İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətlərin imtina etdiyi İstanbul Konvensiyası: qaranlıq məqamlar, gizli məqsədlər...

1882 30.03.2021 09:40 Gündəm A A

Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda uzun müddətdir mübahisə obyekti olan İstanbul Konvensiyası, imza atmış bir neçə ölkənin, o cümlədən son olaraq Türkiyənin də geri çəkilməsi ilə yenidən gündəmə gəldi. Ölkə ictimai rəyində konvensiya haqqında tənqidi fikirlərin miqyası getdikcə genişlənməkdədir. Avropanın bu qədər üzərində durduğu, təbliğinə can atdığı, Azərbaycanın Almaniya rəsmiləri tərəfindən tənqidə məruz qalmasına səbəb olan İstanbul Konvensiyası ilə bağlı yeni məqamlar üzə çıxıb.

Qeyd edək ki, qardaş Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə İstanbul sözləşməsindən ayrılıb. Mütəxəssislərin rəyinə görə, təkcə Türkiyədə deyil, bir çox ölkələrdə “ailələri dağıtdığı, ənənəvi dəyərlərə qarşı olduğu və homoseksuallığı qanuniləşdirdiyi üçün” etirazlara səbəb olub.

Konvensiyanı bu günə qədər 46 ölkə imzalasa da, onların bir çoxu sənədin tətbiqinə başlaya bilməyib. Xatırladaq ki, 2011-ci ilin may ayında İstanbulda Avropa Şurası Nazirlər Komitəsinin toplantısında 10 Avropa dövlətinin təsdiqləməsindən sonra qəbul edilib. İmzaların atıldığı yer İstanbul olduğu üçün beynəlxalq səviyyədə İstanbul Konvensiyası kimi tanınır. İngiltərə, Ukrayna və Bolqarıstanın  da daxil olduğu 11 ölkə konvensiyanı parlamentdən keçirə bilməyib. Slovakiya və Macarıstan isə ötən il konvensiyanı imzalasa da, təsdiqləyə bilməyib. İstanbul Konvensiyasında əsas məqsəd qadına qarşı şiddətin və ailədaxili zorakılığın önlənməsi idi, ancaq bəzi maddələr xüsusən də qeyri-ənənəvi cinsləri, homoseksuallığı qanuni təminat altına aldığı üçün etirazlar doğurdu. Bu durumun cəmiyyətin normal quruluşunu pozduğu iddia edildi.

Digər tərəfdən, qadınların iddiaları ilə kişilər barəsində verilən evdən uzaqlaşdırma qərarlarının ailələri daha sürətlə parçalayacağı qeyd edilir. Tərəflər arasında münasibətlərin düzəldilməsi, güzəştə getmək, barışıq müddətinin qadağan edilməsini önə sürən maddə də etiraz doğurur. Konvensiyanı təhsil etsək görərik ki, bu sənədin  məqsədi ailə həyatını və ya ailə strukturlarını tənzimləmək deyil, sənədin mətnində “ailə” anlayışı nəzərdə tutulmayıb. Konvensiya hökumətlərdən tələb edir ki, evdə risk altında olan və yaxud ailə üzvləri, ərləri (arvadları) və ya münasibətdə olduqları cinsi tərəf-müqabilləri tərəfindən təhdid edilən qurbanların təhlükəsizliyini təmin etsinlər. Konvensiyanın məqsədi harada baş verməsindən asılı olmayaraq qadınlara qarşı zorakılığın və məişət zorakılığının aradan qaldırılmasından ibarət olduğuna görə onun tətbiq dairəsi qanuni nikahda olan cütlüklərlə məhdudlaşmır və tərəf-müqabillərin nikahda olub-olmamasından, eyni və ya fərqli cinsə mənsub olmasından asılı olmayaraq bütün cütlüklərə şamil olunur. Qurbanların heç bir qrupu konvensiyanın müəyyən etdiyi müdafiənin tətbiq dairəsindən nikah vəziyyəti əsasında və ya konvensiyada nəzərdə tutulan hər hansı digər ayrı-seçkilik əlamətləri əsasında xaric edilmir. Zorakılıq münasibətləri şəraitində yaşayan hər kəs üçün konvensiyada təhlükəsizlik, müdafiə və dəstək, həyatını zorakılıqdan azad şəraitdə yenidən qurmaq perspektivi nəzərdə tutulur.

Azərbaycanda da ictimai rəydə fərqli fikirlər var. Qadın hüquqları müdafiəçiləri konvensiyanı dəstəkləsələr də, ictimaiyyət nümayəndələri arasında bəlli səbəblərdən sənədi tənqid edənlər də var.

O vaxt biz Kəlbəcəri tərk edirdik, bu gün isə övladlarımız... -

Pənah Hüseyn: “Bəzi müddəalar faktiki olaraq dünyada bu günə qədər mövcud olmuş ailə dəyərlərini, valideyn-övlad münasibətlərini, cinslərarası münasibətləri tənzimləyən dəyərləri dağıtmağa, məhv etməyə yönəlib”

Müxalifət lideri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn  “Yeni Müsavat”a açıqlamasında bildirib ki, sənəddən imtina üçün çox ciddi səbəblər var: “Bu konvensiyaya opponentlik edən tərəflər - müxtəlif siyasətçilər, dövlət adamları öz mövqelərini bildiriblər. Son olaraq, İstanbul Konvensiyasını 11-ci imzalayan Türkiyə geri çəkildi. Burada iki əsas səbəb göstərildi. Bəzi müddəalar faktiki olaraq dünyada bu günə qədər mövcud olmuş ənənəvi dəyərləri, ailə dəyərlərini, valideyn-övlad münasibətlərini, cinslərarası münasibətləri tənzimləyən dəyərləri dağıtmağa, məhv etməyə yönəlib. Türkiyə tərəfinin rəyi belə oldu ki, konvensiyanı qəbul etdikdən sonra bu, nəinki qadınlara qarşı zorakılığın azalmasına, əksinə, zorakılığın artmasına, boşanma hallarının çoxalmasına, ailədaxili münasibətlərin bütün səviyyələrdə dağılmasına səbəb olub. Bu baxımdan zərərli sayılaraq ləğv edilib. Qadın zorakılığına qarşı mübarizə yüzillərdir davam edir, qadın və kişi hüquqlarının bərabərliyinin təmin edilməsi sivilizasiyanın ciddi uğurlarından biri idi. Ancaq vətəndaş hüquqları baxımından bərabərlik və qanun qarşısında bərabərlik prinsipini başqa bir müstəviyə keçirmək, əslində bəşəriyyətin, dövlətin, millətin əsasın təşkil edən ailəni dağıtmağa yönəlmiş ”dəyərlər"in təlqin edilməsi, yayılması bu konvensiyanın məqsədi kimi tətbiq olunmağa başlayıb. Belə rəylər çoxdur və mən də bu fikrin tərəfdarıyam. Konvensiyanı qəbul edən ölkələrdə bu, nəinki zorakılıq hallarının azalmasına, əksinə, feminist əhval-ruhiyyənin yüksək olduğu cəmiyyətlərdə belə sözügedən halların artmasına səbəb olub".

Partiya sədrinin sözlərinə görə, bu konvensiyanın bəzi maddələri insan toplumunun bioloji toplum kimi qorunub saxlanılması, ənənəvi ailə dəyərlərinin qorunması üçün də təhdiddir: “Məsələ insan toplumunun bir növ kimi saxlanılması uğrunda mübarizə müstəvisinə gəlib çıxıb. Mən qadın və kişi hüquqlarının tam olaraq bərabərliyinin tərəfdarlarındanam, qadın və uşaqlara qarşı hər hansı zorakılığa qarşıyam, qarşı cins tərəfindən zorakılığın həyata keçirilməsini dini və milli dəyərlərimizə zidd hesab edirəm. Ancaq müasir dünyada zorakılıq təkcə bir cins tərəfindən törədilmir, bunu da görməzlikdən gəlmək olmaz”.

P.Hüseyn vurğuladı ki, ayrı-ayrı cəmiyyətlərdə İstanbul Konvensiyasının zərərli nəticələri açıq-aşkar ortaya çıxdığına, onun ənənəvi və əbədi dəyərlərə zərbə vurduğu bəlli olduğuna görə bir çox dövlətlər ondan imtina etdi: “Xüsusən də konvensiyanın dünyadakı bir çox qaranlıq mərkəzlər tərəfindən sırf ailə dəyərlərinin dağıdılmasına yönəldiyini nəzərə alaraq, mən də oradakı bir sıra ayrı-ayrı müddəaların əleyhinə olmasam belə, sistem halında bu konvensiyanın zərərli olduğunu düşünürəm və zahirdə elan olunan məqsədlərə xidmət etmədiyi qənaətindəyəm. Bu həm də son vaxtlar həmin qaranlıq dairələrin ailə dəyərlərinə, ailə institutuna qarşı apardığı mübarizəyə bir reaksiyadır. Digər tərəfdən isə şübhəsiz ki, qadınlara qarşı zorakılıq və şiddətin qarşısının alınması üçün istər beynəlxalq, istərsə də milli qanunvericiliklərdə cəzaların artırılmasına ehtiyac var. Lakin bu məsələnin təkcə qanunla tənzimlənmədiyini, həm də əxlaqi, mənəvi bir müstəvidə olduğunu nəzərə alaraq, bu istiqamətdə qadın və kişilərin hüquq bərabərliyinin, qanun qarşısında bərabərliyinin təmin olunmasına ehtiyac var. Bizim baş tacımız olan qadınlarımızın hüquqlarının qorunması üçün isə  fəaliyyətləri vacib sayıram”.

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu”

Mehriban Zeynalova: “Türkiyə ilk imza atan ölkələrdən idi, görünür, imtina etməsində  başqa səbəblər var, ancaq bu haqda heç kim danışmaq istəmir”

“Təmiz dünya” Qadınlara  Yardım İB-nin rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalova isə vurğuladı ki, İstanbul Konvensiyasına qarşı başlayan kampaniyanın səbəbləri deyilənlərdən fərqlidir və bunun ciddi şəkildə araşdırılmasına ehtiyac var: “Mən İstanbul Konvensiyasında dəyərlər sisteminə yad olan nə isə görmürəm. Bu böyük bir konvensiyadır, yaxşı mexanizmi, xidmət paketinin hazır mexanizmi var, bütün detallar düşünülüb. Sadəcə olaraq, bunun üçün böyük bir büdcə tələb olunur. Hökumət təxminən büdcəsinin yarısını buna sərf etməlidir. Hər bir ölkə onu qəbul etməmişdən öncə digər ölkələrin təcrübəsinə baxa bilər. Problem əsasən oradadır ki, konvensiya dövlətlərdən bütün maddələrin qeyd-şərtsiz qəbul edilməsini tələb edir. Əvvəlki konvensiyalarda hansısa maddələri qəbul etməmək mümkün idi, burada isə tələb elədir ki, bütün maddələri qəbul etməlisən.

Bu sənəd haqqında qeyri-peşəkar fikir söyləmək istəmirəm. Konvensiya İstanbulda qəbul edildiyi üçün əslində Türkiyənin marağında olmalı idi. Ancaq indi Türkiyənin bu konvensiyadan geri çəkilməsinin səbəbini araşdırmaq lazımdır. Hər halda, konvensiya qəbul olunduqdan sonra da zorakılıq halları azalmamışdı".

Ekspertin fikrincə, konvensiyanın öz təsirini göstərməsi üçün uzun müddət lazım idi: “Məsələni aydınlaşdırmaq üçün onu qəbul edən ölkələrin təcrübəsini araşdırmaq lazımdır. Hamı bu haqda danışır, ancaq belə böyük bir konvensiya haqqında qeyri-peşəkar fikir söyləmək olmaz. Bu sənəddə təkcə qadın və kişilərin deyil, qocaların, uşaqların, oğlan və qızların, istənilən cinsdən olanların hüquqları nəzərdə tutulur: əslində insan haqları ilə bağlı sənədlər də onu deyir ki, irqindən,  dinindən, cinsindən asılı olmayaraq... Bütün konvensiyalarda  bu, xüsusi vurğulanıb.

Mənə elə gəlir ki, konvensiyadan imtina edilməsinin səbəbi bu deyil, daha ciddi məqamlar var. Türkiyə ilk imza atan ölkələrdən idi, görünür, imtina etməsində  başqa səbəblər var. Ancaq bu haqda heç kim danışmaq istəmir. Ola bilər ki, burada din amili var. Məsələn, imtina edən Polşada katolik kilsəsi bütün qərarlara təsir edə bilir. Ola bilsin Türkiyədə, o cümlədən digər ölkələrdə də din amili var. Həmçinin cinslərdən birinin digəri üstündə üstünlüyü də qıcıq doğurur, bu konvensiyada da qadınların üstünlüyü çox vurğulanır. Bütün hallarda sorğular, tədqiqatlar aparılıb, daha sonra fikir söylənilməlidir".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR