İnsanlara hürriyət, millətlərə istiqlal!

Emmanuel Makronun gerçək niyyəti barədə – Ekspert rəyi

581 07.01.2023 12:46 Siyasət A A

Fransa Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesində təmsil olunmaq istəyir. Amma onun bu istəyi iki ölkə arasında sülhün əldə edilməsinə töhfə vermək arzusundan yaranmır. Fransanın mövcud hakimiyyəti sülh danışıqları prosesinə qatılmaqla öz maraqlarını təmin etməyə çalışır. Bu kontekstdə isə iki istiqamət çox qabarıq görünür. Birinci istiqamət budur ki, Prezident Emmanuel Makronun komandası sülh danışıqları platformasında Ermənistanı birtərəfli qaydada dəstəkləyir, qarşılığında isə Fransadakı erməni diasporundan özü üçün yardım alır. İkinci istiqamət isə onun Cənubi Qafqaza daxil olmaq, regionun siyasi, iqtisadi, strateji potensialından yararlanmaq cəhdidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O qeyd edib ki, problem təkcə E.Makron komandasının riyakarlığında, yəni, onun sülhyaratma prosesinə qatılıb şəxsi maraqlarını reallaşdırmaq istəməsində deyil. Gərginliyin mənbəyi Fransa hakimiyyətinin öz maraqlarını kobud müdaxilələr, hədə və təhdidlər vasitəsilə realizə etməsidir. Hazırkı hakimiyyət Fransanın “böyük dövlət” olması imkanlarından yararlanır, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda TŞ-nin sədri olmasından sui-istifadə edir. Bundan əlavə, özünün şəxsi arzu və istəklərini də bu mötəbər qurumun adına yazır.

2020-ci ildə İkinci Qarabağ müharibəsinin başladığı ilk andan etibarən E.Makron komandası BMT TŞ-ni prosesə qatmağa, ölkəmizə qarşı sanksiyalar qəbul etdirməyə çalışdı. Belə ki, həmin ilin oktyabr ayında da “300 nəfər cihadçının Türkiyə üzərindən Azərbaycan Ordusuna yardıma gəlməsi” barədə cəfəng iddialar irəli sürdü, BMT-ni tədbir görməyə çağırdı. Bununla da Fransa Azərbaycana qarşı düşmən mövqedə dayandığını növbəti dəfə nümayiş etdirdi. Eyni zamanda, özünün iştirakı ilə Minsk qrupunun dirçəldilməsi üçün də səylər edirdi. Guya ki, Fransa iki ölkə arasında sülh yaradılması üçün vasitəçilik etmək istəyir. Hansı ki, Fransa Minsk qrupunun həmsədri olduğu 25 il müddətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün heç bir təşəbbüs göstərmədi. Həmçinin BMT TŞ-nin daimi üzvü olduğu halda, qurumun Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən 4 qətnaməsinin icrasına yönəlik bircə addım da atmadı, onun icra edilməməsinin səbəblərini sorğulamadı. Bununla da savaş aparan iki ölkədən birinə dost, digərinə düşmən kimi yanaşan Fransa bu ikisinin arasında sülhyaratma prosesində necə vasitəçilik edə bilər?

“Fransanın belə anlaşılmaz hərəkətləri təkcə ötən tarixdə deyil, bu gün də davam edir. Emmanuel Makron Azərbaycana qarşı qarayaxma çıxışlarından birini yaxın aylarda - 2022-ci ilin oktyabrında - “France-2” telekanalına müsahibəsi zamanı edib. O, bu müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandırıb. İndi də Şuşa-Xankəndi yolunda ekofəalların keçirdikləri aksiyadan “narahat olduğunu” deyir. Guya ki, bölgədə yaşayan “120 min erməni humanitar fəlakətlə qarşılaşıb”. Problemin qarşısını almaq üçün beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi üçün çağırış edir. Belə yalan arqumentlər işlətməsi göstərir ki, Emmanuel Makron öz vərdişindən əl çəkmir. Yenə də beynəlxalq ictimai rəyi çaşdırır. Belə ki, bölgədə yaşayan ermənilərin sayı 120 min nəfər deyil, həmçinin humanitar fəlakətlə qarşılaşmayıblar. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının Laçın–Xankəndi yolunun aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti tam təmin edilib.

E.Makronun gerçək niyyəti “erməniləri humanitar fəlakətdən qurtarmaq” deyil. O, sadəcə Cənubi Qafqaza, xüsusən də Qarabağa daxil olmağa çalışır. Amma belə kobud variantlarla, Azərbaycana hədə-qorxu gəlməklə nə Qarabağa daxil olmaq, nə də Azərbaycanla Ermənistan arasında sülhə vasitəçilik etmək mümkün deyil. Beynəlxalq qaydalara görə, Qarabağ ərazisinə humanitar missiya ölkəmizin razılığı əsasında göndərilə bilər. Azərbaycan isə buna razılıq verməyib. Çünki Fransanın Azərbaycanla Ermənistana yanaşması təzadlıdır. Bu səbəbdən də Fransa vasitəçi rolunu oynaya bilməz.

İstədiyinə nail olmayan Fransa məqsədlərinə çatmaq üçün artıq BMT TŞ-ni işə qatır. Belə ki, 2022-ci il dekabrın 20-21-də Fransa Ermənistana dəstək verərək, Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nin iclasını çağırdı. Onlar bənzər təşəbbüsü daha öncədən - 2022-ci ilin sentyabr hadisələrindən sonra da irəli sürmüşdülər. Hətta BMT TŞ-nin gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd də daxil etdirmişdilər. 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-də qətnamə qəbul etdirmək, Azərbaycanı baş vermiş hadisələrin günahkarı kimi göstərmək istəyirdilər. Amma o zaman niyyətləri baş tutmadı. Azərbaycan isə öz dostlarının yardımından istifadə edərək Fransa ilə Ermənistanın birgə oyununu pozmağı bacardı”, - deyə Müşfiq Ələsgərli vurğulayıb.

Media eksperti əlavə edib ki, Laçın yolundakı aksiyanı BMT TŞ-nin gündəliyinə daşısalar da Azərbaycan Fransa ilə Ermənistanın qurduğu bu oyunu da poza bildi. Qürurverici haldır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birini - Fransanı öz oyun meydanında məğlub edib iflic duruma salmağa müvəffəq oldu. Diplomatik etiketləri bir kənara qoyaraq Ermənistanı çılğınlıqla müdafiə edən Fransanın 12-14 sentyabr sərhəd insidentlərini, ardınca isə Laçın yolu aksiyasını BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarıb Azərbaycana qarşı qətnamə qəbul etdirmək cəhdləri tam iflasa uğradı. Hətta BMT TŞ-nin hazırkı sədri olması da Fransanın köməyinə çatmadı. On günlük fasiləsiz savaşın nəticəsi bu oldu ki, Fransanın hazırladığı ermənipərəst qətnamə layihəsi BMT TŞ-nin “sükut proseduru”na verildi. Bununla da Fransa nəticələri nəzərə alaraq rəsmi məktubla müraciət edib prosesi dayandırdığını bəyan etdi.

Azərbaycanın Fransanı neytralda deyil, məhz öz meydanında məğlub etdiyini diqqətə çatdıran Müşfiq Ələsgərli deyib: “Bu, Fransa hakimiyyəti, E.Makron komandası üçün böyük rüsvayçılıqdır. BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri olan Fransa 10 gün müddətində bütün resurslarını işə salsa da, bir qətnaməni qəbul etdirə bilmədi.

Verilən məlumatlardan belə məlum olur ki, Fransanı BMT TŞ-də məğlubiyyətə uğratmaq üçün Azərbaycana Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya ciddi dəstək verib. Amma bu da faktdır ki, ayrı-ayrı dövlətlərin dəstəyinin alınmasının özü də ciddi diplomatik səylər, manevrlər tələb edir. Bu baxımdan, əldə edilən nailiyyət Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi qeyd edilə bilər”.

Ekspertin sözlərinə görə, prosesin gedişində diqqət çəkən daha bir nüans isə Fransa hakimiyyətinin BMT TŞ platformasında məğlub olduqdan sonra niyyətlərini gerçəkləşdirmək üçün fərqli vasitələrə əl atmasıdır. Belə ki, Fransa indi də öz ərazisində fəaliyyət göstərən transmilli KİV-lərdən faydalanır. Məsələn, “Le Fiqaro” qəzeti, “Euronews”un Fransa xidməti son zamanlar E.Makron hökumətinin ruporuna çevrilir. Həmin KİV-lər Azərbaycanla bağlı prosesləri birtərəfli qaydada və qərəzli şəkildə yayımlayırlar. Onlar Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı səsləndirilmiş separatçı məzmunlu çıxışları paylaşdılar. Lakin qərəzli olaraq Qarabağın BMT tərəfindən tanınmış Azərbaycan ərazisi, Xankəndinin isə qədim Azərbaycan şəhəri olması barədə məlumat vermədilər. Həmçinin Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəallar tərəfindən keçirilən aksiyanın real mahiyyəti barədə bir kəlmə də danışmadılar.

“Son günlərdə bu prosesə qatılan daha bir KİV qurumu “Charlie Hebdo” satirik dərgisi də 2023-cü ildəki ilk sayında “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazı paylaşıb. Bu yazının hədəfi Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaqdır.

Nəzərə almaq lazımdır ki, belə mənfi meyillər Azərbaycan və Fransa xalqları arasında münasibətlərə də ciddi zərər vurur. Eyni zamanda, Azərbaycan ictimaiyyətində Fransa haqqında mənfi rəyin yaranmasını sürətləndirir. O cümlədən KİV qurumunun hansısa materialı siyasi konyunkturaya uyğun olaraq işıqlandırması, “Jurnalistlərin hüquq və vəzifələrinə dair Beynəlxalq Münhen Bəyannaməsi”nin prinsiplərinə ziddir. Jurnalist və KİV qurumu ictimaiyyətin həqiqəti bilməsi üçün çalışmalıdır.

Ümid edirik ki, fransalı həmkarlarımız öz yanlışlarını görəcək, yaxın zamanlarda siyasətlərində dəyişiklik edəcəklər. Məğlubiyyətə düçar olmuş E.Makron isə siyasətinin yenidən dirçəldilməsi üçün deyil, Cənubi Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün səy göstərəcək”, - deyə Müşfiq Ələsgərli vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR