İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd kənd 1976-cı il xəritəsi ilə... - bəs sonra? 

1909 21.05.2024 08:38 Siyasət A A

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Axar.az-a müsahibəsində Ermənistanın niyə bütün delimitasiya prosesinin 1976-cı ilin xəritəsinə əsasən olmasını istəməsinə aydınlıq gətirib.  Onun sözlərinə görə, Almatı Bəyannaməsində, ümumiyyətlə, xəritə, ölkələrin sərhədləri haqda heç nə yoxdur. 

Keçmiş nazir vurğulayıb ki, sərhədlərin delimitasiyası 1976-cı il xəritəsi ilə davam etməyəcək: “Azərbaycanın rəsmi mövqeyi bəllidir. Bu proses ümumi olaraq 4 kəndlə bağlıdır. Çünki sərhədin məhz bu hissəsi (Qazax-Tavuş sərhədi - red.) 1920-ci ildən dəyişməyib. Əgər Almatı Bəyannaməsinin prinsipini götürsək, məntiqlə belə çıxır ki, sovet dövrünün ilk günündə olan sərhədlər əsas götürülməlidir. Sovet dövrü Azərbaycanda 1920-ci ilin aprelindən başlayır. Ermənistan isə Rusiya tərəfindən noyabrda işğal olunub. Yəni sərhədin digər hissələrinin delimitasiya prinsipləri məsələsi hələ açıqdır. Hazırda sərhədin təxminən 1 faizi müəyyənləşib”. 

Tofiq Zülfüqarov: “Azərbaycan Rusiyaya görə bu addıma getməyəcək” Yeni Sabah

Tofiq Zülfüqarov: “Sərhədlərin delimitasiyası 1976-cı il xəritəsi ilə davam etməyəcək”

Keçmiş nazir qeyd edib ki, 1976-cı il xəritəsi bütün sərhəd üçün əsas götürülə bilməz: “Zəngəzuru Ermənistana sovetlər verib, heç bir referendum olmadan, konstitusiyaya zidd şəkildə. Bu "payı" işğalçı administrasiya bağışlayıb, burada Azərbaycan xalqının iradəsi olmayıb. O cümlədən Göyçə mahalı da eyni qayda ilə verilib. Ona görə də hazırda bu məsələni qaldırırıq: biz dədə-baba torpaqlarımızdan niyə imtina etməliyik?! Rəsmi mövqeyimiz bundan ibarətdir ki, sərhədlərin müxtəlif hissələri müxtəlif illərin xəritələri əsasında delimitasiya və demarkasiya oluna bilər. Qazaxla sərhəd xatırlatdığım səbəbə görə 1976-cı il xəritəsi ilə delimitasiya olundu. Amma digər ərazilərdə tamamilə fərqli xəritələr əsas götürülməlidir və götürüləcək də". 

 

“Alyans” Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirib ki, Ermənistan hakimiyyəti uzun müddət delimitasiyanın 1970-ci illərin xəritələri əsasında aparılmasına çalışdı: "Hətta konkret 1975-ci il xəritəsinin üzərində təkid edirdilər. Azərbaycan buna etiraz elədi və əsas da onu gətirdi ki, Soçi razılaşmasına əsasən delimitasiyanın sovet dövrünün xəritələri əsasında aparılması razılaşdırılıb, bir xəritədən söhbət gedə bilməz. Sonradan bu xəritələr məsələsinə ermənilər Almatı Bəyannaməsini də qoşdular, dedilər orada yazılıb ki, dövlətlər arasındakı inzibati sərhədlər dövlət sərhədinə çevrilməlidir. Buna da Azərbaycan Prezidenti dəfələrlə izahat verdi, başa saldı ki, Azərbaycanla Ermənistan arasında inzibati sərhədlər hər yerdə müəyyən olunmayıb, xüsusilə dağlıq ərazilərdə müəyyən deyil. Bu səbəbdən Almatı Bəyannaməsinə istinad eləmək və onun əsasında dövlət sərhədlərini müəyyənləşdirmək qeyri-mümkündür. Ancaq ötən ay hökumət təmsilçilərindən ibarət hökumət komissiyaları arasında razılaşma əldə olundu və məlum oldu ki, Qazax ərazisində sərhədlər 1976-cı il xəritəsi əsasında müəyyənləşir. Lakin bu o demək deyil ki, Azərbaycanla Ermənistan arasında olan sərhədlərin hamısı bu xəritə əsasında müəyyənləşməlidir. Nə belə bir razılaşma var, nə də qərar var. Azərbaycan bütün sərhədlərin 1976-cı il xəritəsi ilə müəyyənləşdirilməsini qəbul eləməyib. Təbiidir ki, bu məsələ ilə bağlı biz bütün detalları bilmirik. Ancaq Prezident İlham Əliyevin mövqeyi açıq şəkildə səsləndirilib ki, sovetlər dövründə dəfələrlə Azərbaycan əraziləri Ermənistana peşkəş edilib və bu səbəbdən delimitasiya son illərin xəritələri əsasında aparıla bilməz və buna 1976-cı il xəritəsi də daxildir. Lakin nə qədər arxaya qayıda bilərik, SSRİ-nin yarandığı dövrə gedib çıxa bilərikmi, yoxsa ondan əvvəlki dövr də nəzərə alınmalıdır? Bunlar təbiidir ki, müzakirələrin gedişində müəyyənləşəcək”.

Abutalib-semedov-121-900x604.jpg (83 KB)

Abutalıb Səmədov: “Prezidentin mövqeyi açıq şəkildə səsləndirilib ki, sovetlər dövründə dəfələrlə Azərbaycan əraziləri Ermənistana peşkəş edilib və bu səbəbdən delimitasiya son illərin xəritələri əsasında aparıla bilməz”

Mərkəz sədri qeyd etdi ki, bizim arzumuz peşkəş edilən torpaqların hamısının geri qaytarılmasıdır. Ancaq təkcə bizim ədalətli istəyimizlə məsələlər həll olunmur. Burada digər faktorlar da var: “Mən hesab edirəm ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun söylədikləri də bizim hamımızın arzularımızın ifadəsidir. Biz Ermənistana bir qarış torpağımızı da peşkəş etmək istəmirik. Buna nə qədər nail ola bilərik? Bunu təbii ki, yaxın aylarda, yaxın illərdə görəcəyik. Ancaq dəqiq olan odur ki, Azərbaycanın mövqeyi dəyişməzdir. Bunu Azərbaycan Prezidenti son dəfə ADA Universitetində çıxışında da aydın şəkildə göstərdi. Birincisi, Almatı Bəyannaməsindən delimitasiya prosesində istifadənin mümkünsüz olduğunu dedi, ondan əvvəlki çıxışlarında müxtəlif xəritələrin əsas götürülməsinin zəruri olduğunu bəyan elədi. Və bu müzakirələrin nəticələri ümid edirəm ki, Azərbaycan üçün uğurlu olacaq, itirilmiş ərazilərimizi müzakirələrin gedişində geri qaytarmaq mümkün olacaq”. 

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR