İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşük şounun ucuz aktyorları

1628 08.03.2023 10:50 Yazarlar A A

 

İş elə gətirib ki, bu əziz gündə başqa mövzuda yazası oluram. Bildiyiniz mövzuda çox yazılıb və əbədiyyən yazılacaq. Necə deyərlər, “mübarizə bu gün də var, yarın da...”. Kişi-qadın müttəfiqliyi və müxalifliyi daimidir, əbədidir, sarsılmazdır.

Keçək mətləbə. Dünən dostlardan biri sosial şəbəkədə yaşlı kişi və qadınların hansısa telekanalda evləndirmək adıyla efirə çıxarılmasından və ələ salınmasından bəhs edən status yazmışdı və digər dostlar da öz qınayıcı şərhlərini qeyd etmişdilər.

Doğrusu budur ki, ona görə “hansısa telekanal” yazıram ki, gerçəkdən elə verilişlərin hansı telekanalda getdiyini bilmirəm. İndiyəcən bir dəfə də elə verilişə baxmamışam, təsadüfən qarşıma çıxanda 4-5 saniyədən artıq baxa bilməmişəm və yəqin ki, heç vaxt baxmayacam. Düşüklük, bayağılıq, əttökənlik olan verilişlərə baxmamaq bir həkim tövsiyəsidir. İnkan varsa, siz də əsəblərinizi qoruyun, vaxtınıza da heyfiniz gəlsin.

Amma fakt budur ki, bu cür verilişlər var və xalqımızın bir xeyli hissəsi o verilişlərin başlanma vaxtını əzbərdən bilir, saniyəsini belə qaçırmadan televizorun qarşısında yerini alır. Görünür, bu cür verilişlər onlara əyləncəli gəlir. Zövq məsələsidir, nə demək olar.

Yalnız onu demək olar ki, bu cür verilişlər ziyanlıdır, mənəvi terrordur, xalqın zövqünü, tərbiyəsini korlayır. Telekanal rəhbərliyi bu cür verilişlərlə reytinq yığır, reklam alır, pul qazanır və onun vecinə deyil ki, insanlara mənəviyyatsızlıq, yüngülməcazlıq aşılayırlar.

Bu, yolverilməzdir. Deyirlər, xalqın istədiyi budur. Elə şey yoxdur. Tamaşaçılar onlara təqdim edilən, vitrinə qoyulan məhsulun tamaşaçısıdırlar. Nəyi göstərsələr, ona da baxacaqlar və tədricən alışacaqlar.

İndi aydın olurmu ki, bəyənmədiyimiz tərifli sovet hökuməti “Bir cənub şəhərində” filmini niyə qadağan etmişdi?

Əslində bir sovet şedevri olan o filmi ona görə yasaqlamışdılar ki, məzmununda kriminal aləmə, məhkəməsiz edama bəraət qazandıracaq, rəğbət oyadacaq elementlər vardı. Türmədən çıxıb gələn Ağabala namus üstə dükançı Səfərəlini öldürür, filmin baş qəhrəmanı Murad da axırda eyni motivlə Tofiqi bıçaqlamaq istəyir (filmdə qətlin törədilib-törədilmədiyi müəmmalı qalır, senzuranın qorxusundan bu məsələ tam açılmayıb).

Köhnə vaxtlarda beləydi: birmənalı olaraq pislənməli, qınanmalı olan şeylərə, xüsusilə də cinayətlərə ikinci bir baxış ola bilməzdi. Əgər bir bəd əməl mübahisələndirilirsə, bu, o deməkdir ki, onu yaxşı əməl hesab edənlər də olacaq və iki tirə əmələ gələcək, bir-birini inkar edəcəklər, ikisi də yaşam haqqı qazanacaq.

Sonradan bu xətt – törədilən bəzi cinayətlərə haqq qazandırmaq, cinayətkarları öymək, müdafiə etmək o qədər inkişaf etdi ki, indi kriminal aləmə rəğbət bəsləyən minlərlə gənc var və onlar kriminal iyerarxiyada karyera qurmaq eşqindədirlər, hesab edirlər ki, yeganə düzgün yaşam tərzi elə budur.

Təbliğat belə şeydir: insanlara nəyi göstərirsənsə, nümunə kimi təqdim edirsənsə, ona kütləvi rəğbət yaranır.

Ötən sərin 70-80-ci illərdə AzTV-də eyzən yazıçı və şairlərin yaradıcılıq gecələrindən bəhs edən verilişlər göstərirdilər, şairlər (Nüsrət Kəsəmənli, Vaqif Bəhmənli, Ramiz Duyğun) veriliş aparırdı, ona görə də ölkədə şeir yazanlar maksimuma qədər çoxalmışdı. Küçənin bəri tayında drub o tayındakı dayanacaqda duran Şair adlı qohumunu “Şair, ay Şair” deyə çağırsaydın, küçədəkilərin yarısı dönüb soruşardı: “Mənimləsiz?” (“Kirpi” jurnalının əməkdaşı Şükür Həbibzadənin bu mövzuda bir yumoristik hekayəsi də vardı).

Sonradan telekanallar sözləşibmiş kimi müğınniləri təbliğ etməyə başladı. Başqa söhbət yox idi. Verilişlərin əksəriyyətində onlar çıxış edirdilər, oxuyurdular, oynayırdılar, şit-şit söhbətlər edirdilər, hoqqa çıxarırdılar. Onda gördük ki, bay, telekanallarda gedən musiqi yarışmalarında iştirak etmək, müğənni olmaq üçün minlərlə gənc müraciət edib. And içirlər ki, elə il olub, 20 yer üçün 8 min oğlan-qız teleşirkətin həyətində növbəyə durub.

Bu da, əlbəttə, təbliğatın nəticəsiydi. Gənc insanlara elə gəlirdi ki, parlamaq, rahat yaşamaq, varlanmaq üçün ən optimal yol budur.

İndi maraqlıdır, ahıl yaşda evlilik proqramlarına qatılmaq istəyənlər nə fikirdədirlər. Onlar doğrudanmı ailə qurmaq istəyirlər? Heç ağlabatan deyil. Böyük ehtimalla onları 3-5 manatın qarşılığında ucuz aktyor kimi işlədir, guya əyləncəli şou yaradırlar. Nəticədə insanları yaşlarının o vaxtında o günə qoyur, milləti onlara güldürürlər.

Ayıb deyilmi? Əlbəttə, ayıbdır. Səviyyəli, intellektual verilişlər hazırlamaq lazımdır. Başqa ölkələrdə uğur qazanmış şouların düşük yamsılanması yolu ilə uzağa getmək olmaz.

Ora çıxanlara gəlincə, heç kəsi təhqir etmək lazım deyil, amma hər kənddə-kəsəkdə, küçədə, məhəllədə elə adamlar var. Belə verilişlərə baxırlar, içlərindəki enerji kükrəyir, gedib çıxırlar ekrana.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR