İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX İrana casusluq edən daha bir şəbəkəni ifşa etdi - ilginc detallar

3545 15.11.2022 11:10 Ölkə A A

Azərbaycan siyasətçiləri arasında da İran casusları varmı?

Ötən gün  Dövlət Təhlükəsizlik Xidməti (DTX)  İranla əlaqəli, bu dövlətin kəşfiyyatına işləyən şəxsləri həbs etdi. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Eyni zamanda müəyyənləşdirilib ki, digər Azərbaycan vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranıb.

“İran xüsusi xidmət orqanları böyük ehtimalla bu məlumatları Ermənistana da ötürür

Həmçinin müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları teleqram tətbiqi sistemi vasitəsilə sonuncuya göndərib.

Azərbaycan vətəndaşları - Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.

Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında vatsap tətbiqində yaradılan qapalı qruplar ifşa edilib.

Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycanın Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl İran xüsusi oran orqanlarına işləməkdə ittiham olunan “Dinar” adı altında olan bir qrup şəxs həbs olunmuşdu. Belə görünür ki, Azərbaycan cəmiyyətində, müxtəlif sektorlarında, hətta müxtəlif dövlət strukturlarında İran kəşfiyyatı ilə  əlaqəli olan insanlar var ki, bir-bir həbslər gedir. Bu da istər-istəməz yeni sual yaradır ki, ölkədəki siyasi partiyalar, siyasi təşkilatlar, onların rəhbərləri arasında da  İransa casusluq edən şəxslərin olması ehtimalı varmı?

 Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a danışıb:

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Cəlbetmə əsasən onların bacarığından, əqidəsindən, əməliyyat imkanlarından asılı olur”

“Bu suala konkret cavab vermək mümkün deyil. Lakin xüsusi dövlət orqanlarının cəlbetmə metodlarında hər cür kontingent var. Yəni baxır həmin kontingent nə işi görə bilər. Məsələn, gəmi kapitanının casusluğa cəlb edilməsi bütün gəmilərin naviqasiyası, onların hərəkətləri  haqqında, eyni zamanda dənizdə olan ciddi hansı ki, xüsusi əhəmiyyət kəsb edən avadanlıqlarımız  haqqında məlumatları toplamaq məqsədi daşıyır. Digər cəlb olunanlar enerji sektorunda olan məlumatları toplayıb verə bilər. Həmçinin həbs olunanlardan kimlərsə hərbi obyektlərin şəkillərini çəkib göndərmiş ola bilər.  Və yaxud "Texnofest" festivalında bizim və yaxud Türkiyənin hansı yeni texnikaya malik olduğumuzu çəkib göndərmiş ola bilərlər. Ona görə də hesab edirəm ki, bu arial böyük də, kiçik də ola bilər. Cəlbetmə əsasən onların bacarığından, əqidəsindən, əməliyyat imkanlarından asılı olur.

Son zamanlar üzə çıxarılan İran xüsusi xidmət orqanlarının iş istiqamətindən hiss olunur ki, onlar birmənalı şəkildə bu məlumatları tək özləri üçün deyil, böyük ehtimalla Ermənistana da ötürür. Çünki enerji mənbələri, eyni zamanda silahlarımız,  gəmilərimiz, hərbi kontingentimiz, birləşmələrimiz haqqında məlumatları əldə etməkdə ən maraqlı dövlət əlbəttə ki, Ermənistan ola bilər. Aradakı müttəfiqlikdən istifadə edərək, İranın həmin məlumatları Ermənistana ötürməsi məlumdur və labüddür.

Hesab edirəm ki, DTX öz işini ən yüksək səviyyədə görür. Çünki bu o deməkdir ki, əməliyyat şəraitində tam nəzarət olunur. Bu məlumatların əldə edilməsi, onların gələcəkdə leqallaşdırılması istiqamətində ciddi addımlar atılır. Demək ki, xüsusi xidmət və  mühafizə orqanları koordinasiyalı şəkildə işlərini davam etdirir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR