İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Azərbaycanda - mühüm səfərin detalları

665 13.06.2023 12:33 Siyasət A A

Əliyevlə hansı məsələlər müzakirə olunacaq?; Türkiyənin yenidən prezident seçilən lideri ilk xarici səfərini Azərbaycana edir; görüşdə iqtisadi əlaqələr, hərbi müttəfiqlik, regional mövzular masada olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib. Bu, onun mayın 28-də təkrar prezident seçilməsindən sonra xarici ölkəyə ilk səfəridir. Hərçənd Azərbaycan xarici ölkə sayılmaz. Doğrudur, qardaş ölkə lideri Bakıya Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) sonra təşrif buyuracaq. Ancaq ŞKTC dünya birliyinin üzvü olmadığı üçün Ərdoğanın ilk səfər etdiyi xarici dövlət elə Azərbaycan sayıla bilər. Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Ənənəyə uyğun olaraq, buradan (Şimali Kipr Türk Respublikasından) Azərbaycana gedəcəyəm.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanda bir sıra görüşlər keçirəcək.

“Yeni Şafak” nəşri isə yazıb ki, Bakıda Azərbaycan və Türkiyə prezidentləri “Cənubi Qafqazda sülh və sabitlik haqqında” bəyanatlarla çıxış edəcəklər. Son illərdə iki ölkə arasında siyasi-iqtisadi, hərbi sahələrdə müttəfiqlik ən yüksək səviyyədə inkişaf etməkdədir. Şuşa Bəyannaməsi bu əlaqələri daha da gücləndirir. Türkiyənin regionda varlığı Azərbaycanın Qarabağdakı addımlarını da sürətləndirir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması Ankaranın İrəvan qarşısında qoyduğu əsas şərtlərdən biridir, bu halda əlaqələr tam bərpa edilə bilər. Həmçinin Ermənistan-Azərbaycan normallaşma prosesinin gedişindən asılı olaraq, Türkiyə-Ermənistan əlaqələri sinxron inkişaf edə bilər. Hər halda, Ərdoğanın Bakı səfərində həm iqtisadi münasibətlər, həm hərbi müttəfiqliyin artırılması, həm də regional məsələlər müzakirə ediləcək. Belə xəbərlər də var ki, Türkiyə liderinin təyyarəsi Bakıya yox, Gəncəyə enə bilər. Onun ölkəmizə səfəri çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfəri istisna edilmir.

Toğrul İsmayıl: "Ailəm, əzizlərim məni itirəcəklərindən çox qorxublar"

Toğrul İsmayıl: “İlk səfərin bura olması münasibətlərin güclü olduğunun simvoludur”

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Ərdoğanın ilk xarici səfəri məhz Azərbaycanadır: “Şimali Kipr daxili və xarici məsələdir, amma Azərbaycan ilk xarici ziyarətdir. Fikrimcə, Türkiyə liderinin səfəri bu günə qədər davam edən siyasətin bir parçasıdır. Belə səfərlərdə gündəmdəki mövzular da müzakirə olunur, digər məsələlər də... Amma istər Zəngəzur koridoru olsun, istər başqa regional layihələr, proses artıq başlayıb, burada başqa oyunçular da iştirak edir, yəni hansısa güc qarşısını ala bilməz. Türkiyə-Azərbaycan müttəfiqliyi isə proseslərin ana xəttini ortaya qoymaqdadır”.

T.İsmayıl hesab edir ki, dövlətlərarası təhlükəsizliyin güclənməsi buna ciddi şəkildə təkan verəcək: “Bu ziyarəti yenidən prezident seçilmiş Ərdoğanın Azərbaycana ilk səfəri kimi qiymətləndirərdim. Bu da iki ölkə arasında münasibətlərin nə dərəcədə güclü olduğunun simvoludur. İlk xarici dövlət ziyarətinin Azərbaycandan başlanması uzaq keçmiş deyil. Azərbaycan dövlətinin ilk xarici səfər ziyarətinə baxaq, yəni çox ciddi simvollardır. Bu da dünya diplomatiyasına damğasını vuran məsələlərdir. Bunları kiçiltmək olmaz, əhəmiyyətini hər kəs görməkdədir. Bu cür görüşlərdə hər şey müzakirə edilir. Seçkilərə qədər dedi-qodu çox idi, Ərdoğan seçilməsə nə olacaq, seçilsə nə olacaq, görünən budur ki, irəlidəki 5 il müddətə bu yol davam edəcək”.

Ermənistanı Rusiya əvəzinə niyə Hindistan silahlandırır - İlginc səbəblər

Alp Arslan İmamqulu

Hərbi analitik Alp Arslan İmamqulu qəzetimizə bildirdi ki, regionda gedən proseslər göstərir ki, ümumiyyətlə, Azərbaycan müttəfiqlərinin sayını artırmalıdır. Onun sözlərinə görə, real müttəfiqimiz hazırda Türkiyədir və bu da Şuşa bəyannaməsində öz əksini tapır. “Lakin Türk dünyasının bir araya gəlməsi baxımdan, deyə bilərəm ki, Ərdoğanın hakimiyyətdə olduğu dövrdə bu məsələlərə baxılacaq. Xüsusən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin prosesə cəlb olunacağını düşünürəm. Ona görə də Avrasiya materikində müttəfiqlərimizi artırmalıyıq”. Hərbi ekspert hesab edir ki, Türkiyə ilə hərbi müttəfiqlik daha da inkişaf etdirilməli, hərbi sənayenin inkişafı ilə bağlı birgə addımlar atılmalı, o cümlədən ortaq hərbi məktəblər, universitetlər təsis edilməlidir. “Bu gün hərbçilərimiz Türkiyədə kurslara cəlb olunur, mən özüm də Türkiyədə təhsil almışam, amma zənnimcə, ortaq təhsil mərkəzinə ehtiyac var. Hətta türkdilli dövlətlərin ortaq hərbi akademiyasının qurulması zəruridir. Burada komanda-qərargah məktəblərinin, ortaq komando məktəblərinin yaradılması lazımdır. KTMT-də olan ölkələr kimi adı siyahıda formal keçməli deyil, daha geniş şəkildə iş qurmalıyıq, strateji müəssisələrimiz eyni mərkəzdə çalışmalıdır. Əgər ortaq hərbi məktəb yarada bilsək, bu həm də ortaq Turan ordusu deməkdir, o halda heç hərbi baza yerləşdirməyə ehtiyac qalmaz. Necə ki NATO-ya üzv ölkələr belə fəaliyyət göstərir, ən azı başlanğıc üçün bunu etməliyik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR