İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər əsir və itkin düşənlərin axtarışına razılıq verib?

4622 14.04.2013 09:34 KİVDF layihələri A A
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci ildə aparılmış araşdırma zamanı məlum olub ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfərdir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Komissiyanın açıqlamasına görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb. Onlar Şuşa və ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Son bir neçə ildə 800-ə qədər insanın taleyi müəyyən olunub. “İndiyədək həmin insanlar itkin hesab olunurdular. Onlardan bir qismi dünyasını dəyişib. Onların dəfn edildiyi yerlər müəyyən olunub”, - deyə, qurumdan bildirib. Bir müddət öncə İşçi Qrupunun rəhbərinin sözlərinə görə, Ermənistan tərəfi əsir və itkinlərlə bağlı əməkdaşlığa maraq göstərmir. Bu, təbii idi, çünki erməni caniləri heç vaxt tarixi həqiqətlərin ortaya çıxmasında maraqlı olmayıb. Ancaq son məlumatlara görə, artıq vəziyyət dəyişib və görünür düşmən tərəf də nəhayət, yaxın tarixin dəhşətli faktlarını ört-basdır etməyin mümkünsüzlüyünü dərk etdiyindən onların araşdırılmasına razılıq verib. Hər halda sözügedən komissiyanın son açıqlaması bu nikbinliyi yaradır.
Komissiyadan bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində naməlum məzarların açılmasına maneə yaratmayacaq. Rəsmi açıqlamada deyilir ki, dövlət komissiyası tərəfindən respublika üzrə 139 naməlum məzar qeydiyyata alınıb. Komissiyanın katibi Şahin Sayılovun sözlərinə görə, (APA) bu, dəyişən rəqəmdir: “İşğal olunmuş ərazilər üzrə məzar yerləri dəqiqləşəndə, bu say daha da artacaq. Döyüş əməliyyatları işğal olunmuş ərazilərdə getdiyindən həmin yerlərdə naməlum məzarların sayı daha çoxdur. Üstəlik, proqram tam işləyəndə Ermənistan ərazisində ermənilərin açacağı məzarlar, eyni zamanda bizim burada göstərəcəyimiz erməni qəbirləri var. Rəqəmlər təbii ki, artacaq”.
Ş.Sayılov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində naməlum məzarların açılmasına ermənilərin hər hansı maneə yaratmayacağından danışarkən nikbinliyini aşağıdakı şəkildə əsaslandırıb: “Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə Ermənistan da qol çəkib. Bu proqram hər iki tərəfin qarşılıqlı olaraq naməlum məzarları açmasına razılıq verdiyinin göstəricidir. Yəni bu layihə Azərbaycanla paralel olaraq Ermənistanda da keçiriləcək".
Ş.Sayılov deyib ki, bundan əvvəl itkin düşən şəxslərin ailələrindən ağız suyu (buqqal) və ya qan nümunələrinin toplanmasına başlanacaq: “Ağız suyu nümunələrinin dəqiqliyi qan nümunələrinin dəqiqliyi qədərdir. Lakin bu nümunələrin götürülməsi daha rahat başa gəlir. Qanın saxlanmağı bir az problemlər yaradır. BQXK-nın təklifi oldu ki, ağız suyu nümunələri üzərində eksperiment aparmağa başlayaq. Dövlət Komissiyası bu analizlərin aparılmasına razılıq verib. Yaxın vaxtlarda itkin düşən şəxslərin ailə üzvlərindən bu nümunələrin toplanmasına başlanacaq. Layihə paralel olaraq Ermənistanda da həyata keçiriləcək". Onun sözlərinə görə, münaqişə nəticəsində 4000 nəfərdən çox azərbaycanlı itkin düşüb: “Həmin şəxslərin ailə üzvlərindən nümunələr götürülməmiş qəbirlərin açılması məqsədəuyğun deyil. Respublika üzrə naməlum qəbirlərin, şəhidlər xiyabanlarının, döyüş zonalarında basdırılan qəbirlərinin şəkilləri çəkilib. Onların dəfnində iştirak edən şəxslərlə danışıqlar və dəqiqləşdirmələr aparılıb. Qəbirlər açılandan sonra analizlərin nəticələrinin müqayisə edilməsi üçün ailə üzvlərindən götürüləcək nümunələr əvvəlcədən hazır olmalı, analizləri aparmaq üçün həkimlər hazırlanmalıdır”.
Qeyd edək ki, Dövlət Komissiyasının qərarına uyğun olaraq bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
Prezident bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib və məsələnin icrası Səhiyyə Nazirliyinə tapşırılıb.
Qan və ağız suyu nümunələrinin toplanması üçün mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılacağı planlaşdırılır. Məlumata görə, yaradılacaq qurum MTN-lə sıx işgüzar münasibətdə işləyəcək.
Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun məsələyə baxışı fərqlidir. “Yeni Müsavat”a açıqlamasında keçmiş döyüşçü beynəlxalq təşkilatları ləng fəaliyyətinə görə tənqid etdi: “Hamı bu məsələdə vasitəçilik edir, amma ortadakı nəticə sıfıra bərabərdir. Bir müddət öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri xanım Dəniz Duranın açıqlamasına rast gəldim. BQXK regionda 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Haqlı olaraq ortaya belə bir sual çıxır ki, bu müddət ərzində bu və digər beynəlxalq qurumlar hansı müsbət nəticələri əldə ediblər? Düzdür, son 20 ildə BQXK-nın vasitəçiliyi ilə 700-ə yaxın insan - hərbi əsir və mülki şəxslər öz ölkələrinə qaytarılıb. Amma məni Qarabağ müharibəsinin odunu-alovunu keçən bir şəxs kimi bir məsələ gecə də, gündüz də çox narahat edir. Bu, döyüşlər gedən vaxtı dünyasını dəyişmiş insanların taleyidir. O şəxslərin ki, onlar hələ də doğmaları tərəfindən axtarılır və onların taleyi barəsində uzun illərdir konkret məlumat yoxdur. İndi isə bir qədər əvvəl haqqında söhbət açdığım BQXK-nin hörmətli xanım təmsilçisi deyir ki, onlar bu il itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanmasına başlamaq istəyirlər. Bu nümunələr dedikdə ağız suyu nümunəsi və ya qan nümunəsi nəzərdə tutulur. Bir itkin düşmüş şəxsin 4 ailə üzvündən nümunə götürülə bilər. Amma hansı döyüşçünün, istər erməni əsgəri və ya zabitinin cəsədinin qalıqları olsun, istərsə də bizim hərbçimizin, yaxud mülkü şəxsin bədən üzvlərindən hansınınsa qalıqlarını müqayisə etmək üçün əvvəl onların harada basdırılmasına aydınlıq gətirilməlidir. Bunu isə o döyüşlərdə bilavasitə iştirak etmiş və o cəsədləri basdırmış şəxslərdən yaxşı heç kəs bilməz. Onda ortalığa sualı çıxır: bu cəsədlərin yerini gələcəkdə kim və necə aşkarlayacaq?"
Ü.Cəfərov deyir ki, atəşkəsin imzalanmasından artıq 19 ilə yaxın vaxt keçib. Bu illər ərzində Qarabağda döyüşlərin iştirakçısı olmuş hərbçilərin demək olar ki, hamısı xidmət yerlərini dəyişib, bir çoxları təqaüdə çıxıblar: “Axı indiyə kimi o yerlərdə döyüş keçmiş insanlardan birini belə dindirməyiblər ki, siz əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında hansı məlumata maliksiniz”. Keçmiş döyüşçü ilginc bir məlumatı da açıqlayıb: “1994-cü ildə (atəşkəsə bir neçə ay qalmış) xidmət keçdiyim Füzuli döyüş briqadasının da qatıldığı ən ağır döyüşlər zamanı erməni ordusunun xeyli sayda əsgər və zabiti bizimkilər tərəfindən məhv edilib. Özü də o vaxta kimi özlərini vəziyyətin tam sahibi kimi hiss edən ermənilər qısa müddətdə elə rəzil vəziyyətə düşmüşdülər ki, canlarını qurtarmaq üçün künc-bucaq axtarırdılar. Bax həmin o qanlı döyüşlər vaxtı, bəlkə də, onlarla erməni əsgərinin cəsədi bizimkilər tərəfindən Füzuli rayonunun Şükürbəyli kəndindən Horadiz qəsəbəsinə (indi artıq Horadizə şəhər statusu verilib - red.) aparan yolun yaxınlığında basdırılıb. Biz bu meyitləri öncə insanlıq naminə basdırırdıq. Digər tərəfdən, basdırırdıq ki, sabah onları bizim düşmən əlindəki əsir, girov və ya öldürülən hərbçilərimizlə dəyişmək mümkün olsun. Çünki bizim də əsgərlərimiz əsir ya itkin düşürdü. İndi gəlin belə bir mənzərəni təsəvvür edək. O dəfn olunan erməni əsgərlərinin yerini bilən şəxslərdən biri də bu gün o ərazilərdə xidmət keçmir və hələ bu günə kimi bir nəfər də o adı çəkilən Beynəlxalq İşçi Qrupundan gəlib indi adları itkinlər siyahısında olan o bədbəxtlərlə maraqlanmayıblar. Eyni vəziyyət mən şübhə etmirəm ki, bizim qarşı tərəfdə yaralanıb əsir düşən, yaxud ölən əsgər və zabitlərlərimizlədir. Axı vaxt keçir və doğmalarının yolunu gözləyən minlərlə ailə hələ də ümidlərini üzməyiblər ki, həm bizim tərəfimizdən, həm də erməni tərəfindən bu BİQ-nun vasitəçiliyi ilə müəyyən işlər görüləcək". Ü.Cəfərov atəşkəs dövrünün itkilərindən də danışdı: “Füzuli istiqamətində döyüşən briqadanın qərargah rəisi Akif Məmmədov, komandirin birinci müavini Vahid Osmanov, tabor komandiri Şükür Həsənov, batalyon komandiri Cəfər Əliyev dünyasını dəyişib. Hələ söhbət bir briqadadan gedir, belə briqadaların sayı isə 4-5-dir. Zaur Rzayev də briqada komandiri olub, artıq həyatda yoxdur. Döyüş əməliyyatları üzrə müdafiə nazirinin müavini general-mayor Arif Salahov da dünyasını dəyişib. Onlar özləri ilə nə qədər sirləri aparıblar. İllər keçir, sabah mən də, digər şahidlər də həyatda olmayacaq. Elə isə müharibə qurbanı olan şəxsləri necə tapacaqlar? Gələn il atəşkəsin 20 illiyi olacaq. Beynəlxalq təşkilatlar isə hələ plan qurub tərəflərlə razılaşdırmaq, sonra hərəkətə keçmək istəyir”.
Ü.Cəfərov qeyd etdi ki, 2001-ci ildə özünün də iştirak etdiyi böyük bir jurnalist heyəti İrəvan, Xankəndi və Şuşaya ATƏT xətti ilə səfər edərkən cəmi bir neçə saat ərzində əsirlikdə olan üç həmvətənimizlə bağlı çox müfəssəl məlumatlar əldə edib: “Adları və soyadları bildirilən hərbçilərin konkret olaraq harada və kimlər tərəfindən saxlandığını əgər biz asanlıqla müəyyənləşdirdiksə, görün rəsmi qurumlar bu işə ciddi yanaşsaydı, nə qədər ailələr rahatlıq tapardı”. Polkovnik-leytenant məntiqli sualına cavab da axtarır: “Belə çıxır ki, itkin düşənin ailəsində 4 nəfər yoxdursa, demək o itkin tapılmayacaq? Bu məsələdə İşçi Qrupu Müdafiə Nazirliyi, DİN-in əməkdaşları ilə əməkdaşlıq etməlidir”.
Əsir və itkin düşənlərlə bağlı prosesdə iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri, deputat Novruz Aslan bu barədə açıqlama verdi: “2008-ci il 14 aprel tarixində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar vətəndaşlar üzrə Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bağlanan memorandum əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətindən həyata keçirilən layihə əsasında Cəmiyyətin təlim keçmiş könüllüləri itkin düşmüş şəxslərin ailələrinə baş çəkərək ətraflı məlumatlar toplayıblar. Bu məlumatlardan gələcəkdə insan qalıqlarının aşkar edilməsindən sonra şəxsiyyətin müəyyən olunması prosesində istifadə olunacaq. 2010-cu ilin yanvarından həmin ilin dekabrınadək Cəmiyyətin 46 könüllüsü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan 180, Füzuli, Beyləqan, Gəncə, Mingəçevir şəhərlərində yaşayan 42, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Xızı, Siyəzən, Zaqatala, Balakən, Şəki, Qax, Ucar, Zərdab, Ağdaş, Göyçay, İsmayıllı, Mərəzə, Şamaxı, Hacıqabul, Sabirabad, Saatlı, Masallı, Lənkəran, Yardımlı, Lerik, Biləsuvar, Astara, Cəlilabad, Salyan, İmişli, Qəbələ, Kürdəmir, Ağsu, Neftçala rayonlarında yaşayan 1080 nəfər itkin düşmüş şəxslərin ailələrinə baş çəkib. Könüllülər bu ailələrdən itkin düşən şəxslərə aid məlumatları toplayaraq anketlərə qeyd edib və BQXK-ya təqdim edib. Ümumilikdə könüllülər BQXK-yə 1302 itkin düşmüş şəxslə bağlı toplanılan məlumatları təhvil veriblər".
Erməni vandalizminin qurbanı olmuş vətəndaşlarımızla bağlı həqiqətlərin üzə çıxması həm də Qarabağ həqiqətlərinin dünyaya yayılması üçün ciddi faktordur. Bu, həm də minlərlə gözüyaşlı ata-ananın, bacı-qardaşın, oğul-qızın təskinlik tapması, gözlərinin yollardan çəkilməsi demək olardı. Nə qədər ki, Ü.Cəfərov demişkən, şahidlərin hamısı dünyasını dəyişib qurtarmayıb bu məsələlərə maksimum aydınlıq gətirilməsinə çalışmaq lazımdır. Əslində bu münaqişədə qurban olmuş ermənilər də anlamalıdırlar ki, bu sirlərin açılması onlar üçün də çox vacibdir. Onlar da bu müharibəyə cəlb edilən və öldü-qaldısı bu günəcən bilinməyən erməni döyüşçülərindən də xəbər tuta bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR