İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Ağrı dağı sancısı - İrəvanın təlaşı niyə bitmir...

1338 10.01.2023 11:03 Siyasət A A

Politoloq: “Ağrı dağında Türkiyənin hərbi baza yaratması Rusiyanı çox ciddi şəkildə narahat edir”

Türkiyənin Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza inşa etdiyi haqda məlumat verilib. Hərbi bazanın terrorla mübarizə aparmaq üçün tikildiyi bildirilir. Məlumatlara görə, dəniz səviyyəsindən 2 min 100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kamera sistemləri və təyinatlı silahlarla təchiz olunacaq.

Bəs baza niyə məhz indi inşa olunur?

Qeyd edək ki, xəbər Ermənistan mediasında dərhal geniş işıqlandırılıb və həyəcan yaradıb.

Məlumdur ki, neçə vaxtdır Türkiyə və Ermənistan arasında münasibətlərin bərpası üçün danışıqlar gedir. Bu məqsədlə hər iki tərəfdən xüsusi nümayəndələr də təyin edilib və artıq 4 görüş keçirilib. Çünki münasibətlərin bərpası ilk növbədə qarşılıqlı etimadın yaranmasını zəruri edir. Bu fonda hərbi baza ilə bağlı yayılan xəbər isə İrəvanda qıcıq qarışıq təlaş yaradıb.

Bu da təbiidir əslində. Çünki xain xoflu olar. O da bəllidir ki, Ermənistan konstitusiyasında Azərbaycanla yanaşı, qardaş ölkəyə qarşı da ərazi iddiası yer alıb. Ağrı dağı da daxil, Türkiyənin Ermənistanla həmsərhəd əraziləri “Qərbi Ermənistan” kimi göstərilib. Ermənilərin “Ararat” adlandırdığı Ağrı dağının şəkli isə üstəlik kapitulyant ölkənin gerbində əks olunub.

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Türkiyə NATO üzvü olan dövlətdir, hər hansı bir baza yaradırsa, özünün bölgədəki milli maraqlarından çıxış edir: “Əslində bu, təkcə ermənilərin narahatlığı deyil. Ağrı dağı yaxınlığında Gümrüdə Rusiyanın hərbi bazası var. Bundan başqa, bu təlaşda son zamanlar özünü yuyulmamış çömçə kimi ortalığa atan İranın da payı var. Çünki regionda Türkiyənin mövqeyinin güclənməsi, islam dünyasının liderinə çevrilməsini İran heç cürə qəbullana bilmir. Nəzərə almaq lazımdır ki, İngiltərədə SEPAH-ın terror təşkilatı kimi qeydə alınması gündəmə gəlib. Artıq İran birmənalı şəkildə terror dövlətinə çevrilir. Bu da onları çox ciddi şəkildə narahat edir”.

Cümşüd Nuriyev - Teleqraf.com

Cümşüd Nuriyev

Politoloq deyir ki, hərbi baza üçün Ağrı dağının seçilməsi də təsadüfi deyil: “Bu seçimdə rəmzi məna da var. Çünki ermənilər Ağrı dağını Ararat adlandır, gerblərində dağın şəklini verməklə özlərininki elan edirlər. İğdırdan Ərzuruma qədər Ağrı dağı görünür. Ermənistan sərhədinə çox yaxındır. Orada iki keçid məntəqəsi də var, hər iki məntəqə Ağrı dağının ətəyindədir. Ağrı dağında ötən əsrin 60-cı illərində Nuhun gəmisinin qalıqları tapıldı. Ermənilər başqalarının tarixini mənimsəməyə can atan bir tayfadır. Ağrı dağı ilə yanaşı Nuh peyğəmbəri də özlərininkiləşdirmək kimi sərsəm bir işə də baş vururlar. Türkiyə bu baxımdan uğurlu seçim edib. Bu gedişlə hərbi-strateji maraqlarla yanaşı, milli-mənəvi, tarixi dəyərlərin də əhəmiyyətini bir daha gündəmə gətirib. İkisini bir arada tutmağı ancaq Türkiyə bacarar. Ermənilər, onların havadarları orada hərbi cəhətdən, bədnam qonşularımızın özləri isə milli cəhətdən də yerinə otuzdurulur”.

Politoloq deyir ki, sovetlər birliyi dönəmindən Fələstin liderinin İrəvana gizli səfərləri olub və bu səfərlərdə əsas müzakirə mövzuları Azərbaycan və Türkiyə torpaqlarının qoparılaraq Ermənistana birləşdirilməsi olub:

“SSRİ xarici siyasi əlaqələr şöbəsinin müdir müavini Karen Nersesoviç və ərəb dünyası ilə dostluq cəmiyyətinin sədri Ovanesovla görüşləri zamanı Fələstin lideri əsasən Ermənistan ərazisinin genişləndirilməsini müzakirə edir, bu məqsədlə təşkilatlanma işini aparırdılar. Bu gün də həmin siyasəti çox təəssüf ki, Rusiya Ruben Vardanyanın əli ilə davam etdirməyə çalışır. Ağrı dağında Türkiyənin hərbi baza yaratması Rusiyanı çox ciddi şəkildə narahat edir. Rusiyanın əlacı kəsilib, öz durumu bərbaddır, bununla belə, Azərbaycanı arxadan vurmağa çalışır. 2023-cü ildə Rusiyanın Azərbaycanı işğal siyasətinin 300 ili tamamlanır. 1723-cü ildə I Pyotr Azərbaycanı işğal etmişdi. Sonradan Nadir şah onu Azərbaycandan vurub çıxardı. Bununla belə, Rusiya Azərbaycandan əl çəkmədi. 300 ildir ki, Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Hazırda Rusiya çox ağır siyasi-iqtisadi böhran içində çabalayır. Çox pis durumda olduqlarını göstərən məqamlardan biri də danışan dillərinin Ruben Vardanyan olmasıdır. Rusiyanın danışan dili Ruben Vardanyan, vuran əli də İrandır.  Belə gülünc durumdadır Rusiya. İran-Vardanyan dueti Türkiyə-Azərbaycan duetinin yanında sıfırdır. Qoy nə istəyirlər çərənləsinlər”.

“Onların belə bir tullanışı son və həlledici həmləmizə yol açacaq”

Politoloq deyib ki, son zamanlar erməni kökənli blogerlər İrəvanda, Xankəndidə, dünyanın başqa ölkələrində Azərbaycan həqiqətlərini dilə gətirməyə başlayıblar: “Bu, ermənilər arasında çox ciddi parçalanmadan xəbər verir. Əksəriyyət sərsəm Qarabağ iddialarından əl çəkib dinc və firavan yaşamağın tərəfdarıdır. Azərbaycan gənclərinin Laçın-Xankəndi yolunda keçirdikləri ekoaksiya, Türkiyənin bölgədəki fəaliyyəti, Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət, Azərbaycan Ordusunun Laçın-Xankəndi yolunda göstəri yapması da bizi tədricən hədəfimizə yaxınlaşdırır. Bütün bunlar erməniləri və onları dəstəkləyənləri küncə qısnayır. Küncə qısnanmış istənilən heyvan çalışır ki, əks tərəfdə olanın üstünə atılsın. Onların belə bir tullanışı son və həlledici həmləmizə yol açacaq. Yaxın 3-4 aya bu həmləni yapacağımızı gözləyirəm”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR