İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı kimlər daş-torpağa çevirir? - ağac kəsənlərin sayı ildən-ilə artır

1990 28.10.2022 10:10 Media A A

Özün əkdiyin ağacı belə kəsə bilməzsən, çünki...

Son 30 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vurulub. Ermənistanın təcavüzü nəticəsində 251 min ha (və ya meşə ilə örtülü sahənin 25%-i) meşə sahəsi 30 il ərzində işğal altında qaldığından, 10,2 min ha meşə sahəsi təsərrüfat dövriyyəsindən çıxıb. İşğal altında qalmış meşələrimiz vəhşicəsinə qırılıb talan edilib. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırıb.

Qeyd etmək lazımdır ki, son 30 il ərzində əhali və ağac emalı müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin artması müşahidə olunur. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub; dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal-qara otarılması, normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır.

Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lakin mətbuatda tez-tez yayılan materiallar göstərir ki, problemin qarşısı tam alına bilmir. Çünki kəndlərin bir hissəsi qazlaşdırılmayıb. Üstəlik, nəzarətin zəif olması meşələrin tikinti və yanacaq məqsədilə qırılmasına, yanğınların baş verməsinə gətirib çıxarır.

Hər ağac bizim ömrümüzü nə qədər uzadır?

Dünya ərazisinin 38 milyon kv/km-ni tutan meşələr bizim yaşama səbəbimizdir desək, yanılmarıq. Çünki bir ağac 1 saatda təxminən 2.3 kq CO2 udur və 1.7 kq oksigen buraxır. 1 hektar meşə sahəsi 30-40 ton toz udur. Bu qədər faydalarına baxmayaraq, ilbəil meşə yanğınları səbəbindən meşə sahələri azalır. Təkcə 2019-cu ilin I yarısında 25 619 meşə yanğını olub. Yanan ağacların yerinə yeni ağaclar əkilsə də, onun böyüyüb təbiətə fayda verməsi uzun zaman alır.

Qanunsuz ağac kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Dünyada ən çox meşə sahəsi olan ölkə Rusiyadır ki, meşə sahəsi 8 milyon kv/km olmaqla ölkə ərazisinin demək olar yarısını tutur. Amazon meşələri ölkənin yarıdan çoxunu tutan Braziliyada meşə sahəsi 5 milyon kv/km-dir.

Meşələr atmosferi nə qədər təmizləsə də, ağacların istehsal sahəsində əhəmiyyətli rolu vardır. Bu əhəmiyyəti nəzərə alaraq ən çox odun ixracı olan ölkələr də məhz ən çox meşə sahəsi olan ölkələrdir. Kanada 3 milyon kv/km meşə sahəsinə görə 3-cü yerdə olsa da, ixraca görə 1-ci yerdədir. O, ixracının 20%-ni odun satmaqla 8.2 milyard dollar qazanır. Rusiya isə 4.5 milyard dollar ixracının 11%-ni odun satmaqla əldə edir.

Maraqlısı odur ki, odun ixrac edən ölkələrlə idxal edən ölkələr sırasında ilk beşlikdən dördü eyni ölkədir. Eyni zamanda bu ölkələr meşə sahəsinə görə də dünyada ilk ölkələrdəndir. Məsələn, ABŞ ümumi idxalının 3%-ni, yəni 38.4 milyard dollar odun idxal edir. Lakin bu o demək deyil ki, onun meşəliyi yoxdur. ABŞ meşə sahəsinə görə 3 milyon kv/km-lə dünyada 4-cü yerdədir.

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb,

Dünyadakı ağacların sayı 3 trilyondan çoxdur - adambaşına 420 ağac düşür

Yeni hesablamalara görə, dünyada ağacların sayı üç trilyondan bir qədər çoxdur. Bu rəqəm əvvəlki hesablamalardan səkkiz dəfə çoxdur. Əvvəllər dünyada ağacların sayının 400 milyard olduğu deyilirdi. Yeni məlumatlar Yale Universitetindən Tomas Krouter və onun peyk fotoşəkilləri ilə meşə sıxlığını tədqiq edən qrupundan gəlir. Müvafiq olaraq, dünyada adambaşına düşən ağacların sayı 420-dir.

Ağacı özün əksən belə, onu kəsə bilməzsən

Bu gün isə həyətyanı sahəsini genişləndirmək, obyekt tikmək və digər başqa səbəblərə görə ağac kəsmək istəyən vətəndaşlarımızın sayı çoxdur. Vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-ə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ora yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir.

Qanunsuz ağac kəsilməsi faktları ilə bağlı cinayət işləri başlandı

Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsinin “Yaşıllıqların mühafizəsi haqqında” Qanunla tənzimləndiyini deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbiat xidmətinin rəhbəri  İradə İbrahimova əlavə edib ki, vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.

Yaşıllıqların qanunvericiliyə zidd olaraq kəsilib götürülməsi və zədələnməsi ilə əlaqədar törətdikləri inzibati xətaya görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 253.2, 253.3.1-253.3.3, 253.4, 253.5.1-253.5.3 və 253-1.1-253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilirlər. Törətdikləri inzibati xətanın mahiyyətindən və yerindən asılı olaraq, tikinti və abadlaşdırma istisna olmaqla, yaşıllıqların məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat məbləğində, tikinti və abadlaşdırma zamanı hər bir ağac və kolun məhv edilməsinə görə fiziki şəxslər 2200-3000 manat, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər 35000-45000 manat məbləğində cərimə edilirlər. Həmçinin yaşıllıqların zədələnməsi ilə bağlı müvafiq olaraq fiziki şəxslər 100-300 manat, vəzifəli şəxslər 200-600 manat, hüquqi şəxslər 1000-3000 manat məbləğində, yaşıllığın mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətanın mahiyyətindən asılı olaraq, fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1000-3000 manat, hüquqi şəxslər 3000-10000 manat məbləğində cərimə olunurlar.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanmışdır. 

Yazını hazırladı: Sevinc TELMANQIZI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR