İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlilliklə bağlı yeni meyarlar - təqaüd düşən xəstəliklərin sayı artırılıb

918 02.07.2022 08:10 Sosial A A

İyulun 1-dən əlillik sahəsində yeni meyarların tətbiqinə başlanır.

Musavat.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq:

“31 faizdən sonra göstərici 5 faiz - 5 faiz aralığında artacaq. Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti. Əlillik təyinatına əsas verən meyarlar 4 dəfədən çox artırılır. Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslər yeni meyarlarla bağlı təkrar müayinəyə çağırılmayacaq. Müddətli əlillik verilmiş şəxslərin isə yalnız həmin müddət bitəndən sonra yeni meyarlarla əlilliyinin qiymətləndirilməsi aparılacaq”.

Fazil Talıbov: "15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə  olmayıb" | Kaspi.az

Fazil Talıbov

Sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik artıq 18 yaşa qədər deyil, ömürlük təyin ediləcək. “İndiyədək iki və daha çox diaqnoz olduqda, yalnız biri üzrə əlillik təyin olunurdu. Bundan sonra onlardan yüksək faizi olanın üzərinə 10 faiz əlavə olunmaqla təyinat aparılacaq. Bu zaman daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək. Məsələn, şəxsdə həm müharibə ilə əlaqədar, həm də ümumi səbəbdən əlillik mövcud olanda, o zaman ona müharibə ilə əlaqədar əlillik müəyyən olunacaq ki, sosial təminatı daha yüksək olsun. Meyarlarda məhdudlaşmanın ən yüksək həddi olan 100% pozulma - hər hansı bir orqanın funksiyasının 100% pozulması deməkdir. Məsələn, görmə qabiliyyətinin 100 faiz itirilməsi”.

Rey Kərimoğlu: “Qazilərimiz səbrli olsunlar!”

Rey Kərimoğlu 

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Musavat.com-a bildirdi ki, yeni meyarların tətbiqinin hansı üstünlüklər qazandıracağını öncədən proqnozlaşdırmaq mümkün deyil: “Yeni meyarlara görə əlilliyə səbəb olan xəstəliklərin sayı artırılıb. 2015-ci ilə qədər 1657 xəstəlik var idi, 2015-ci ildən sonra bu rəqəm 157-yə düşdü. Bizə verilən məlumata görə, yeni meyarlara görə bu rəqəm 800-dür. Bu da o deməkdir ki, əlillik ala bilməyənlərin əksəriyyətinin narazılığına son qoyulacaq. Bu nöqteyi-nəzərdən böyük ümidlərimiz var. Orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunması isə Azərbaycanda yenilikdir. Nəzəri cəhətdən yaxşıdır. Əvvəllər minaya düşərək bir ayağını itirən şəxsə 3-cü qrup əlillik verilirdi, başqa xəstəliklər alınmırdı. Bildiyiniz kimi, minaya düşən şəxs başqa xəsarətlər də alır: daxili orqanların zədələnməsi, digər ayağın zədələnməsi, baş-beyin travması nəzərə alınmırdı. Yeni yanaşmada bütün xəstəliklər faizlərlə hesablanacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR