İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin çirkli pullarını Blinkenə yazılan çirkli məktubla “yuyan” senatorlar  

995 13.01.2023 17:00 Yazarlar A A

Sanki vədələşiblər, növbə ilə erməniçiliyin kifli iddialarını, saxta hay-küyünün müdafiəçisi qismində çıxış edirlər. Fransadakıların səsi kəsilib son günlər, Makron və başının dəstəsi baxdı ki, Azərbaycana nə Senatın, nə Milli Assambleyanın, nə BMT Təhlükəsizlik Şurasındakı müzakirələrlə təzyiq göstərmək nəticə verməyəcək, sonda oturdular yerlərində...

Düzdür, Fransa Milli Məclisinin sədri Yael Braun-Pive qışın “oğlan” çağında varıb gəlib “kiçik bacı”sının yanına, İrəvanın gecələrini ermənistanlı həmkarı Alen Simonyanla birgə seyr etdikdən sonra “Tabe olduğumuz beynəlxalq hüquqa uyğun olaraq Fransa Qarabağın müstəqilliyini tanımır”, deməklə erməniləri yerdən-yerə vuran mövqe sərgilədi. Yəni bu dəfə də xərc-xərac batdı, necə ki, Amerikadan gəlmiş ermənilərin nənəsi Pelosinin İrəvana gətirilməsi üçün xərclənənlərin heç bir mənası olmadı, Pelosi də getdi, “mayası” da...

Əslində Fransanın belə “loyal” davranışı Ermənistanın xilası üçün daha çox lazımdır. Bir sıra erməni ekspertlər anlayırlar ki, Fransanın Ermənistanı və Qarabağdakı separatçıları müdafiə etməsi onların gələcəyini sual altında qoyur. Görmürsünüzmü, artıq bəzi ekspertlər belə davam edərsə, Ermənistanda nəinki ikinci, hətta birinci dövlət dilinin Azərbaycan dili olacağı, İrəvanın əldən gedəcəyi barədə hay-küy salıblar. Yəni bəziləri başa düşür ki, Fransa onları 44 günlük müharibədə müdafiə edə bilmədisə, deməli, bundan sonra da harayına yetişə bilməyəcək, Azərbaycan əsgərinin ayağının altını öpməli olacaqlar bir az da dərinə getsələr...

Bu arada Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyası müxalifətin Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edən bəyanat layihəsini qəbul etməyib. Müxalif “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan tərəfindən təqdim olunan layihə geri qaytarılıb. Ötən gün də Ermənistan rəsmiləri də açıq şəkildə bildirmişdilər ki, Laçın yolundakı vəziyyətə müdaxilə edə bilməzlər. Paşinyanın açıqlaması da o demək idi ki, biz Qarabağ erməniləri ilə bağlı məsələlərə qarışmayacağıq, yəni “gedin, özünüz dil tapın!”

 

Qeyd etdiyimiz kimi, fransızlar kiriyib, hətta ermənilərin bəziləri ağıllanıb, amma ABŞ-dakı bəzi erməniyanlılar yaxalarını cırmaqdadırlar.

Diqqət edin, ABŞ Dövlət Departamenti mətbuat xidmətinin əməkdaşı Ned Praysın dünən keçirdiyi mətbuat konfransında KTMT təlimlərinin Ermənistanda keçirilməməsi barədə baş nazir Nikol Paşinyanın açıqlaması və Ermənistanın ittifaq dövlətinə cəlb olunması barədə yayılan məlumatlar haqqında suala cavab verməkdən imtina olunub. Prays bu sualı Ermənistan hökumətinə verməyi tövsiyə edib. Nə deyirik, olsun! Amma Laçın yolundakı vəziyyətə gəldikdə, ABŞ rəsmilərindən kimsə “gedin, Azərbaycandan soruşun!” demir, əksinə, Azərbaycanı ittiham mövqeyindən çıxış edir. “Ermənistan hökumətinə müraciət etməyi tövsiyə edərdim ki, onlar öz mövqeyini açıqlasınlar”, - deyən ABŞ rəsmisi niyə brifinqdə Laçın-Xankəndi yolundakı dinc aksiya ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə istinad etmir?

ABŞ Senatının ermənipərəst təmsilçiləri isə növbəti dəfə separatçı ermənilərin hay-küyünə qoşulub, ölkə rəhbərliyinə müraciət ediblər. Senatorlar Bob Menendez və Cek Rid ABŞ dövlət katibi Entoni Blinkenə göndərdikləri məktubda Laçın yolundakı aksiyadan “narahat olduqlarını” yazıblar. İddia ediblər ki, Azərbaycanın Qarabağı “blokada”da saxlamsı 2020-ci il müharibəsindən sonra hələ də sağalmayan, onsuz da zəif olan region üçün dağıdıcı nəticələrə səbəb olur. Ermənilərin saxtakarlığına şərik olan senatorlar ardınca absurd şəkildə bildiriblər ki, “blokada”nın eko-mitinqçilər tərəfindən həyata keçirildiyi iddialarına baxmayaraq, son məsuliyyət Azərbaycan hakimiyyətinin üzərinə düşür. “Üstəlik, sülhməramlı missiyası həvalə edilmiş Rusiya qüvvələri öz vəzifələrini birmənalı şəkildə yerinə yetirə bilməyiblər”-amerikalı daha sonra qeyd ediblər. Məktubda senatorlar Ermənistan XİN-in və hüquq müdafiəçilərinin Laçın yolunun “blokadasının məqsədləri və nəticələri” barədə məruzələrini təqdim ediblər. Həyasızcasına qeyd olunub ki, “artsax”da “ərzaq qıtlığı var ki, bu da ciddi narahatlıq yaradır”. Bu yerdə xatırladaq ki, hətta baş separatçı Ruben Vardanyan da ərzaq probleminin və blokadanın olmadığını bəyan edib. Erməni diasporunun pulları ilə yemlənən senatorlar isə təqribən belə deyirlər ki,” yox e, siz bilmirsiniz, xəbəriniz yoxdur, acından ölürsünüz, amma sizə demirlər!” Əks təqdirdə, senatorların özlərini karlığa və korluğa vurmalarına başqa ad vermək mümkün deyil.

Abırsızlığa diqqət edin: “Birləşmiş Ştatlar Əliyev rejiminin Dağlıq Qarabağ vətəndaşlarının həyatını amansızcasına təhdid etdiyi bir vaxtda dayana bilməz və Azərbaycan mülki şəxslərin ərzaq və ilkin tələbat mallarına çıxışını qadağan etdiyinə görə məsuliyyət daşımalıdır”. Ritorikaya baxın, “rejim”, “amansızcasına”, “qadağan”...Sanki Naxçıvan Muxtar Respublikasının 400 min nəfərdən artıq əhalisini 33 ildir blokadada saxlayan Ermənistan olmayıb! Sanki elə bu gün, 44 günlük müharibədən sonra keçən 26 ayda azərbaycanlıların Ağdərədən keçməklə Kəlbəcərə, Ağdamdan keçməklə Şuşaya getməsinə əngəl olan erməni separatçı-terrorçu dəstələri deyil. ABŞ-da polisin “dayan” əmrinə tabe olmayan sürücüyə qarşı dərhal silah tətbiq edirlər. Amma Azərbaycan 30 il Ermənistana “dayan” xəbərdarlığı etdi, sonda silaha əl atdı, müharibədən sonrakı 2 ildən artıq müddətdə də Qarabağdakı separatçılara dinc yolla rədd olmağı məsləhət görür. Amma bunlar nəinki rədd olur, hətta bizim yolumuzu kəsirlər, sərvətlərimizi daşıyırlar, ekoloji terror törədirlər...Bütün bunlara hansı ölkə dözərdi? ABŞ heç dözməzdi. Biz bu dözümsüzlüyü İraq əməliyyatı nümunəsində görmüşük...Senatorlar da yaxşı bilirlər, sadəcə ermənilərin çirkli pullarını Blinkenə yazdıqları kirli məktubla “yumaq” istəyirlər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR