İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekofəallar necə “Boz Qurd” “oldular” - rusiyalı politoloqdan alçaq çağırış

3219 28.12.2022 08:20 Siyasət A A

 Yevgeni Satanovskinin “sülhməramlılar aksiya iştirakçılarına atəş açmalı idilər” fikrinə Bakıdan sərt reaksiyalar

“Rusiyanın müdafiə naziri Sergey Şoyqudan soruşacağam ki, efirdə Qarabağdakı  sülhməramlı kontingentini müdafiə etmək məni Müdafiə Nazirliyinin İctimai Şurasından kənarlaşdırmaq üçün yetərli əsasdırmı?”

Moskvadakı “Yaxın Şərq İnstitutu” adlı qeyri-hökumət təşkilatının rəhbəri, iqtisad elmləri namizədi, Rusiyanın federal telekanallarında “siyasi şərhçi” kimi təqdim olunan Yevgeni Satanovski belə deyib.

O, daha sonra bildirib: “Mən yola əllərində meqafonlar tutmuş bir dəstə insanın çıxmasından bəhs edirəm. Orada ilkin olaraq Türkiyə təşkilatı olan, indi isə Azərbaycanda da bölmələri fəaliyyət göstərən aqressiv nasist təşkilatı "Boz Qurd"lardan danışıram. O adamlar niyə “Boz Qurd” nişanları göstərdilər - bilmirəm. Görünür, həmin radikal təşkilatın o aksiyaya birbaşa dəxli var. Sülhməramlılara hücum olanda isə onlar aksiya iştirakçılarına atəş açmalı, kütləni qısa məsafədən atəşlərlə dağıtmalı idilər. Bu, mənim mövqeyimdir".

İfrat aqressiv şovinizmi, radikal millətçiliyi və neoimperiya  təfəkkürü ilə tanınan Satanovskinin açıqlamalarında əslində təəccüblü heç nə olmasa da, onun son müsahibəsi marazm, idiotizm və primitiv şovinizm nümunəsidir.

Milli.az  yazır ki, əvvəla, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin “Terror təşkilatları” siyahısında  “Boz Qurd”lar  yoxdur. Rusiya Ədliyyə Nazirliyinin müvafiq siyahısında da sözügedən təşkilatın adına rast gəlinmir.  Görünən budur ki, adekvat davranışı və reallığı dəyərləndirmək imkanlarını itirmiş Satanovskinin şüurunda Rusiya “hər tərəfdən düşmənlə əhatə olunmuş ölkə”dir. Satanovski Azərbaycanı və azərbaycanlıları təhqir edir, azərbaycanlılara atəş açılmasını arzulayır.

Azər Badamov: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa  əsaslanır

Azər Badamov 

Deputat Azər Badamov hesab edir ki, Rusiya tərəfi Satanovski kimiləri barəsində ciddi şəkildə ölçü götürməlidir: “17-cı gündür ki, ekofəallarımız və ictimai aktivistlər Laçın-Xankəndi yolunda fasiləsiz aksiya keçirirlər. Aksiyaçıların tələblərinin humanitar problemlərin aradan qaldırılmasına və Cənubi Qafqazda sülhün yaranmasına dair olduğu bəllidir. Amma özünü siyasi şərhçi adlandıraraq yağışdan sonra çıxan göbələklər kimi peyda olan dırnaqarası bəzi siyasətçilər bölgəmizin tarixindən, mövcud vəziyyətdən və aksiya keçirən aktivistlərin tələblərindən heç xəbəri olmadan birtərəfli şəkildə erməni təəssübkeşliyini nümayiş etdirirlər.  Rusiyalı "siyasi şərhçi" Yevgeni Satanovski öz açıqlamasında aksiyaçılarımızın nasist təşkilatın nümayəndələri olduğunu deyir və sayıqlayır ki, aksiya başlayanda sülhməramlılar atəş açmalı, kütləni qısa məsafədən atəşlərlə dağıtmalı idilər. O daha sonra Azərbaycanı nəzərdə tutaraq, "Rusiya hər tərəfdən düşmənlə əhatə olunmuş ölkədir" deyir. Yəqin Satanovskinin gözləri kor, qulaqları kardır ki, İrəvanda Rusiyanın ünvanına səsləndirilən anti-Rusiya şüarları görmür. Hesab edirəm ki, ölkəmizin ünvanına səsləndirilən hər bir düşmənçilik ifadəsinin cavabı olmalıdır.  Satanovskinin ifadələri Rusiyanın dövlət başçısının mövqeyinə də əksdir. Çünki prezident Putin Azərbaycanı dost ölkə hesab edir və Azərbaycanla münasibətlərin inkişafına böyük dəyər verdiyini ifadə edir. Satanovskilərin şovinist və ermənipərəst açıqlamaları Rusiyadan dostlarını uzaqlaşdırır. Ona görə də hesab edirəm ki, dövlət siyasətinin əksinə çıxışlar edən satanovskilər kimi peyda olmuş “siyasi şərhçilər” barəsində Rusiyanın xüsusi dövlət orqanları tərəfindən ölçü götürülməlidir. Əgər belə ünsürlərə qarşı tədbir görülməzsə, ilk növbədə bu, Rusiyanın özünə zərərlidir".

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu şəxsi bütün varlığı ilə türk düşməni sayır: “Əslində Satanovskinin açıqlamalarında təəccüblü bir şey yoxdur. Çünki adam uzun illər ərzində ermənilərin mövqeyini dəstəkləyən çağırışlar edir, Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar verir. Bu həmin Satanovskidir ki, hələ 2016-cı ilin iyununda Azərbaycanın işğal altında olan ərazilərinə etdiyi qanunsuz səfərlərinə və separatçı rejimin rəhbərliyi ilə keçirdiyi görüşlərə görə Xarici İşlər Nazirliyi tərəfindən "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Öz şovinist baxışları ilə seçilən, xəstə təxəyyüllü bu adamın “Türkiyə bizim strateji düşmənimizdir” və ya Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Krım Platforması”nda iştirakından sonra “Türkiyə ilə müharibə aparmalıyıq” kimi bəyanatlarını hər kəs xatırlayır. “Qırğızıstan və Qazaxıstan KTMT üzvü Ermənistana qarşı Azərbaycanı dəstəkləyibsə, KTMT kimə lazımdır?” bəyanatının da müəllifi məhz elə Satanovski olub. Qısası, bu adam bütün varlığı ilə bir türk düşmənidir və bunu da gizlətmir".

Ermənistanın KTMT hikkəsi - İrəvandan “Rusiyaya təpik, Qərbə qucaq” mesajı

Rəşad Bayramov 

Politoloq fikirlərinə bu cür davam etdi: “Satanovskinin son açıqlamasında Laçın yolunda aksiya keçirən insanlarımızı "Boz Qurd" salamı verdiklərinə görə aqressiv nasist təşkilatı üzvləri ilə müqayisə etməsi isə həyasızlığın ən bariz nümunəsidir. Çünki o, “Yaxın Şərq İnstitutu” adlı qeyri-hökumət təşkilatının rəhbəri olaraq “Boz Qurd”çuluğun nasizm və ya irqçilik olmadığını, özündə Türkçülüyü, Vətənpərvərliyi, Turan həmrəyliyini təcəssüm etdirdiyini yaxşı bilir. Yox, əgər bilmirsə, o zaman bilməlidir ki, tarix boyu türklərdə irqçilik olmayıb. Bu gün Uyğurustandan Avropaya kimi böyük bir ərazidə yaşayan türklər bu işarəni “Turan həmrəyliyi”nin simgəsi kimi qəbul edirlər. Başqa sözlə, “Boz Qurd”çuluq millətinin maraqlarını dərk etmək qabiliyyəti və özünü, yeri gələndə millətinin yolunda fəda etmək ruhuna malik olmaqdır. Əgər bu gün Laçın yolunda sərvətimizin talanmasına görə etiraz edən gənclərimiz “Boz Qurd” işarəsi göstərirlərsə, demək ki, millətin və dövlətin maraqları naminə sonacan mübarizə aparacaqlarının və bu maraqlardan bir addım belə geri çəkilməyəcəklərinin mesajını verirlər.

“Sülhməramlılar aksiya iştirakçılarına atəş açmalı, kütləni qısa məsafədən atəşlərlə dağıtmalı idilər” deyən Satanovski və onun kimi düşünən digərləri də unutmamalıdırlar ki, indi Azərbaycan 200 il ərzində torpağını ona-buna bəxş etdikləri, 20 Yanvarda dinc insanımızı gülləbaran etdikləri, ermənilərə ərazilərimizdə soyqırımlar törətməyə kömək etdikləri və bütün bunlara görə susmaq məcburiyyətində qalan Azərbaycan deyil. İndi Azərbaycanın istənilən səviyyədə öz haqqını tələb etməyə gücü və özünü qorumağa real imkanları var. Bunu Satanovski də, Rusiyanın hakim dairələrinə bağlı olan digər şovinistlər də anlamalıdır".

R.Bayramov eyni sözləri Vardanyana da aid edir: “Rusiya hər nə qədər də Vardanyanın bizimlə heç bir əlaqəsi yoxdur desə də, onun Qarabağa birbaşa Rusiyanın siyasi rəhbərliyi tərəfindən göndərildiyi hər kəsə məlumdur. O da məlumdur ki, Azərbaycanın rəsmi nümayəndələrinin mədənlərimizdə monitorinq aparmasının qarşısını kəsən təkcə Vardanyanın timsalında erməni separatçıları deyil, həm də Rusiya sülhməramlılarıdır. Azərbaycan olaraq biz bunu bilirik və həm separatçıların, həm də sülhməramlıların eyni mərkəzdən idarə olunduğunu da dərk edirik.

Odur ki, həm Satanovski kimi xəstələrin, həm də Vardanyan timsalında separatçıların ağzının birdəfəlik yumulması üçün konkret addımların atılmasının vaxtı çatıb. İlkin olaraq Laçın yolu istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi və gömrük postunun qoyulması bu istiqamətdə atılmış ən yaxşı addım ola bilər. Buna bizim tam haqqımız çatır. Öz sərhədlərində sərhəd buraxılış məntəqəsi və gömrük postu qurmağa görə heç kimin Azərbaycana irad bildirməyə haqqı çatmır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR