İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni konyakı başınızı dumanlandırıb, tovarişi!

2546 30.11.2022 13:30 Yazarlar A A

Məncə, artıq “söz dueli”nə son verilməlidir. Artıq neçənci dəfədir ki, Rusiyanın Qarabağdakı müvəqqəti kontingenti “Dağlıq Qarabağ”, “Mardakert”, “Martuni”, “Madagez” yazır, Azərbaycan Müdafiə Nazirliyi “BU, YOLVERİLMƏZDİR”-qeydi ilə düzəliş edir: Qarabağ İqtisadi rayonu, Xocavənd, Ağdərə, Suqovuşan...Siyahını artırmaq da olar: Xankəndi başda olmaqla...Sovetlər dağılıb, Azərbaycan 32-ci ildir müstəqilliyini bərpa edib, torpaqlarının böyük bir qismini işğaldan azad edib, dövlətimizin razılığı ilə bölgəyə MÜVƏQQƏTİ yerləşmiş rus hərbi kontingenti isə hələ də gorbagor şaumyanların, mardakerlərin, martunilərin, madagizlərin “quyruğunu” əlindən buraxmaq istəmir. Hələ ki, onların dilindən Xocalı ifadəsini eşitməmişik, olmaya ermənilərin qoyduğu murdar adı əzbərləyirlər: “ivanyan”ı?!

Heysiyyatımızla çox oynadılar! Azərbaycan dövləti böyük vəsaitlər xərcləyib Füzuli, Zəngilanda iki hava limanı tikdi, indi də Laçında işlər davam etdirilir. Rusiyanın hərbi kontingenti isə Xocalıdakı hava limanına dədə malı kimi sahiblənib, nə daşıyır, nə aparır, xəbərimiz yoxdur! Niyə Azərbaycan dövlətinin bura enən helikopterləri monitorinq etmək imkanı olmamalıdır? Öhdəliyimizmi var? Azərbaycanın hansısa uçağı, avtomobili icazəsiz, yaxud yoxlanışsız Rusiya ərazisinə daxil ola bilərmi? Qarabağa yerləşən kimi Xocalıda “heykəlcik”lər düzən ruslar ardınca da terroru maliyyələşdirən həyasız “Hayastan” fondu ilə əl-ələ verib Xocalını tikinti meydançasına çevirdi. Bu yaxınlarda daha 20-dək binanın tikintisini yekunlaşdıracaqlar. XOCALIDA!!!

Xatırladaq: Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Məlum deyil! Deməli, ən azı əsir və itkin düşənlərin taleyi ilə bağlı Xocalının hər addımı araşdırılmalı, kütləvi məzarlıqların olduğu yerlərdə araşdırmalar aparılmalı idi. Amma MÜVƏQQƏTİ hərbi kontingent Xocalı cinayətlərinin izlərinin itirilməsindən ötrü tikintinin miqyasını günbəgün genişləndirir. Bir ovuc erməni üçünmü? Yoxsa Azərbaycanda əbədi qalacaqlarını zənn edib, arvad-uşaqları üçün tikirlər bu evləri?! Azərbaycanın hansı rəsmi qurumundan icazə alınıb orada aparılan tikinti işləri ilə bağlı? Bəlkə Əmlak Komitəsindən, Xocalı İcra Hakimiyyətindən, ya bələdiyyədən? Xocalı bizim qanayan yaramızdır, burada törədilən soyqırım aktı hələ də ədalətli qiymətini almayıb, Xocalı caniləri ortalıqda gəzir, cəzasızdır. Bu yandan da “sülhməramlı” qiyafəsinə girənlər heysiyyatımızla oynayırlar.

Bir neçə dəfə yazmışam, bunun bir yolu var: Rusiya hərbi kontingentinin komandanı general-mayor Volkovu təcili Bakıya dəvət etmək, Azərbaycanın inzibati xəritəsini onun qoltuğuna verib, geriyə yola salmaq! Bilirik, Şoyqunun başı Ukraynadakı bataqlığa qarışıb, Qarabağa vaxt ayırmaq imkanında deyil. Amma hər halda ona da xatırlatmaqda fayda var. Axı, Aprel döyüşlərində məhz o zəng edib Zakir Həsənovdan hücumu dayandırmağı xahiş etmişdi. İndi yadına salmaq olar ki, 4 günlük Aprel, 44 günlük 2020-ci il DƏRSləri erməni tör-töküntülərinə dərs olmayıb, səbəbi həm də rus kontingentin Qarabağdakı özfəaliyyətidir, onlara hansı ölkənin ərazisində olduğu xatırladılsın!

Nəticə çıxartmayacaqsa, o halda “B” planına keçmək lazımdır, vaxt itirmədən. Görünən budur ki, bizim Şuşadan, digər istiqamətlərdən erməni quldurlarına azan dinlətməyimizin nəticəsi olmadı, əbəs yerə deməyiblər, “Azan oxumaqla donuz darıdan çıxmaz”.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “dağlıq qarabağ respublikası”nda müdafiə ordusuna ehtiyac qalmayacağını bildirmişdi. Düzdür, Nikol bununla öz vəziyyətini yüngülləşdirmək istəyirdi, guya sülhpərvərdir...Hesab edirdi ki, “təhlükəsizlik zolağı” yaradılması “ordu” zərurətini aradan qaldırar. Yenə sərsəmləmə...

Qarabağdakı quldurların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan isə “silahlı qüvvələriniz buraxılmayacaq. Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri aparılıb. Biz belə bir təkliflə çıxış etməmişik”-deyərək, xoruzlandı.

Beləliklə, 10 noyabr 2020-ci ildə Paşinyanın imza atdığı sənədin konkret maddəsi indiyədək icra olunmayıb, amma nə Rusiya bunu tələb edir, nə də digər havadarlar… Balasanyan kimi quldurların dil uzatması isə onlara gizli və açıq dəstək verilməsindən qaynaqlanır, həm də Rusiya hərbçilərinin mövcudluğu ona əl-qol açmaq imkanı verir.

Diqqət edirsinizsə, son bir ayda açıq-aydın həyasızlaşıblar. Noyabrın 19-da Qarabağdakı separatçılar rusların dalında gizlənib, yeni mövqelər qurmaq istədilər. Azərbaycan hərbçilərinin cavab tədbirindən sonra Rusiya Müdafiə Nazirliyi Volkovun “doklad”ına istinadən xəbər yaydı ki, atəşkəs pozulub, özü də Azərbaycan tərəfdən! Bu, açıq şəkildə erməni terrorçularını müdafiə etmək idi! Belə sülhməramlı olmur!

Ardınca Balasanyanın quldur dəstəsi Azərbaycan mövqelərini atəşə tutdu və terrorçular hər gün mövqelərimizə güllə atır. Özü də son günlər atəş səsləri təkcə sərhədyanı bölgələrdə eşidilmir, həm də Xocavənd istiqamətindən, Xocalı, Şuşa, Füzuli tərəflərdəki postlarımızı atəşə tuturlar!

Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfini təkzib edərək, “atəş açmamışıq” məlumatını yayması ilə bir vətəndaş olaraq razılaşmıram. Bəyan olunmalıdır ki, Qarabağdakı terrorçu dəstələrin təxribatının qarşısında atəş də atmışıq, lap canlarını da almışıq! Həmin atəş mövqeləri yer üzündən silinməlidir! Əks halda, daha da quduracaqlar! Türkiyə “Pəncə-Qalxan” əməliyyatına başladı, havadan zərbələrlə. Bəziləri donquldandı, yerində qaldı. Ardınca da qardaş ölkə quru əməliyyatına start verəcəyini bəyan edib. Terrorun kökünü Suriya və İraqda qazıyır Türk qardaşlarımız, biz niyə Azərbaycanın daxilindəki terrorçulara dözək?!

Qarabağdakı quldurların “müdafiə nazirliyi” vaxtaşırı Azərbaycanı təkzib məlumatı yayır, dövlətimizi günahlandırır! Həyasızlıqdır! 10 noyabr 2020-dən sonra belə bir nazirliyin olduğunu iddia etməyin özü onu deyir ki, Azərbaycan əsgəri, buyur, raketləri yağdır başıma! Məncə, proseslər ona doğru gedir, çox az qaldı...Buna həm də Rusiya hərbi kontingenti şərait yaradır. Sonuncu halda Azərbaycan tərəfinin Şuşa rayonu istiqamətindən “Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərini atəşə tutduğu” haqda sərsəm iddia bülletenə salınıb. Erməni terrorizmini müdafiə başqa necə olur ki? Nə “Dağlıq Qarabağ”, “nə silahlı birləşmə”?! Bunlar özlərini harada zənn edirlər? Bəlkə erməni konyakının, ya tut arağının təsirindəndir, yerləşdikləri ərazini unudublar? Nə vaxtdan separatçı-terrorçuların “hərbi birləşməsi” bir dövlətin kontingentinin müdafiə predmeti olur?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR