməlidir!


Əvvəla, Sərsəng su anbarının bəndlərinin baxımsızlıqdan qəzalı vəziyyətə düşməsi Azərbaycanın rayonları və əhalisi üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Digər tərəfdən ərazilərin suvarma suyu ilə təminatı, ekoloji tarazlığın qorunması mühüm əhəmiyyət kəsb edir. Artıq işğal bitib və Sərsəng su anbarı ilə bağlı ekoloji tarazlığın təmin edilməsi də anbarın məxsus olduğu Azərbaycan dövlətinə aid məsələdir. Bunu hansısa kənar qüvvə etməyəcək və etməsi hüquqi olaraq mümkün də deyil.
Habelə, bu, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi sənədin icrası üçün vacibdir. 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan işğala son qoyub. Münaqişə həll edilib. Azərbaycan Sərsənglə bağlı sənədi də BMT-nin qətnamələrini icra etdiyi kimi, özü həyata keçirməyə qadirdir. Sərsəng su anbarının bərpası, istifadəsinə nəzarət birbaşa onun hüququdur.

Sərsəng su anbarının bölgədə ekoloji tarazlıq üçün əhəmiyyəti, anbara Azərbaycanın tam nəzarət etməsi, təhlükələrin aradan qaldırılması üçün təcili işlərə başlanılmalı, müvafiq addımlar atılmalıdır:
Hazırkı mərhələdə ilkin olaraq bu addımlar aşağıdakılardan ibarət ola bilər:

-Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin müşahidəsi altında sülhməramlıların məsuliyyət zonasında olan, Azərbaycanın ərazisində yerləşən, hazırda baxımsız olan strateji su mənbəsi - Sərsəng su anbarından istifadə, anbarın idarə edilməsi Azərbaycanın müvafiq icra qurumlarının nəzarətinə verilməlidir;
- Həmin ərazilərdə tələb olunan işlərin görülməsi üçün sürətli minatəmizlə işlərinə təcili şəkildə başlanılmalıdır;
-Azərbaycan dərhal Sərsəng su anbarında restavrasiya işlərinə başlamalı, anbardan çıxış kanallarını bərpa etməklə, Ağdam, Tərtər, Bərdə, Goranboy istiqamətində suvarma sahələrinə suyun yönəldilməsini həyata keçirməlidir;
- Bu prosesdə beynəlxalq təşkilatlar – AŞPA da iradəsini ortaya qoymalıdır və yaxından iştirak etməlidir.

Sərsəng su anbarı ilə yanaşı, hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərindən keçib gələn çayların da qarşısı kəsilib. Məsələn, Ağdamın əsas su mənbələrindən olmuş Xaçınçay hazırda quruyub. Ağdamın işğaldan azad edilmiş ərazilərinə dağlıq hissədən gələn bir sıra çaylar da həmçinin. Habelə, Tərtərçaya qoşulan kiçik çayların da məcrası məhv edilib, qarşısı kəsilib.
Qarabağda sürətli inkişaf Azərbaycanın əsas prioritetidir. Kənd təsərrüfatının inkişafı, infrastrukturun qurulması, əhalinin geri dönüşü üçün müvafiq beynəlxalq təşkilatlar da su mənbələri ilə bağlı məsələdə tələbkar olmalıdır. Bu, xüsusi ilə 10 noyabr Bəyanatının tələbidir və icrası mütləqdir.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR