İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan dedisə, edəcək- İlham Əliyev kimi: “Bir olma zamanıdır”

3758 10.02.2023 16:49 Yazarlar A A

Qardaş ölkədə baş vermiş dəhşətli – yapon alimlərinin dediyi kimi, min ildə bir dəfə baş verən zəlzələnin qurbanları dəqiqəbədəqiqə artdıqca Sarıqamış faciəsi gözlərimin önünə gəlir. 90 min mehmetciyin qışın qarlı-şaxtalı vədəsində donaraq həyata vida etdiyi o müdhiş tarixi fəlakət! Allah eləsin zənnimdə yanılım. Amma...Artıq beş gün keçir dağıdıcı zəlzələdən və 10 şəhərin, təxmini 12 mindən artıq binasının altında hələ nə qədər insanlarmız, qardaş-bacılarımız qalıb. Son bir sutkada ölü sayı, ötən 4 gündəki qədər oldusa, demək... Amma yenə möcüzələrə inanmaq istəyirik, Allah qorusun!

 Bu günlərdə bəzi fürsətcillər yenə ortadadır. Təkcə türkün faciəsinə karikatura meymunluğu ilə reaksiya verən fransız şərəfsizlər deyil ki...Hətta Türkiyənin özündə də tez-tələsik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “vurmaq” üçün hərəkətə keçənlər var. Amma sadə məntiq var: hansı dövlətin başçısı ölkəsinin üst-üstə 14 milyonluq şəhərlərinin darmadağın olmasını, insanların görünməmiş fəlakətlə üzləşməsini istərdi? Özü də seçkilərə 3 ay qalmış...Bu, ona bənzəyir ki, bir vaxtlar Azərbaycan Prezidentini Qarabağla bağlı ittiham edirdilər, “inanın ki, İlham Əliyev hamımızdan çox istəyir torpaqları işğaldan azad etsin, bu, həm də onun adının tariximizə əbədi həkk olunması demək olacaq”-deyəndə ironiya edirdilər. İndi İlham Əliyev Qərbi Azərbaycan məsələsini masaya qoyub, elələrinin səsləri çıxmır...

1thah7540z_001.jpg (176 KB)

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana münasibətdə də qərəzli olanlar var, özü də kəmfürsətlik edirlər, indiki dönəmdə. Qardaş ölkə gecənin tən yarısında böyük bir savaşa cəlb olunub, elan olunmamış müharibəyə! Əsgəri sərhədlərində xarici düşmənlə mücadilə verərkən, terrorçularla haqq-hesab çəkərkən daxilində yer-yerdən ayrılıb, şəhərlər alt-üst olub! Miqyası təsəvvür edin, az qala iki Azərbaycan Respublikası boyda ərazi! Neçə gündür ki, Prezident Ərdoğan zəlzələ bölgəsindədir, fevralın 10-da Adıyamana səfər edib, insanların yaralarını sarımağa çalışıb. “Kahramanmaraş və digər 9 vilayətimizdə vətəndaşlarımız narahat olmasınlar, əsla küçələrdə qalmalarına icazə verməyəcəyik”-deyib, əmin edib.

İnanmaq lazımdır, dedisə, edəcək! Prezident İlham Əliyev kimi! Azərbaycan və Türkiyə liderlərinin kişi sözündən hətta Rusiya prezidenti də dəfələrlə bəhs edib, hətta düşmənlər də etiraf edirlər, dedisə, edəcək! Əminik ki, baş vermiş fəlakətin miqyasının bu qədər geniş olmasının, insan itkisinin belə dəhşətli rəqəmlərlə ifadə olunmasının səbəbləri də araşdırılacaq. Artıq cinayət işi başlanıb, burada milləti və dövləti fəlakətə sürükləyən insan əməli varsa, mütləq cəzasını alacaq, şübhəniz olmasın! Kim bilir, bəlkə bu fəlakətin miqyasının genişlənməsində də FETÖ-sayağı məkrli qüvvələrin rolu və qara niyyətləri olub...Ərdoğan ona və ölkəsinə edilən pisliyi, xəyanəti bağışlamayacaq! Rəcəb Tayyib bəyin “Təxribatçılara fürsət verməməyinizi istəyirəm. Bu gün birlik olma zamanıdır”-xitabı da təsadüfi deyildi. Bu gün müzakirə mövzusu Rəcəb Təyyub Ərdoğan, ya digəri deyil, olmamalıdır! Müzakirə mövzusu, türk qardaşlarımız demişkən, “söz konusu” Türkiyədir!!!

565c770aa8213eeefb211395ef6f9c1e.jpg (241 KB)

Türkiyəni sıradan çıxartmaq üçün zaman-zaman nələrə əl atdılar, unutmuşuqmu? Qardaş ölkəni müxtəlif bəhanələrlə böyük savaşlara, iç müharibələrə çəkməyə çalışdılar, “ürəyindən” vurdular, İstanbulun mərkəzində terror aktları törətdilər, ordusuna, polisinə belə sızıb, parçalamaq istədilər, 15 Temmuz olaylarında parlamentini belə bombaladılar. Terrorçuları silahlandırmaları azmış kimi, baş PKK-çı Öcalanı, onun silahdaşlarını azad etmək üçün təzyiq göstərdilər, Avropa Birliyinə üzlük məsələsində qapıda saxladılar qos-qocaman dövləti. Daha nə qədər pisliklər olar. Türkiyəni param-parça etmək istəyən qarğa-quzğunları sevindirmək olmaz! Bacı-qardaşlarımıza güvənirik! Necə ki, əvvəlki dönəmlərdə ali dəyərlər ətrafında birləşdilər, araya təfriqə salanların ağzından vurdular, hətta tankın üstünə əliyalın getdilər, bu dəfə də vahid iradənin ortaya qoyulacağına inanırıq! Həm də axı, Türkiyə Azərbaycan daxil, Türk dünyasının ümid yeri, Məkkə-Mədinəsi, güvənci, arxa-dayağıdır! Ərdoğan da Türkiyənin talıeyini düşünür, özünün, qarşıdakı seçkinin yox! Amma heç bir lider ölkəsinin böyük bir hissəsini dağılmış qoyub getmək istəməz, ona bir daha şans tanımaq lazımdır, qursun, yaratsın, abad şəkildə əmanət edib, hakimiyyətdən getsin! Təbii ki, seçkilərin taleyini Türk xalqı həll edəcək, amma bizim də ürəyimiz qardaş ölkədədir...Ərdoğan Türkiyəni əlaltı dövlət olmaqdan xilas edib, dünyanın “beşdən böyük olduğunu” sübuta yetirib, bu, azdırmı? Ərdoğan Türkiyəni Azərbaycana köçkünlərini Kəlbəcərdən daşımaqdan ötrü NATO-dan izn almadan iki vertolyot verməyə cürət etməyən ölkədən kimsənin icazəsini gözləmədən Azərbaycana F 16-larını, “Bayraqdar”larını göndərən iradə sahibinə çevirib, bu, azdırmı? Ərdoğan Azərbaycan lideri ilə bir yerdə çalışaraq, bir-birinə salam verməyə cürət etməyən bəzi türk dövlətlərini bir çətir altında – Türk Dövlətləri Təşkilatında birləşdirməyə nail olan liderdir, bu, azdırmı?! Turan quran, Zəngəzur dəhlizinin açılmasını “olmazsa, olmaz”a çevirən bir ölkənin liderinə qarşı xarici təxribatları anlamaq çətin deyil. Amma bu, daxildə olarsa, üzücüdür... Fərqi yox, Türkiyə, ya Azərbaycanda...

Bu arada Türkiyədəki siyasi qüvvələrin hər zaman olduğu kimi, yenə də milli maraqlardan çıxış edəcəyinə də şübhəmiz yoxdur. Çünki biz çox vaxt Türkiyəni nümunə gətirmişik, milli bayramlarda da, milli faciələrdə də, hətta şəxsi fəlakətlət üz verəndə də iqtidar-müxalifət fərqi qoyulmadan bir-birinə əl uzadan siyasi qüvvələri misal çəkmişik! Bəlkə elə Azərbaycandakı siyasi qüvvələr də qardaş öləkdəki siyasilərə müraciətlə bu, həssas tarixi dönəmdə ürəkdən keçən sözlərini desinlər. Türkiyənin ayaqda olması həm də Zəngəzurun, Qarabağın ayaqda olması deməkdir. Ərdoğan Türkün tarixində böyük bir missiyanı öz üzərinə götürüb, bunu qiymətləndirmək və gördüyü işlərə əngəl olmamaq lazımdır.

Əminik ki, bu dəfə də qardaş ölkənin müxalif siyasi qüvvələri “indi zamanı deyil” deyib, Türkiyənin bu fəlakətdən ayaqda çıxmasından ötrü əllərindən gələni edəcəklər. Ehtimal var ki, üç ay sonra keçirilməsi nəzərdə tutulan parlament və prezident seçkiləri də təxirə salınsın. Onsuz da seçki önə çəkilmişdi...Hər halda böyük bir dövlətçilik ənənəsi olan Türkiyəmizin bu sınaqlardan da üzüağ çıxacağına inanırıq və həm də çox istəyirik! Azərbaycan 44 günlük Vətən müharibəsində BİR YUMRUĞa döndü! Yanımızda da 84 milyonluq Türkiyə var idi! Bu gün də yanında Azərbaycan olan Türkiyəmizi BİR YUMRUQ olaraq görmək istəyirik, əminik, belə də olacaq!

Allah Türkiyəmizi və onun dost-qardaşlarını qorusun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR