İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron hökumətə rəhbərlik niyə dəyişdirildi?

1473 26.11.2022 09:50 Texnologiya A A

Osman Gündüz: “ASAN böyük qurumları rəqəmsal transformasiyaya tam cəlb edə bilmədi”

Noyabrın 24-də Prezident İlham Əliyev elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni fərman imzalayıb. Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Yeni fərmanla Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri üç ay müddətində texniki-texnoloji infrastrukturu ilə birlikdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına veriləcək.

Bununla yanaşı, fərmana əsasən Azərbaycanın Rəqəmsal Məcəlləsi qəbul ediləcək.

Qeyd edək ki, rəqəmsal hökumətlə bağlı dövlət siyasətinin həyata keçirilməsi 2018-ci ilədək RİTN-in səlahiyyətindəydi. Həmin il Prezidentin fərmanı ilə idarəetmənin təkmilləşdirilməsi məqsədilə bu səlahiyyət ASAN-a verilmişdi. Lakin ötən müddət ərzində dövlət idarəetməsi sahəsində fəaliyyətin elektronlaşması istiqamətində ciddi irəliləyiş əldə olunmadı.

Bakupost.az - “Vətəndaşlar hələ də e-xidmətlərdə çətinlik çəkirlər” - Osman  Gündüz

Osman Gündüz

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, həm real-faktiki vəziyyət, həm də beynəlxalq qurumların hesabatları göstərir ki, ölkədə rəqəmsal sektorda və innovasiyalar sahəsində, rəqəmsal transformasiyada müəyyən addımlar atılsa da, görüləcək işlər daha çoxdur: “Müşahidələr və rəqəmlər göstərir ki, qonşu ölkələr bu sahədə daha sürətli irəliləməyə çalışır. Təsəvvür edin ki, hər bir nazirlik və ya dövlət qurumu deyir ki, onun datasının sahibi elə özüdür. Bəziləri uzun illər formalaşan datanı kimə istəsə pulsuz-parasız verir, bəziləri kimə istəsə satır, hətta xarici şirkətlərə təqdim edən də var və bir çoxları da onun üzərində kommersiya qurub özü üçün işlədir. Çox güman ki, bir çox hallarda məhz bu səbəbdən bəzi nazirliklər datanı inteqrasiya etməkdə maraqlı deyillər. Məhz bunun nəticəsidir ki, hələ də bir çox dövlət qurumları rəqəmsala keçə bilmir, vətəndaşlardan kağız formada, pdf formada sənədlər tələb edir. Çünki qonşudakı dövlət qurumunda bu informasiya, bu data olsa da, onu digər dövlət qurumuna, sadəcə, vermir. ASAN-ın Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqamətdə bir xeyli səylər göstərsə də, reallıq ondan ibarətdir ki, artıq bu iş bəlli bir səviyyəyə gəlib çatandan sonra irəli getmir. Donub qalıb.

Gorünən odur ki, eGov Mərkəzinin koordinasiya imkanları çox zəifləyib. Əslində lap əvvəldən də eGov sahəsində koordinasiyada problemlər olub. Nəhəng dövlət qurumlarına datanı bölüşməklə, inteqrasiya ilə bağlı təsir etmək elə də asan başa gəlmir. Nəticədə isə elektronlaşma, rəqəmsal transfromasiya ləngiyir. Elə BMT-nin son hesabatında da bunun acı nəticələrini gördük.

Təəssüf ki, hətta ayrı-ayrı nazirliklər rəqəmsal transformasiya konseptini hazırlayıb təsdiqlədə bilsələr də, indiyədək də ölkə üzrə rəqəmsal transformasiya konsepsiyası təsdiqlənməyib. Hansı ki, qonşu ölkələrdə bu tip yanaşmalar artıq xeyli illər öncədən müəyyənləşib, buna uyğun da addımlar atırlar".

Xatırladaq ki, oktyabr ayında BMT “Elektron hökumətin İnkişafı İndeksi 2022" üzrə Hesabat və reytinq cədvəlini açıqlayıb. Reytinq 193 ölkə üzrə yalnız klassik elektron hökumətin vəziyyətini deyil, həmçinin elektron iştirakçılığın, rəqəmsal infrastrukturun, internetin, ümumiyyətlə bütöv rəqəmsal mühitin vəziyyətini əks etdirir. Reytinq iki ildən bir dərc olunur: ”Bu hesabata görə Azərbaycanla bağlı vəziyyət xoşagələn olmayıb, ölkəmiz son iki ildə 13 pillə geriləyib. Hesabata diqqət yetirdikdə görmək olur ki, Azərbaycanın geriləməsi həm də əsasən elektron iştirakçılıqla bağlı olub. E-iştirakçılıq üzrə Azərbaycan son iki ilə xeyli - 25 pillə geriləyib, 193 ölkə arasında 98-ci yer olaraq qiymətləndirilib. Ümumiyyətlə, BMT-nin adı çəkilən hesabatlarına görə, Azərbaycan elektron iştirakçılığa görə son 5 ildə 36 pillə geriləyib. BMT-nin adı çəkilən hesabatının hazırlanmasında istifadə olunan metodologiyada qiymətləndirmə üçün ölkələrin bütün rəqəmsal mühiti, e-hökumət, e-xidmətlər, rəqəmsal infarstruktur, internet və sosial media, elektron iştirakçılıq, rəqəmsal savadlılıq və s. əsas götürülür".

Prezidentin son fərmanını şərh edən O.Gündüz bildirir ki, son illərdə rəqəmsal transformasiya, rəqəmsal inkişaf məsələləri əsasən RİNN-in əlində cəmləşirdi: “Rəqəmsal transformasiya da data yönümlü, rəqəmsal texnologiyaların tətbiqi ilə rəqəmsal hökumətə keçidi zəruri edirdi. Amma bu məsələlərin tərkib hissəsi olan eGov quruculuğu məsələləri ASAN-daydı. Açıqlanmasa da, zaman-zaman bu tip məsələlər çeviklik və effektivlik baxımından müəyyən problemlər yaradırdı, proseslər ləng inkişaf edirdi. Ona görə də Fərmanın preambula hissəsində qeyd olunduğu kimi, bu sektorda mərkəzləşmə üçün, dövlət idarəetməsi və rəqəmsallaşma proseslərində pərakəndəliyi aradan qaldırmaq üçün, dövlət idarəçiliyində səmərəlilik baxımından eGov səlahiyyətləri RİNN-ə verilib. Fikrimcə bu, məntiqli və doğru yanaşmadır”.

Mərkəz rəhbəri qeyd edir ki, ASAN-ın idarəetməsində olduğu 4 il ərzində eGov sahəsində bəzi işlər görülüb: “Fərmanda da vurğulanıb ki, ötən müddət ərzində bir çox işlər görülüb. Bir-iki məsələni xüsusilə qeyd etmək istərdim. ASAN ölkənin eGov infrastrukturunu milli bir resurs üzərində ”oturda" bilib. Yəni dövlət orqanlarının informasiya mübadiləsi üçün xarici resurs olan X-Road əvəzinə ASAN Bridge yaradılması çox uğurlu addım idi. Hansı ki, hazırda bunun üzərində “oturan” dövlət qurumları asanlıqla data mübadiləsini gerçəkləşdirə bilirlər. ASAN Login, bankları dövlət sektoruna qoşan və onlayn bank hesabları açmağa imkan verən ASAN Finance sistemi, DXR.az reyestri , Elektron sənəd dövriyyəsi, Pandemiya dövrünün rəqəmsal həllərini və s. göstərmək olar. Məhz ASAN Bridge və azsaylı inteqrasiyalar ilə digər dövlət qurumları artıq data yönümlü xidmətlər göstərməyə başlamışdı. Lakin problemlər də vardı və az deyildi. Xüsusilə son zamanlarda görünürdü ki, ASAN bu yükü daşımaqda çətinlik çəkir. Ən ciddi problem də koordinasiya ilə bağlıydı. Mərkəzi icra orqanları ilə eGov sahəsində çevik və effektiv iş birliyinin qurulmasında problemlər vardı. Yəni aşkar hiss olunurdu ki, eGov-dakı işlər ASAN-dakı kimi asan getmir. Bu səbəbdən də inteqrasiyalar çox ləngidi. Ümumiyyətlə, qeyd edim ki, eGov-da koordinasiya həmişə problem olub. eGov-un qanunvericilik dəstəyi işi də xeyli ləngidi, ASAN çox gecikdi bu sahədə. eGov Mərkəzində yüzlərlə developer olsa da, az sayda hüquqşünaslar çalışırdı. Məhz bu səbəbdən MyGov-dakı arayışlar və məlumatlar sadəcə məlumat olaraq da qaldı, rəqəmsal sənədlər hüquqi status ala bilmədi. ASAN eGov Portalını, myGov Portalını və dxr.az Portalını vahid bir resurs formasında təqdim etməkdə xeyli gecikdi".

Ekspertin fikrincə, hökumət tərəfindən eGov Mərkəzinin aidiyyəti olmayan layihələrlə (pandemiya layihələri, müxtəlif kommersiya yönümlü layihələr və s.) yüklənməsi, eGov Mərkəzinin özünün də bəzən bu tip məsələlərin altına girməkdə maraqlı olması, “hər şeyi özüm edəcəm” prinsipi ilə hərəkət edib biznesi yaxına buraxmaması da diqqət çəkən məqamlar olub. Bundan əlavə, eGov Mərkəzinin vətəndaş cəmiyyəti ilə münasibətləri də son zamanlarda xeyli zəifləmişdi.

e-Gov sahəsində idarəedicinin dəyişdirilməsi beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin geriləməsi ilə bağlıdır: “Görünür ki, BMT-nin eGov ilə bağlı bu il dərc olunan hesabatı, innovasiyalarla bağlı beynəlxalq hesabatlar hökumətin də diqqətini cəlb edib. Son zamanlar biz də bu haqda çox yazırdıq . Hansı ki, bu hesabatlarda ölkəmiz xeyli geriləyib.  Beləliklə, düşünürəm ki, rəqəmsal transformasiyanın mərkəzləşməsinin zəruruliyi və sektorda pərakəndəliyin aradan qaldırılması, rəqəmsal hökumətə keçidin sürətlənməsi, müəyyən işlər görülsə də son zamanlarda sektorda problemlərin və ləngimələrin aşkar görünməsi, şübhəsiz ki, bütün bunların beynəlxalq hesabatlarda da öz əksini tapması Prezidentin adı çəkilən fərmanı üçün əsas olub. Artıq ölkədə rəqəmsal transformasiya və eGov quruculuğu bir dövlət qurumunun əlindədir. Son zamanlar RİNN bütün ölkə üzrə rəqəmsal infrastrukturun, keyfiyyətli internet infrastrukturun qurulması istiqamətində ciddi addımlar atıb. RİNN-in əlində həm də son zamanlar xeyli aktivləşən nəhəng bir DATA Mərkəz, Hökumət Buludu var, prosesləri xeyli sürətləndirə biləcək, pulsuz olan SİMA rəqəmsal imzası var. RİNN-in əvvəllər eGov sahəsində təcrübəsi olan MHM komandası da məhz Data Mərkəzdə cəmləşib. RİNN yeni Agentliklər də formalaşdırıb. Ümid edirəm və inanıram ki , RİNN tez bir zamanda eGov sahəsində koordinasiya və hüquqi məsələləri həll etməklə, artıq ləğv edilən eGov Mərkəzinin də resurslarından və kadrlarından effektiv istifadə etməklə rəqəmsal hökumət quruculuğunu daha da sürətləndirə biləcək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR