İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənilər sülh müqaviləsi adı altında vaxt qazanmaq istəyirlər” -Akif Nağı

948 23.04.2022 09:50 Müsahibə A A

“Xankəndində Azərbaycan bayrağı dalğalanmayınca danışıqların mənası yoxdur”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Təşkilat rəhbəri ilə Şuşada keçirilən Dünya Azərbaycanlılarının qurultayından tutmuş, Ukraynada davam edən dəhşətli savaşın perspektivlərinədək danışdıq. Ukrayna xalqının fəlakətinə üzüntüsünü ifadə edən QAT rəhbəri əminliklə bildirdi ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanadək Ermənistanla sülh danışıqlarının aparılması mənasızdır.

- Akif bəy, Şuşa “Şuşa ili”ndə çox möhtəşəm tədbirə ev sahibliyi edir. Qala şəhərimizdə Dünya Azərbaycanlılarının 5-ci qurultayı keçirilir. Bu həm də dünyada yaşayan 60 milyonadək azərbaycanlının böyük bir bayramıdır. Uzun illər Qarabağ uğrunda mübarizə aparan təşkilatın rəhbəri olaraq Şuşa qurultayı ilə bağlı Azərbaycan dövlətinin, Diaspor üzrə Dövlət Komitəsinin qərarını necə dəyərləndirirsiniz?

- Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi heç nə ilə müqayisə olunmayan bir hadisədir. Cənab Prezidentin “Şuşa İli”ni elan etməsi, sonra isə bu cür möhtəşəm tədbirlərin ərsəyə gətirilməsi hər bir vicdanlı azərbaycanlı tərəfindən təqdir olunmalıdır. Başqa cür düşünənləri, kobudluğa yol vermədən desək, başa düşmək mümkün deyil. Bunu həyatını Qarabağ uğrunda mübarizəyə həsr edən, olmazın əziyyətlərinə, təzyiqlərinə, təhdidlərinə dözən minlərlə fədakar QAT üzvü adından deyirəm. Bu möhtəşəm hadisəyə görə dövlət başçısına, Diaspor Komitəsinin rəhbərliyinə, bütün əməkdaşlarına təşəkkür edirik. Əlbəttə, Diaspor Komitəsinin işində tənqid olunası məqamlar da var, necə deyərlər, iş olan yerdə nöqsanlar da olar. İşləməyənlər nöqsansız olur. Komitə son illərdə geniş cəbhə boyu çalışır, ciddi nəticələr də ortadadır. Bu qurultay isə son iki ilin zirvə nöqtəsi oldu.

- Qurultaya dəvət alanlar, artıq Şuşada olanlar arasında Beynəlxalq Qarabağ Forumunda təmsil olanlar da var. Yəqin onlarla da təmaslarınız olub və təəssüratlarınızı bölüşmüsünüz...

- 2015-ci ildə bizim təşəbbüsümüzlə Beynəlxalq Qarabağ Forumu yaradıldı. Hazırda bu qurum 10-a qədər ölkəni əhatə etməklə fəaliyyətini uğurla davam etdirir. QAT-ın və Forumun işində siz də yaxından iştirak etmisiniz, əziyyət və məhrumiyyətlərimizi bölüşmüsünüz. Forumun Türkiyə, Rusiya, Niderland və digər ölkələrdən olan üzvləri, Ziya Zakir Acar, Elşən İbrahimov, Mayisə Ağamirzəyeva və başqaları qurultayda iştirak edirlər. Onlarla Bakıda olanda da görüşdük, yol boyu da əlaqə saxladıq. Onlar Şuşaya böyük təəssüratlarla daxil oldular, qürurverici anlarını, sevinclərini bizimlə bölüşdülər. Hamısının dediyi bir söz var: xoşbəxtik, heç vaxt olmadığımız qədər qürurluyuq!

- Ağdamda olduğunuzu bilirik. Bəs Şuşaya necə, səfər etmisinizmi?

- Şuşada da olmuşam. Ötən ilin dekabrında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə mən də iştirak etdim. Hələ də o təəssüratlarla yaşayıram. Arzuları çin olmuş insanın xoşbəxtliyini yaşayıram. Biz təşkilat olaraq da Şuşaya kollektiv səfər etmək istəyirik. Mən QAT-ın sədri, bir nəfər olaraq oraya getdik, özümü digər QAT üzvləri qarşısında günahkar kimi də hiss etdim. Otuz il ərzində mübarizə aparmış hər bir QAT üzvünün bu müqəddəs şəhərə getmək arzusu var, həm bunu canları, qanları, əziyyətləri ilə haqq ediblər. Biz Prezident Administrasiyasına kollektiv səfərin təşkili ilə bağlı müraciət etmişik, ümidlə cavab gözləyirik.

- Akif bəy, ermənilərin Şuşa qurultayından həyəcanlanması təəccüblü deyil. Bəs İrandakı narahatlığa nə ad qoymaq olar? Hətta Azərbaycanı təhdid edənlər tapılır? Cənub qonşumuzdakı bu narahatlıqların səbəbi nədir? Axı biz İranla dəhliz anlaşmasına belə imza atmışıq. Aranı pozmaq istəyənlər kimlərdir?

- Ermənilərin reaksiyasını təbii ki, başa düşürük, bu qurultay onların azacıq da olsa, qalan ümidlərinin üzərindən birdəfəlik xətt çəkir. İranın isə mövqeyi başadüşülən deyil, izah etmək çətindir. Hər halda, İran rəhbərliyi Azərbaycanla xoş münasibətlər saxlamağa çalışır. Biz müsbət tendensiyaları qabartmalı, hərdən bir tutan “sancı pristupları”nın təsirlərini azaltmağa çalışmalıyıq. İranın Ermənistanla əvvəlki isti münasibətləri yox dərəcəsindədir. Bunu əsas götürüb, müsbət emosiyalara yüklənməliyik. İran ərazisindən əlavə yolun çəkilməsi ilə bağlı ikitərəfli qərar da erməniləri ciddi narahat edir. Bunu da nəzərə almalı, İranla münasibətlərdə bədbin olmalı deyilik. 

- Yəqin, Laçın dəhlizinə alternativ yolun çəkilişi ilə bağlı kadrları görmüsünüz. Sizcə, ermənilər niyə həyəcanlanıb, Laçında gömrük postumuzun qurulacağındanmı qorxurlar? Əslində dəhliz anlaşması 2020-də əldə olunub, amma bunlar yenə də hay-küy salırlar...

- Laçın dəhlizinə alternatıv yolun çəkilməsi əhəmiyyətli hadisədir. Ermənistan tərəfinin də reaksiyasını müşahidə etdik. Ciddi narahatlıq keçirir, hətta iddia edirlər ki, o tərəfdə heç bir inşaat işləri getmir, yəni bu yolun perspektivinin olmadığını demək istəyirlər. Bu yolun çəkilməsi həmin bölgədə situasiyanı dəyişdirəcək, Azərbaycanın manevr imkanlarını artıracaq. Bu, rus sülhməramlılarının da rolunun azalmasına gətirə bilər. Hələlik bilmədiyimiz məqamlar çoxdur, qiyməti düşmən tərəfin reaksiyalarına uyğun veririk.

- Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə münasibətdə Rusiya və Avropa İttifaqı arasında rəqabətin olması faktdır. Eyni zamanda Minsk Qrupunun fəaliyyəti iflic olsa da, həm Moskva, həm Paris, həm də Vaşinqton Qarabağ mövzusundan əl çəkmirlər. Proseslərin sonrakı gedişatını necə görürsünüz?

- İki qütb arasında sərt rəqabət göz önündədir. Hətta ABŞ-ın da ciddi narahatlığı və fəallığı hiss olunur. Rəsmi Vaşinqtonun belə hərəkətliliyini əvvəllər heç vaxt müşahidə etməmişik. Görünür, hansısa nəticələrin konturları cızılır. Rusiya həmişə mənfi rol oynayıb, amma bu mənfi rol bəzən xeyrimizə işləyib. Məsələn, 2008-ci ildən sonra ABŞ başda olmaqla, Qərb 3-5 rayonu bizə qaytarmaqla məsələni bitirmək istəyirdi. Bu, Dağlıq Qarabağ, özəlliklə Şuşa üçün ölüm hökmünə bərabər idi. Həmin dövrdə Rusiya öz maraqlarından çıxış edərək, münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışırdı. “İki pis”dən bu, nisbətən yaxşısı maraqlarımıza cavab verirdi. İndi də təxminən eyni vəziyyətdir. Hələlik həmsədrıik “xüsusi nümayəndə” statusu ilə əvəz olunur, Rusiya isə dominatlığını saxlayır.

- Sizcə, indiki durumda sülh müqaviləsini imzalamaq hansı tərəfə sərfəlidir, Bakıya, ya İrəvana?

- Sülh müqaviləsinin yaxın vaxtlarda imzalanacağı real deyil. Ermənilər sülh müqaviləsi adı altında vaxt qazanmaq istəyirlər. Sülh müqaviləsindən öncə “Xankəndi məsələsi” həllini tapmalıdır, yəni orada Azərbaycan hakimiyyəti bərpa olunmalıdır. Ona görə də başımızı sülh müqaviləsinə qarışdırmalı deyilik. Xankəndində Azərbaycan bayrağı dalğalanmırsa, sülh danışıqlarının heç bir mənası yoxdur. Heç kəs özünü Ermənistandakı gərginlik, İrəvan-Xankəndi qarşıdurması görüntüləri ilə aldatmasın. Bunların hamısı Paşinyanın da iştirak etdiyi oyunların tərkib hissədir.

- Rusiya-Ukrayna müharibəsi ilə bağlı proqnozunuz necədir? Siz də müharibənin tezliklə bitməyəcəyi qənaətindəsiniz?

- Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək. Dünyanın böyük bir hissəsi Ukraynanın tərəfində olmaqla, müharibədə faktiki olaraq iştirak edir. Məqsəd Rusiyanı imperiya, superdövlət statusundan məhrum etməkdir, amma parçalamaq, məhv etmək deyil. Qərb zəif Rusiyanın öz mövcudluğunu davam etditməsində maraqlıdır. Rusiya özündən əvvəlki imperiyalar kimi müqavimət göstərməyə çalışır. Hələ ki, buna qismən nail ola bilir. Ən bədbəxt vəziyyətdə olan Ukraynadır. Birinci Dünya müharıbəsində bu bədbəxt tərəf rolunu Serbiya oynadı, 4 milyon əhalisinin 1 milyonunu itirdi. İkinci Dünya müharibəsində bu bədbəxtçilik Polşanın payına düşdü, ayaqlar altında qaldı, param-parça oldu. Ukrayna xalqının qəhrəman mübarizəsinə kölgə salmadan, bu acı reallığı qeyd etməli oluruq. Müharibə indiki şəraitdə, böyük ehtimalla, bir qədər səngiyəcək. Rusiya şimalda Xarkov, cənubda Nikolayev-Xerson zolağında möhkəmlənəcək, Ukraynanın yerdə qalan ərazisi Amerikanın nəzarətində qalacaq. Qarşıdurma müəyyən vaxta qədər mövqe müharibəsinə çevriləcək.

- Rəsmi Bakının bu müharibəyə münasibətdə tutduğu mövqeni necə dəyərləndirirsiniz?

- Bakı müharibənin ilk günlərindən ən optimal variantı seçdi: hər iki tərəf, həmçinin Qərblə münasibətləri qoruyub saxladı. Rəsmi Bakı bu qarşıdurmada tərəf olmadı, kiminsə maraqlarının alətinə çevrilmədi. Ən vacibi isə odur ki, həm  Rusiya, həm Qərb, həm də Ukrayna Azərbaycanın bu mövqeyi ilə hesablaşdılar. Burada Türkiyə amili də önəmli rol oynadı.

- Akif bəy, Ermənistanın və Qarabağ separatçılarının davranışları Azərbaycanı sərt qərarlar verməyə vadar edərsə, o halda, sizcə, rus sülhməramlıların mövqeyi necə olacaq?

- Azərbaycan İkinci Qarabağ müharibəsində Türkiyə ilə birlikdə güc amilini ortaya qoydu. Rusiya bu amillə hesablaşmalı oldu. İndi də Azərbaycan sərt addımlar atarsa, Kreml buna normal yanaşacaq. Çünki onların əks mövqe qoymaq imkanları yoxdur. Rusiya Azərbaycana güc tətbiq etmək fikrinə düşərsə, sonunu yaxınlaşdırmış olar. Azərbaycan gücə qarşı güc qoymaq iqtidarındadır, üstəlik Türkiyə kimi təbii müttəfiqimiz yanımızda olacaq, Rusiyanın düşmənləri də “düşmənimin düşməni dostumdur” prinsipi ilə kənarda qalmayacaqlar.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR